Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3198/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-861/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 3379,10 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı ev iddiaçıya məxsusdur. Ailəsi ilə birlikdə həmin evdə yaşayır. İlin çox vaxtlarında iş yeri ilə əlaqədar Ağcabədi rayonu Taxta körpü deyilən yerdə yaşayırlar. Cavabdeh nümayəndələri tərəfindən qeyd etdiyi ünvandakı evində yeni Smart kart tipli sayğac quraşdırılmışdır, köhnə qaz sayğacı dəyişdirilərək aparıldıqdan sonra onlar tərəfindən iddiaçıya məlumat verilmişdir ki, onların qaz sayğacına müdaxilə olunduğu üçün cərimə ödəməlidir. Cavabdeh tərəfindən təqdim təqdim olunmuş akt və abonentin saldosu sənədlərində həqiqətə uyğun olmayan hallar öz əksini tapmışdır. Təqdim olunan aktda qeyd edilir ki, abonent təbii qazdan sayğacdan kənar istifadə etmişdir və bunun əsasında abonentin saldosunda 3379 manat 10 qəpik cərimə müəyyən olunmuşdur. Onların evində qazdan istifadəyə görə ən çox yazılan ödəniş məbləği 5 manatdan artıq olmamışdır. Onun evində təbii qazdan istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilir. Hal-hazırki dövrədək təbii qaza görə yaranmış ödənişlərlə bağlı hər hansı bir mübahisə yaranmamışdır. Çünki o istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Sayğacdan kənar həmin evi kirayəçilərə verdiyi dövrdə 1 gün istifadə edilmişdir. Lakin, hesab edir ki, həmin halda belə iddiaçı məsuliyyət daşımır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-861/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 3 ünvanı (abonent kodu:**********00041) üzrə İddiaçı qaz sərfiyyatına görə hesablanmış 2795,40 (iki min yeddi yüz doxsan beş manat, qırx qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Əminə Abbasova).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin 583.70 manat hissəsi əsassız olaraq təmin edilməmişdir. İddiaçı həmin məbləğdə qaz sərf etməmişdir. İddiaçı ailəsi ilə mübahisəli ünvanda yalnız həftə sonları yaşayır və hər ay təxminən 10 manat məbləğində qaz sərf edir. Bundan əlavə, iddiaçı məcburi köçkün olduğu üçün ona dövlət tərəfindən aylıq limit verilir. İddiaçı 2008-ci ildən 2016-cı ilədək bu limitdən istifadə etməmişdir. Buna baxmayaraq iddiaçı hər ay 10-40 manat ödəniş etmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Əliyev iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyərləndirmə:
10. Kollegiya ilk növbədə qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan görünür ki, iddiaçı əslində iddianın təmin edilməyən 583.70 manat hissəsini mübahisələndirmişdir. Bu səbəbdən də, kollegiya hesab edir ki, qətnamə yalnız mübahisələndirilən – iddianın təmin olunmayan hissəsində yoxlanılmalıdır.
11. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçının yaşadığı ünvan üzrə Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 28.02.2020-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən “abonentin sayğacdan kənar istifadə etdiyi” qeyd edilərək 28.02.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 2736 m3 qazın dəyəri iddiaçıdan tələb edilmişdir.
12. Daha sonra üzrə Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 04.03.2020-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən “abonentin sayğacdan kənar istifadə etdiyi” qeyd edilərək 04.03.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 365 m3 qazın dəyəri iddiaçıdan tələb edilmişdir.
13. Qeyd edilənlərə əsasən kollegiya birinci instanisya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etməsi qazpaylayıcı (cavabdeh) tərəfindən sübuta yetirilməsə də, iddiaçının birinci instansiya məhkəməsindəki izahatlarına əsasən müəyyən edilmişdir ki, onun müəyyən müddət sayğacdan kənar təbii qazdan istifadə etməsi baş tutmuşdur. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, iddiaçı mənzili kirayə verdiyi dövrdə sayğacdan kənar qaz xəttinə qoşulmasını etiraf etmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıdan qanunzus qaz xəttinə qoşulmağa görə 583.70 manat məbləğində borucun hesablanması əsaslı olmuş və həmin borc məbləğinin silinməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmuşdur.
16. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma edildiyinə görə iddia tələbinin 583.70 manat hissəsində rədd edilməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
19. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-861/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev