Məhkəmə qərarları › İş №2(103)-3206/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3206/2025

04.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3206/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" MMCyə qarşı “mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil5, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, Hər iki iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı “mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1802/2021 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “ilk iddiaçı”) ilə "xxxx" MMC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 54 nömrəli mənzili bir pay kimi ilk iddiaçıya verir, həmin mənzilin 1 kv.m. sahəsi üçün 500 manat təyin edilir, cəmi 117 kv.m. sahəin ümumi dəyər 58.500 manat təşkil edir. Həmin müqavilə qiymətindən 100% miqdarı, yəni 58.500 manat məbləği ödənilibdir. Cavabdeh tərəfindən verilmiş və cavabdehin direktoru R.S. Əhmədovun imzası, habelə möhürü ilə təsdiq edilmiş həmin tarixli maliyyə arayışına əsasən ilk iddiaçı bu mənzilin dəyərini tam ödəmişdir. 2 Cavabdeh2 ilə (bundan sonra “qarşılıqlı iddiaçı”) cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 054003 saylı müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 117,9 kv.m olan, 3 otaqlı, 54 nömrəli mənzili bir pay kimi qarşılıqlı iddiaçıya verir, həmin mənzilin 1 kv.m. sahəsi üçün 763 manat təyin edilir, cəmi 117,9 kv.m. sahə üçün ümumi dəyər 90.000 manat təşkil edir. Həmin müqavilə qiymətindən 100% miqdarı, yəni 90.000 manat məbləği ödənilibdir. Cavabdeh tərəfindən verilmiş və cavabdehin direktoru R.S. Əhmədovun imzası, habelə möhürü ilə təsdiq edilmiş həmin tarixli maliyyə arayışına əsasən qarşılıqlı iddiaçı bu mənzilin dəyərini tam ödəmişdir.

3. Maraqlı şəxs ilə (bundan sonra “maraqlarına toxunan şəxs”) cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 54 nömrəli mənzili bir pay kimi Maraqlı şəxs verir, həmin mənzilin 1 kv.m. sahəsi üçün 800 manat təyin edilir, cəmi 117 kv.m. sahə üçün ümumi dəyər 93.600 manat təşkil edir. Həmin müqavilə qiymətindən 100% miqdarı, yəni 93.600 manat məbləği ödənilibdir. Cavabdeh tərəfindən verilmiş və cavabdehin direktoru R.S. Əhmədovun imzası, habelə möhürü ilə təsdiq edilmiş həmin tarixli maliyyə arayışına əsasən Maraqlı şəxs bu mənzilin dəyərini tam ödəmişdir.

4. Maraqlı şəxs xx.xx.2020 - xx.xx.2020 və xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərində "xxxx" MMC ilə rəsmi əmək münasibətlərində olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 117 kv.m olan 3 otaqlı 54 saylı mənzilə cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 054003 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsinin "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh şirkətin rəhbəri ilə olan şifahi razılaşmaya əsasən sonuncu mənzili 2019-cu ilin oktyabr ayında ona təhvil verməli olsa da, lakin sonradan tikinti işləri gecikmə ilə 2021-ci ilin fevralına hazır olmuşdur. Qeyd edilən mənzilə baxış keçirmək və müvafiq olaraq təhvil almaq məqsədi ilə cavabdeh şirkətə getdikdə xx.xx.2021-ci il tarixdə ona mənzillərdən 53 saylı məzilə təmir arayış verilsə də, digər 54 saylı mənzilə verilməmiş, səbəbini maraqlandıqda isə müxtəlif bəhanələr gətirmişİər. Bundan sonra həmin mənzilin təhvil arayışının verilməməsi ilə bağlı çoxsaylı müraciətlərindən sonra həmin mənzilin xx.xx.2019-cu il tarixdə başqa bir şəxsə müqavilə əsasında verildiyini müəyyən etmişdir. Qeyd edilən hər iki mənzil üzrə sifarişçi o olmuş və aralarında olan müqaviləyə əsasən mənzillər onun sifarişi üzrə tikilib ona təhvil verilməlidir.

7. Bundan sonra iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia işin yuxarıda göstərilən faktiki hallarına istinad edilərək əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mənzillə bağlı ilk iddiaçı ilə bağlanmış müqavilə qanunsuzdur, həmin müqavilənin hansı şəraitdə verilməsi bilinmir. Mənzilə dair ilkin iddiaçının bütün bu halları bilə-bilə iddia ilə məhkəməyə müraciət etməsi onun hüquqularının pozulmasıdır.

9. Bundan sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, MTK-nin vəzifəli şəxsi X5 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1802/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbədə, ümumi sahəsi 117,8 kv.m olan, 3 otaqlı, 54 saylı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 054003 saylı müqavilənin etibarsız hesab edilməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbədə, ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 54 saylı mənzilin və həmin mənzilə dair təmir aktının müqavilə şərtlərinə uyğun "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. (hakim X7)

11. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil edən 54 saylı mənzil tərəflərin razılığına əsasən İddiaçı təhvil verilməli olduğu halda ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC bundan bir tərəfli qaydada imtina etmişdir. Bu imtina barəsində tərəflər arasında razılaşma olmadığına görə müqavilələr ləğv edilmiş və ya dəyişdirilmiş sayılmır. Həmçinin, qanunvericiliyə əsasən öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Bu səbəbdən, məhkəmə ilk iddianın əsaslı olması qənaətinə gələrək təmin etmişdir.

12. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən mənzil xx.xx.2017-ci il tarixli müqavilə əsasında İddiaçı verilməsinə və tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olmasına baxmayaraq "xxxx" MMC mübahisəli mənzilin təkrar satışını həyata keçirmişdir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə İddiaçı "xxxx" MMC aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ləğv edilmədiyindən və hazırda "xxxx" MMC həmin müqavilə üzrə İddiaçı qarşısında öhdəlik daşıdığından mübahisəli mənzilin təkrar satılması ilə bağlı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir.

13. Məhkəmə xüsusi qərardadın çıxarılmasına da hər hansı zərurət görməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü, 385-386-cı, 390-cı, 421-ci, 425.1-ci, 427-ci, 430-cu, 442-443-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-77-ci, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 1802/2021 saylı qərardadı ilə Maraqlı şəxs qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınmışdır.

16. Bundan sonra Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti və şikayətə əlavə verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki mübahisəli mənzil ona məxsusdur. Həmin mənzili o, xx.xx.2017-ci il tarixdə almışdır. Binada olan problemlərə görə ara-sıra mənzilə gedib baxırdı. Orada heç kimi görməmişdir. Maddi çətinlikləri olduğu üçün təmir edə bilməmişdir. Demək olar ki, MMC, İcra Şöbəsi və evi ələ keçirən şəxs birləşib onun mənzilini zəbt etmişdir. O, xəbər tutan kimi, maraqlarına toxunan şəxs qismində məhkəməyə müraciət edərək qətnamənin surətini xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Daha sonra maraqlarına toxunan şəxs qismində ərizə ilə məhkəməyə müraciət etmiş, lakin həmin ərizənin nəticəsi barədə məlumat almadığından məcburiyyət qarşısında qalaraq qətnamədən apellyasiya şikayətinin verilməsini zəruri hesab etmişdir. Göründüyü kimi, MTK ilə bağlanmış müqavilə üzrə onlar arasında öhdəlik münasibətləri yaranmış, o,öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, MTK öhdəliklərini pozaraq mənzili başqalarına satmışdır. Məhkəmə də mənzildə yerində müayinə keçirmədən, mənzilin birinci kimə satılması ilə bağlı sənədləri tələb etmədən heç bir əsas olmadan ilk iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İştirak etdiyi məhkəmə iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil5 apellyasiya şikayətini qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, o, ilk iddiaçını şəxsən görmüş, bildiyinə görə ilk iddiaçı ticarətlə məşğul olur, xırdavat dükanına sahiblik edir. Maraqlarına toxunan şəxsi isə ümumiyyətlə tanımır və onu heç vaxt həmin binada, o cümlədən mübahisəli mənzildə görməmişdir. Onun mənzillə bağlı mübahisəsi ilk iddiaçı ilə yaranmış və ilk iddiaçı ilə bağlanan müqavilə onun müqaviləsindən əvvəlki tarixə aid olduğundan o, mənzilin ilk iddiaçıya məxsus olmasını qəbul etmişdir. Lakin aralarında mübahisə yaranan vaxt və işə birinci instansiya məhkəməsində baxılan zaman cəmiyyət tərəfindən ona bu mənzillə bağlı Maraqlı şəxs ilə də müqavilə bağlanması və mənzilin ona məxsus olması barədə hər hansı məlumat verilməmişdir. Bundan əlavə, həmin binadan, yəni cavabdeh cəmiyyətdən mənzil əldə etmiş şəxslər onun da daxil olduğu “whatsapp” qrupu yaratmışdılar. Həmin qrupda da Maraqlı şəxs adlı şəxs olmamışdır.

22. Məhkəmə iclasında hər iki iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 maraqlarına toxunan şəxsin apellyasiya şikayətinin qəbul edərək, mənzilin məhz Maraqlı şəxs məxsus olmasını, İddiaçı həqiqətdə bu mənzili almadığını, onun dəyərini ödəmədiyini, ümumiyyətlə mənzil barədə məlumatlı olmadığını, mənzilin başqa bir şəxsə müəyyən işlərin görülməsi müqabilində verildiyini, sadəcə olaraq həmin şəxsin tapşırığı əsasında İddiaçı adına rəsmiləşdirildiyini, sonradan da bu şəxs tərəfindən şərtləşdirilmiş işlərin yerinə yetirilmədiyini bildirmişdir. Eyni zamanda, qeyd etmişdir ki, hazırki işə birinci instansiya məhkəməsində baxılan zaman cəmiyyətin hüquq mühafizə orqanları ilə müəyyən çətinlikləri olmuş və həmin vaxt cəmiyyət əsasən bu çətinliklərin həlli ilə məşğul olmuşdur. Bu səbəbdən həmin qətnamədən apellyasiya şikayəti də verilməmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin hər hansı hissədə ləğv edilməsinə hər hansı əsas yoxdur.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 54 nömrəli mənzillə bağlı cavabdehlə ilk iddiaçı arasında xx.xx.2017-ci il tarixdə, qarşılıqlı iddiaçı ilə xx.xx.2019-cu il tarixdə və maraqlarına toxunan şəxslə xx.xx.2017-ci il tarixdə müqavilələr bağlanmış və müqavilələrin tarixlərinə uyğun olaraq cavabdeh tərəfindən bu şəxslərin hər birinə verilmiş maliyyə arayışlarına əsasən mənzilin müqavilələr üzrə göstərilən dəyəri (müvafiq olaraq 58.500 manat, 90.000 manat və 93.600 manat) ödənilmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləni etibarsız hesab etsə də, qarşılıqlı iddiaçı qətnaməni mübahisələndirməmişdir.

30. Hazırda maraqlarına toxunan şəxs onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə istinadən ilk iddiaçıdan əvvəl mübahisəli mənzilin ona satıldığını, mənzilin dəyərini tam ödəməklə cavabdehdən təhvil aldığını, bu günədək həmin mənzilə vaxtaşırı baxış keçirtdiyini bildirir və mənzilin ona məxsus olduğuna istinad edərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini tələb edir.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırda maraqlarına toxunan şəxslə bağlanan xx.xx.2017-ci il tarixli müqavilənin predmetini təşkil edən mənzilin ilk iddia üzrə mübahisələndirilən mənzillə eyni mənzil olmaması ilə bağlı tərəflər arasında mübahisə mövcud deyil. Mübahisə predmetini eyni mənzil (54 saylı) təşkil edir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq iddiaçı ilə cavabdeh, habelə maraqlarına toxunan şəxslə cavabdeh arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin bu sahəni tənzimləyən digər aidiyyəti müddəaların tələbləri baxımından bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur.

33. Bu baxımdan mübahisəli mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), sifarişçi qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır.

34. Bu konteksdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzillə bağlı maraqlarına toxunan şəxslə müqavilənin tarix etibarı ilə daha əvvəl bağlanmasına baxmayaraq, həmin mübahisəli mənzilin təhvil verilməsi ilə bağlı iddia hələ 2021-ci ilin mart ayında məhz ilk iddiaçı tərəfindən irəli sürülmüşdür. ilk iddiaçı həmin mənzili təhvil alaraq 1 ildən artıq müddətdir ki, təmir-bərpa işləri həyata keçirmişdir. Bununla yanaşı, ilk və qarşılıqlı iddiaçılar heç biri maraqlı şəxsi tanımadıqlarını, onunla hazırki mübahisə predmetini təşkil edən mənzillə bağlı danışıqlarının olmadığını, onunla bağlanmış müqavilə barədə hər hansı məlumatlarının olmadığını, ümumiyyətlə ötən dövr ərzində bu şəxslə qarşılaşmadıqlarını, cavabdeh tərəfindən inşa edilmiş binanın mənzilləri ilə bağlı yaranmış mübahisələrin həlli ilə əlaqədar bir neçə il əvvəl mənzil sahibləri tərəfindən yaradılmış “whatsapp” qrupunda da onun olmadığını bildirirlər.

35. Digər tərəfdən, bir halda ki, maraqlarına toxunan şəxs mənzilin ilk əvvəl ona təhvil verildiyini bildirir, onun ilk iddiaçı ilə qarşılıqlı iddiaçı arasında 2021-ci ildə məhkəmə mübahisəsinin olmasından, xüsusilə də mənzilin 1 ildən artıq müddətdə ilk iddiaçı tərəfindən təmir etdirilməsindən məlumatsız olması qeyri-mümkündür.

36. Məhkəmə kollegiyası ilk iddiaçı tərəfindən təqdim edilmiş sübuta əsasən (maraqlarına toxunan şəxs birinci instansiya məhkəməsindəki icraatda iştirak etmədiyindən və iş üzrə birinci istansiya məhkəməsindən apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası həmin sübutun hazırki mərhələdə qəbul edilməsini mümkün hesab etmişdir) o halı da qeyd edir ki, maraqlarına toxunan şəxs xx.xx.2020 - xx.xx.2020 və xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə "xxxx" MMC ilə əmək münasibətlərində olmuşdur. Belə olan halda, cavabdehin bilavasitə işçisi olan şəxs olaraq bu şəxs mübahisəli mənzillə bağlı ilk və qarşılıqlı iddiaçı ilə də müqavilələrin bağlanması barədə məlumatsız ola bilməzdi.

37. Nəzərə alınmalıdır ki, "xxxx" MMC maraqlarına toxunan şəxslə müqavilənin daha əvvəl bağlandığını və mənzilin ilk olaraq ona təhvil verildiyini bildirsə də, hazırki iş üzrə birinci instansiya məhkəməsindəki icraat zamanı xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi (hazırda da vəkil və nümayəndə həmin şəxsdir) iştirak etmiş və həmin vaxt işə yeni qoşulduğunu bildirərək, iş materialları ilə tanış olmaq üçün işə baxılmasını təxirə salınmasını xahiş etmişdir. Onun vəsatəti təmin edilmiş, lakin bundan sonra cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya qarşı hər hansı yazılı etiraz, habelə sübut, o cümlədən hazırda etibarlılığını müdafiə etdiyi xx.xx.2017-ci il tarixli müqaviləni məhkəməyə təqdim etməmiş, ümumiyyətlə belə bir müqavilənin mövcudluğu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Halbuki, bu hərəkətlərin yerinə yetirilməsi üçün cavabdehə maneə olan hər hansı bir hal müəyyən edilmir. Cavabdehin bununla bağlı mövqeyi isə (işə birinci instansiya məhkəməsində baxılan zaman cəmiyyətin hüquq mühafizə orqanları ilə müəyyən çətinlikləri olmuş və həmin vaxt cəmiyyət əsasən bu çətinliklərin həlli ilə məşğul olmuş, bu səbəbdən həmin qətnamədən apellyasiya şikayəti də verilməmişdir) heç bir halda apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

38. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, maraqlı şəxsin hazırki məhkəmə mübahisəsindən, o cümlədən mənzillə bağlı ilk və qarşılıqlı iddiaçı ilə də müqavilənin bağlanmasından məlumatsız olması ilə bağlı mövqeyini əsassız hesab edir və belə qənaətə gəlir ki, bu halın mövcudluğu, müəyyən edilmiş digər hallarla birlikdə mübahisəli mənzilin nəinki müqavilə bağlanan tarixdə, hətta bundan sonra da (hər hansı vaxt) cavabdeh tərəfindən maraqlarına toxunan şəxsə təhvil verilmədiyini, iddia qaldırılması da nəzərə alınmaqla cavabdehin mənzilin ilk iddiaçıya təhvil verilməsi öhdəliyinin daha əvvəl əmələ gəldiyini təsdiq edir. Qeyd edilənlər də öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi maraqlarına toxunan şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu maraqlarına toxunan şəxs Maraqlı şəxs aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1802/2021 nömrəli qətnaməsi maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu maraqlarına toxunan şəxs Maraqlı şəxs aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar