Məhkəmə qərarları › İş №2(103)-3201/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3201/2025

14.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3201/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ (açar sözlər: iddianın yolverilməzliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 1771/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilən şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1771/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "şifahi müqavilənin ləğv edilməsi, əmlak üzərində iddiaçının ¾ hissədə, cavabdehin ¼ hissədə payının müəyyən edilməsi, avtomobilin hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "əmlakın sahibliyə qaytarılması” tələbinə dair iddia tələbinin təmin edilməsi, “Honda insight minik” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı, JHMZE2H32BS005922 ban nömrəli, XETÇBEK ban tipli, buraxılış ili 2011, mühərrik nömrəsi 2013733, mühərrik həcmi 1339 olan avtomobil İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda iddiaçı iddia ərizəsində konkret olaraq ayrıca olaraq xahişini qeyd etməsə də onun tələbinin “tərəflər arasında olan şifahi müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ödədiyi 19190 manat məbləğin ona qaytarılması” olması müəyyən edilmişdir. Halbuki, iddiaçının etibarsızlığını tələb etdiyi şifahi müqavilənin etibarsız olb- olmama məsələsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə artıq qiymət verilmişdir. Belə ki, qətnamənin 9-cu səhifəsinin 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, qanunvericiliyin mənasına əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Həmçinin, həmin qətnamənin 8-ci səhifəsinin 3 və 4-cü abzaslarında qeyd edilmişdir ki, ilkin iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinə dair tərəflər arasında olan şifahi müqavilənin ləğv edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə iclası zamanı tərəflərin izahatlarında icarə haqqı ödənildikdən 43 ay sonra avtomobilin İddiaçı mülkiyyətinə keçməsi barədə şifahi razılıq əldə etmələri bildirilsə də, bununla bağlı hər hansı bir müqavilə məhkəməyə təqdim edilməmiş, habelə qeyd edilən razılaşmaya əsasən nəzərdə tutulan pul vəsaitinin mülkiyyətçiyə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməlidir. Lakin mübahisə predmeti olan avtomobilin alqı-satqısına dair hər hansı müqavilə mövcud deyil. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən hazırda İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi şifahi müqavilənin etibarsızlığı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2025 saylı mülki işinə baxılarkən yoxlanılmış, bununla bağlı məhkəmə artıq öz münasibətini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 2/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə iddia tələbində mübahisələndirilən müqavilə əsasında qaytarılmasını tələb etdiyi pul məbləği ilə bağlı da Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd edilən razılaşmaya əsasən nəzərdə tutulan pul vəsaitinin mülkiyyətçiyə verilməsinin məhkəmə araşdırması zamanı sübuta yetirilməməsi bildirilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilərək şikayət verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1771/2025 nömrəli qərardadı ilə razılaşmayan İddiaçı qərardaddan şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1771/2025 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı Nizami Rayon Məhkəməsinə müraciət edərək “əqdin etibarsız sayılması, bundan irəli gələrək tərəflər arasında əvəlki vəziyyətin bərpa edilməsi (restitusiya), müqavilə və hər hansı qanuni əsaslar olmadan əsassız varlanma predmetini (pulların) cavabdehdən alınaraq ona (məhrum olunana) qaytarılması barədə iddia ərizəsi vermişdir. İddia ərizəsini təqdim edəndən sonra aşkar etmişdir ki, ərizəsi natamam formada təqdim edilib, iddia ərizəsinin əsaslandırıcı hissəsi ətraflı şərh edilsə, xahiş hissəsi qeyd edilməmişdir. Halbuki, iddia ərizəsinin iddiaçının tələbi aydın şəkilkdə ifadə edilməlidir: belə ki tələb (iddia predmeti) iddianın əsası təşkil edir. Ona görə iddia ərizəsinə düzəliş edərək onu təkrar məhkəməyə təqdim etmişdir. Nizami Rayon Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(007)-1771/2024 saylı qərardadı ilə onun iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilmişdir. Aşağıda göstərilənlərə əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 1771/2024 saylı qərardadını qanunsuz və əsassız hesab edərək onun ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı belə əsaslandırılmışdır ki, iddiaçının hazırda etibarsızlığını mübahisələndirdiyi müqavilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2025 saylı mülki işin baxış predmeti olmuş, müqavilənin etibarsız olması barədə məhkəmə artıq öz münasibətini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 2/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 153.2.2-ci və153.2.4-cü maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Nizami Rayon Məhkməsinin sözügedən qərardadında qeyd edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur, bu Nizami Rayon Məhkəməsinin 2(007)-189/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsidir. Hazırda həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bununla bağlı qeyd edilməldir ki, eyni tərəflər arasında olan 2(007)-189/2025 saylı mülki iş üzrə iddianın predmeti, faktiki və hüquqi əsasları tamam fərqlidir. Belə ki, 2(007)-189/2025 saylı mülki işdə onun tələbi ondan ibarət olmuşdur ki, şifahi formada bağlanmış müqavilə ləğv edilsin, cavabdehin müqaviləni birtərəfli qaydada pozduğuna görə ona vurulmuş ziyanı ödəsin və əmlakın 75% hissəsinə cavabdehə ödədiyi pullara mütanasib onun mülkiyyət hüququ tanınsın. Həmin mülki iş üzrə işə baxan Nizami Rayon Məhkəməsinin belə müəyyən etmişdir ki, tərəflər arasında bağlanan icarə müqaviləsi qanunun tələblərinə zidd olaraq şifahi formada bağlandığına görə tərəflər üçün hər hansı hüquq və vəzifələr yaratmayan etibarsız (əhəmiyyətsiz) müqavilədir. Əhəmiyyətsiz müqavilə üzrə tərəflərin hər hansı qarşılıqlı öhdəliklərin yaranması istisna olunur, biri digərində nəyi isə tələb etməyə subyektiv hüquqa malik deyil. Beləliklə, Nizami Rayon Məhkəməsi müqavilənin etibarsız olmasını əsas gətirərək onun iddia tələblərini rədd etmişdir. Lakin, əqdin (müqavilənin) etibarsız sayılmasına dair tərəfindən iddia tələbi irəli sürmədiyi üçün müqavilənin etibarsız sayılması barədə qərar qət edilməmiş və etibarsız sayılmış müqavilənin nəticələrinin aradan qaldırılması barədə qətnamə qəbul etməmişdir. Məhkəmə cavabdehə qarşılıqlı iddia ərizəsi üzrə onun əmlakını qeri qaytarsa da, onun əmlak hüququları bərpa (restitusiya) olunmamış, pulların ona geri qaytarılması barədə qərar verilməmişdir. Ona görə də, tərəflər arasında müqavilənin etibarsız sayılması və onun etibarsızlığından irəli gələrək onun nəticələrinin bərpa (restitusiya) edilməsi, müqavilə etibarsız sayıldığı halda əsassız varlanma pulların (19.190 manat) ona (məhrum olunan) qaytarılması barədə iddia tələbi irəli sürməmişdir və bu barədə qərar verilməmişdir. Bu tələblər və onların faktiki və hüquqi əsasları 2(007)- 189/2025 saylı mülki işin iddia tələblərindən (predmetdən) tamam fəqlidir, eyni zamanda iddianın faktiki və hüquqi əsasları da da tamam fəqlidir. Yəni, eyni predmet və eyni əsaslar faktoru istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 04.2921-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd edilmişdir, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olubolmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmin qərarda qeyd edilmişdir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 2/2022 nömrəli qərardadında aşağıdakılar qeyd edilmişdir: İddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Bu baxımdan mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə, həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Çünki, tələb məhkəmə qərarının alınması üçün irəli sürülür. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və bu barədə qərar verməlidir. Nizami Rayon Məhkəməsinin 2(007)- 189/2025 saylı mülki iş üzrə əqdin etibatrsız olmasını müəyyən etsə də, əqdin etibarsız sayılması barədə tələb irəli sürülmədiyi üçün bu barədə qərar verməmiş və əqdin etibarsızlığından irəli gələn nəticələri üzrə restitusiya haqqında qərar qəbul etməmişdir. Halbuki, Ali Məhkəmənin qərardadının 32-ci bəndinə görə, məhkəmə əqdin etibarsız olmasını müəyyən etdiyi halda, xüsusi bir iddia tələbinin irəli sürməsindən asılı olamayaraq etibarsızlığın nəticələri nəzərə almalı və bu barədə qərar qəbul etməlidir. Ona görə də, əvvəl irəli sürülməmiş bu tələb üzrə yenidən iddia ərizəsi verməyə məcburdur. Hər bir şəxs pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir, məhkəmə hər bir şəxs üçün əlçatan və səmərəli olmalıdır. Hazırkı mülki işə baxan məhkəmə belə hesab edir ki, bu barədə qərar verməsə də, müqavilənin etibarsızlığı faktı artıq başqa məhkəmə tərəfindən müəyyən edilmişdir və buna görə həmin iddianı qaldırmaqda haqlı deyildir. Belə olan halda, onun hüququ varki iddia tələbinin həcmini azaltsın, “əqdin etibarsız sayılması” hissədə iddianı xaric etsin, digər tələblər üzrə qərar verməsini xahiş etsin. Lakin, bu tələblər (müqavilənin etibarsız sayılması, köhnə vəziyyətin bərpa edilməsi, əsassız varlanma predmetinin qaytarılması) biri digəri ilə səbəbli əlaqə olduqları üçün onlara birlikdə baxılmalıdır. AR MPM-in 153.2.2, 153.2.4-ci maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bildirir ki, tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə mövcüd deyildir. Nizami Rayon Məhkməsinin icraatında olmuş 2(007)-189/2025 saylı mülki işində olan iddia ərizəsində iddia tələbi (iddianın predmeti) tamam başqa tələb olmuşdur, həmin iddinanın faktiki və hüquqi əsasları da tamam başqa əsaslardır. Ona görə də, Nizami Rayon Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(007)-1771 /2024 saylı qərardadı əsassız olduğu üçün ləğv edilməli, iddia icraata qəbul edilərək mahiyyəti üzrə baxılımalıdır. Hesab edir ki, işin hallarına münasibətdə məhkəmə prosessual hüquq normasını düzgün şərh etməmiş və düzgün tətbiq etməmişdir. Məhkəmə işin halları düzgün müəyyən etməmişdir. Ona görə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1771/2025 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1771/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1771/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı mülki iş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən görünür ki, iddia ərizəsi natamam tərtib olunmuş, iddiaçı məhkəmədən hansı tələblər üzrə, hansı məhkəmə aktının qəbul edilməsini iddia ərizəsində göstərməmişdir. Birinci instansiya məhkəməsi isə iddia ərizəsinin məzmunundan özünün gəldiyi qənaətə uyğun olaraq müəyyən etdiyi iddia tələblərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə artıq qiymət verilməsini, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə qətnaməsinin mövcud olmasını, həmin qətnamədən hazırki iş üzrə iddiaçı tərəfindən şikayət verilməsini qeyd edib iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Kollegiya qeyd edir ki, MPM-in 153.2.2.-ci maddəsinə istinad edilib iddia ərizəsinin yolverilməz olması qənaətinə gəlinməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadının olması tələb olunur. Qərardadında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almadığını qeyd edən birinci instansiya məhkəməsi iddia ərizəsinin yolverilməz olması qənaətinə gələrkən yuxarıda qeyd olunan prosessual normanın tələblərini pozmuşdur. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1771/2025 nömrəli qərardadı ləğv edilməli və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1771/2025 nömrəli qərardadı ləğv edilsin və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar