Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-322/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-562/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh İB tərəfindən İddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli tarixli aktlar tərtib edilmişdir.
2. Aktlar əsasında **********02130 saylı abonent koduna 2021-2023-cü illər üzrə ümumilikdə 10.722,24 manat borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Zeytun sovxozu 0080-2130 ünvanına dair onun abonent koduna (**********02130) hesablanmış 10.456,91 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qala qəsəbəsi, Zeytun Sovxozu 0080-2130 ünvanında yaşayır. Həmin ünvanda Cavabdeh İB-nin əməkdaşları onun iştirakı olmadan aktlar tərtib etmişlər. Cavabdeh İB-nin əməkdaşlarının tərtib etdikləri akta əsasən qaz itkisinin yarandığı müəyyən edilmiş, 10.456,91 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB-nin əməkdaşlarının tərtib etdikləri aktlara əsasən guya o, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Onun himayəsinə 2 azyaşlı övladı vardır. Onun evdə 4 gözlü qaz plitəsi var. O, təbii qazdan qeyri-qanuni istifadə etməmiş, sayğcaın plombuna müdaxilə etməmişdir. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür.
5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 562/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********02130) hesablanmış 6.971,28 manat məbləğində borcun silinməsi, 80,91 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Zeytun Sovxozu 0080-2130 ünvanına yerli baxış keçirilmiş və həmin ərazidə fotoşəkillər çəkilmişdir. Məhkəmə tərəfindən həmin evdə 4 gözlü qaz sobasının, su qızıdırıcısınin və İran İslam Respublikasında istehsal olunmuş qaz sobasının işlədilməsi müəyyən edilmişdir.
7. Məhkəmə Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda və tələbnamələrdə qaz avadanlıqlarının gün ərzində 24 saat işləməsi qənaətinə gəlinməsini düzgün hesab etməmiş, qeyd etmişdir ki, hesablama aparılarkən qaz avadanlıqlarının gün ərzində 8 saat işlədilməsi əsas götürülməli, iddiaçının orta hesabla 3.485,63 manat dəyərində təbii qazdan qeyri-qanuni istifadə etməsi hesab edilməlidir. Buna görə də, iddiaçının təbii qazdan istifadəyə görə 10.456,91 manat borcun silinməsinə dair iddia tələbi 3.485,63 manat borcun silinməsi hissəsində təmin oluna bilməz. İddia tələbi 6971,28 manat borcun silinməsi hissəsində təmin olunmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6,-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4, 3.4.1, 3.4.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Həmçinin, məhkəmə mülki işin icraatı zamanı yerli baxış müəyyən etmişdir. Yerli, baxış zamanı iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etdiyi açıq-aşkar istifadə etdiyi müəyyən edilsə də məhkəmə tərəfindən etinasız yanaşılmışdır. Qeyd edilənlərlə yanaşı yerli baxış zamanı tərəfindən müəyyən edilənlər məhkəmə qətnaməsində ehtiva edilməmişdir. Məhkəmə istifadəedilmiş qaz həcminin 24 saat yox 8 saat kimi nəzərə alsa da, bunu qanunvericiyin tələblərinə uyğunlaşdırmamışdır. Və ya bu halı qətnaməsində əsaslandırmamışdır. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsində borcun silinməsini təmin etsə də, amma buna əsas gətirməmişdir.
11. Daha sonra cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə məlumat təqdim edərək qeyd etmişdir ki, İddiaçı Tapdıq oğlunun Sayğacdan kənar əlavə qaz xətti vasitəsilə istifadə halını sübut edən faktlardan biri də, istehlakçının **********02130 saylı abonent kodu üzrə həyata keçirdiyi ödənişlərdə mövcud olan qeyri-möntəzəmlikdir. Belə ki, məsələn iddiaçı 2017-ci ilin noyabr ayında 51 manat ödəniş həyata keçirməyinə baxmayaraq, nədənsə 2018-ci ilin noyabr ayında cəmi 14 manat ödəniş etmişdir. Bundan əlavə 2019-cu ilin noyabr ayında 22 manat ödəniş etməyinə baxmayaraq, nədənsə 2020ci ilin noyabr ayında 8 manat ödəniş etmişdir. Və nəhayət 2022-ci ilin noyabr ayında 54 manat ödəniş etməyinə baxmayaraq 2021-ci ilin noyabr ayında 26 manat ödəniş həyata keçirmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı təbii qazdan özünə sərf edən tərzdə, yəni sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etmişdir. Bu faktın digər sübutları isə iş materiallarına mövcud olan fotoşəkillərdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa görə cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 6.625,36 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Zeytun sovxozu 0080-2130 ünvanında təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə cavabdeh tərəfindən aktlar tərtib olunmuş və cavabdehə dəymiş ziyan hesablanaraq iddiaçının abonent saldosuna daxil edilmişdir.
22. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 10.456,91 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının yaşadığı ünvanda yerində müayinə həyata keçirilərkən həmin ünvanda təbii qazdan qeyri-qanuni olaraq istifadə edildiyi müəyyən edilmişdir.
24. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət etdiyi tarixədək cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında (2021-2023-cü illər üzrə) ümumilikdə 10.722,24 manat məbləğində borc hesablanmışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4910/2024 nömrəli qərardadı ilə iş üzrə mühəndis-texniki ekspertiza təyin edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8860 nömrəli ekspert rəyinə əsasən 1) PQ-4 tipli qaz plitəsi yazyay aylarında istifadə edilərkən gündəlik qaz sərfiyyatı 4,8 m3, payız-qış aylarında gündəlik qaz sərfiyyatı 7,2 m3 təşkil edir. 2) İran sobası payız-qış aylarında istifadə edilərkən gündəlik qaz sərfiyyatı 27 m3 təşkil edir. 3) Həcmli (80 litrlik) su qızdırıcısı yazyay aylarında istifadə edilərkən gündəlik qaz sərfiyyatı 3 m3, payız-qış aylarında gündəlik qaz sərfiyyatı 7,5 m3 təşkil edir; -həcmli (120 litrlik) su qızdırıcısı yaz-yay aylarında istifadə edilərkən gündəlik qaz sərfiyyatı 6 m3, payız-qış aylarında gündəlik qaz sərfiyyatı 15 m3 təşkil edir; -həcmli (200 litrlik) su qızdırıcısı yaz-yay aylarında istifadə edilərkən gündəlik qaz sərfiyyatı 10 m3, payız-qış aylarında gündəlik qaz sərfiyyatı 25 m3 təşkil edir. Məhkəmə tərəfindən mübahisə predmeti olan suqızdırıcısının həcmi konkret göstərilməmişdir. Bununla əlaqədar, suqızdırıcıları 80, 120, 200 litr həcmlərində ayrıayrılıqda hesablanaraq göstərilmişdir.
27. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, mütəxəssis qarşısında qoyulmuş suala əsasən qeyd olunan ünvana baxış keçirilərək təbii qazdan istifadə edən qaz qurğuları (1 ədəd PQ-3 məişət tipli qaz pilətəsi, 1 ədəd İran sobası və 1 ədəd QSQ) müəyyən edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsasən, 1 ədəd PQ-3 qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0.8 m3, 1 ədəd İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3, 1 ədəd QSQ-nin maksimal saatlıq qaz sərfi 2,2 m3, işləmə rejimi 12 saat nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aparıla bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” göstərilən il üzrə müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2021-ci il üzrə - 6534 m3 (4914+1620) qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144), 1300 m3-i 0,20 manat (1300 x 0,20 = 260), 3017.6 m3-i 0,25 manat (4034 x 0,25 = 1008.5), cəmi 1.412,5 manat. 2022-ci il üzrə - 6587.4 m3 (1674+4913.4) qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144), 1300 m3-i 0,20 manat (1300 x 0,20 = 260), 3017.6 m3-i 0,25 manat (4087.4 x 0,25 = 1021.85), cəmi 1.425,85 manat. 2023-cü il üzrə - 4856.8 m3 (1724.8 +3132) qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144), 1300 m3-i 0,20 manat (1300 x 0,20 = 260), 3017.6 m3-i 0,25 manat (2356.8 x 0,25 = 589.2), cəmi 993,2 manat. 2024-cü il üzrə - 4914 m3 qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144), 1300 m3-i 0,20 manat (1300 x 0,20 = 260), 3017.6 m3-i 0,25 manat (2414 x 0,25 = 603.5), cəmi 1007.5 manat. Göstərilənləri nəzərə alaraq istehlakçının təqsirli olması müəyyən edildikdə yuxarıda qeyd olunan aktlar üzrə hesablanan qaz həcminin dəyəri 4.839,05 (1412.5+1425.85+ 993.2+1007.5) manat məbləğində müəyyən edilə bilər.
28. Göründüyü kimi, cavabdeh tərəfindən 2021-2023-cü illər üzrə tərtib edilmiş aktlar əsasında iddiaçının borcu 3.831,55 manat məbləğində təşkil edir.
29. Lakin birinci instansiya məhkəməsi tərəfindən hesablama aparılarkən borcun 3.485,63 manat olduğu müəyyən edilmiş, bununla da səhv nəticəyə gəlinmişdir.
30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsində 2021- 2023-cü illər üzrə hesablanmış 10.456,91 manat məbləğində borcun silinməsini tələb etdiyindən, mütəxəssis rəyinə əsasən abonentə aktlar əsasında həmin illər üzrə hesablanmalı olan borc 3.831,55 manat təşkil etdiyindən cavabdeh tərəfindən həmin aktlar əsasında hesablanmış borcun 6.625,36 manatı (10.456,91 – 3.831,55 = 6.625,36 manat) silinməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-562/2024 nömrəli qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********02130) hesablanmış 6.625,36 manat məbləğində borc silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 manat məbləğində vəsait Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR