Məhkəmə qərarları › İş №2(103)-3223/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3223/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3223/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nə qarşı “hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 15 saylı evin 33 nömrəli mənzilinə dair MMC tərəfindən keçirilmiş 80/01 saylı xx.xx.2019-cu il tarixli hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X2 ümumilikdə 13 825,29 manat kredit borcunun, 31 manat dövlət rüsumunun və 31 manat ipoteka bildirişinin DƏDRX-də qeydiyyatı ilə bağlı xidmət haqqının “xxxx” ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 15 saylı evin 33 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 34 000 (otuz dörd min) manat müəyyənləşdirilməsi qət olunmuş, həmin qətnamə əsasında əmlakın yerləşdiyi və borcluların qeydiyyatda olduğu ünvan üzrə icra vərəqəsi verilməklə Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixində ipoteka predimetinin açıq hərrac vasitəsilə realizə edilərək bankın kredit borcunun qaytarılması üçün “xxxx” MMC-yə sifariş vermişdir. Yaranmış işsizilik, maddi sıxıntılar və borclunun ani səhəti ilə əlaqədar vəziyyət səbəbilə borc öhdəliyinin icrasında çətinliklər yaranmış, bu haqda banka təsdiqedici sənədlərlə birlikdə dərhal məlumat verilsə də, ortaq razılığa gəliniməsinə dair cəhdlər bank tərəfindən qarşılanmamışdır. “xxxx” MMC Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmurunun verdiyi sifarişi “İpoteka haqqında” qanunun və digər qanunvercilik aktlarının tələblərinin kobud pozulması ilə icra etmiş, bununla da konstitusion hüquqlarından məhrum olunmuşdur. Belə ki, icra məmuru hərraca sifariş göndərərkən məktubunda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədini deyil, ona məlum olmayan, tam başqa icra sənədi olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra qeydi üzrə hərracın keçirilməli olmasını əsas gətirmiş, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməli olduğu halda, ilk hərrac xx.xx.2019cu ildə olmuş, amma elanı xx.xx.2019-cu il tarixində verilmiş və göndərilmiş, beləliklə Qanunun 42-ci maddəsinin tələbi kobud pozulmuşdur. Bundan başqa, hərrac sifarişi Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla göndərilmiş, “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixində 846-nömrə ilə qəbul edilmiş, ilk hərrac 28.10..2019-cu il tarixində olmuş, yəni 33 gün sonra təyin edilmişdir ki, bununla da Qanunun 42-ci maddəsinin tələbi kobud pozulmuşdur. Eyni zamanda, hec bir hərracın baş tutmaması barədə elan verilməmişdir, “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilməli olduğu halda, ikinci hərrac xx.xx.2019-cu ildə, yəni 14 gün sonra keçirilmiş, müvafiq elanlar verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh MMCnin və üçüncü şəxs Nəsimi rayon icra şöbəsinin nümayəndələri məhkəməyə gəlməmiş, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X2 ümumilikdə 13 886,29 manatın “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 34 000 (otuz dörd min) manat müəyyənləşdirilməklə ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 15 saylı evin 33 nömrəli mənzilinə yönəldilməsi qət olunmuş, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, qətnamənin icrası ilə bağlı keçirilən hərraclar baş tutmadığından mənzil 21 675 manata “xxxx” ASC-yə satılmışdır. İddiaçı, hərracın ona xəbər verilmədən qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürdüyündən, kollegiya, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçı hərracın keçirilməsi barədə məlumatlandırılmamış, ilkin hərracın baş tutmaması barədə müəyyən olunmuş müddətdə elan dərc olunmamış, həmçinin “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetini ipoteka qoyandan müqavilə əsasında ilkin satış qiymətinə alması üçün müqavilənin bağlanması ilə əlaqədar heç bir tədbir görülməmiş, hərraclar barədə bildirişlərin göndərilməsi və elanların dərc olunması qaydalarına da əməl edilməyərək əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətə tələbkar banka verilmişdir. Kollegiya xüsusilə qeyd edir ki, “İpoteka haqqında” Qanun, təkrar hərracın keçirilməsini “ipoteka saxlayanın ipoteka predmetini ipoteka qoyandan müqavilə əsasında ilkin satış qiyməti ilə alması üçün müqavilənin baş tutmaması” faktından asılı etmişdir – bu müqavilənin bağlanmasına isə cəhd belə edilməmişdir. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan xəbərsiz və qanun pozuntuları ilə keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmışdır və birinci instansiya məhkəməsinin müvafiq tələblə bağlı gəldiyi nəticə işin hallarına uyğun deyildir. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri “xxxx” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2995/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 15 saylı evin 33 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx xxxxxx 2019-cu il tarixli 80/01 saylı Protokol və eyni tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 15 saylı evin 33 nömrəli mənzilinə dair “xxxx” ASC-nə verilmiş çıxarış ləğv edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində 45,40 (qırx beş manat 40 qəpik) “xxxx” MMC-dən tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar