Məhkəmə qərarları › İş №2(103)-3214/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3214/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3214/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC, “xxxx” MMC, Cavabdeh4nə qarşı “hərracın etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh2 ASC-nin xeyrinə kreditin təminatı olaraq yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 90, 5 saylı mənzillə bağlı keçirilmiş hərracın yekunları barədə xx.xx.2010-cu il tarixli, 16/02 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə sübut kimi 3129/2010-1-23 saylı icra işi üzrə xx.xx.2020-ci il tarixli baxış protokolunu əsas götürmüşdür. Halbuki, iddiaçı və nümayəndəsi icra işindən, baxış keçirilməsindən və tərtib olunmuş baxış protokolundan, orada qeyd olunan aktlardan xəbərdar olmamışlar. Belə bir akt tərtib edilibsə də, iddiaçıya təqdim olunmamış və onun tərəfindən imzalanmamışdır. Faktiki olaraq iddiaçının hərracın yekunları barədə xx.xx.2010-cu il tarixli protokoldan yalnız xx.xx.2019-cu il tarixdə xəbəri olmuş və bundan sonra iddia müddətini ötürmədən məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, hərracın keçirilməsi barədə iddiaçıya qanunla müəyyən edilmiş qaydada məlumat verilməmiş və onun xəbəri olmadan əmlakı dəyərindən 50 faiz aşağı qiymətləndirilərək, özgəninkiləşdirilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-29/2010 saylı qətnaməsi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, R.Hüseynov küçəsi 11A ünvanda yerləşən fərdi yaşayış evinin, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 90 saylı evin, 5 saylı mənzilin və X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 225 saylı mağazanın məcburi qaydada boşaldılması və müştərək qaydada Cavabdeh2 ASC-nin xeyrinə 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Eyni Məhkəmənin 8(011)-857/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə həmin qətnamə üzrə icra sənədi icra edildiyindən Bakı şəhəri Xətai rayonu İcra şöbəsinin təqdimatına əsasən həmin mülki işə dair icra sənədinə xitam verilməsi qərara alınmışdır. Hərrac təşkilatçısı “xxxx” MMC-nin xx.xx.2010-cu il tarixli hərracın yekunları müzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən, hərrac təşkilatçısı tərəfindən xx.xx.2010-cu il tarixdə keçirilən hərracda 16/02№-li protokola əsasən tələbkar Cavabdeh2 ASC Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi ev 90 ünvanda yerləşən ümumi sahəsi 73 kv.m, yaşayış sahəsi 39.75 kv.m olan, 5 saylı mənzili hərracdan satış qiyməti ilə 25.500 manata satın alır. 3129/2010-1-23 saylı icra işinə xx.xx.2020-ci il tarixli baxış protokolundan görünür ki, xx.xx.2011-ci il tarixdə İddiaçı iştirakı ilə, İcra şöbəsinin əməkdaşlarının icra yerinə gəlməsi və mənzilə baxış keçirilməsi, icra sənədinin cavabdehlərə izah və elan edilməsi, cavabdehlər Cavabdeh1 və Hərgül Zeynalova tərəfindən mənzili könüllü surətdə boşaldılması üçün 5 gün vaxt istəməklə bağlı icra şöbəsinin əməkdaşlarına müraciət etmələri, həmin mənzilin müraciət edənlər tərəfindən könüllü surətdə boşaldılması barədə öhdəlik ötürmələri ilə bağlı akt tərtib edilmiş və həmin aktın doğruluğu İddiaçı tərəfindən imzalanmaqla da təsdiq edilmişdir. Hazırda iddiaçı, hərrac barədə məlumatının olmadığını, bu barədə ona hər hansı bildiriş təqdim edilmədiyini bildirərək, hərracın keçirilmə qaydasını mübahisələndirir. Kollegiya mübahisənin həlli ilə bağlı ilk növbədə bildirir ki, ipoteka predmetinin hərracda satılması və hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. İddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Əksinə, iş materiallarından görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 90, nənzil 5 ünvanında yerləşən mənzil xx.xx.2010-cu il tarixdə keçirilmiş hərrac nəticəsində 25.500 manata Cavabdeh2 ASC-yə satılmış, xx.xx.2010-cu il tarixli məhkəmə qətnaməsi ilə satılmış mənzilin məcburi qaydada boşaldılması qət edilmiş, qətnamə icraya yönəlmiş, icra hərəkətləri başa çatdığından icra işi üzrə icraata xitam verilmişdir, İddiaçı mənzilin hərracdan satılmasından vaxtında məlumatlı olmuşdur. Kollegiya, apelyasiya şikayətinin dəlillərinə münasibətdə onu da bildirir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Baxılan işdən görünür ki, məhkəmə kollegiyasının yuxarıdakı qənaətinə əsasən iddiaçı hərracın keçirilməsi barədə 2010-cu ildən məlumatlı olmuş, lakin haızrkı iddia tələbini uzun müddət keçdikdən sonra verməklə mülki qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddətini ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1242/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar