Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3184/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabehlər Cavabdeh1 və X4 (3-cü şəxs qismində Abşeron rayon 2 saylı Notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(009)-1683/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabehlər Cavabdeh1 və X4 qarşı (3-cü şəxs qismində Abşeron rayon 2 saylı Notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsinin ona düşən hissəsinə (16,6 kv.m) dair cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 arasında bağlanmış müqavilənin və müqavilə nəticəsində Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçını aldadaraq öz yoldaşının adına etibarnamə almış və ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin iddiaçıya düşən 16,6 kv.m hissəsini öz adına keçirmişdir. Cavabdeh1 etibarnamə alarkən iddiaçıya bu etbarnaməni sadəcə onun əvəzindən sənədləşmə işlərini aparmaq üçün aldığını bildirmiş, lakin əsl niyyəti başqa olmuşdur. İddiaçı sonradan həmin etibarnaməni ləğv etdirsə də, artıq ondan qabaq cavabdeh sözügedən əmlakın iddiaçıya məxsus hissəsini özgəninkiləşdirmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(009)- 1683/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(009)-1683/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı və təmsilçisi hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsinin ona düşən hissəsinin (16,6 kv.m) özgəninkiləşdirilməsi barədə 11.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman notariusun depozit hesabına köçürdüyü 40000 manat pulu çıxarıb İddiaçı vermiş, lakin bu barədə ondan qəbz almamışdır. Bundan əlavə Nəzrgiz Səfərovaya bir neçə il müddətində hissə-hissə pul ödəmiş, həmin qeyri yaşayış sahəsinin iddiaçının payına düşən hissəsinə görə ümumilikdə iddiaçıya təxminən 70000 manat pul vermişdir. Cavabdeh1 təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh və üçüncü şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsinin ona düşən hissəsinin (16,6 kv.m) özgəninkiləşdirilməsi üçün onun adına 09.06.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş etibarnamə vermiş, bu etibarnamə əsasında onunla həyat yoldaşı Cavabdeh1 ilə arasında həmin hissənin alqı-satqısı barədə 11.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Əri Cavabdeh1 həmin müqavilə üzrə notariusun depozit hesabına köçürülmüş qeyd edilən daşınmaz əmlakın 16,6 kv.m hissəsinin dəyəri olan 40000 manat pulu çıxarıb İddiaçı ödədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində cəlb olunmuş Abşeron rayon 2 saylı Notariat ofisinin notariusu X9 izahatında bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsinin ona düşən hissəsinə (16,6 kv.m) dair X1 adına 09.06.2020-ci il tarixdə etibarnamə verilən zaman həmin etibarnamənin məzmunu izah edilmiş, İddiaçı etibarnamənin məzmunu ilə tanış olduğunu bildirmişdir. Onun həmin qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar cavabdehlər X5 və Cavabdeh1 tərəfindən İddiaçı pul ödənilib-ödənilməməsindən xəbəri yoxdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.10.2020-ci il tarixli, № **********11 nömrəli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1, X2 və İddiaçı adlarına (ümumi birgə payda) 10.06.2005-ci il tarixli, 005356 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh1, X2 və İddiaçı adlarına (ümumi birgə payda) 09.04.2020-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsinin ona düşən hissəsinin (16,6 kv.m) üzərində sərəncam verməsi, satması, bağışlaması, ipoteka (girov) qoyması və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməsinə dair X1 adına 09.06.2020-ci il tarixdə Abşeron rayon 2 saylı Notariat ofisinin notariusu X9 tərəfindən təsdiq edilmiş etibarnamə vermişdir. Həmin etibarnamənin verilməsindən 2 gün sonra, 11.06.2020-ci il tarixdə İddiaçı adından ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ona məxsus olan 16,6 kv.m hissəsini 40.000 manat müqabilində alıcı Cavabdeh1 satılmasına dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləni satıcı İddiaçı adından qeyd edilən etibarnamə əsasında alıcı Cavabdeh1 arvadı Cavabdeh2 imzalamışdır. ünvan 3 ünvanladığı 268 və 269 nömrəli məktublarda 40.000 manat pulun Cavabdeh2 verilməsi üçün bankda depozit hesabına qəbul olunması xahiş olunmuşdur. 12-46 və 12-38 nömrəli qəbzlərin surətindən görünür ki, 40.000 manat məbləğində pul vəsaiti bank tərəfindən depozit hesabına qəbul edilmişdir. Həmin alqı-satqı müqaviləsinin bağlanmasından 1 ay müddət ötməmiş, 07.07.2020-ci il tarixdə İddiaçı notarial qaydada ərizə verərək X1 adına 09.06.2020-ci il tarixdə verilmiş etibarnaməni ləğv etdirmişdir. Hazırda qeyd edilən qeyri yaşayış sahəsinin 16,6 kv.m sahəsi X2, 33,3 kv.m isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməlidir. Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə əsas tələb mübahisəli qeyri yaşayış sahəsində iddiaçının payına dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı barəsindədir və bu mənada yuxarıda qeyd olunan prinsipə görə həmin müqavilərin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanıb-bağlanmadığını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, mübahisələndirilən 11.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının adından verilmiş etibarnamə əsasında hərəkət edən Cavabdeh2 alıcı qismində çıxış edən Cavabdeh1 arvadıdır. Başqa sözlə, iddiaçı (təmsil olunan), Cavabdeh2 həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, cavabdeh isə iddiaçının maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mübahisəli daşınmaz əmlaka iddiaçının payını ərinin adına rəsmiləşdirmiş, əldə olunan vəsait iddiaçıya (təmsil olunana) verilməmiş və hazırda mübahisələndirilən hissə ümumi birgə əmlak kimi ərinin adına qeydiyyatdadır. Bu isə o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin kommersiya təmsilşiliyi halı və qiymətli kağızlar bazarında investitiya şirkəti fəaliyyəti istisna omaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəli halı həmin qeyri yaşayış sahəsinin iddiaçıya məxsus hissəsinin satılmasına iddiaçının həqiqətən razı olubolmaması, yəni bunun onun iradəsi zədələnmədən həyata keçirilib-keçirilməməsi ilə bağlıdır. Əlbətdə, iddiaçının iradəsini təmsilçi vasitəsilə həyata keçirməsi qanunla qadağan edilməmişdir. Lakin həqiqətən də mübahisəli daşınmaz əmlaka payının satılmasında iddiaçının həqiqi iradə ifadəsi olsaydı alqı-satqı müqaviləsini iddiaçı özü şəxsən notariat orqanında imza etməklə bağlayardı. Belə ki, İddiaçı və Cavabdeh1 mübahisəli qeyri yaşayış sahəsinin paylı mülkiyyətçiləri olmuş və qeyd edilən müqavilənin ər-arvad münasibətlərində olan cavabdehlərin öz aralarında bağlaması iddiaçının sərbəst iradə ifadəsinin olmadığına və alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olmaqla əsas məqsədin iddiaçının payının mümkün olduğu qədər qısa müddət ərzində iddiaçının adından çıxarılmasına yönəlmiş olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas verir. Cavabdeh1 arvadı Cavabdeh2 ilə aralarında imzalanmış alqı-satqı müqaviləsi üzrə notariusun depozit hesabında köçürülmüş 40.000 manat pulu çıxarıb iddiaçıya ödədiyini bildirsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşin faktiki halları ilə iddiaçının mülkiyyətində olan payını satılmasına həqiqətən razılıq verdiyi təsdiq olunmur. Hansı ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. “Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, əqdin etibarsızlığı dedikdə, onun arzu olunan hüquqi nəticələrə səbəb ola bilməməsi nəzərdə tutulur və əqdlərin etibarlılıq şərtləri Mülki Məcəllə ilə müəyyən edilir. Bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi halda, arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mübahisə edilən əqd tərəflərin mübahisələndirməsi nəticəsində etibarsız hala gələn əqd kimi qəbul edilir. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Əhəmiyyətsiz əqd tərəflərin iradə ifadəsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə hüquq və öhdəlik əmələ gətirməyən əqdləri nəzərdə tutur. Əhəmiyyətsiz əqd qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqddir. Məhkəmə kolegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı adından ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ona məxsus olan 16,6 kv.m hissəsinin Cavabdeh1 satılmasına 11.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və bunun nəticəsində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv olunmalıdır. Bununla belə kollegiya, etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işin hallarından isə görünür ki, cavabdehlər ər-arvad olmaqla öz maraqlarından hərəkət edərək mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsini öz xeyirlərinə rəsmiləşdirmişlər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(009)- 1683/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 16,6 kv.m hissəsinin alqı-satqısına dair 11.06.2020-ci il tarixli müqavilə etibarsız hesab edilsin və bunun nəticəsində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3184/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3184/2021
22.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver