Məhkəmə qərarları › İş №2(103)-3216/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3216/2024

27.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3216/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-524/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 (bundan sonra, iddiaçı) Cavabdeh İB-nə (bundan sonra, cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi, əsassız hesablanmış 1180,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacı quraşdırılmış və əvvəlki sayğac çıxarılıb aparılmışdır. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında akt tərtib edilmişdir. Sonuncu dəfə Cavabdeh İB tərəfindən 2022-ci il tarixdə sayğac dəyişdirilmiş və iddiaçıya 1180,80 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, borc əsassız hesablanmışdır, bu səbəbdən də silinməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-524/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 1, ev 6 ünvanı üzrə İddiaçı (abonent kodu: **********10000) hesablanmış 867,6 (səkkiz yüz altmış yeddi manat altmış qəpik) manat məbləğində borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktların iddiaçı tərəfindən Birliyə vurulmuş zərərləri sübut etməsi, aktların təbii qazdan qanunsuz istifadəyə dair əsas olması, iddianın əsassız olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, Kollegiya məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməlidir. Belə ki, işdə olan istehlakçı X4 barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli aktdan və eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, təbii qazdan kənar xətt vasitəsilə qeyriqanuni istifadə edilməsi faktı aşkar olunmuş, bu səbəbdən də yaşayış sahəsində istifadə olunan qaz işlədiyciləri (1 ədəd PQ-4, 1 ədəd QSSQ, 1 ədəd dəmir soba) nəzərə alınmaqla, 8856 m3 əlafə sərfiyyat hesablanmışdır. İşdə olan istehlakçı X4 barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli aktdan və eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, təbii qazdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə edilməsi faktı aşkar olunmuş, bu səbəbdən də yaşayış sahəsində istifadə olunan qaz işlədiyciləri (1 ədəd PQ-4, 1 ədəd QSSQ, 1 ədəd dəmir soba) nəzərə alınmaqla, 2952 m3 əlafə sərfiyyat hesablanmışdır. İş materiallarında olan abonent hesabından görünür ki, istehlakçıya tərtib edilmiş aktlara əsasən 2020-ci ilin yanvar və fevral ayları üzrə, ümumilikdə 1180,8 manat məbləğində borc hesablanmışdır (**********10000 abonent kodlu saldo). Məhkəmə kollegyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsaslar cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Lakin, birinci istansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş aktlara əlavə edilmiş foto şəkillər iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində iddiaçı və onun iki qardaşına məxsus evlər yerləşir. Qeyd edilən ünvanda təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində qeyriqanuni müdaxiləyə xas (qaynaq yeri, rezin şlanq) müəyyən olunmuşdur. Həmçinin, bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir (iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, bu faktla razılaşmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Belə olan halda isə yoxlanılmalı olan növbəti hal, müvafiq aktlara əsasən hesablanmış əlavə sərfiyyatın düzgünlüyünün müəyyən edilməsidir. Yuxarıda qeyd edilən aktlara əsasən cavabdeh yaşayış sahəsində istifadə olunan müvafiq qaz işlədicilərinin gücünü nəzərə almaqla, hesablamanı orta günlük iş rejimi 24 saat olmaqla, hesabata müddətini birinci akt üzrə 90 gün, ikinci akt üzrə isə 30 gün olaraq nəzərə almışdır. Bunula yanaşı, birinci instansiya məhkəməsi dəymiş ziyanın hesablanması hissədə cavabdehin mövqeyi ilə razılaşmayaraq, fərqli hesablama aparmış, lakin bu istiqamətdə mövqeyini lazımi qaydada əsaslandırmamışdır. Bu səbəbdən də iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması, tərəflərin tələb və etirazlarına lazımi hüquqi qiymət verilməsi məqsədilə, apellyasiya icraatı zamanı əlavə sərfiyyatların hesablanmasının (əgər hesablama cavabdeh tərəfindən düzgün aparılmamışdırsa, qeyd olunan əsaslar və mövcud avadanlıqlar nəzərə alınmaqla, ödənilməli olan pul vəsaiti nə qədər təşkil etməsinin aydınlaşdırılması üçün) qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması istiqamətində Azərbaycan Respublikası Enerji X1 Bakı Filialına mütəxəssis kimi müraciət olunmuş, sonuncu tərəfindən müvafiq rəy tərtib olunmuşdur. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-15-2-1/2-1243/2024 saylı mütəxəssis rəyinə əsasən - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə əsasən iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulmasına haqqında” xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlarda qeyd olunan qaz qurğuları nəzərə alınmaqla hesabatın aparılması aşağıdakı kimi müəyyən edilir: 1) xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə (1.2m3 +1.5m3 +1.4 m3) x 12 saat x 90 gün =4428 m3 2) xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə (1.2m3 +1.5m3 +1.4 m3) x 12 saat x 30 gün =4428 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2020-ci ild qüvvədə olan “Təbii qazdan ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli 18 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 2200m3 (2200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3 -i 0,10 manat, illik istehlak həcminin 2200 m3 dən yuxarı hissəsi üçün hər 1 m3 -i 0,20 manat qiymət təyin edildiyini nəzərə alaraq 2020ci il ərzində hesablanan 4428+1476= 5904 m3 qaz həcminin dəyəri 960,8 manat (2200m3 x0,10 manat + 3704 m3 x 0,20 manat = 960,8 manat) təşkil edə bilər. Göründüyü kimi, qeyd edilən aktlara əsasən hesablanmalı olan əlavə sərfiyyatın məbləği 960,8 manat təşkil etmişdir. Tərəflər isə bunun əksini əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən hesablanmış əlavə sərfiyyat üzrə silinməli olan pul vəsaitinin məbləgi 220 manat (1180,8- 960,8=220) müəyyən edilməldir. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır Bu səbəbdən də hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-524/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-524/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə (yəni, “Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 1, ev 6 ünvanı üzrə İddiaçı (abonent kodu: **********10000) hesablanmış 867,6 (səkkiz yüz altmış yeddi manat altmış qəpik) manat məbləğində borcun silinməsi” hissədə) dəyişdirilsin, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10000) xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən hesablanmış əlavə sərfiyyat üzrə silinməli olan pul vəsaitinin məbləgi 220 (iki yüz iyirmi manat) manat müəyyən edilsin. Qətnamədən çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar