Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3178/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-79/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş üzrə Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 18 saylı qərarın surətindən görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında Cavabdeh adına sənədləşdirilməsi qərara alınmışdır.
2. İş üzrə Səbail Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Səbail Bələdiyyəsinin ərazisində yerləşən 200 kv.m. torpaq sahəsi Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 18 saylı qərara əsasən Cavabdeh satılmışdır.
3. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
4. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu,3-cü küçəsi, 0,06 ha torpaq sahəsində yerləşən 12 kv.m. olan 66 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.
5. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,32 ünvanında yerləşən 0,113036 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
6. İş üzrə Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Səbail rayonu, 32-ci Salyan yolu 3 küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə qonşu olan ərazidə vətəndaş X2 tərəfindən qanunsuz inşa edilən tikili barədə xx.xx.2024-cü il tarixli 95/24 saylı sorğusuna baxılmış, qeyd edilmiş ünvana qonşu olan ərazidə qanunsuz inşa edildiyini iddia etdiyi 2 mərtəbəli 200 kv.mdən ibarət olan tikili və onun yerləşdiyi torpaq sahəsi torpaq və əmlak vergisi ödəyicisi Səbail Bələdiyyəsinin vergi xidmətində qeydiyyata alınmamış, eləcə də həmin tikilinin kim tərəfindən inşa edilməsinə dair Bələdiyyə orqanında hər hansı bir məlumat yoxdur.
7. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5226 saylı rəyinə əsasən:
8. -1-ci sual üzrə: İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinin daş hasarından 0,25 metr aralı məsafədə Cavabdeh tərəfindən inşa edilmiş ikimərtəbəli mişar daşından tikili mövcuddur.
9. -2-ci sual üzrə: İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı evindən istifadə ilə əlaqədar hüquqlarının pozulub-pozulmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından qoyulmuş sualın cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir.
10. -3-cü sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən inşa edilmiş tikili ilə cavabdehin hasarı arasında olan məsafə 1.53 metr (2.55x0.6) təşkil etməlidir. Faktiki olaraq ara məsafəsi isə 0,25 metr təşkil edir. Bu səbəbdən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə riayət edilmədiyi və bununla da tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı ev xx.xx.2013-cü il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin evin yerləşdiyi 0,06 hektar və əlavə olaraq da 0,113036 ha torpaq sahələrin də məhz onun xüsusi mülkiyyətindədirlər. Belə ki, həmin əmlakların onun mülkiyyətində olmasına dair ayrıca çıxarışları vardır. Onun mülkiyyətində olan torpaq sahələri hər tərəfdən mişar daşı ilə təqribən iki metr hündürlüyündə hasarlanmış vəziyyətdədir. Bundan başqa həmin torpağa dair onun adına Torpaq sahəsinin Plan və Ölçü sənədləri də rəsmən mövcuddur. Təqribən bir il bundan əvvəl Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə qonşu olan ərazidə, heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan iki mərtəbədən ibarət tikinti sahəsi təxminən 200 kv.m.təşkil edən bir qanunsuz tikili inşa edilmişdir. Həmin tikintinin şəxsən kim tərəfindən inşa etdirilməsi həmin vaxtı ona məlum olmamışdır. Həmin tikilmiş bina ümumiyyətlə hazırda ölkədə qüvvədə olan Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməmişdir. Beləliklə həmin tikili inşa edilərkən onun mülkiyyətində olan qeyd edilən əmlaklarından sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Məhz bu fakta görə iddiaçı tərəfindən ölkə rəhbərliyinə, o cümlədən bir sıra səlahiyyətli güc nazirliklərinə, icra hakimiyyəti və bələdiyyə məmurlarına rəsmi olaraq şikayət xarakterli müraciətlər ünvanlanmışdır. Lakin həmin müraciətin qarşılığında yalnız bir təşkilatdan ona cavab məktubu göndərilmişdir. Həmin cavab məktubu ona Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0-21 nömrəli cavab məktubudur ki, həmin məktubda onun diqqətinə çatdırılmışdır ki, onun müraciəti əsasında sözügedən ünvana baxış keçirilmiş və yaranmış məsələ mülki mübahisə predmeti olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Daha sonra o, yuxarıda bəhs edilən qanunsuz tikilinin kim tərəfindən inşa olunmasını müəyyən etmək üçün məcburiyyət qarşısında qalaraq hazırkı nümayəndəsi olan vəkil ilə müqavilə bağlayaraq, Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə vəkil sorğusunun verilməsinə və həmin qurumdan yeni cavabın alınmasına nail olmuşdur. Belə ki, Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin sədri tərəfindən imzalanmış vəkil sorğusuna olan xx.xx.2024-cü il tarixli 06-413/2024 saylı cavab məktubunda yekun olaraq qeyd edilmişdir ki, onun yuxarıda qeyd edilən əmlakına qonşu olan ərazidə qanunsuz inşa edilmiş 2 mərtəbəli 200 kv.m. ibarət olan tikili və onun yerləşdiyi torpaq sahəsi və əmlak vergisi ödəyicisi kimi Səbail Bələdiyyəsinin vergi xidmətində qeydiyyata alınmamış, eləcə də həmin tikilinin kim tərəfindən inşa edilməsinə dair Bələdiyyə orqanında hər hansı bir məlumat yoxdur və bu faktın nəzərə alınması ondan xahiş edilmişdir. Bu cavabdan sonra onun özünün əldə etdiyi şifahi məlumatlardan müəyyən edilmişdir ki, onun yuxarıda qeyd edilən əmlakına qonşu olan ərazidə qanunsuz inşa edilmiş 2 mərtəbəli 200 kv.m-dən ibarət olan özbaşına tikili və onun yerləşdiyi torpaq sahəsi məhz Cavabdeh məxsusdur. Belə ki, həmin qanunsuz tikilinin bütün kommunal ehtiyaclarının ödənilməsi üçün müvafiq dövlət qurumları ilə bağlanmış müqavilələr məhz Cavabdeh adına rəsmiləşdirilmişdir. Ona görə də hazırkı iddia tələbini o, məhz həmin cavabdehə qarşı irəli sürür. Həmin qanunsuz tikilinin sökülməsi ilə bağlı özünü vaxtılə həmin binanın faktiki sahibi kimi təqdim edən Vüsal adlı şəxslə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq da, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Əslində həmin şəxs qeyd edilən ünvanda qarovulçu funksiyasını həyata keçirir. Göstərilənləri nəzərə alaraq iddiaçı ona məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi sahəsinə qonşu olan ərazidə Cavabdeh tərəfindən heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan iki mərtəbədən ibarət tikinti sahəsi təqribən 200 kv.m. təşkil edən inşa edilmiş həmin qanunsuz (özbaşına) tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə qonşu olan ərazidə, cavabdeh tərəfindən heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan (iki mərtəbədən ibarət tikinti sahəsi təqribən 200 kvadrat metr təşkil edən) özbaşına inşa edilmiş həmin qanunsuz tikilinin məhz iddiaçının divarı arasında ara məsafəsinin 1.53 m. boş saxlanılmaqla həmin hissədə cavabdehin öz vəsaiti hesabına sökülməsi vəzifəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-79/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) İddiaçı Cavabdeh qarşı İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə qonşu olan ərazidə, cavabdeh tərəfindən heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan (iki mərtəbədən ibarət tikinti sahəsi təqribən 200 kvadrat metr təşkil edən) özbaşına inşa edilmiş həmin qanunsuz tikilinin məhz iddiaçının divarı arasında ara məsafəsinin 1.53 m. boş saxlanılmaqla həmin hissədə öz vəsaiti hesabına sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, İddiaçı keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərci – 50 (əlli) manat məbləğində pulun dövlət nəfinə tutulması qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 180.2-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.2, 95.1.1, 95.2, 95.3-cü maddələrinə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə AR Prezidentinin xx.xx.2012-ci il tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının MPM-nın 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəmədə cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin hüquqi əsası ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş həmin qanunsuz tikili məhz qüvvədə olan Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən, yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, həmin maddənin tələbinə görə, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır (TM-nin 62-ci maddəsi). Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir və qeyd edilən Məcəllənin 69.5-ci maddəsində göstərilir ki, yaşayış ərazilərində ara məsafəsi divarın hündürlüyünün 0,6 hissəsini təşkil etməlidir. Bildirir ki, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qonşu olan qanunsuz tikili həyata keçirilən zaman, yuxarıda istinad edilən TM-nin heç bir norma və tələblərinə məhəl qoyulmadan cəmisi 0,25 sm ara məsafəsi saxlanılmaqla, heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan ikimərtəbədən ibarət tikinti sahəsi təqribən 200 kvadrat metr təşkil edən bir qanunsuz tikili inşa edilmişdir. Halbuki, həmin divarlar arasında ara məsafəsi hazırki qanunvericiliyin tələbinə əsasən (iş üzrə keçirilmiş müvafiq ekspertiza rəyinə əsasən də) minimum 1 metr 53 santimetr təşkil etməlidir. Lakin hazırda real vəziyyət belə deyil. Belə ki, iş üzrə rayon məhkəməsində işə baxılan zaman təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/5226 saylı rəyinə əsasən: -1-ci sual üzrə: İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinin daş hasarından 0,25 metr aralı məsafədə Cavabdeh tərəfindən inşa edilmiş iki mərtəbəli mişar daşından tikili mövcuddur. -2-ci sual üzrə: İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı evindən istifadə ilə əlaqədar hüquqlarının pozulub-pozulmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından qoyulmuş sualın cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. -3-cü sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən inşa edilmiş tikili ilə cavabdehin hasarıarasında olan məsafə 1.53 metr (2.55x0.6) təşkiletməlidir. Faktiki olaraq ara məsafəsi isə 0,25 metr təşkil edir. Bu səbəbdən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə riayət edilmədiyi və bununla da tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. İşə baxan rayon məhkəməsi isə bu iş üzrə əldə edilmiş ekspert rəyində göstərilən məlumatlara tənqidi yanaşaraq, qət etdiyi qətnamədə iddianı rədd etmək üçün, belə əsas gətirmişdir ki, cavabdehin inşa etdirdiyi tikili ona məxsus torpaq sahəsi üzərində inşa edildiyindən və vaxtilə cavabdehə satılmış torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənədləri mübahisələndirilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki vəziyyətdə cavabdehə qarşı belə bir iddia tələbini irəli sürməkdə sübyektiv hüququ yoxdur. Baxmayaraq ki, məhkəmənin özüdə həmin qətnmədə iddianı rədd edərkən qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş həmin mübahisəli tikili cavabdeh tərəfindən icazəsiz tikilmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd edilir ki, “Məhkəmə iclasında cavabdeh tərəfindən qanuni əsaslarla istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı müvafiq razılığın alınması və ya məlumatlandırma icraatı qaydasında tikiliyə icazə verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.” Məhz cavabdehin həmin tikiliyə heç bir rəsmi razılığı olmadan iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin hasarlanmış divarına cəmisi 0,25 sm ara məsafəsi saxlanılmaqla (əslində 1m 53 sm saxlanılmalıdır) inşa etdirməsi, həmin inşa edilmiş tikilinin məhz iddiaçının torpaq sahəsinə küçədən giriş hissəsinin qarşısına yaxın məsafədə inşa edilməsi və nəhayət həmin tikili ilə iddiaçıya məxsus divarın arasından yüksək gərginli qaz xəttinin keçməsi səbəbindən, iddiaçı hesab edir ki, hazırda bu iddia tələbinin cavabdehə qarşı məhkəmədə irəli sürmək üçün, onun tam haqqı və subyektiv hüqüqu vardır. Belə ki, sadaladığı bu faktların hamısı hazırda iddiaçının maraqlarına toxunur və iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən heç bir maneə ilə və təhlükəli hallarla qarşılaşmadan sərbəst istifadə etmək hüququ vardır. Hazırki qanunsuz tikili isə iddiaçının birbaşa maraqlarına toxunur. Odur ki, rayon məhkəməsinin bu iş üzrə qət etdiyi qətnamə qanuni və əsaslı sayıla bilməz və apellyasiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilməlidir. Beləliklə yuxarıda istinad edilən MPM-nin tələblərindən də göründüyü kimi, iddiaçı öz iddia ərizəsindəki tələbini məhkəmədə düzgün irəli sürmüş və cavabdehin qanunsuz inşa etdirdiyi tikilinin mövcud vəziyyəti barədə iş üzrə keçirilmiş və əldə edilmiş ekspertiza rəyi ilə də onun qanunsuzluq faktı tam müəyyən edilmişdir. Ona görə də, hesab edir ki, bu iş üzrə əldə edilmiş ekspertiza rəyi də məhkəmədə mötəbər sübut kimi qəbul edilməli və iddia təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20. Maddə 139.1 mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 180.2 özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin
23. 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
24. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
25. 95.1.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür.
26. 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
27. 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.
28. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə AR Prezidentinin xx.xx.2012-ci il tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, hazırki halda qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-79/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Kollegiya ilkin olaraq qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
38. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
39. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkməsənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
41. İşin araşdırılmış hallarından göründüyü kimi, cavabdeh tərəfindən qanuni əsaslarla istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı müvafiq razılığın alınması və ya məlumatlandırma icraatı qaydasında tikiliyə icazə verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə ilə əlaqədar cavabdeh tərəfindən inşa edilmiş tikilinin maneçilik törətməsi də müəyyən edilməmişdir.
42. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür.
43. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
44. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.
45. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə AR Prezidentinin xx.xx.2012-ci il tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
46. Qanunun yuxarıda göstərilən tələbindən də göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi qaldırır.
47. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, cavabdehin inşa etdiyi tikilinin qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilmədən inşa edilməsi müəyyən edilsə də, yuxarıda qeyd olunan müddəalardan göründüyü kimi, iddiaçının həmin tikilinin iddiaçının divarı arasında ara məsafənin 1.53 m. boş saxlanılması ilə bir hissəsinin sökülməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ mövcud deyil. Bu səbəbdən məhkəmə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
48. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin olunmadığından, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-79/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.