Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3218/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı X1 Cavabdehnə qarşı «hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2024 saylı, 06 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* №-li aktdan görünür ki, ünvan 1 ünvanında X3 məxsus evə baxış keçirilərkən abonet kodu **********10431 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə, qaz işlədicilərin PQ3-ün maksimal saatlıq qaz sərfi nominal sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 10.584 m3 itki hesablanmışdır.
2. X3 məxsus ünvanda Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixdə Zenner G-4T markalı qaz sayğacı quraşdırılmışdır.
3. 17.04.2023-cü il tarixli 3/420 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilən ünvan 2 ünvanında (abonent kodu: **********10431) quraşdırılmış qaz sayğacının təqdiqata təqdim edilən borusunun bir-birinə birləşmə sahələrində qaynaq izlərinin aşkar edildiyi, müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədiyi müəyyən edilmişdir.
4. xx.xx.2023-cü il tarixli 3-16-16/2 - 3/1505 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilən ünvan 2 ünvanında (abonent kodu: **********10431) quraşdırılmış qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədiyi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X4 Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Cavabdeh İB tərəfindən ona 2022-ci ildə yazılmış 1290,37 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən iddiaçı X1 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ünvanı üzrə **********10431 saylı abonent koduna hesablanmış 1.270,08 manat məbləğində borc silinmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə kənar xətt, sayğacın quraşdırılması, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçının abunə koduna hesablanmış cərimənin silinməsi barədə iddia qismən təmin edilməlidir. Belə ki,iddia tələbi 1.290,37 manat borcun silinməsi olunmasına baxmayaraq, məhkəmə araşdırması zamanı iddiaçının abunə koduna 1290,37 manat deyil, 1270,08 manat məbləğində cərimə yazıldığı müəyyən edilmişdir. Qeyd edilənə əsasən, məhkəmə iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən cərimə kimi yazılmış 1270,08 manat borcun silinməsini ədalətli hesab etmişdir.
8. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyi qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi1.270,08 (min iki yüz yetmiş manat səkkiz qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
19.3.2.1-ci və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 20.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 21.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 22.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 23.4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 24.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
25.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyatakeçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
27.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktların surətindən görünür ki, evə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. 31.Bununla əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
32. Hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, müvafiq qaydalara uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı cavabdehə məxsus evə dair qazdan istifadəyə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
33. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2 - 3/1505 saylı ekspert rəyinə əsasən həmçinin görünür ki, ekspert rəyinə əsasən tədqiqata təqdim edilən ünvan 2 ünvanında (abonent kodu: **********10431) quraşdırılmış qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədiyi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədiyi müəyyən edilmişdir. 34.Beləliklə də məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli olan halları sübüt etmək yükünü iddiaçının daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPMnin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hallara isə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
36. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 37.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz..
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova