Məhkəmə qərarları › İş №2(103)-3207/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3207/2025

16.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3207/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasda məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаriхli, 2(008)-706/2025 saylı qərardadından X8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X6 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə97 reyestr nömrəsi ilə mərhum atası X6 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-ə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-yə dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi və atası X3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-yə dair mirasda məcburi payın müəyyən edilməsi, həmin əmlakların 1/2 hissəsinə (mirasda məcburi paya) çıxarışın verilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh2 və digələrinə qarşı eyni tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаriхli, 2(008)-706/2025 saylı qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh X9 şikayət verərək, qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsini, əks halda şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaxın günlərdə X7 məlum olmuşdur ki, qardaşı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, o da öz növbəsində məhkəməyə ərizə ilə müraciət edərək, işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-706/2025 saylı qərardadı ilə onun iddia ərizəsi geri qaytarılmışdır. Qərardadda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən onlar həmin kateqoriya mübahisələr üçün qanunda və ya müqavilələrdə nəzərdə tutulmuş, inzibati-iqtisadi məhkəmədə cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Məhkəmə hesab etmişdir ki, mülki iş üzrə hazırlıq mərhələsi yekunlaşdığından ərizə geri qaytarılmalıdır. Həmin qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, mülki iş üzrə hazırlıq mərhələsi yekunlaşdığından ərizə geri qaytarılmalıdır. Halbuki, baxış iclası xx.xx.2025-ci il tarixə, saat 09:30-a təyin edilmişdir. O, isə iddia ərizəsini qeyd olunan tarixdən 1 həftə əvvəl məhkəmənin dəftərxanası vasitəsilə qeydiyyatdan keçirmişdir. Bu da o deməkdir ki, tərəfindən MPM-nin 55.1-ci maddəsinin tələbləri pozulmamışdır. Çünki maddənin tələbindən də göründüyü kimi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər işə qarışa bilərlər ki, o da bu hüququndan istifadə edərək, baxış iclasına qədər iddia ərizəsini məhkəmənin dəftərxanası vasitəsilə təqdim etmişdir. Bu səbəbdən hesab edir ki, iddia ərizəsi geri qaytarılmamalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-706/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər; 55.2-ci maddəsinə əsasən onlar bu Məcəllənin 4.3-4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar; 171-ci maddəsinə əsasən hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və xx.xx.2024-cü il tarixdə icraata qəbul edildikdən sonra iş üzrə bir neçə məhkəmə hazırlıq iclası keçirilmiş, iddiaçının vəkili və nümayəndəsinin, habelə Cavabdeh2 iştirakı ilə xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasda hakim işi kifayət qədər hazırlanmış hesab etmiş və işin məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Bununla da işin məhkəmədə baxılmağa hazırlanması xx.xx.2025-ci il tarixdə artıq yekunlaşmışdır. X8 isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı iddia ərizəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra təqdim etmişdir. Halbuki, qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən X8 yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər belə bir iddia irəli sürməklə işə qoşula bilərdi. Bu mərhələ yekunlaşdıqdan sonra isə iddia verilə bilməz. Qeyd edilənlər öz növbəsində onun iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X5 iddiasını geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаriхli, 2(008)-706/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar