Məhkəmə qərarları › İş №2(103)-3178/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3178/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3178/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “sığorta ödənişinin verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2771/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2-ci dərəcəli müddətsiz əlilliyə görə 6.600 manatın ona birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 063 saylı, xx.xx.2011-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «Ə» bəndinə əsasən hərbi xidmət dövründə alınmış müddətli 2-ci qrup əlilliklə əlaqədar ehtiyata buraxılmışdır və daimi müalicə almışdır. Hər komissiyada ona 2-ci əlillik qrupu təsdiqlənib və yeni müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli rəyinə əsasən iddiaçıya 2-ci dərəcəli müddətsiz «əmək qabiliyyətsiz» statusu verilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli və təkrar xx.xx.2021-ci il tarixli müraciətlərinə cavabdeh tərəfindən cavab verilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə qəbulda olmuş, ərizə ilə bərabər bütün sənədlərinin qəbulundan imtina edilmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2771/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin edilmiş, cavabdehdən 6.600 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci apellyasiya icraatı:

4. Cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, iddiaçıya sığorta ödənişinin verilməsi ilə əlaqədar məsələlər DSMF-yə həvalə olunduğundan Şirkətin iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyi qalmamışdır. Sığorta olunan tərəfindən sığorta ödənişinin alınması üçün hərbi həkim komissiyasının müvafiq qərarı Şirkətə təqdim edilməmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2021-ci ildə isə ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülmüşdür. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbini təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6509/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya icraatı:

6. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)965/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6509/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi C.Əliyev apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, əlilliyin verilməsi üçün ehtiyata buraxıldıqdan sonra 3 illik müddət nəzərdə tutulur, iddiaçı isə bu müddəti ötürərək müraciət etmişdir. Rayon məhkəməsi idiaçının həmin müddəti üzrlü səbəblə ötürdüyünü qeyd etmiş öz mövqeyini iddiaçının uzunmüddətli psixoloji müalicədə olması ilə əsaslandırmışdır. Halbuki iddiaçının həmin müddətdə müalicədə olmasını təsdiq edən 2011-ci il 05 dekabrdan 2012-ci ilin yanvar ayına qədər olan, bir ay müddətlik müalicəsini təsdiq edən arayış var. Demək ki, qalan müddətdə şəxsin müraciət etmək üçün kifayət qədər imkanı olmuşdur. Rayon Məhkəməsi müddəti üzrlü hesab edərək bərpa etsə də, bu qədər müddətin ötürülməsi üzrlü hesab edilə bilməzdi. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, əvvəla o başqa əsasla tərxis olunmasından çox sonra xəbər tutub, məhkəməyə müraciət etsə də, bildiriblər ki bu tələb əsassızdır. Amma hər bir halda hansı əsasla tərxis olunmanın sığorta ödənişinin verilməsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə 3 illik buraxılmış müddəti üzrlü hesab bərpa etməkdə haqlı olmuşdur. Bu səbəbdən, apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi.

10. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İcbari Sığorta haqqında qanunda 3 illik müddət müəyyən olunub, lakin iddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı gec müraciət etsə də, bu hal üzrlü hesab olunmalıdır. Belə ki, aydındır ki, iddiaçının psixoloji pozuntuları olub, iddiaçı həqiqətən də, xəstəliyi olduğu halda sığorta ödənişi üçün müraciət etməyib, burdan aydın olur ki, mənafeyinə zidd hərəkət edib, əgər psixoloji problemləri olmasa və vəziyyəti adekvat dərk etsə elə vaxtında müraciət edərdi. Şəxs bu dövrdə davamlı müalicə almışdır, verilən sorğulara cavab olaraq 16 saylı Poliklinikadan cavablar alınıb və həmin müraciətə cavab olaraq verilən arayışdan görünür ki, şəxs dəfələrlə həmin poliklinikada olub, ambulator müalicə alıb. Burda dərmanların konkret siyahısı da var ki, bunlar da hamısı psixoloji problemlərlə əlaqəlidir və ancaq resept əsasında verilir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi:

11. İddiaçının ZE seriyalı, ******* nömrəli hərbi biletindən müəyyən edilir ki, o, 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmişdir. 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini idarəetmə mühəndisliyi ixtisası üzrə bitirmişdir. Hərbi uçot ixtisası və s. barədə müfəssəl məlumatlar hərbi biletdə qeyd olunmuşdur.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in müayinə aktından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə edilmiş, ikinci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi “hərbi xidmət dövründə alınmışdır” qeyd edilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in sonuncu müayinəyə dair məlumatından görünür ki, 05 mart 2021-ci il tarixə iddiaçıya təyin edilən diaqnoz – üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyalar. Qeyd olunan diaqnoza əsasən iddiaçıya 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. İddiaçı əmək qabiliyyətsizdir.

14. Azərbaycan Respublikası Müdafiə Nazirinin 063 saylı xx.xx.2011-ci il tarixli əmri ilə iddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «Ə» bəndinə əsasən SQ-də HHX-dən ehtiyata buraxılmışdır.

15. Xəstəlik tarixindən çıxarışlardan və tibbi sənədlərdən görünür ki, iddiaçı davamlı şəkildə müalicə almışdır, lakin bu, iddiaçının sağlamlığında pozitiv dəyişikliklərə gətirib çıxarmamışdır.

16. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 717 saylı qərarında göstərilmişdir ki, Bakı şəhəri Yasamal RHK tərəfindən 2001-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Nevrasteniya”dır və xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Nevrasteniya”dır (Yasamal RHK-nın xx.xx.2011-ci il tarixli 3/42 nömrəli arayışı, xəstəlik tarixindən çıxarışlar, hərbi biletdən çıxarış, MN MHHK-nın həkim mütəxəssisi-psixiatrın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”. Tətbiq edilən maddi hüquq normaları:

17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27- ci maddəsinə görə görə, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.

18. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir

19. Həmin Qanunun 156-cı maddəsinin «ə» bəndinə görə, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.

20. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən, xidməti vəzifəsini yerinə yetirilməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində sığorta olunana əlillik təyin olunduqda, ona ümumi sığorta məbləğinin (11000 manat) 60 faizi məbləğində sığorta ödənişi verilir (xx.xx.2013-cü il tarixə kimi qüvvədə olmuş redaksiya). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

31. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

32. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

33. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

36. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında təkrar baxılır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.

40. Apellyasiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-965/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının 44-cü bəndində qeyd edilmişdir ki, ...işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı xx.xx.2011-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “Ə” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2015-ci il tarixdə müayinə edilmiş, ona ikinci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövründə alınmışdır” qeyd edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta ödənişinin verilməsi ilə bağlı hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı tarixdən 3 il müddətində əlilliyin müəyyən olunması qanunun birbaşa tələbidir. Odur ki, istinad edilən qanunun tələbi baxımından cavabdehin iddiaçıya sığorta ödənişini verməkdən imtina etməsi tam əsassız olmamışdır (bənd: 48, 49).

42. İşin düzgün həlli üçün iddiaçıya alınan travmaya görə əlillik dərəcəsinin hansı tarixdə müəyyən edilməsi, göstərilən müddət ötürüldüyü halda müraciətin hansı üzrlü səbəblərdən vaxtında edilməməsi, şəxsin hərəkətsizlik göstərməsinin səbəbləri araşdırılmalı və iş üzrə əsaslandırılmış qətnamə qəbul edilməlidir (bənd: 51) Apelyasiya instansiyası məhkəməsi iddiaçının psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə aldığını və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzrlü səbəbdən buraxdığını bildirmişdir (bənd: 52.). Lakin iş materiallarına əlavə olunmuş stasionar xəstənin tibbi kartından çıxarışlardan görünür ki, iddiaçı stasionarda xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək müddətlərdə olmuşdur (bənd 53).

43. İddiaçının xx.xx.2011-ci ildə xidmətdən buraxılandan sonrakı üç il ərzində (xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək) müddətdə müalicədə bir dəfə - xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilədək olmuşdur. Yəni iddiaçının əlillik dərəcəsinin almaq üçün 3 illik müddətdə xəstəliyi səbəbindən müraciət etməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tam əsaslandırılmayıb. İddiaçının xidmətdən buraxılandan sonrakı üç il ərzində xəstəxanada müalicə olunduğu müddətdən sonra böyük fasilə dövrü var və bu müddətdə onun əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-ə müraciət etmək iqtidarında olmaması dəqiqləşdirilməyib (bənd 54.).

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-965/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarındakı yuxarıda qeyd edilən göstərişləri nəzərə alan Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hərbçi olmuş, 03 mart 2011-ci ildə ordudan tərxis olunmuş, iddiaçıya xx.xx.2015-ci il tarixdə ikinci qrup əlillik təyin edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında qanunun 2013-cü ilə qədər olan redaksiyasında qeyd olunur ki,sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində sığorta olunana əlillik təyin olunduqda, ona ümumi sığorta məbləğinin (11000 manat) 60 faizi məbləğində sığorta ödənişi verilir. İşin hallarında aydın olur ki, iddiaçı tərəfindən bu müddət buraxılmışdır.

45. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə əsasən, hesab edir ki, hazırkı halda ilkin olaraq iddiaçı tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən, xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlilliyin müəyyən olunması üçün müraciət etməmənin buraxılmış müddətinin üzrlü səbəbinin olub- olmaması müəyyən olunmalıdır.

46. Rayon məhkəməsi iddiaçının əlilliyin təyin edilməsinə dair müraciəti zamanı 3 illik müddətin ötürülməsinə dair hissədə ümumi sözlərdən istifadə edərək müddətin ötürülməsini üzrlü hesab etmişdir.

47. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşmır, çünki iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xidmətdən buraxılandan sonrakı üç il ərzində -xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək, cəmi bir dəfə xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilədək müalicədə olmuşdur. Həmin üç illik müddət daxilində olan sonrakı dövrdə iddiaçı müalicədə olmasına, başqa sözlə desək, əlilliyinin müəyyən olunması üçün müvafiq quruma müraciət etməsinə mane - əngəl ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının bu müddət ərzində əlilliyin verilməsi ilə bağlı müraciət etməyə kifayət qədər vaxtı olmuş, lakin o bu müddət ərzində müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş 3 illik müddəti hər-hansı üzrlü səbəb olmadan ötürmüşdür.

48. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara və müəyyən olunmuş faktiki hallara düzgün hüquqi qiymət verməmiş, müvafiq olaraq da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Nəticə:

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

50. Kollegiya hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad olunduğundan hazırkı iş üzrə iddiaçıya dövlət rüsumu şamil edilmir.

51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2771/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar