Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3219/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cezik Murata qarşı “pulun qaytarılması” tələbinə dair ilkin, Cezik Muratın İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul qaytarılması, dəymiş ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Cezik Muratın iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4504/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cezik Murata (bundan sonra cavabdeh) qarşı “pulun qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar arasında bağlanmış alqı-satqı müqaviləsi və razılaşma protokolu üzrə ödənilməmiş qalan 17.000 manat əsas borc, ödənişin gecikdirilməsinə görə iddianın verildiyi günə hesablanmış 3723 manat dəbbə pulu, hüquqi yardıma görə vəkilə ödənilmiş 310 manat və iddianın qaldırılması üçün ödənilmiş 154 manat dövlət rüsumu olmaqla, cəmi 21.187 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cezik Murat İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ahmet Çetin tərəfindən İddiaçı MMC üçün sifariş etdiyi 100 ədəd dəmir qapını təhvil almaqdan imtina etdiyi üçün Murat Cezikə 13.389,26 manat gömrük rüsumu, 4250 manat daşınma haqqı (tır pulu), 8 ədəd qarantiya qismində saxladığı qapıları tam yararsız vəziyyətdə qaytardığı üçün 26.000 manat olmaqla, cəmi 43.639 manat məbləğində vurulmuş ziyanın cavabdeh tərəfindən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4504/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Həqiqət Mahmudova) ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz, əsassızdır. İlkin iddia tələbinin təmin edilməməsi barədə nəticəsini birinci instansiya məhkəməsi İddiaçı MMC ilə cavabdeh Murat Cezik arasında 13 avqust 2021-ci il tarixində bağlanmış SMCP-028/21 №-li Alqı-satqı müqaviləsi üzrə cavabdehin üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunmamasının iddiaçı tərəfindən sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Halbuki, bu halı (cavabdehin öz müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi) təsdiq edən bütün mötəbər sübutlar (müqavilə, razılaşma protokolu, ödəniş qəbzləri və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. Alqı-satqı müqaviləsinin predmeti olan qapıların alıcıya təhvil verilməsi və onların keyfiyyətsizliyi səbəbindən satıcıya qaytarılması faktlarının sübuta yetirilməməsinə dair məhkəmənin gəldiyi nəticə ilə də qəti razı deyillər. Belə ki, bu hallar (alqı-satqı müqaviləsinin predmeti olan qapıların keyfiyyətsiz olması və satıcıya qaytarılması) iddiaçı ilə cavabdeh arasında 26 yanvar 2022-ci il tarixində azad surətdə bağlanmış və tərəflərin sərbəst iradə ifadəsi olan razılaşma protokolu ilə tam təsdiq olunur. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan (Protokolun 3-cü bəndi) həmin protokolun məzmunundan göründüyü kimi, alqı-satqı müqaviləsinin predmeti olan qapılar keyfiyyət standartlarına uyğun olmadığına görə “Alıcı” (İddiaçı MMC) tərəfindən “Satıcı”ya (cavabdeh Murat Cezikə) geri qaytarılmışdır və cavabdeh Müqaviləyə əsasən aldığı 17 000 (on yeddi min) manat məbləğində pul vəsaitini ən geci 24 fevral 2022-ci il tarixədək iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bu sənəd necə adlandırılmasından asılı olmayaraq öz məzmununa və mahiyyətinə görə mövcud borcun etirafı haqqında tərəflər arasında bağlanan müqavilədir. Hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli zamanı Mülki Məcəllənin 882-ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir.
7. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli razılaşma protokolu son əqd olaraq hazırda da qüvvədədir, onun etibarlılığı nə iddiaçı, nə də cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Hətta qarşılıqlı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmiş cavabdeh həmin razılaşma protokolunun etibarsız hesab olunmasına dair tələb irəli sürməmişdir. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu hallar birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə MPM-in 14 və 88-ci maddələrinin tələblərini pozaraq, işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün mühüm əhəmiyyət kəsb edən bütün sübutları araşdırmamışdır.
8. Qeyd olunanlara əsasən qətnamənin qismən – ilkin iddianın təmin olunmaması hissədə ləğv edib, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək qeyd etdi ki, tərəflər arasında 45.000 manat dəyərində qapının alqı-satqısına dair müqavilə olmuş, həmin müqaviləyə görə iddiaçı 15.000 və 2000 manat olmaqla, ümumilikdə 17.000 manat pul ödəmiş, lakin sonradan cavabdeh tərəfindən satılan həmin qapılar keyfiyyətsiz olduğu üçün iddiaçı qapılardan imtina etmiş, tərəflər arasında olan ikinci razılaşmaya əsasən, cavabdeh iddiaçının ödədiyi 17.000 manat pulu ən geci 26 mart 2022-ci il tarixədək ona ödəməyi, həmin vaxta kimi öhdəliyi icra etməzsə gecikdirilən hər gün üçün ödənilməli olan məbləğin 0,3 faizi məbləğində penya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilənin olması və cavabdehin borcun qaytarılmasına dair öhdəlik götürməsi də təsdiq olunmasına baxmayaraq rayon məhəməsi iddia tələbini sübut olunmaması əsası ilə təmin etməmişdir. Hesab edir ki, qətnamə əsassızdır və işin müəyyən olunmuş faktiki hallarına uyğun deyil. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ilkin iddia tələbi hissəsində ləğv edilməklə ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, həmin 15000 və 2000 olmaqla, cəmi 17.000 pul ona beh kimi verilib, onu qapıları almaq adı ilə aldadıblar, sonra qapını da almadılar, qapıları saxladı, sonra qapılar sıradan çıxdı, məcbur olub həmin 100 ədəd qapının hər birini 100 ABŞ dollarına olmaqla X1 adlı şəxsə satdı. Sonra da razılaşmaya ona aldadaraq imza etdirdilər ki, guya borcu var. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
11. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq əlavə(lər)də göstərilən malları uyğunluq və keyfiyyət sənədləri ilə birgə alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir.
12. Həmin alqı-satqı müqaviləsinin xx.xx.2021-ci il tarixli 1 saylı əlavəsi – qiymətlərin razılaşdırılması protokoluna əsasən, Cezik Murat və İddiaçı MMC müqavilə predmeti olan malların qiymətlərini 100 ədəd dəmir qapı üçün (ədədi 450 manat olmaqla) cəmi 45.000 manat olması barədə razılığa gəlmişlər, alıcı hazırkı müqavilə üzrə satıcıya 15.000 manat ilkin ödəniş etməyi öhdəsinə götürmüş, müqavilənin qalıq dəyərinin qapıların alıcıya tam və qüsursuz təhvilindən sonra 14 gün ərzində ödənilməsi razılaşdırılmışdır.
13. xx.xx.2021-ci il tarixli qəbzdən məlum olur ki, ədədi 450 manatdan 100 ədəd qapı alınması üçün 15.000 manat (8.823,53 ABŞ dolları) məbləğində pul ödənilmişdir.
14. 16513 saylı qəbzdən müəyyən olunur ki, Əhliman Hüseynov tərəfindən 3 saylı Vəkil Bürosuna 310 manat müqavilə üzrə ödəniş edilmişdir.
15. 05.08.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdehdən tutulması üçün 17.000 manat əsas borc, 3723 manat dəbbə pulu hesablanmış, 310 manat hüquqi xidmətə görə çəkilmiş xərcin və ödənilmiş 154 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21.187 manat məbləğində pul vəsaitinin tutulmalı olması göstərilmişdir.
16. 16.08.2021-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, ödəniş kodu **********5210 olmaqla X2 tərəfindən 13.389,26 manat məbləğində pul vəsaiti “AFB Bank”ın 4 saylı şöbəsi vasitəsilə gömrük rüsumu ödənilmişdir.
17. 14.08.2021-ci il tarixli gömrük bəyannaməsindən aydın olur ki, valyuta məzənnəsi 0,1982 manat, netto çəkisi 7545 kq, invoys dəyəri 162.800,00 türk lirəsi olan 110 ədəd qapıları təmsilçi "xxxx" MMC vasitəsilə X2 idxal etmişdir.
18. 14.08.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən gömrük məsrəfləri üçün ödənilmiş 2000 manat məbləğində pul vəsaitini Murat Cezik almışdır.
19. İddiaçı və Cezik Murat arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma protokoluna əsasən, satıcı müqaviləyə əsasən alıcıya 17.000 manat məbləğində borcunun olduğunu etiraf edir və həmin borcu xx.xx.2022-ci il tarixədək alıcıya ödəməyi, həmin vaxta kimi öhdəliyi icra etməzsə gecikdirilən hər gün üçün ödənilməli olan məbləğin 0,3 faizi məbləğində penya ödəməyi öhdəsinə götürmüşdür.
20. 18.04.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, Murat Cezikə xx.xx.2022ci il tarixli razılaşma protokolu üzrə öhdəliyinin icra olunması təklif olunmuş, əks təqdirdə sonuncu bununla əalqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Tətbiq edilən maddi hüquq Mülki Məcəllə
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
26. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
28. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
29. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
31. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
32. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur.
33. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.
34. Madəd 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:
35. 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
36. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
37. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
38. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
48. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
49. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
52. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
53. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
54. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
55. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddaçının şikayətinə əsasən ilkin iddia tələbi hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ilkin iddia tələbi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi qismən təmin edilməlidir.
57. Rayon məhkəməsi ilkin iddia tələbinin təmin edilməməsi barədə gəliyi nəticəni iddiaçı tərəfindən mötəbər sübutların təqdim edilməməsi ilə əsaslandırmışdır.
58. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
59. Belə ki, satıcı qismində cavabdeh və alıcı qismində iddiaçı arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçıya ədədi 450 manat olan 100 ədəd dəmir qapının satılması barədə razılıq əldə olunması, bununla əlaqədar satıcıya ayrı-ayrı vaxtlarda 15.000 manat və 2.000 manat olmaqla, cəmi 17.000 manat məbləğində iddiaçı tərəfindən pul ödənilməsi, sonradan qapıların keyfiyyətsiz olmasına görə iddiaçının imtina etməsi nəticəsində tərəflər arasında borcun etirafına dair saziş bağlanmaqla, cavabdehin öz üzərinə qapılara görə ödənilmiş 17.000 manatı xx.xx.2022-ci il tarixə kimi qaytarmağı və həmin vaxta kimi öhdəliyi icra etməzsə gecikdirilən hər gün üçün ödənilməli olan məbləğin 0,3 faizi məbləğində penya ödəməyi öhdəsinə götürməsi hazırkı işin mübahisəsiz halıdır.
60. Bundan başqa cavabdeh özü də məhkəmə iclasında həmin 100 ədəd qapını biri 100 ABŞ dolları olmaqla X1 adlı şəxsə satdığını etiraf etmişdir.
61. Belə olan halda və tərəflər arasında xx.xx.2022-ci il tarixli “razılaşma protokolu”na əsasən cavabdehin öz üzərinə qapılara görə ödənilmiş 17.000 manatı xx.xx.2022-ci il tarixə kimi qaytarmağı və həmin vaxta kimi öhdəliyi icra etməzsə gecikdirilən hər gün üçün ödənilməli olan məbləğin 0,3 faizi məbləğində penya ödəməyi öhdəsinə götürməsi təsdiq olunduğundan, iddia tələbi Mülki Məcəllənin 882.1-ci maddəsinin tələblərinə əsasən həmin hissədə əsaslıdır və təmin edilməlidir.
62. Cavabdeh məhkəmə kollegiyasının iclasında qeyd olunan müqaviləyə aldadılaraq imza etdiyini bildirsə də, bununla bağlı MPM-in 77.1-ci maddəsinin tələblərinə əsasən hər hansı sübut təqdim etmədiyindən, onun bu dəlili əsassızdır.
63. Bundan başqa, birinci instansiya məhkəməsində qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edən cavabdeh nə tərəflər arasında olan ilkin alqı-satqı müqaviləsini, nə də borcun etirafına dair xx.xx.2022-ci il tarixli razılaşmanı mübahisələndirməmişdir.
64. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırmalarla da həmin müqavilələrin etibarlı olduğu müəyyən edilmişdir.
65. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında səsləndirdiyi 17.000 manat məbləğində pulun ona beh kimi verilməsi barədə dəlili ilə bağlı isə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin eynitarixli 1 saylı əlavəsinin qiymətlərin razılaşdırılması protokolunun 1-ci bəndində alıcının hazırkı müqavilə üzrə satıcıya 15.000 manat ilkin ödəniş etməyi öhdəsinə götürməsi, müqavilənin qalıq dəyərinin qapıların alıcıya tam və qüsursuz təhvilindən sonra 14 gün ərzində ödənilməsi razılaşdırılmışdır (i/v 15).
66. Demək ki, həmin məbləğin ona beh kimi verildiyinə dair cavabdehin bildirdikləri də əsassızdır.
67. Məhkəmə kollegiyası ilkin iddia tələbinin 3723 manat dəbbə pulu hissəsi ilə bağlı isə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
68. Kollegiya hazırkı işin hallarını nəzərə alıb, 3723 manat dəbbə pulu tələbinin 17.000 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir və hesab edir ki, dəbbə pulu azaldılaraq 1000 manat müəyyən edilməlidir.
69. İlkin iddia tələbinin vəkilə ödənilmiş 310 manat xidmət haqqının tutulması barədə hissəsi ilə bağlı Kollegiya bildirir ki, 16513 saylı qəbzdən müəyyən olunur ki, Əhliman Hüseynov tərəfindən 3 saylı Vəkil Bürosuna 310 manat müqavilə üzrə ödəniş edilmişdir (i/v 10).
70. İddia tələbi hüquqi yardıma görə vəkilə ödənilmiş 310 manat iddia tələbi hissədə də sübut olunduğundan həmin hissədə də əsaslıdır və təmin edilməlidir.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir. Nəticə:
72. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, ilkin iddia tələbi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi qismən təmin edilərək, cavabdeh Cezik Muratdan 17.000 manat məbləğində əsas, 1000 manat cərimə, 310 manat vəkil xərci olmaqla cəmi 18.310 (on səkkiz min üç yüz on) manat alınaraq İddiaçınə verilməlidir.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
74. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (154+77=231) 231 (iki yüz otuz bir) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4504/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbi hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cezik Muratdan 17.000 manat məbləğində əsas, 1000 manat cərimə, 310 manat vəkil xərci olmaqla cəmi 18.310 (on səkkiz min üç yüz on) manat alınaraq İddiaçınə verilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (154+77=231) 231 (iki yüz otuz bir) manat dövlət rüsumu cavabdeh Cezik Muratdan alınaraq İddiaçınə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov