Məhkəmə qərarları › İş №2(103)-3206/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3206/2023

19.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3206/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maqazin küçəsində yerləşən nömrəsiz evdə (abonent kodu: **********00013) təbii qazdan istifadə ilə bağlı hesablanmış 2.643,84 manat borc ləğv olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin ünvanda təbii qazdan istifadə ilə bağlı hesablanmış 2.643,84 manat borc ləğv olunsun, habelə 46,43 manat dövlət rüsumu Cavabdeh İB-dən dövlət nəfinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıya aid olan, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maqazin küçəsində yerləşən nömrəsiz evdə (abonent kodu: **********00013) qazdan sayğcasız istifadə görə cavabdeh tərəfindən 2 akt – xx.xx.2022 və xx.xx.2022-ci il tarixli akt tərtib olunub. Daha sonra isə qazdan sayğacsız istifadəyə görə itirilmiş qazın dəyəri kimi iddiaçıya 4 aya görə borc hesablanıb: 1) 2022-ci ilin yanvar ayı üçün 1.192,32 manat; 2) həmin ilin mart ayı üçün 846,72 manat; 3) həmin ilin aprel ayı üçün 371,52 manat; 4) həmin ilin may ayı üçün 233,28 manat (iş v. 12, abonentin saldosu). Göstərilən məbləğlərin cəmi 2.643,84 manat təşkil edir. İddiaçı bu borcun ləğv edilməsini tələb edir. İddiaçı qazdan sayğacsız istifadə etdiyini etiraf edir, lakin bildirir ki, sayacsız istifadə təxminə 5-6 gün olub, odur ki, 5-6 günə görə böyük məbləğdə borc - 2.643,84 manat hesablanması düzgün deyil. Müəyyən olunur ki, göstərilən 4 ayda iddiaçıya aid olan evdə sayğac olmayıb və həmin aylarda qazdan sayğacsız istifadə olunub. Ona görə də iddiaçı həmin aylarda istifadə etidyi qazın dəyərini ödəməlidir. Həmin aylarda sayğacsız istifadə edilmiş qazın dəyəri müəyyən edilərkən təqvim ayları istilik mövsümünə və qeyri-istilik mövsümünə bölünməlidir. Belə ki, yaşayış və qeyriyaşayış binalarının istiliklə təchizi zamanı təqvim ili istilik və qeyri-istilik mövsümünə bölünür. Əhali təbii qazdan istilik mövsümünə aid olan 5 ayda (15 noyabrdan 15 aprelədək) çox istifadə edir, qeyri-istilik mövsümünə aid olan 7 ayda isə az istifadə edir. İddiaçının 4 ayda 2.643,84 manat dəyərində qaz istifadə etməsi ağlabatan deyil. Ona görə də sayğacıs istifadə edilmiş qazın dəyəri ağlabatan mühakimə əsasında istilik mövsümünə aid olan aylar (yanvar və mart ayları) üçün 50 manat, qeyri-istilik mövsümünə aid olan aylar (aprel və may ayları) üçün 25 manat müəyyən edilməlidir. Bu hesabla 2022-ci ilin yanvar, mart, aprel və may aylarında sayğacsız istifadə edilən qazın dəyəri 150 manat təşkil edir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, 2022-ci ilin yanvar, mart, aprel və may ayları üçün hesablanmış 2.643,84 manat borcun 2.493,84 manat hissəsi silinməli, həmin aylardan qazdan sayğacsız istifadəyə görə borcun məbləği cəmi 150 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. İddiaçı aid olan, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maqazin küçəsində yerləşən nömrəsiz evdə (abonent kodu: **********00013) təbii qazdan sayğacsız istifadəyə görə 2022-ci ilin yanvar, mart, aprel və may ayları üçün hesablanmış 2.643,84 manat borcun 2.493,84 manat hissəsi ləğv edilsin. Həmin aylardan qazdan istifadəyə görə borcun məbləği cəmi 150 (yüz əlli) manat müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar