Məhkəmə qərarları › İş №2(103)-3208/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3208/2023

19.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3208/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2023-cü tarixli, 2(010)-332/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 14 dekabr 2021-ci il tarixli, AKX-03577xx/xx-2021 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qazpaylayıcı ilə istehlakçı İddiaçı arasında fərdi yaşayış evinin qazla təmin edilməsi barədə razılığa gəlinmişdir.

2. ******* nömrəli, 20 dekabr 2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı evdə qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır.

3. Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2021-ci il tarixli tələbnaməndən görünür ki, qaz işlədicilərindən PQ4-nin maksimal saatlıq qaz sərfi 1.2m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 2.6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 15984 kub.m. əlavə sərfiyyat hesablanmışdır.

4. 21 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerli baxış keçirilən zaman həmin ünvanda qazla işləyən cihaz kimi 24-kv-lıq Kombi, 5 radiator və 3 plitəsi qazla işləyən 4 plitəli soba aşkar edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/8236 nömrəli ekspert rəyindən görünür ki, 24-kv-luq kombinin və PQ4-ün maksimal saatlıq qaz sərfi uyğun olaraq 2.6m3/saat və 1.2 m3/saat təşkil edir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 1845 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayır. Həmin ev həyət evidir, evdə 3 gözlü qaz plitəsi (1 gözü işıqla işləyir), 1 ədəd kombi aparatından istifadə olunur, başqa qazla işləyən sobalar yoxdur. 2022-ci ilin yanvar ayında ona qaz pulunun ödənilməsi üçün bildiriş gəldikdə görmüşdür ki, ona 1845 manat qaz istehlakına görə borc yazılmışdır. Həmin qaz pulunun nəyin əsasında yazılması ilə maraqlandıqda ona qaz idarəsindən ******* nömrəli akt təqdim edilmişdir. Həmin akt ona təqdim edildikdə aktda onun tərəfindən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar edilməsi göstərilmişdir. Hər ay sayğacın göstəricisi cavabdehin əməkdaşları tərəfindən götürülmüşdür, necə olur ki, bir ay ərzində onun tərəfindən 1845 manat qaz istehlak edilmişdir, onun adətən illik istehlakı o qədər təşkil etmirdi. Buna dair sübutu məhkəməyə təqdim etmək üçün ötən illər üçün abonentin saldosunu cavabdehdən istədikdə ona yalnız 2021-ci ilin sonuna borcun yazıldığı saldonu təqdim etmişlər.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2023-cü tarixli, 2(010)- 332/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Azəriqaz" İB tərəfindən İddiaçı abonent hesabına hesablanmış 1768,49 manat məbləğdə borc silinməsi qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, iddiaçının kənar xətt vasitəsi ilə qazdan qeyriqanuni istifadə etməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı özü də bu halı təsdiq edir. İşin mübahisəli halını iddiaçının hansı müddət ərzində xənar xəttdən yararlanması və onun evində olan qazla işləyən cihazların sayı və növü təşkil edir. Cavabdeh tərəf mübahisəli hallarla bağlı özünün aktına əsaslanır və qeyd edir ki, standart hesablama qaydalarına əsasən borc hesablanmışdır. Tərəflər arasında mübahisənin həlli məqsədi ilə iddiaçının evinə məhkəmə baxışı keçirilmiş və qazla işləyən bir ədəd 24-kv-lıq Kombi, 5 radiator və 3 plitəsi qazla işləyən 4 plitəli soba aşkar edilmişdir. Cavabdeh kənar xətt aşkar edilən zaman iddiaçının evində aktda qeyd edilmiş cihazların hamısının olduğunu təsdiq edən sübut təqdim etmədiyinə görə, məhkəmə hesab edir ki, iddiaçı kənar xəttdən faydalanan zaman da onun evində yerli baxış vaxtı aşkar edilən cihazlar olmuşdur. Digər tərəfdən, iddiaçının kifayət qədər kiçik olan evində 24 kv-lıq kombi varkən, əlavə olaraq dəmir sobanın da olması inandırıcı deyildir. Hazırda təqdim edilmiş ekspert rəyindən göründüyü kimi, 24-kv-luq kombinin və PQ4-ün maksimal saatlıq qaz sərfi uyğun olaraq 2.6m3/saat və 1.2m3/saat təşkil edir. Aparılan hesablamalar zamanı müəyyən edilmişdir ki, 24-kv-luq kombinin maksimal günlük qaz sərfi 7,48 AZN, PQ4-ün maksimal günlük qaz sərfi isə 3,45 AZN təşkil edir. Cavabdeh tərəf ziyanın hesablanması aktında kənar xəttdən istifadə müddətini 90 gün göstərsə də, nəyin əsasında belə bir nəticəyə gəldiyini tutarlı dəlillərlə sübuta yetirməmişdir. İddiaçı tərəfin izahatına görə, o, cəmi 7 gün müddətində sayğacdan kənar qaz xəttinə qoşulmaqla təbii qazdan istifadə etmişdir. Bunun əksini göstərən hal yoxdur. Ona görə də, məhkəmə kənar xəttdən istifadə müddətinin 07 gün olduğu qənaətinə gəlir. Yuxarıda qeyd olunan günlük sərfiyyata uyğun olaraq 7 gün ərzində istehlak edilmiş qaz sərfiyyatı isə ümumilikdə 76,51 manat təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının (7 gün müddəti çıxılmaqla) qalan müddət ərzində sayğacdan kənar qaz xəttinə qoşulmaqla təbii qazdan istifadə etməsi halı iş materialları ilə öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçıya təbbi qazdan qeyri-qanuni istifadə edilməsinə görə 07 gün müddəti üçün 76,51 manat borc məbləği hesablanmalı, qalan 1768,49 manat borc məbləği silinməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Qazdan istifadə qaydalarının 4.2, 4.6, 4.7, 4.8-ci bəndlərinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarda qeyd etmişdir. Dəymiş ziyanın həcmi çirliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdiyini bidirərək şikayətin təmin olunmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiysiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia təmin olunan hissədə ləğvi xahiş edildiyindən, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

23. İddiaçı tərəfindən sayğaca qeyri-qanuni qoşulma həyata keçirilməsi onun özü tərəfindən etiraf edildiyinə görə, işin mübahisəsiz halı hesab edilməlidir.

24. Şikayətdə dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat apardıqları bildirilsə də, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus ünvana baxış keçirilən zaman müəyyən edilmişdir ki, onun evində aktda qeyd edilmiş cihazların hamısı mövcud olmamışdır. Eyni zamanda, iddiaçı cəmi 7 gün müddətində sayğacdan kənar qazdan istifadə etdiyini etiraf etmişdir.

25. Belə olan halda məhkəmə kollegiyası, cavabdehin apardığı hesablamanı mötəbər hesab etməməklə, iddiaçının da etiraf etdiyi 7 gün müddətində hesablama aparılmaqla yaranmış borcun ümumilikdə 76,51 manat olmasını qəbul edir. Buna görə də, bu hissə istisna olmaqla, qalan hissədə borcun silinməsi əsaslılı və qanuni hesab edilməlidir.

26. Cavabdeh apellyasiya şikayətində bunun əksini təsdiq edən hər hansı yeni dəlil irəli sürməmiş, aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən, koordinat, tarix və saat öz əksini tapan fotoşəkillərdən qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma faktının mövcudluğu bildirmişdir. Halbuki, bu fakt özü iddiaçı tərəfindən mübahisələndirilmir.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin həm ilk, həm qarşılıqlı iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(010)- 332/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(010)- 332/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar