Məhkəmə qərarları › İş №2(103)-3184/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3184/2023

12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3184/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2151/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Bakı şəhəri, Binə qəsəbəsi, Sovxoz yaşayış sahəsində yerləşən fərdi yaşayış sahəsi İddiaçı məxsusdur. 2.Cavabdeh Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş Təbii X2nın pozulması haqqında 30 dekabr 2020-ci il tarixli ******* saylı akt üzrə 1771,20 manat, 26 fevral 2021-ci il tarixli ******* saylı akt üzrə 295,20 manat, 31 mart 2021-ci il tarixli ******* saylı akt üzrə 295,20 manat, 30 aprel 2021-ci il tarixli ******* saylı akt üzrə 295,20 manat, 31 may 2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 30 iyun 2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 30 iyul 2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 31 avqust 2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 30 sentyabr 2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 29 oktyabr 2021-ci il tarixli ******* saylı akt üzrə 504 manat, 30 noyabr 2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 30 dekabr 2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 31 yanvar 2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 28 fevral 2022-ci il tarixli ******* saylı akt üzrə 669,60 manat, 2022-ci ilin mart ayında akt üzrə 669,60 manat, 2022-ci ilin aprel ayında akt üzrə 734,40 manat ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 8150,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ünvanında onun iştirakı ilə təbii qaz sayğacı olmadan qeyri-qanuni istifadə etdiyinə görə ******* saylı akt tərtib edilmişdir. Sonradan, o, qaz sayğacının qoyulması ilə bağlı bu barədə Cavabdeh İB müraciət etdikdə bildirmişlər ki, onun üçün müvəqqəti olaraq qazı bərpa ediblər. Bundan sonra Cavabdeh İB tərəfindən ona bildirmişlər ki, onun tərəfindən qaz verilməsinə müdaxilə edildiyi üçün ona 8150,40 manat cərimə yazılmışdır. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(003)- 2151/2022 nömrəli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00211 saylı abonent hesabına əsassız hesablanmış 8150,40 manat borcun silinməsi, Cavabdehndən 101,51 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, təbii qazdan qeyri-qanuni istifadə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi müəyyən olunmamış, bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 443.1, 443.2, 448.1, 448.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü və 36-cı maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.1.7, 4.9, 5.2, 5.4, 5.5, 6.5 və 6.7-ci bəndlərinə, “X2”na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Birliyin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmiş, abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşlar tərəfindən aktlar tərtib edilərkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-7087/2022 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışınskinin və Q.A.Əsgərovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(003)- 2151/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçının abonent hesabına borcun hesanbanmasına əsaslar Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən dəfələrlə təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktı cavabdeh tərəfindən tərtib edilmiş aktlarla müəyyən edildiyindən, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, qanunvericiliyin tələblərinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

13. Məhkəmə araşdırması zamanı istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, təbii qazdan qeyri-qanuni istifadə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi müəyyən olunmamış, bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir.

14. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri qazın alğı-satqı müqaviləsi əsasında həyata keçirilmiş olsa da, iş materiallarında Cavabdeh ilə İddiaçı arasında belə bir müqavilə mövcud olmamışdır. Cavabdeh nümayəndəsinə müqavilənin təqdim edilməsi təklif edilsə də, həmin müqavilənin təqdim edilməsi mümkün olmamışdır.

15. Kollegiya hesab etmişdir ki, ayrı-ayrı aylar üzrə tərtib edilmiş aktların mötəbərliyinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən və həmin aktların əsaslı olmaları da məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən həmin aktlar əsasında iddiaçının abonent hesabına hesablanmış borclar əsassızdır.

c)Kassasiya instansiya məhkəməsindəki icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 23 fevral 2023-cü il tarixli 2(102)-812/2023 nömrəli qərarı ilə (hakimlər E.Şamayev (məruzəçi), E.Vəliyeva və A.Abbasov) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli 2(103)-7087/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

17. İşi yeni apelyasiya baxışına qaytaran kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, “iddiaçının özünün birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər toplusuna qaz xəttinin fotoşəkilləri əlavə edilmişdir. Həmin fotoşəkillərdə (onların üzərində olan qeydlərə əsasən fotoşəkillər müxtəlif tarixlərdə çəkilmişdir) qaz xəttinin üzərində qaz sayğacının olmaması və dəmir borularının şlanq vasitəsi ilə birləşdirilməsi açıq aydın görünür. Apellyasiya məhkəməsi cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktların əsassızlığı qənaətinə gəlsə də, təqdim olunmuş fotoşəkilləri araşdırmamış, orada əks olunmuş halları, o cümlədən fotoşəkillərin iddiaçının istifadəsində olan yaşayış sahəsinə və mübahisəli dövrə aid olmasını tərəflərlə müzakirə etməmiş, onların iş üzrə sübut əhəmiyyətinə malik olubolmamasına hüquqi qiymət verməmişdir. Bundan əlavə, iddia ərizəsindən müəyyən olunur k, iddiaçı 28 fevral 2022-ci il tarixli aktın təbii qazdan sayğac olmadan istifadə etdiyinə görə onun iştirakı ilə tərtib edildiyini etiraf etmişdir. Lakin apellyasiya məhkəməsi işin bu halını nəzərə almamış, iddiaçı apellyasiya məhkəməsinin iclasında iştirak etsə də, fərdi yaşayış evinə rezin borusunun (şlanqın) kim tərəfindən, nə vaxt və hansı məqsədlə quraşdırılmasını, aktların əhatə etdiyi müddətdə evində təbii qazdan hansı qaydada istifadə etməsini araşdırmamışdır. Nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi iddiaçı və cavabdeh tərəfindən təbii qazın alqı-satqısı ilə bağlı müqavilənin mövcudluğunu müəyyən etməmişdir. Həmçinin iddiaçının yaşadığı fərdi yaşayış evində ümumiyyətlə qaz sayğacının quraşdırılması iş materiallarından görünmür. Bununla belə, müqavilənin və sayğacın mövcud olmaması iddiaçının evində təbii qazdan istifadə olunmaması anlamına gəlmir. Qazdan istifadə olunmadığı halda, dəmir qaz borularının rezin boru (şlanqla) birləşdirilməsinin səbəbi izah olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının evi üzrə tərtib olunmuş abonent saldosuna əsasən iddiaçı tərəfindən qazdan istifadəyə görə ötən müddət ərzində ümumiyyətlə ödəniş aparılmamışdır. Halbuki, evdə təbii qaz təchizatı olduğu halda, hesablanmış borcun tam silinməsi iddiaçının cavabdeh təşkilatın hesabına əsassız varlanmasına səbəb olacaqdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının istifadəsində olan yaşayış sahəsində qazpaylayıcı xəttə qanunsuz qoşulmanın olub-olmaması, ümumiyyətlə mübahisəli aktlar tərtib olunan dövrdə həmin evdə qazdan istifadə edilib-edilməməsi, cavabdeh tərəfindən hansı məbləğdə ziyan vurulması, evdə qaz sayğacı quraşdırılmadığı halda ziyana görə kimin məsuliyyət daşımalı olması halları araşdırılmalı, o cümlədən evdə qaz avadanlıqlarının quraşdırılmasının müəyyən edilməsindən ötrü fərdi yaşayış evinə tərəflərin iştirakı ilə baxış keçirilməsi, belə avadanlıqlar quraşdırıldığı halda isə təbii qazın orta sərfiyyatının müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsi məsələsi tərəflərlə müzakirə edilməli, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir.” Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən cavabdeh qeyd etdi ki, qış aylarının çox hissəsini öz evində olmamış, atasıgildə olmuşdur.

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın

20. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

21. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.

22. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

23. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. 01.05.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

32. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

34. Kollegiya tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz yeni sahədə iddiaçının yaşadığı evin mətbəxində qaz balonundan istifadə edilir, dörtgözlü piltədən isə istifadə edilmir, həmin plitə təzə vəziyyətdə olmaqla mətbəxə qaz xətti də çəkilməmişdir. Evin istiliyi isə “İran sobası” vasitəsi ilə təmin edilir. İddiaçı həmin sobanın qaz balonu ilə, cavabdehin nümayəndəsi isə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazla işlətdiyini bildirdilər. Mənzildə təbii qazdan istifadə edilməsi nəzərdə tutulan hər hansı başqa qurğu, o cümlədən zərər aktlarında qeyd olunmuş QSSQ və dəmir soba aşkar olunmamışdır.

35. Kollegiyanın əvvəlki iclasında şahid qismində dindirilən Şahid göstərmişdir ki, “İddiaçı ilə qonşudur. Özü pensiyaçı olduğu üçün həmişə həyətdə olur. İtinin səsindən baxdıqda həmişə görürdü ki, qonşunun evinə avtomobil gəlir və qaz balonu gətirirlər. Bilirdi ki, onların qazları yoxdur və qaz balonundan istifadə edirlər. 10 ildir orada yaşayır, iddiaçı isə təxminən 2-3 il olar ki, qonşuluqda yaşayır. Qaynağ olunmuş borunun kim tərəfindən və nə vaxt edilməsini bilmir. 40 metrə yaxın borunu o, çəkdirmişdir, həmin boruda qaynaq edildiyi üçün narahat olmuş, maraqlandıqda isə bildirmişlər ki, qaz getməməsi üçün kəsib əzirlər və bağlayırlar. Təxminən 1 il, 1 il yarım müddətdir ki, bu hadisə baş vermişdir. Həmin borudan qonşunun evinə qaz getməmiş, sadəcə orada olmuşdur. İddiaçı bu ilin qış aylarında evdə olmamışdır. İddiaçı və uşaqlar orada yaşayır.”

36. Göründüyü kimi yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evdə dörtgözlü piltə olsa da ondan istifadə edilməmişdir və mətbəxdə qaz balonundan istifadə edilir. Bundan başqa evin istiliyi “İran sobası” vasitəsi ilə təmin edilir. Başqa hər hansı qurğu müəyyən edilməmişdir.

37. İddiaçı həmin sobanı qaz balonu vasitəsi ilə işlətdiyini bildirsə də, Kollegiya hesab edir ki, evin istiliyini təmin edən “İran sobasının” işlədilməsi üçün qaz balonundan istifadə edilməsi real və rentabelli görünmür. Eləcə də tərtib olunmuş aktlardan aşkar şəkildə müəyyən olunur ki, qaz xəttinə qanunsuz qoşulma halları baş vermişdir. Ona görə də iddiaçının bu dəlili əsaslı qəbul edilmir. Buradan aydın olur ki, “İran sobası” qanunsuz qoşulmaqla təbii qazla təchiz edilmişdir.

38. Qış mövsümündə evin istiliyini təmin etmək üçün “İran sobasının” qazdan istifadə nəticəsində orta qaz sərfiyyatının nə qədər təşkil etdiyini müəyyən etmək məqsədi ilə Kollegiya tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2023-cü il tarixli 10/4803 saylı ekspert rəyinə əsasən “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələrin” tələblərinə əsasən “İran sobasının” qış mövsümündə 1 günlük orta qaz sərfiyyatı 27 m3 (1.5 m3 x18 saat) təşkil edir. Məhkəmə tərəfindən “İran sobasından” istifadə müddəti müəyyən edilməklə qız mövsümündə orta qaz sərfiyyatının nə qədər təşkil etməsi müəyyən edilə bilər.

40. Belə olan halda bir aylıq sərfiyyat 810 m3 təşkil edir (27 m3 x 30 gün).

41. Aydındır ki, yay aylarında evin istiliyini təmin etmək üçün “İran sobasından” istifadə edilmir, ona görə də 30 dekabr 2020-ci il tarixli ******* saylı, 26 fevral 2021-ci il tarixli ******* saylı, 31 mart 2021-ci il tarixli ******* saylı, 30 noyabr 2021-ci il tarixli ******* saylı, 30 dekabr 2021-ci il tarixli ******* saylı, 31 yanvar 2022-ci il tarixli ******* saylı, 28 fevral 2022-ci il tarixli ******* saylı aktlar və 2022-ci ilin mart ayında tərtib olunmuş akt üzrə, hər bir ay üçün 81 manat (810 m3 x 0,10 manat) olmaqla, ümumilikdə 648 manat sərfiyyat hesablanmalıdır. Eləcə də 30 aprel 2021-ci il tarixli ******* saylı, 30 noyabr 2021-ci il tarixli ******* saylı və 2022-ci ilin aprel ayında tərtib olunmuş aktlar üzrə 15 günlük sərfiyyat hesablanmaqla (həmin ayların 15 günü qış mövsümünə aid olduğundan), həmin dövr üçün itirişmiş qazın ümumi sərfiyyatı 121,5 manat müəyyən olunmalıdır.

42. Beləliklə, nəticə etibarı ilə iddiaçının “İran sobası”ndan qanunsuz istifadəsi nəticəsində cavabdeh təşkilata 769,5 manat ziyan vurulmuşdur.

43. Ona görə də bu hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

44. Qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2151/2022 nömrəli iş üzrə 03 avqust 2022-ci il tarixli qətnaməsi qismən – təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı Cavabdeh tərəfindən İddiaçı məxsus **********00211 saylı abonent hesabına qış mövsümü üçün, yəni 30 dekabr 2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 1771,2 manat, 26 fevral 2021-ci il tarixli ******* saylı akt üzrə 295,2 manat, 31 mart 2021-ci il tarixli ******* saylı akt üzrə 295,2 manat, 30 aprel 2021-ci il tarixli ******* saylı akt üzrə 295,2 manat, 30 noyabr 2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 30 dekabr 2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 31 yanvar 2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 28 fevral 2022-ci il tarixli ******* saylı akt üzrə 669,6 manat, 2022-ci ilin mart ayında tərtib olunmuş akt üzrə 669,6 manat və 2022-ci ilin aprel ayında tərtib olunmuş akt üzrə 6.674,4 manatın silinməsinə aid hissədə ləğv edilsin. Həmin hissədə (yuxarıda qeyd olunan aktlara aid hissədə) iddia qismən təmin olunsun. Həmin aktlar üzrə zərərin məbləği 769,5 manat müəyyən olunmaqla, zərər kimi hesablanmış ümumi 6.674,4 manatın 5904,9 manat hissəsi (6.674,4-769,5) silinsin, 769,5 manatın silinməsinə aid hissədə isə iddia təmin olunmasın. Qətnamə qalan hissədə, yəni 31 may 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 194,4 manat, 30 iyun 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 194,4 manat, 30 iyul 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 194,4 manat, 31 avqust 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 194,4 manat, 30 sentyabr 2021ci il tarixli ******* saylı akt üzrə hesablanmış 194,4 manat və 29 oktyabr 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 504 manat, ümumilikdə 1.476 manat əsassız hesablanmış borcun silinməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən cavabdeh tərəfindən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar