Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3239/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin boşaldılaraq sökülməsi və torpaq sahəsinin qanuni sahibinə qaytarılması tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 oktyabr 2021-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Şirkət cavabdehə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsində (1.397552,494 4 475 025,130; 2.397 572,068 4 475 020,509; 3.397 578,864 4 475 008,275; 4.397562,099 4 475 008,819; 5.397 549,322 4 475 011,628 koordinatları daxilində) 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin mühafizə zolağında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun əvəzinin - 10 manat məbləğində pulun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X10 Bi.Vi. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə Saziş imzalanmışdır. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. Sazişin icrası ilə əlaqədar bir sıra rayonların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi Şirkətin istifadəsinə verilmişdir. İş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə olan və “Sazişin” icrası ilə əlaqədar olaraq Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni 3 saylı mədənin 6cı sahəsi daxilində yerləşən torpaq sahəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. Həmin tikili Şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozur. Bu səbəbdən də, cavabdeh həmin tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (qardaşı) X5 iddiaya etiraz edərək Rayon Məhkəməsinə izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən, Bələdiyyənin ərazisində yerləşən və təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m. torpaq sahəsi alğı-satqı yolu ilə cavabdehin mülkiyyətində verilmişdir. Həmin torpağın alğısatqısına dair müqavilə bağlanmış və həmin torpağın dəyərini təşkil edən 896 manat məbləğində pul cavabdeh tərəfindən Bələdiyyəyə ödənilmişdir. İddiaçı Şirkət tərəfindən mübahisələndirilən tikili də məhz həmin torpaq sahəsinin üzərində inşa edilmişdir. Həmin tikili orada olan neft buruğundan 300 metr aralı məsafədə yerləşir və bu tikili ilə neft buruğu arasında 20-yə yaxın fərdi yaşayış evi mövcuddur. İddiaçı Şirkət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarını mübahisələndirmiş, lakin həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4912/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Şirkət həmin qərardadı mübahisələndirməmişdir. Bu səbəbdən hazırki iddianı qaldırmaq üçün iddiaçı Şirkətin subyektiv hüququ da yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci tarixli qətnamə (İş № 2(001)-126/2021) ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən “Sazişin” 4-cü və 5-ci bəndələrinə əsasən, “Sazişdə” nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür. Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı da “Saziş” qüvvəyə mindikdən sonra artıq qüvvəsini itirmişdir. Bu baxımdan həmin tikili özbaşına tikili hesab edilməlidir. Cavabdehin həmin tikili və torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud deyil. Həmin tikiliyə sərf olunmuş tikinti materiallarına münasibətdə cavabdehin mülkiyyət hüququ mövcuddur. Bu səbəbdən cavabdeh iddiaçı Şirkətin qanuni istifadəsində olan sahədə inşa etdiyi özbaşına tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçı Şirkətin istifadəsinə qaytarılmalıdır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qeyri-qanuni və əsassız qətnamə qəbul etmiş, iş üçün əhəmiyyətli hallar araşdırılmamışdır. Rayon Məhkəməsi iddiaçı Şirkətin ona verilən torpaq sahəsindən 17 il 4 ay istifadə etməməsini, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi həmin torpaq sahəsinin cizgi planını, təhvil-təslim aktının ona verilməsini, torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatını tələb etməsini və dövlət reyestrindən çıxarış almamasını, faktiki olaraq iddiaçının ona sazişlə verilən torpaq sahəsinə bugünə mülkiyyət, icazə və istifadə hüququnun olmadığını nəzərə almamışdır. f) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat
8. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2(103)-694/2023) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini, hər bir tərəfin çəkdiyi məhkəmə xərcinin onun özünə aid edilməsini qət etmişdir. g) kassasiya instansiyasında icraat barədə məlumat
9. İddiaçı Şirkətin verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş № 2(102)-231/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinatları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir. h) apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
11. Cavabdeh apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. İddiaçı Şirkətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı Şirkət cavabdehə qarşı irəli sürdüyü iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qanunsuz olaraq inşa etdirilmiş mübahisəli özbaşına tikili Şirkətin balansında və istismarında olan torpaq sahəsi hüdudlarında yerləşir. Tikili qanunsuz olduğuna görə sökülməlidir.
15. Cavabdehin nümayəndəsinin Rayon Məhkəməsinə verdiyi izahatında qeyd edilir ki, mübahisəli tikili, Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən cavabdehə ayrılmış 400 kv.metr torpaq sahəsi üzərində inşa edilmişdir. Cavabdeh həmin torpaq sahəsini onunla Bələdiyyə arasında bağlanmış “Alğı-satqı müqaviləsi” əsasında satın almışdır. İnşa edilmiş həmin tikili neft buruğundan 300 metr aralı məsafədə yerləşir və bu tikili ilə neft buruğu arasında 20-yə yaxın fərdi yaşayış evi mövcuddur. Ev özbaşına tikili olmadığından iddia rədd edilməlidir.
16. Göstərilənləri nəzərə azlan Məhkəmə hazırki mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
17. Məhkəmə, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarında ifadə edilmiş göstərişini nəzərə alaraq, iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli üçün qeyd edilən mübahisəli tikilinin Şirkətin balansında və istismarında olan torpaq sahəsi hüdudlarında yerləşib-yerləşməməsinin araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə Məhkəmənin təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
18. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/4763 №-li xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən inşa olunmuş tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901 İİQD nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” xx.xx.2004-cü il tarixli Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı olub, neft torpaqlarına aid edilir.
19. Beləliklə Məhkəmə tərəfindən müəyyən edilir ki, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən cavabdeh X3 tərəfindən inşa olunmuş tikili iddiaçı Şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmişdir. Başqa sözlə: iş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə Sazişin icrası ilə əlaqədar ayrılmış torpaq sahəsinin bir hissəsində, yəni 3 saylı mədənin 6-cı sahəsi daxilində yerləşən torpaq sahəsində qanunsuz olaraq tikili inşa etdirmişdir.
20. İddiaçı Şirkət bildirir ki, həmin tikili onun istifadəsinə ayrılmış sahədə yerləşməklə neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaradır.
21. Cavabdeh isə bildirir ki, inşa etdirdiyi evi Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən cavabdehə ayrılmış 400 kv.metr torpaq sahəsində inşa etdiyi üçün iddiaçının həmin tikilinin sökülməsini tələb etməsi əsassızdır. Bundan başqa, tikili iddiaçı Şirkətə mane olmur, çünki orada olan neft buruğundan 300 metr aralı məsafədə yerləşir və bu tikili ilə neft buruğu arasında 20-yə yaxın fərdi yaşayış evi mövcuddur.
22. İşdə olan və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi xx.xx.2019cu il tarixli, 2-1(81)-4912/2019 saylı qərardadından görünür ki, iddiaçı “X8 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkətinin cavabdeh Xocəsən bələdiyyəsinə qarşı “xx.xx.2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması barədə” iddiası mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “Sazişin” 4-cü və 5-ci bəndələrinə istinadən qeyd edilmişdir ki, “Saziş” qanun qüvvəyə mindikdən sonra “Sazişdə” nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür. Hazırki iddia ilə mübahisə edilən Xocasən bələdiyyəsinin 32/07 saylı, xx.xx.2007-ci il tarixli qərarı da bu qaydada artıq qüvvəsi itirmişdir. Bununla belə, məhkəmə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin alğı-satqı yolu ilə cavabdehə ayrılmasına dair Bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarının artıq qüvvədən düşməsi səbəbindən inzibati mübahisənin mövcud olmaması qənaətinə gəlmişdir.
23. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, “Saziş” xx.xx.2005-ci il tarixdə qanuni qüvvəsini almış, cavabdehə torpaq sahəsi ayrılması barədə Xocəsən bələdiyyəsinin qərarı isə bundan bir neçə ay sonra, yəni xx.xx.2007-ci il tarixdə qəbul edilmişdir. Buna görə Bələdiyyənin qərarı qəbul edildiyi andan etibarsız olmuş, qüvvəyə minməmişdir. Bu baxımdan Xocəsən bələdiyyənin həmin qərarına istinadən iddianın əsassız hesab edilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz.
24. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli tikilinin neft borusundan hansı məsafədə yerləşməsindən asılı olmayaraq "xxxx" iddiaçı Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsində olan qanunsuz tikilinin boşaldılmasını və sökülməsini tələb etmək üçün Şirkətin subyektiv hüququ vardır. Bu baxımdan iddiaçı Şirkətin bu kimi iddianı irəli sürməyə subyektiv hüquqa malik olmaması barədə apellyasiya şikayətinin dəlili də əsassız hesab edilməlidir.
25. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
26. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 94 saylı, xx.xx.2001-ci il tarixli qərarına görə, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə normativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və sularının yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarına əsasən, neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 150 metr olmalıdır (maddə 22.2.). Torpaq Məcəlləsinin 62-ci maddəsinin mənasına görə, mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir (maddə 62.). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.).
28. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
29. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddia əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi də göstərilənlərə əsaslanaraq iddianı əsaslı hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. h) apellyasiya baxışının nəticəsi
30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 oktyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci olan 50 (əlli) manat Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.