Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3175/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 qızından ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi, üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı (AR İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qüsurlu malın lazımi keyfiyyətli mala dəyişdirilməsi və ya müqavilənin ləğv edilərək qiymət artımı nəzərə alınmaqla malın hazırkı dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-518/2024 saylı, 14 fevral 2024-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı Cavabdeh QSC-yə qarşı (AR İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aldığı qüsurlu malı lazımi keyfiyyətli mala dəyişdirmək tələbinin təmin edilməsi və ya müqaviləni ləğv edib, eyni dərəcəli mala qiymətin artmasını nəzərə almaqla 3.200 manat olan malın qiymətinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2024-ci il tarixli, 2(005)- 518/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur.
3. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, xx.xx.2023 saylı alqı-satqı müqaviləsinin ləğvi və cavabdehdən iddiaçının aldığı mala görə ödədiyi 1534,50 manat tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə iddiaçının təqdim etdiyi qiymət yalnız yeni mala aid ola bilər ki, o da belə reallığı əks etdirmir. Çünki apellyasiya şikayətinə əlavə olunmuş sənəddən görünür ki, iddiaçının aldığı malın yenisi hal – hazırda 2.310 manata təklif olunur. Apelyasiya şikayətinə əlavə olunmuş №32647, №32511,№29263 saylı hesab-fakturalardan iddiaçının aldığı malın yeni olmadığı və demo mallar (yeni olmayan) kateqoriyasına aid olduğu öz təsdiqini tapır. Məhkəmə isə qiymət artımı kimi yeni malın qiymətinə istinad etmişdir. Həmçinin apelyasiya şikayətinə əlavə olunmuş malın yenisinin cavabdehə məxsus mağazada satışına dair sənədlərindən görünür ki, malın qiymətində artım deyil ucuzlaşma olmuşdur. Belə ki, “İPad Pro” 12.9 2021 5G 126GB cihazı cavabdehə məxsus olan Maxi.AZ mağazasında illər üzrə bu qiymətlərə satılıb: 29 dekabr 2021 (YENİ) - 2762,10 manat (satış qəbzi 11804) 14 noyabr 2022 (YENİ) - 2570 manat (qaimə 265359) 05 aprel 2024 tarixinə TAP.az satış Platformasında (YENİ) 2310 manata təklif olunur.
Apelyasiya baxışı zamanı verilən izahatlar
5. İddiaçı apellyasiya baxışı zamanı “AZEMİS” Elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmişdir.
6. Həmçinin Cavabdeh QSC-nin nümayəndəsi “AZEMİS” “AZEMİS” Elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə təqdim edərək iddiaçının iddiadan imtina etməinə etiaz etmədiklərini bildirmişdir.
7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri X2 və X3 iddiaçının iddiadan imtina etməsi barədə ərizənin həllinin məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirmişdirlər.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
7. 52.1-ci və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
8. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
9. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
10. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
11. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
12. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
13. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
14. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
15. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
16. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
17. Kollegiya iddiaçının təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
18. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı və cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizələrin məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh QSC arasında barışıq əldə olunmuşdur. İddiaçı iddiadan imtina edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iş üzrə icraata xitam verilməsini xahiş etmiş, cavabdeh isə apelyasiya şikayətini müdafiə etmədiyini, iddiaçı ilə barışdığını bildirmişdir. 19.Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-518/2024 saylı, 14 fevral 2024ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh QSC-yə qarşı (AR İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qüsurlu malın lazımi keyfiyyətli mala dəyişdirilməsi və ya müqavilənin ləğv edilərək qiymət artımı nəzərə alınmaqla malın hazırkı dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova