Məhkəmə qərarları › İş №2(103)-3191/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3191/2021

02.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3191/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 02 oktyabr 2020-ci il tarixli (07.01.2021-ci il tarixli yanlışlıq barədə qərardad nəzərə alınmaqla) qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və ASC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 03.07.2015-ci il tarixli aktın ləğv edilməsi, həmin akta əsasən cavabdeh ASC tərəfindən ona əlavə sərfiyyat kimi əsassız olaraq hesablanmış 1.855,98 manat məbləğində borcun silinməsi, qeyd edilən borcun ödənilməsi məqsədi ilə onun abonent hesabından ASC tərəfindən tutulmuş 64 manat məbləğində pulun ASC-dən tutularaq geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan və Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 3-də yerləşən 1 №-li mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Ünvan cavabdeh Birlik tərəfindən elektrik enerjisi ilə təmin olunur və bununla bağlı olaraq həmin ünvanda, küçədə, sayğac quraşdırılmışdır. 2015-ci ilin ortalarında sayğac işləmədiyindən ASC-nin əməkdaşları iddiaçıya bildirmişlər ki, sayğaca müdaxilə olunduğu üçün ona əlavə sərfiyyata görə 1.855,98 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda iddiaçıya bəlli olmuşdur ki, bu borc 03.07.2015-ci il tarixdə tərtib edilmiş akt əsasında hesablanmışdır. Daha sonra isə, iddiaçının abonent (kart-balans) hesabından ASC tərəfindən 64 manat silinmişdir. ASC-nin əməkdaşları bildirmişlər ki, həmin məbləğ yuxarıda qeyd edilən borcun ödənilməsi məqsədi ilə silinmişdir. İddiaçı hesab edir ki, ASC-nin ondan qeyd edilən borcun ödənilməsini tələb etməsi və borcun yaranmasına səbəb olmuş qeyd edilən akt əsassızdır. Çünki sayğac küçədə yerləşir və sayğaca kim tərəfindən müdaxilə olunması və müdaxilənin hansı formada baş verməsi iddiaçıya bəlli deyildir. İddiaçının özü və digər ailə üzvləri qaz sayğacına heç bir müdaxilə etməmişlər. Bu baxımdan ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt və akta əsasən əlavə sərfiyyat kimi hesablanmış borc ləğv edilməli, əsassız olaraq silinmiş 64 manat pul isə abonent (kart-balans) hesabına qaytarılmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.10.2020-ci tarixli qətnamə (07.01.2021-ci il tarixli “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” qərardad nəzərə alınmaqla) ilə iddia tələbinin qismən təmin edilməsini, əlavə sərfiyyat olaraq 1.855,98 manat borcun hesablanması barədə 03.07.2015-ci il tarixli aktın qismən ləğv edilməsini, ASC tərəfindən iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış 1.758,98 manat məbləğində borcun silinməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tamamilə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı 1.765,11 manat dəyərində elektrik enerjisini istehlak etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh ASC-nin apellyasiya şikayətinin məzmundan görünür ki, ASC də, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə iddiaçı özünə məxsus olan və Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 3-də yerləşən 1 №-li mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Ünvan cavabdeh Birlik tərəfindən elektrik enerjisi ilə təmin olunur və bununla bağlı olaraq həmin ünvanda sayğac quraşdırılmışdır. Sayğac yaşayış sahəsinin daxilində deyil, küçədə quraşdırılmışdır. İddiaçı bildirir ki, 2015-ci ilin ortalarında sayğac işləmədiyindən ASC-nin əməkdaşları iddiaçıya bildirmişlər ki, sayğaca müdaxilə olunduğu üçün 03.07.2015-ci il tarixli akta əsasən iddiaçıya əlavə sərfiyyata görə 1.855,98 manat məbləğində borc hesablanmışdır. ASC-nin Rayon Məhkəməsinə təqdim etdiyi 30.08.2001-ci il tarixli “Abunə haqqında çıxarışdan” görünür ki, iddiaçının ünvanında quraşdırılmış elektrik sayğacına müdaxilə olunduğu üçün 03.07.2015-ci il tarixli akta əsasən iddiaçıya əlavə sərfiyyata görə 1758,98 manat məbləğində borc hesablanmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının” 7.11-ci bəndinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.17-ci görə, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələdikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar 7 özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Qaydaların 8.34-cü bəndində görə, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidmət vəsiqəsini təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barəsində çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Qaydaların 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9-cu bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır (bənd 9.1.). İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir (bənd 9.4.). Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların yaşayış və ya qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmış elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni indiki halda cavabdeh ASC daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, elektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşıya bilməz. Müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun cavabdeh ASC tərəfindən məhkəmələrə təqdim edilməməsi ASCnin dəlillərinin həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 02 oktyabr 2020-ci il tarixli (07.01.2021-ci il tarixli “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” qərardad nəzərə alınmaqla) qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC-nin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar