Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-324/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı1, İddiaçı2 qəyyumu X1, iddiaçıların vəkili X3, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) İddia barədə məlumat
1. Birgə iddiaçılar, cavabdehə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh arasında Lənkəran rayonu, Siyavar kəndində 0,06 ha torpaq sahəsi üzərində yerləşən və 143,1 kv.metr fərdi yaşayış evinə dair xx.xx.2019cu il tarixdə bağlanmış “Bağışlama müqaviləsinin” və ondan irəli gələn hüquqi nəticələrin (“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”, “Texniki pasport”) etibarsız hesab edilməsi, İddiaçı2 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş olan xx.xx.2019cu il tarixli “Çıxarışın” əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər doğma qardaşdırlar. İddiaçı2 anadan gəlmə psixiqüsurludur. O, hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir. Bununla əlaqədar o, ruhi əsəb dispanserində qeydiyyata alınmış, ona İ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı2 kənar şəxsin qulluğuna ehtiyac olduğundan o, digər İddiaçı1 yanında yaşayır.
3. İddiaçı2 əhval-ruhiyyəsinin yüksəlməsi üçün, bununla da onun səhhətinə müsbət təsir göstərmək məqsədi ilə İddiaçı1 özünə məxsus və iddia ərizəsində qeyd edilən fərdi yaşayış evini İddiaçı2 bağışlamaq qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə o, İddiaçı2 ilə notarial qaydada müqavilə bağlamışdır. Bundan sonra isə Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən İddiaçı2 adına “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir.
4. Bir müddətdən sonra İddiaçı1 məlum olmuşdur ki, iş üzrə cavabdeh olan qardaşları Cavabdeh psixiqüsurlu olan İddiaçı2 aldadaraq xx.xx.2019-cu il tarixdə onunla “Bağışlama müqaviləsi” bağlamağa və evi öz mülkiyyətinə keçirməyə nail olmuşdur.
5. Göstərilənlərə əsasən mübahisəli fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixdə bağlanmış “Bağışlama müqaviləsi” və ondan irəli gələn hüquqi nəticələr etibarsız hesab edilməsi, evə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” İddiaçı2 adına verilmiş “Çıxarış” bərpa olunmalıdır. b) İddia tələbinə qarşı etiraz barədə məlumat
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı etirazda qeyd edilir ki, mübahisəli fərdi yaşayış evi əvvəlcə İddiaçı1, sonradan isə İddiaçı2 mülkiyyətində olsa da, əslində cavabdehə məxsusdur. Çünki evi məhz cavabdeh öz vəsaiti hesabına inşa etdirmiş və formal olaraq İddiaçı1 adına rəsmiləşdirmişdir. Hazırda İddiaçı1 qardaşları İddiaçı2 xəstəliyindən istifadə edərək evi sonuncuya bağışlamışdır ki, son nəticədə evi ələ keçirə bilsin. c) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
7. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2019cu il tarixli “Bağışlama müqaviləsi” bağlanarkən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilə etibarsız hesab edilə bilməz. İddiaçılar qeyd edilən müqavilənin aldatma yolu ilə və fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən bağlanmasına istinad etsələr də, bu halları sübuta yetirə bilməmişlər. Bundan əlavə nəzərə alınmalıdır ki, iddiaçılar həmin müqavilənin etibarsız hesab edilməsi üçün 1 illik kəsici müddəti ötürmüşlər. d) Apellyasiya şikayəti barədə məlumat
9. İddiaçı1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
İİ. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT e) İş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat
11. İddiaçı1 və onun vəkili X5 apellyasiya baxışı iclasında iştirak edərək şikayətin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
12. İddiaçı Səfadin Sadıqov səhhəti ilə əlaqədar olaraq apellyasiya baxışı iclasında iştirak etməmişdir. Apellyasiya baxışı iclasında onu onun (apellyasiya baxışı zamanı cəlb edilmiş) qəyyumu Fəxrəddin Sadıxov və vəkili İbrahim Sadıqov təmsil etmişlər.
13. Qəyyum və vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
14. Qəyyum əlavə olaraq bildirdi ki, o, üzərində qəyyum təyin edilmiş Səfadin Sadıqovun iddia tələbini və apellyasiya şikayətini bəyənir və müdafiə edir.
15. Cavabdeh və onun apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş vəkili (nümayəndəsi) X6 apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına, habelə iddiaya qarşı verdikləri etirazın məzmununa uyğun izahat vermişlər.
16. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Rayonu 1 saylı Notariat Ofisinin nümayəndəsi apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sənədlər barədə məlumat
17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mübahisəli fərdi yaşayış evinin üzərində İddiaçı1 mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
18. İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması barədə müqavilədən” görünür ki, İddiaçı1 həmin evi qardaşı İddiaçı2 bağışlamışdır.
19. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mübahisəli fərdi yaşayış evinin üzərində İddiaçı2 mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
20. İddiaçı2 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması barədə müqavilədən” görünür ki, Səfadin Sadıqov həmin evi qardaşı Cavabdeh bağışlamışdır.
21. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş və qeydiyyat nömrəsi ********** olan “Çıxarışdan” görünür ki, mübahisəli fərdi yaşayış evinin üzərində Cavabdeh mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi tərəfindən Lənkəran Şəhər Məhkəməsinin 2(049)-2221/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərardadına əsasən keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının nəticəsi ilə verdiyi xx.xx.2017-ci il tarixli, 1072 saylı rəyindən görünür ki, (iddiaçı) İddiaçı2 kəskin ifadə olunmuş imbesillik dərəcədə oliqofreniya (ağır kəmağıllıq) aşkar olunmuşdur. Buna görə də, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. g) Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sənədlər barədə məlumat
23. Lənkəran Şəhər Məhkəməsinin 2(049)-705/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
24. Həmin qətnamədən görünür ki, Lənkəran Şəhər Məhkəməsi qeyd edilən nəticəyə gələrkən həmin iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 788 saylı rəyinə istinad etmişdir ki, həmin rəyə görə Sədadin Sadıxovda kəskin ifadə olunmuş imbesillik dərəcədə oliqofreniya (ağır kəmağıllıq) aşkar olur. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas var.
25. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsindən (İş № 2(106)-2483/2021) görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə cavabdeh) Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli qətnamədən (İş № 2(106)-2483/2021) kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
27. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 47 saylı sərəncamından görünür ki, X2 qardaşı Cavabdeh üzərində qəyyum təyin edilmişdir.
28. Yuxarıda qeyd edilənləri nəzərə almış Məhkəmə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə stasionar məhkəmə-psixiatrik ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X4 Şəxsinin xx.xx.2022-ci il tarixli, 100 saylı rəyi almışdır.
29. Həmin rəydən görünür ki, İddiaçı2 xx.xx.2019-cu il tarixdə “Daşınmaz əmlakın bağışlanması barədə müqavilə” bağlanan zaman əziyyət çəkdiyi kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya (ağır kəmağıllıq) nəticəsində öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. Ekspert komissiyasının gəldiyi bu qənaət onunla əsaslandırılır ki, İddiaçı2 müəyyən olunan “kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya (ağır kəmağıllıq)” formasında psixi patologiya uşaqlıqdan nəzərə çarpan əqli inkişaf geriliyi və şəxsə daimi yardımın zəruri olması ilə səciyyələnən bir patologiyadır. İddiaçı2 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. O, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. h) Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Yuxarıda qeyd edilən sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iş üzrə tərəflər doğma qardaşdırlar. Mübahisəli fərdi yaşayış evi əvvəlcə İddiaçı1 mülkiyyətində olmuş və o, qardaşı İddiaçı2 ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilə əsasında evi sonuncuya bağışlamışdır. Bundan sonra İddiaçı2 digər qardaşı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə evi Cavabdeh bağışlamışdır. İddiaçı2 öz psixi vəziyyətinə görə məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. O, onunla hədiyyə alan Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanan zaman öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmamışdır. Hazırda iddiaçılar həmin müqavilənin etibarsız hesab edilməsi və müqavilənin yaratdığı nəticələrinin ləğv edilərək əvvəlki vəziyyətin bərpa edilməsi barədə iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər.
31. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, etibarlığı mübahisələndirilən müqaviləsi bağlanarkən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilə etibarsız hesab edilə bilməz. iddiaçıların qeyd edilən müqaviləni aldadılma yolu ilə və fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən bağlanmasına istinad etsələr də, lakin həmin hallar məhkəmə iclasında sübuta yetirilməmişdir. İddia digər tərəfdən, ona görə rədd edilməlidir ki, məhkəmə iddiaçılarının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə əqdin etibarsız hesab edilməsinə dair kəsici müddət tətbiq edilərək, müddətinin ötürülməsi əsasına görə iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsi məsələləri ilə əlaqədar kəsici müddət əqdin etibarsız sayılmasına əsas verən halları tərəfin bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində məhkəməyə müraciət etməli idilər.
32. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, 354-cü maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Beləliklə istinad edilən normaya əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçılar qanunla onlara əqdin etibarsızlığını mübahisələndirmək üçün verilmiş müddəti ötürmüşdürlər. Belə ki, qeyd edilən bağışlanma müqaviləsinin bağlanması iddiaçılara müqavilənin bağlandığı andan, yəni xx.xx.2019-cu il tarixdən məlum olmasına baxmayaraq, mövcud iddia ərizəsi (iddiaçılar iddia ərizəsinin tərtib edildiyi tarixi xx.xx.2021-ci il göstərmişdirlər) ilə məhkəməyə xx.xx.2021-ci i il tarixdə müraciət etmişdirlər. Hazırda mübahisələndirilən bağışlanma müqavilə isə xx.xx.2019-cu il tarixində bağlanılmışdır. İddiaçı1 19.03.21-ci il tarixli məhkəmə iclasında öz izahatında müqavilənin bağlandığını təzəlikcə bildiyini göstərsə də, lakin bununla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı1 digər iddiaçı Səfaddn Sadıxov ilə birlikdə mübahisə predmeti olan evin qonşuluğunda yerləşən digər fərdi yaşayış evdə yaşayırlar. Bu səbəbdən məhkəmə İddiaçı2 bağışlanma müqavilənin bağlanması ona məlum olmaması barədə dəlilini inandırıcı hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüklərindən, mövcud iddia tələbi rədd edilməlidir.
33. Rayon Məhkəməsi həmçinin “bağışlanma müqaviləsindən irəli gələn hüquqi nəticələrin (reyestrdən çıxarışın, texniki pasportun) etibarsız hesab edilməsi, İddiaçı2 adına verilmiş olan xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın (mülkiyyət haqqında sənədin) əvvəlki vəziyyətinə qaytarılması” barədə hissələrini araşdıraraq hesab etmişdir ki, iddia tələbi bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, qeyd edilən hissədə də iddia təmin edilməməlidir.
34. Məhkəmə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və bununla bağlı bildirir ki, artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinə, Respublika Psixiatriya X4 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən müəyyən edilir ki, mübahisələndirilən müqavilə bağlanan zaman İddiaçı2 fəaliyyət qabiliyyətsiz olan şəxs hesab edilməsə də, həmin vaxt o, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmamışdır.
35. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 346.1.). Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır (maddə 346.4.).
36. Məhkəmə eyni zamanda, iddianın irəli sürülməsi üçün müəyyən edilmiş 1 illik müddətin ötürülməsi ilə bağlı mövqeyini də əsassız hesab edir. Çünki İddiaçı2 xx.xx.2019cu il tarixli müqavilənin tərəfi olsa da, müqavilə bağlanan zaman öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmamış, İddiaçı1 isə həmin müqavilənin ümumiyyətlə tərəfi olmamış, müqavilənin bağlanmasında nümayəndə kimi də iştirak etməmişdir. İddiaçılar müqavilədən iddia verilməzdən az əvvəl məlumatlı olduqlarını bildirirlər və cavabdeh bunun əksini sübut edə bilmədiyi üçün iddiaçıların bu dəlili əsaslı hesab edilməlidir.
37. Bunlara baxmayaraq Məhkəmə hesab edir ki, İddiaçı1 bu iddianı irəli sürmək üçün nə subyektiv nə də, obyektiv hüquqa malik deyil. Çünki xx.xx.2019-cu il tarixli müqavilə bağlanan zaman mübahisəli ev onun deyil İddiaçı2 mülkiyyətində olmuş və özgəninkiləşdirlmişdir, həmçinin o, fəaliyyət qabiliyyəti olmayan İddiaçı2 qəyyumu deyil.
38. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı1 tərəfindən irəli sürülmüş iddia, İddiaçı1 bu iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə əsaslı hesab edilə bilməz. İşə baxmış Rayon Məhkəməsi bu iddianı, göstərilən əsasla deyil iddianın sübuta yetməməsi və kəsici müddətin keçməsi əsası ilə rədd etmişdir ki, bu nəticə səhv və işin hallarına uyğun olmayan hesab edilməlidir.
39. Məhkəmə həmçinin hesab edir ki, eyni mövqe apellyasiya şikayətinin İddiaçı1 aid hissəsinə də aid edilməlidir. Bu baxımdan apellyasiya şikayətinin ona aid hissəsi əsaslı hesab edilə bilməz.
40. Eyni zamanda yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, İddiaçı2 tərəfindən irəli sürülmüş və onun qəyyumu tərəfindən müdafiə edilən iddianın “xx.xx.2019-cu il tarixli “Bağışlama müqaviləsinin” və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə” hissəsi əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bu iddianı, göstərilən əsasla deyil iddianın sübuta yetməməsi və kəsici müddətin keçməsi əsası ilə rədd etmişdir ki, bu nəticə səhv və işin hallarına uyğun deyil. Bu baxımdan İddiaçı2 qətnamədən verdiyi və onun qəyyumu tərəfindən müdafiə edilən apellyasiya şikayəti müzakirə edilən bu hissədə əsaslıdır.
41. İddiaçı2 “onun adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2019-cu il tarixli “Çıxarışın” əvvəlki vəziyyətinə qaytarılması barədə” hissəsinə gəldikdə isə Məhkəmə qeyd edir ki, bu tələb təmin edilə bilməz. Belə ki, iddianın “xx.xx.2019-cu il tarixli “Bağışlama müqaviləsinin” və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə” hazırki qətnamə qüvvəyə mindikdən sonra, İddiaçı2 qəyyumu daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın bərpa edilməsi və ya buna oxşar başqa məzmunda müraciətlə Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət etməli və əgər həmin Xidmət müraciəti təmin etməzsə ondan o, həmin Xidmətə qarşı müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər.
42. Bu baxımdan Məhkəmə hesab edir iddianın “İddiaçı2 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2019-cu il tarixli “Çıxarışın” əvvəlki vəziyyətinə qaytarılması barədə” tələb əsaslı deyil. Bu tələb əsaslı olmasa da, Rayon Məhkəməsi bu tələbi göstərilən əsasla deyil iddianın sübuta yetməməsi və kəsici müddətin keçməsi əsası ilə rədd etmişdir ki, bu nəticə səhv və işin hallarına uyğun deyil. i) Apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
43. Beləliklə, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddianın qismən, yəni yuxarıda qeyd edilən hissələrdə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
44. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Cavabdeh qarşı irəli sürdüyü “müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiası təmin edilməsin. İddiaçı2 Cavabdeh qarşı irəli sürdüyü və onun qəyyumu X2 tərəfindən müdafiə edilən iddianın “bağışlama müqaviləsinin və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə” hissəsi təmin edilsin. (hədiyyə verən) İddiaçı2 ilə (hədiyyə alan) Cavabdeh arasında Lənkəran rayonu, Siyavar kəndində 0,06 ha torpaq sahəsi üzərində yerləşən və 143,1 kv.metr fərdi yaşayış evinə dair 18 iyul 2019-cu il tarixdə bağlanmış və həmin tarixdə Lənkəran Rayonu 1 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-916 nömrə altında qeyd alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və həmin müqaviləndən irəli gələn hüquqi nəticələr, yəni həmin evə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış, evə dair Cavabdeh adına verilmiş texniki pasport etibarsız hesab edilsin. İddiaçı2 Cavabdeh qarşı irəli sürdüyü və onun qəyyumu X2 tərəfindən müdafiə edilən iddianın “İddiaçı2 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş olan xx.xx.2019-cu il tarixli “Çıxarışın” əvvəlki vəziyyətinə qaytarılması barədə” hissəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.