Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3233/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı «mənzilin iddiaçının adına sənədləşdirilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2(006)- 4554/2023 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh1 MMC ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixli 6/2013 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 MMC 13 Sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh2 MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda iddiaçıya satmağı, iddiaçı isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun ödəniş qrafikinə əsasən ödəməyi öhdələrinə götürmüşlər, mənzilin dəyəri 227500 manat müəyyən olunmuşdur. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 681 saylı maliyyə arayışına əsasən görünür ki, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Hazırda iddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsini cavabdehlərdən tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 194, 196, 198, 200, 202 və Şəfayət Mehdiyev küçəsi 129, 133 ünvanında yerləşən “E1” bloku, 5-ci mərtəbə, ümumi sahəsi 218.19 kv.m. 1 ədəd 4 otaqdan ibarət olan 6 nömrəli mənzili iddiaçının adına sənədləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə 29 mart 2013-cü il tarixdə GMPE1-6/2013 müqavilə bağlamışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, Müqavilənin predmeti “İcraçı”, yəni Cavabdeh1 MMC-nın 13 sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh2 MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda ona satmasından, onun isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun iddiaçının ödəniş qrafikinə əsasən ödəməsindən ibarətdir. Müqavilənin 2-ci maddəsinə əsasən, Cavabdeh1 MMC-nin onunla tikintisini razılaşdığı yer, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, 23 mərtəbəli, 2 bloklu bina, “E1” bloku 5-ci mərtəbə, 6 nömrəli mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 227,500 manat, ümumi sahəsi 218.19 kv.m. 1 ədəd 4 otaqdan ibarət olan mənzil olmuşdur. Müqavilənin bağlandığı ərəfədə Cavabdeh1 MMC iddiaçıya Cavabdeh2 MMC şirkətindən verilmiş 13 sentyabr 2011-ci il tarixli 449/11saylı etibarnamə təqdim etmişdir. Həmin etibarnamənin mətninə əsasən, Cavabdeh2 MMC-yə məxsus əmlakı idarə etmək və onun üzərində sərəncam vermək və s. səlahiyyətlər Cavabdeh1 MMC-yə verilmişdir. Müqavilənin 3.1-ci maddəsi ilə icraçı Cavabdeh1 MMC-nin öhdəlikləri müəyyən olunmuşdur: müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək, tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini ona təhvil vermək. "xxxx" MMC tərəfindən ona 30 sentyabr 2016-ci il tarixli 681 saylı maliyyə arayışa əsasən, Cavabdeh2 MMC-nin Bakı şəhəri, ünvan 1 ünvanlarında yerləşən yaşayış binasında “E1” bloku, 5-ci mərtəbə, ümumi sahəsi 218.19 kv.m. 1 ədəd 4 otaqdan ibarət olan 6 nömrəli mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. Beləliklə, göründüyü kimi, müqavilə üzrə onun üzərinə düşən bütün öhdəlikləri lazımi şəkildə və vaxtında icra edildiyinə baxmayaraq, cavabdeh şirkətlər müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından boyun qaçırmışdırlar. Yaşayış kompleksi uzun müddət bundan qabaq istismara verildiyinə baxmayaraq, onun mənzilinə dair hüquq müəyyənedici sənədlərin alınması istiqamətində cavabdehlər tərəfindən müqavilənin 3.1 və 3.2 maddələrinə uyğun olaraq heç bir iş aparılmamış və beləliklə, onun sahib olduğu mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Onda olan məlumata əsasən, cavabdeh şirkətlər alıcılara münasibətdə məlum olmayan qayda ilə ayrı-seçkiliyə yol verir, bəzi vətəndaşlar ilə notariatda müqavilə bağlayaraq mənzili onların adına rəsmiləşdirir, bir çox sakinlərlə isə müqavilə bağlamaqdan qanunsuz olaraq imtina edirlər. Bu da ona dəlalət edir ki, cavabdeh şirkətlərin Ş.Mehdiyev küçəsində yerləşən yaşayış kompleksinə dair mülkiyyət hüquqları tam şəkildə qeydiyyata alınıb, sadəcə naməlum səbəblərdən ayrı-seçkiliyə yol verərək bəzi vətəndaşların qanuni müraciətlərini baxılmamış saxlayırlar. Cavabdehlərə çoxsaylı cavabsız qalan şifahi sorğulardan sonra cavabdehlərə rəsmi yazılı şəkildə müraciət etmiş, lakin bu sonuncu müraciət də cavabsız qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2(006)- 4554/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 194, 196, 198, 200, 202 və Şəfayət Mehdiyev küçəsi 129, 133 ünvanında yerləşən “E1” bloku, 5-ci mərtəbə, ümumi sahəsi 218.19 kv.m. 1 ədəd 4 otaqdan ibarət olan 6 nömrəli mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin üzərinə qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, işin hallarından göründüyü kimi iddiaçı, cavabdehlər tərəfindən mənzilə dair sənədlər ona verilmədiyi üçün mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmir. Yəni cavabdehlər alqı-satqı müqaviləsi üzrə üzərlərinə düşən öhdəliyi (Müqavilənin 3.1-ci bəndi) icra etməmişlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi öhdəliklərin icrasını cavabdehlərdən tələb etməkdə haqlıdır və bu iddianın təmin edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 567, 646.1, 648.2; Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin; 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin Cavabdeh1 MMC-ya aid hissəsində ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə olaraq sözügedən mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi vəzifəsi Cavabdeh1 MMC-nin üzərinə öhdəlik kimi qoyulmuşdur. Lakin sual çıxır ki, mənzil yerləşən yaşayış binasının mülkiyətçisi Cavabdeh2 MMC olduduğu təqdirdə, Cavabdeh1 MMC məhkəmə tərəfindən qoyulmuş öhdəliyi necə icra edə bilər. Bundan başqa Cavabdeh1 MMC-nin aralarında olmuş müqavilə üzrə iddiaçı qarşısında öhdəliklərini tam icra etmişdir. Bunu, Cavabdeh2 MMC-nin iddiaçıya verdiyi maliyyə arayışı sübut edir. Həmçinin nəzərə alınmalı idi ki, satılmış mənzilin sənədləşdirilmə işləri Cavabdeh2 MMC tərəfindən aparılırdı. İddiaçıya verilmiş maliyyə arayışı bunu qeyri-şərtsiz olaraq sübut edir. Eyni zamanda iddia ərizəsindən və buna aid məhkəmə prosesindən xəbəri olmadığı üçün cavabdeh öz etirazını təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən Cavabdeh1 MMC-yə aid hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixli 6/2013 saylı müqaviləyə əsasən Cavabdeh1 MMC 13 sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh2 MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda iddiaçıya satmağı, iddiaçı isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun ödəniş qrafikinə əsasən ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh1 MMC tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 681 saylı Maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 129, 133 və Hüseyn Cavid küçəsi 194, 196, 198, 200, 202 ünvanlarında yerləşən yaşayış binasında “E1” bloku, 5-ci mərtəbə, ümumi sahəsi 218.19 kv.metr olan 6 nömrəli mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsindən yayınmışdır. Belə olan halda da müəyyən edilir ki, cavabdeh tərəfindən mənzilə dair sənədlər iddiaçıya verilmədiyi üçün iddiaçı mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmir. Göründüyü kimi cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi (Müqavilənin 3.1-ci bəndi) icra etməmişlər. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, cavabdeh mənzil yerləşən yaşayış binasının mülkiyətçisinin Cavabdeh2 MMC olmasını, Cavabdeh1 MMC-nin müqavilə üzrə iddiaçı qarşısında öhdəliklərini tam icra etməsinə istinad etsə də, tərəflər arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilir ki, Cavabdeh1 MMC tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin həmin öhdəlikləri həyata keçirməmişdir. Digər tərəfdən Cavabdeh2 MMC müqavilə üzrə öhdəliklərinin icra edilməsi ilə bağlı iddiaçıya verilmiş maliyyə arayışına istinad etsə də, həmin maliyyə arayışından görünür ki, məhz iddiaçı müqavilə üzrə öz öhədliklərini yerinə yetirmiş və bu barədə müvafiq arayış verilmişdir. Həmçinin, qeyd olunan arayışdan cavabdehin öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi barədə hər hansı qeyd olmamışdır. Həmçinin iddiaçı tərəf analoji iş üzrə Cavabdeh1 MMC-nin üzərinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi» tələbinə dair iddianın təmin edilməsi barədə Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 1221/2023 saylı qətnaməsini, həmçinin qətnamənin qanuni qüvvəsini almaqla icraya yönəldilməsinə dair icra orqanının qərar və məlumatını da təqdim etmişdir. İddiaçının bildirdiyinə görə həmin iş üzrə tələbkarın verdiyi məlumata əsasən qətnamə Cavabdeh1 MMC tərəfindən icra olunmuşdur. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddia ərizəsindən və buna aid məhkəmə prosesindən xəbərlərinin olmaması bildirilsə də, iş materiallarından Cavabdeh1 MMC-nin nümayəndəsi X1 məhkəmə iclaslarında iştirak etmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2(006)- 4554/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Azad İmanov