Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3234/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-940/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* №-li akta əsasən G-4 nömrəli 1107AQ**********3 qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi müəyyən edilmişdir.
2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar qaz xəttinin dirəyinin daxili rezin boru vasitəsi ilə istifadə etdiyi aşkar olunmuşdur.
3. Abonentin saldosundan görünür ki, iddiaçıya 2017-ci ilin aprel ayı üçün akt üzrə 345,60 manat, 2023-cü ilin mart ayı üçün akt üzrə 6.220,80 manat məbləğində borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 Kərim küçəsi, ev 153 (abonent kodu: **********00000) ünvanı üzrə 7.024,46 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sözügedən ünvanda yerləşən sayğac onun adına qeydiyyatdan keçmişdir. O, bu müddət ərzində mütəmadi olaraq təbii qazdan istifadə ilə əlaqədar ay ərzində yaranmış borcu ödəmişdir. Təxminən bir müddət əvvəl “Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri sayğaca yoxlanış keçirən zaman guya qazdan qeyri-qanuni, yəni sayğacdan kənar istifadənin olmasını bəhanə edərək 6.220.80 manat cərimə yazmışlar. Halbuki, heç bir kənar xətt olmamışdır. Onun təbii qazdan istifadəyə görə heç zaman problemi olmamışdır. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. Bu səbəbdən də əlavə sərfiyyat haqqı kimi qanunsuz borcun silinməsini xahiş edir.
6. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək 2022-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayına qədər kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiyini qəbul etmişdir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 940/2024 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 Kərim küçəsi, ev 153 ünvanı üzrə **********00000 saylı abunə koduna hesablanmış 5967,72 (beş min doqquz yüz altmış yeddi manat yetmiş iki qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 79,67 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmiş, kənar xətt ləğv edilməmiş, yalnız mütəmadi akt tərtib edilməklə kifayyətlənilmişdir. Lakin məhkəmə iclasında iştirak edən iddiaçı 2022-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayına qədər kənar xəttin mövcud olduğunu etiraf etmiş, borcun azaldılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bu faktın etirafını həm şifahi izahında, həm də yazılı ərizədə ifadə etmişdir.
9. Məhkəmə təbi qazdan kənar xətt vasitəsiylə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmamış və hesab etmişdir ki, iddia kənar xətdən istifadə nəticəsində hesablanmış 7.024,46 manat borcun silinməsi hissəsində qismən əsaslıdır.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı düzgün aparılmamışdır. Məhkəmə həmin hesabatın bir il müddəti üçün aparılmasını qanuni və ədalətlidir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, abonentin saldosuna əsasən, qaz işlədicisinin orta aylıq sərfinin məbləği 49.89 manat (abonentin saldosuna uyğun 2021-ci il sərfiyyatına uyğun olaraq) müəyyən edilmişdir. Qaz Təchizatı haqqında Qanunun 6-2-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq hər il yoxlanma keçirilməli idi. Buna görə də təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində hesablanmış borc 598,68 (12x49.89=598.68) manat müəyyən edilməlidir.
12. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı 7.024,46 manat məbləğində borc yazıldığını qeyd etsə də, məhkəmə araşdırması zamanı iddiaçıya iki akt üzrə 6.566,40 manat məbləğində borcun yazıldığı müəyyən edilmişdir. İddiaçının tələb etdiyi qalan məbləğ iddiaçının debitor borcudur (458,06 manat) və məhkəmə bu hissədə iddia tələbini əsaslı hesab etmir.
13. Məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* №-li və xx.xx.2017-ci il tarixli ******* №-li aktlar əsasında cavabdeh tərəfindən iddiaçının **********00000 saylı abunə koduna hesablanmış 5.967,72 manat (7024,46 - 458,06 (debitor borc) - 598.68 (kənar xətt) = 5967,72 manat) məbləğində borc silinməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublkasının Mülki Məcəlləsinin 614.3, 1096.1, 1096.2-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 18.0.1, 26-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2.1, 11.6, 13.8, 13.8-1, 13.9-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1, 3.2.2, 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ının 5.1-ci bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.3, 107, 119.2, 124.1, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında cəmi 7.024,46 məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 5.555,58 manat məbləğində müəyyən edilməlidir.
26. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş iki akt üzrə 6.566,4 manat borc hesablanmışdır (345,6 + 6.220,8).
27. Kollegiya xx.xx.2017-ci il tarixli, ******* №-li aktla bağlı qeyd edir ki, həmin aktla qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi müəyyən edilmiş, bunun nəticəsində iddiaçıya 345,6 manat məbləğində borc hesablanaraq abonentin saldosuna daxil edilmişdir.
28. Halbuki, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və sayğacın zədələnməsində istehlakçının təqsirini sübut etmədən ona qeyd olunan məbləğdə cavabdeh tərəfindən borcun hesablanmasını məhkəmə əsaslı hesab etmir.
29. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli, ******* №-li aktla bağlı qeyd edir ki, həmin akt əsasında qərara gəlinmişdir ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın miqdarı 51840 m3 müəyyən edilsin və buna görə 6.220,80 manat məbləğində borc hesablanaraq abonentin saldosuna daxil edilmişdir (51840 m3 x 0,12 manat).
30. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək 2022-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayına qədər kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiyini etiraf etmişdir.
31. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, abonentin saldosuna əsasən, qaz işlədicisinin orta aylıq sərfinin məbləği 49,89 manat (abonentin saldosuna uyğun 2021-ci il sərfiyyatına uyğun olaraq) müəyyən edilmişdir. Buna görə də təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində hesablanmış borc 598,68 (12 x 49,89=598,68) manat müəyyən edilməlidir.
32. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən bu nəticə ilə razılaşmır.
33. Belə ki, işə apellyasiya qaydasında baxılarkən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5062 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, PQ-4 tipli qaz plitəsinin gündəlik 12 saatlıq iş rejimində aylıq qaz sərfiyyatı 432 m3, həcmli su qızdırıcısının gündəlik 12 saatlıq iş rejimində aylıq qaz sərfiyyatı 270 m3 təşkil edir.
34. O da qeyd edilməlidir ki, ekspert rəyində iddiaçıya məxsus qeyd olunan avadanlıqlar xx.xx.2017-ci il tarixli, ******* №-li aktda cavabdehin özü tərəfindən qeyd edilmiş, digər aktda isə iddiaçıya məxsus avadanlıqlar qeyd edilməmiş, bu səbəbdən kollegiya məhz həmin avadanlıqların qaz sərfiyyatı ilə bağlı ekspert qarşısında suallar qoymuşdur.
35. Ekspert rəyində və “Qazdan istifadə qaydalarının” 6.5, 6.5-1, 6.5-3 bəndində göstərilənlər nəzərə alınaraq müəyyən edilir ki, iddiaçının 360 günlük gündə 12 saat nəzərə alınmaqla qaz sərfiyyatı 1.010,88 manat təşkil edir (432 + 270 = 702 m3, 702 m3 x 12 ay = 8.424 m3, 8.424 m3 x 0,12 manat = 1.010,88 manat).
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* №-li akt üzrə cavabdeh tərəfindən qeyri-qanuni olaraq istifadə edilən təbii qaza görə 1.010,88 manat məbləğində borc hesablanmalı və buna görə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 5.555,58 manat məbləğində borc silinməlidir (6.566,4 (iki akt üzrə) – 1.010,88).
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-940/2024 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı (abonent kodu: **********00000) hesablanmış 5.555,58 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. 75 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR