Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3232/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı qızı və onun vəkili X2, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4038/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki ümumi sahəsi 120 m2 olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4038/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, o, 2013-cü ildə Cavabdeh2 MTK-dan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 120 kvm olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilini 90000 AZN ödəyərək almış, həmin mənzilin 80%-ni təmir etdirmiş, müəyyən vaxt keçdikdən sonra mənzili satmaq qərarına gəlmiş, 2019-cu ildə o, ailə tanışları olan Cavabdeh1 həmin mənzili satmağa razılaşmış, cavabdeh də həmin pul vəsaitini bir il ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. Faktiki alğı-satqını reallaşdırmaqdan ötrü o, cavabdehə etibar edib 29.10.2019-cu il tarixdə cavabdehin adına yeni müqavilənin tərtib edilməsinə etiraz etməməsi barədə notarial ərizə tərtib etmiş, beləliklə də cavabdehin adına yeni müqavilə tərtib olunmuşdur. Buna baxmayaraq cavabdeh həmin mənzilin qiymətindən heç bir məbləğ ödəməmişdir. Cavabdehin qanuna zidd hərəkəti ucbatından bir ildir ki, kirayədə qalmağa məcburdur. Hesab edir ki, cavabdehlə Cavabdeh2 MTK arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Həmçinin rayon məhkəməsi sonuncu məhkəmə iclasında onun nümayəndəsi və vəkili məhkəmə iclasına gecikdiyini xəbər versə də, məhkəmə onların iştirakını təmin etmədən işə baxmışdır. Halbuki o sübut kimi şahid ifadəsi təqdim edəcəkdi, bununla da o, bu hüququndan da məhrum olmuşdur. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərdi ki, həmin mənzilini satmaq qərarına gəlmiş, uzun müddətdir mülki nikahda olduğu Emin Seyidovun qadaşı- Cavabdeh1 mənzili almaq istədiyini bildirmiş, onunla razılaşaraq mənzilini 130.000 manata cavabdehə satmış, yaxın münasibətlərdə olması və etibar etdiyindən razılığa gəlmişlər ki, cavabdeh mənzilin dəyərini hissə-hissə ödəyəcəkdir, lakin cavabdeh öhdəliyinə əməl etməmiş və aldığı mənzilin pulunu ona ödəməmişdir, bu səbəbdən də şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili V.Hacıyev apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh mənzili alarkən onun pulunu ödəmək niyyəti olmamışdır, həmin əqd aldatma nəticəsində bağlandığından etibarsız hesab edilməlidir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, həmin vaxt yaşadığı evdən başqa mənzili də olmuş, həmin mənzilini yaxşı qiymətə satmış (hətta həmin mənzili bu mənzildən iki dəfə baha qiymətə satmış) qardaşı Cavabdeh1 ona təklif edib ki, belə bir mənzili var, onu satmaq istəyirlər, həmin vaxt mənzil həqiqətən də haradasa 70% təmir edilmiş vəziyyətdə olmuşdur, mənzilin qiymətini də 130.000 manat olduğunu deyib, o da razılaşıb, mənzilin pulunu tam olaraq nəğd formada anası, bacısı və dayısının yanında qardaşı Eminə verib, onun həmin mənzilin alğı-satqısına görə iddiaçıya heç bir borcu qalmamışdır, bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Cavabdeh2 MTK tərəfindən verilmiş 07.12.2015-ci il tarixli, 159 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binası “Şahab MTK-ya məxsusdur. Bu binanın 4-cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 120 m2 , 3 otaqlı, 241 saylı mənzilin pay dəyəri payçı İddiaçı qızı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Cavabdeh2 MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında 28.12.2013cü il tarixli, 24 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 MTK və İddiaçı qızı arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı qızı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən Cavabdeh2 MTK-nın tikdiyi binada 4-cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 120 m2 , 3 otaqlı, 241 saylı mənzili 81600 (səksən bir min altı yüz) manat məbləğində pul ödəməklə götürür, Cavabdeh2 MTK isə mənzili İddiaçı qızına verir. Cavabdeh2 MTK tərəfindən verilmiş 01.11.2019-cu il tarixli, 708 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binası “Şahab MTK-ya məxsusdur. Bu binanın 4-cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 120 m2 , 3 otaqlı, 241 saylı mənzilin pay dəyəri payçı Seyidov tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Cavabdeh2 MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında 01.11.2019cu il tarixli, 778 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 MTK və Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən Cavabdeh2 MTKnın tikdiyi binada 4-cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 120 m2 , 3 otaqlı, 241 saylı mənzili götürür, Cavabdeh2 MTK isə mənzili Cavabdeh1 verir. İddiaçı qızı tərəfindən Bakı şəhəri 16 saylı notariat ofisinə yazılmış və notariat qaydada təsdiqlənmiş 29.10.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı qızı adına olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 120 m2 olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilindən və payından imtina etmişdir. Həmin mənzilin Cavabdeh1 adına yeni müqavilə bağlamaqla rəsmiləşdirilməsinə (bağışlanmasına və ya satılmasına) etiraz etmir. Qeyd edilən mənzildən və paydan imtina ilə bağlı Cavabdeh2 MTK-ya qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Bu ərizənin məzmunu ona məlumdur və iradəsinə uyğundur. İddiaçı qızı tərəfindən Bakı şəhəri 16 saylı notariat ofisinə yazılmış və notariat qaydada təsdiqlənmiş 25.07.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı qızı Cavabdeh1 adına Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 120 m2 olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzili ilə bağlı Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 29.10.2019-cu il tarixli, 8İ-5989 reyestr nömrəli ərizənin qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X3 qeyd etdi ki, iddiaçı ilə vətəndaş nikahında yaşayırlar, övladları da var. Bu mənzili alıblar, 70-80% təmir etmişlər, sonra təmiri başa çatdıra bilmədilər, bu mənzili satıb, daha münasib qiymətə mənzil almaq istəmişlər. Həmin vaxt qardaşı Cavabdeh1 ev axtarırdı, mənzili ona təklif etmişlər, o da razılaşmış, aralarında olan razılığa görə, qardaşı bu mənzilin pulunu hissə-hissə ödəməli idi, o da qardaşına etibar etmiş, lakin qardaşı heç bir ödəniş etməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi ilə həmin əqdin etibarsızlığını tələb edir, bununla bağlı əsası isə odur ki, həmin mənzilin Cavabdeh1 satılması (mənzilə olan hüququn satılması) müqabilində mənzilin dəyəri kimi razılışdırılmış 130.000 manat məbləğində pulu cavabdeh ona ödəməmiş, başqa sözlə, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Kollegiya qeyd edir ki, əqdin etibarsızlığının əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müfəssəl şəkildə müəyyən edilmişdir. İddiaçının hazırkı iddiasında istinad etdiyi hal, yəni müqavilə bağlandıqdan sonra tərəfin müqavilə öhdəliyini (lazımınca və ya ümumiyyətlə) icra etməməsi əqdin etibarsızlığının əsası kimi müəyyən edilməmişdir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1-337.4). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, Məhkəmə kollegiyası bildirir ki, öhdəliyin icra edilməməsi əqdin etibarsızlığı əsası kimi nəzərdə tutulmadığından, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbini təmin etməməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. İddiaçının ərizəsində istinad etdiyi əsasa gəldikdə isə Kollegiya qeyd edir ki, həmin hal, yəni cavabdeh tərəfindən öhdəliyin icra edilib-edilməməsi hazırkı iddia tələbinə aid olmadığından, onun araşdırılması və ona münasibət bildirilməsi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğundan, iddiaçıya izah olunmalıdır ki, o, ayrı icraatda həmin əsasla borcludan öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4038/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3232/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3232/2021
28.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver