Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3213/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(003)-1063/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 noyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2073,6 (17280 m3 x 0,12 manat = 2073,6 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir.
2. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********01370 sayla qeydiyyata alınmış abonent koduna 2073,6 manat məbləğində akt üzrə borc hesablanmışdır
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış (**********01370 saylı abonent hesabına) hesablanmış 2073,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev atasına məxsus olsa da, qaz sayğacı onun adınadır və həmin evdə yaşayır. Müqaviləyə əsasən ev təbil qazla təchiz edilmişdir.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olmuşdur. Bundan sonra ona məlum olmuşdurdur ki, guya o, sayğacdankənar təbii qazdan istifadə etmişdir. Ona 2073,60 manat borc yazılmışdır. Aktla bağlı cavabdehin rayon üzrə qurumuna müraciət etdikdən “sayğacdan kənar istifadə etdiyi üçün” cərimə yazıldığı bildirildi. Cavabdehin rayon üzrə qurumu heç bir əsas olmadan 23 noyabr 2023cü il tarixdə heç bir əsas olmadan guya sayğacdan kənar təbii qaz istifadə etdiyini aşkar etmiş və bununla bağlı müvafiq olaraq 24 noyabr 2023-cü il tarixli ******* nömrəli akt tərtib etmişdir. Qeyd edilən akt onun iştirakı olmada tərtib edildiyindən mötəbər deyildir. Həmin aktda əsasən onun 17280 m3 təbii qaz qanunsuz istifadə etdiyi, aktı imza etməkdən imtina etməyi qeyd edilmişdir. Hörmətli Məhkəməl Aktda göstərilənlərin heç biri həqiqəti əks etdirmir, o heç vaxt qanunsuz xəttdən istifadə etməmişdir, qanunsuz qoşulma etməmişdir, ona təqdim edilmiş foto şəkildə qeyd olunan hasar hissəsi və ev görüntüləri isə ona məxsus deyildir. Eyni zamanda dövrü ödənişlərdən də görünür ki, o hər ay mütəmadi olaraq istifadə etdiyi təbii qazın dəyərini ödəyib.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(003)- 1063/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Qətnamənin əsaslarına görə, iddiaçı tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını cavabdeh iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçıya hesablanan 2073,6 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları Azəriqaz İB-i məhkəməyə təqdim edə bilməməmişdir. Cavabdeh tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, cavabdeh tərəfindən iddiada qeyd edilən və iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də iddiaçıdan tələb edilməsi ağlabatan deyildir. Odur ki, cavabdehin qanunsuz akt əsasında iddiaçıya təbii qazın sərfinə dair hesabladığı pulun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən qaz sərfinə görə iddiaçıya hesablanmış 2073,6 manat məbləğində borc silinməlidir.
7. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2.1, 8-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.3, 4.8, 5.2, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Göründüyükimi İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanıhəyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı(iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyi qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi
12. İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: Maddə 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Məhkəmə kollegiyası onu qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
21. Lakin işin hallarından görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, cavabdeh tərəfindən tərtib edilmiş aktın 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır.
22. Apellyasiya şikayətində göstərilən digər hallara dair birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış yekun aktında düzgün əsaslandırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası həmin xüsusatlara dair əlavə əsaslandırma aparmağa zərurət görmür.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(003)-1063/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(003)-1063/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.