Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3222/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “pul, iddia müddətinin keçməsi, nisyə alqı-satqı müqaviləsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1254/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında dəyəri 438 manat olan “Samsung Galaxy A10” markalı telefonun nisyə alqı-satqısına dair 04 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə bağlanmışdır. Müqavilə tərəfləri 438 manat məbləğin 30 manat ilkin ödəniş olmaqla xx.xx.2019-cu il tarixində, qalan 408 manat məbləğində pulun hər ay 34 manat olmaqla hissə-hissə, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək ödənilməsi barədə razılığa gəlmişlər.
2. Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 04 dekabr 2019-cu il tarixli ECK5825855 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 157 (bir yüz əlli yeddi) manat əsas borc, 47(qırx yeddi) manat dəbbə pulu olmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30(otuz) manat dövlət rüsumunun, cəmi 234(iki yüz otuz dörd) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddiaçı tələbində göstərir ki, alıcı tərəfindən müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş və nəticədə 157 (bir yüz əlli yeddi) manat əsas borc, 47 manat dəbbə pulu olmaqla, cəmi 204 manat borcu yaranmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1254/2024 saylı, 14 mart 2024cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətini belə əsaslandırıb ki, İddiaçı ilə Cavabdeh arasında 04 dekabr 2019-cu il tarixdə ECK5825855 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən, cavabdeh 438 manat dəyərində olan məişət avadanlığını (telefonu) 30 manat ilkin ödəniş etməklə əldə etmişdir. Müqavilə üzrə qalan 408 manat isə tərəflərin razılığına əsasən aylıq 34 manat olmaqla 12 ay müddətində cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçıya 204 manat məbləğində borcu qalmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 157 manat əsas borc, 47 dəbbə pulu, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçının iddia ərizəsini iddia müddətini ötürməklə məhkəməyə verdiyindən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması nəticəsində öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini tam yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə müqavilə üzrə iddiaçıya borcu yaranmışdır. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işdə olan mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, iddia tələbi əsaslıdır. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, tələb üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin araşdırılmasına zərurət yaranmış və məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki iddia ərizəsi bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyindən, iddia təmin edilməməlidir. Belə ki, müqavilə 04 dekabr 2019-cu tarixdə 12 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2020-ci ildə başa çatmış, xx.xx.2020-ci ildən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, lakin xx.xx.2023-cü ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına səbəb olan hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə ərizədə göstərilən halları təkzib edəcək mötəbər sübutların (ödəniş qəbzlərinin və s.) təqdim edilməsi iddiaçıya təklif olunmuş (təklif iddiaçının elektron kabinetinə yerləşdirilmiş xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məhkəmə bildirişlərində öz əksini tapmışdır), lakin iddiaçı tərəf iddia müddətinin ötürüldüyünü təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə iddia müddətinin axımı bitdikdən 1 aydan çox müddət keçdikdən sonra – xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra isə iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlər iddia tələbinin təmin edilməsini istisna etməklə, iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi zərurətini meydana çıxarır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan edilən hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddəti ərzində edilməlidir. Əgər iddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Çünki ötmüş iddia müddətinin axımı kəsilə bilməz. Mülki Məcəllənin 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsi o deməkdir ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddəti hələ bitməmişdir. İddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. Müddət bitdikdən sonra iddia müddətinin axımı dayandığından həmin vaxtdan sonra edilmiş hərəkətlər iddia müddətinin axımının kəsilməsinə əsas verə bilməz. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən, müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş edib göstərir ki, cavabdeh tərəfindən borc vaxtında ödənilmədiyindən və cavabdehlə aralarında borcun qaytarılması barədə şifahi razılıq bağlanmasına və tərəfindən məhkəməyə lazımi sübutlar təqdim edilməsinə, yəni xx.xx.2020-ci il tarixdə 34 manat, xx.xx.2020-ci il tarixdə 34 manat, xx.xx.2020-ci il tarixdə 34 manat, xx.xx.2020-ci il tarixdə 34 manat, xx.xx.2020-ci il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 30 manat ödənilməsinə baxmayaraq məhkəmə bunları nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
15. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
16. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
17. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan iddia müddətini tənzimləyən normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
18. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.)
19. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nədə mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı).
20. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
21. Apellyasiya şikayətində qeyd edilən hallar, yəni cavabdehin xx.xx.2020-ci il tarixdə 34 manat, xx.xx.2020-ci il tarixdə 34 manat, xx.xx.2020-ci il tarixdə 34 manat, xx.xx.2020-ci il tarixdə 34 manat, xx.xx.2020-ci il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 30 manat ödəməsi həqiqi olsa belə iddia müddətin axımının kəsilməsinə o zaman əsas ola bilərdi ki, iddiaçı bu sübutları birinci instansiya məhkəməsinə təqdim etsin, ancaq etməyib, yalnız üç ədəd ödəmə çekini apellyasiya şikayətinə əlavə edib.
22. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, qeyd olunan normanın tələbinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, iddiaçı həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı nə apellyasiya şikayətində, nədə apellyasiya baxışı iclasına gələrək bildirmir ki, bu sübutları hansı səbəbə görə birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Demək ki, həm şikayətində, həm də məhkəməyə gələrək bu barədə hansısa dəlil göstərmirsə, hansısa səbəb də olmamışdır. Bu cür vəziyyətdə həmin sübutlar gecikmiş sayılır və qətnamənin ləğv edilib iddianın təmin edilməsi üçün əsas ola bilməz.
23. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizədə göstərilən halları təkzib edəcək mötəbər sübutların (ödəniş qəbzlərinin və s.) təqdim edilməsi iddiaçıya dəfələrlə təklif olunmuş, təklif iddiaçının elektron kabinetinə yerləşdirilmiş xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məhkəmə bildirişlərində öz əksini tapır, lakin iddiaçı tərəf iddia müddətinin ötürüldüyünü təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu cür vəziyyətdə iddiaçının sonradan apellyasiya şikayətinə hansısa mötəbərliliyi təsdiq olunmayan ödəmə qəbzlərini əlavə etməsi anlaşılan olsa da başadüşülən deyildir. Çünki belə bir qəbzlər iddiaçıda olmuşdursa, onu təklif edilən zaman birinci instansiya məhkəməsinə təqdim etməli idi, ancaq etməyib.
24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1254/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1254/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.