Məhkəmə qərarları › İş №2(103)-3204/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3204/2022

14.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3204/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı MMC-yə qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi və qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(008)-421/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06QYS saylı, 26.01.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh mülkiyyətində olan “Badi-Kubə” t/h kiçik müəssisəsinin tikiş sexinin texniki pasportuna əsasən dəqiq sahəsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi və qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi olaraq, 111.500 manat pulun İddiaçı MMC-dən alınaraq, ona ödənilməsi, 06QYS saylı, 26.01.2018-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-nin təhvil verdiyi ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsində sahənin hündürlüyü hesabına hündürlüyün bölünməsi nəticəsində tikilmiş, tikinti layihəsində nəzərdə tutulmayan qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06QYS saylı, 26.01.2018-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-nin Cavabdeh təhvil verdiyi ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hündürlüyünün bölünməsi nəticəsində İddiaçı MMC-nin yaratdığı (tikdiyi) əlavə (yuxarı) hissənin özgəninkiləşdirmə və hər hansı digər məqsədlə üçüncü şəxslərə verilməsinin, eləcə də həmin hissədən istifadənin İddiaçı MMC-yə və üçüncü şəxslərə qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-421/2021 saylı, 17 may 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hündürlüyünün bölünməsi nəticəsində İddiaçı MMC-nin yaratdığı (tikdiyi) əlavə (yuxarı) hissənin özgəninkiləşdirilməsi və hər hansı digər məqsədlə üçüncü şəxslərə verilməsi İddiaçı MMC-yə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. İddiaçı MMC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-421/2021 saylı, 17 may 2021-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən hakim iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Qanunun mənasına görə müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Həmçinin, qanunla müəyyən edilir ki, müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarını, mübahisələndirilən işin hallarını, iş materiallarına əlavə edilmiş ilkin sübutları nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında həqiqətən qeyriyaşayış sahəsinin sökülərək əvəzində bu ərazidə inşa ediləcək binada qeyri yaşayış sahəsinin verilməsinə dair müqavilə olmuş, qarşılıqlı iddiaçıya həmin müqavilə ilə nəzərdə tutulmuş sahə təqdim edilmişdir. Hazırda qarşılıqlı iddiaçı ona təqdim edilmiş sahənin hündürlüyünün MMC tərəfindən iki hissəyə bölündüyünü və binanın layihəsində nəzərdə tutulmamış yeni sahənin əmələ gəldiyini, bu sahənin başqa şəxslərə satılmaq ehtimalının olduğunu bildirir. Göründüyü kimi, qarşılıqlı iddia tələbi tərəflər arasında bağlanmış müqavilədən doğan mübahisə ilə bağlı olmaqla açıq-aşkar əsassız iddia deyildir. Belə olduğu təqdirdə isə mübahisəli sahənin özgəninkiləşdirilməsi və ya üçüncü şəxslərə verilməsi qarşılıqlı iddia təmni olunacağı təqdirdə onun icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(008)-421/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar