Məhkəmə qərarları › İş №2(103)-3243/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3243/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3243/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Günay Sığorta” Aşıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi olaraq pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. Cavabdeh Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədi ilə cavabdeh Şirkətdən onun xeyrinə sığorta ödənişi olaraq 15.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumun əvəzinin ödənilməsi məqsədi ilə 135,45 manat, məhkəməyə müraciət etməklə bağlı vəkilə verdiyi etibarnamənin rəsmiləşdirilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 17,25 manat məbləğində pulun Şirkətdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən rayonunun Hənifə kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi iddiaçının nənəsi X1 məxsus olmuşdur. Nənəsi 2011-ci ildə vəfat etmişdir. Miras qalmış həmin torpaq sahəsi iddiaçının istifadəsinə keçmişdir. İddiaçı həmin sahədə 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Bundan sonra, yəni 2022 və 2023-cü illərdə iddiaçı cavabdeh Şirkət ilə müqavilə bağlayaraq evi sığortalamış və bu barədə ona “Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamə” verilmişdir. Şəhadətnamələrdə qeyd edilmişdir ki, sığorta hadisəsi baş verərsə və iddiaçıya maddi zərər dəyərsə Sığorta Şirkəti tərəfindən ona 15.000 manat məbləğində sığorta ödənişi veriləcək. Sonuncu sığorta müqaviləsi qüvvədə olduğu müddətdə, yəni xx.xx.2023-cü il tarixdə evdə yanğın baş vermiş, ev və evin içində olan əmlak məhv olmuş, iddiaçıya 46.786,28 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı sığorta ödənişini almaq üçün Şirkətə müraciət etsə də, Şirkət, evin özbaşına tikili olmasına istinad edərək, sığorta ödənişinin verməkdən imtina etmişdir. İddiaçı cavabdeh Şirkətin bu kimi imtinası əsassız hesab edir, çünki onunla Şirkət arasında “Daşınmaz əmlakın icbari sığortası haqqında müqavilə” bağlanmışdır. Şirkət evin özbaşına tikili olmasını bilirdi və buna baxmayaraq müqaviləni bağlamışdır. Belə olan halda Şirkətin sığorta ödənişini verməkdən imtinası qanunsuz hesab edilməlidir. b) cavabdeh tərəfin iddia tələbinə olan münasibəti barədə məlumat

3. Cavabdeh Şirkət iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar araşdırılma aparılmış və sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Belə ki, baş vermiş hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı X5 qərarına əsasən məlum olmuşdur ki, qeyd olunan daşınmaz əmlak dövlət qeydiyyatına alınmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı, həmin evin ona məxsus olmasını təsdiq edən hər hansı bir sənədi Şirkətə təqdim etməmişdir. Həmin ev Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə görə, özbaşına tikili sayılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 35.3.4-cü maddəsinə görə isə, özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunmuş sübutlar və işin halları araşdırıldıqda müəyyən edilir ki, iddia tələbinin dəlilləri əsassız, iddiaya qarşı etirazın əsasları isə əsaslıdır. Buna görə də, iddia təmin oluna bilməz. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçının inşa etdirdiyi evin yerləşdiyi torpaq sahəsi kolxoza aid olmuş və iddiaçının nənəsi X1 verilmişdir. Bəşarət Əhmədova həmin kolxozun üzvü olmuşdur. Torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-446A saylı (kod: ********) şəhadətnamədən görünür ki, torpaq sahəsinin mülkiyyətçisi Bəşarət Əhmədovadır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, Bəşarət Əhmədova 2011ci ildə vəfat etdikdən sonra iddiaçı həmin torpaq sahəsini miras qalmış əmlak kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı da vərəsə olaraq həmin torpaq sahəsini mülkiyyətinə qəbul etdikdən sonra torpaq sahəsinin üzərində 2 mərtəbəli evi inşa etmişdir. Göründüyü kimi iddiaçı həm torpaq sahəsinin, həm də torpaq sahəsinin üzərində inşa olunmuş evin mülkiyyətçisi sayılır. Göstərilənlərə əsasən hesab edilməlidir ki, iddia əsaslıdır və Rayon Məhkəməsinin iddianın rədd edilməsi barədə nəticəsi səhvdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

9. İş üzrə cavabdeh Şirkət işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.

10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) işdə olan sübutlar barədə məlumat

11. İddia ərizəsində qeyd edilən torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-446A saylı (kod: ********) şəhadətnamədən görünür ki, torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 07 saylı qərarı ilə Bəşarət Əhmədovanın mülkiyyətinə verilmişdir.

12. İddiaçının bildirdiyinə görə onun nənəsi Bəşarət Əhmədova 2011-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra həmin torpaq sahəsi onun tərəfindən miras əmlak kimi qəbul edilmiş və o, həmin sahədə 2 mərtəbəli fərdi yaşayış evini inşa etmişdir. Daha sonra, yəni 2022 və 2023-cü illərdə o, cavabdeh Şirkət ilə müqavilə bağlayaraq evi sığortalamış və bu barədə ona “Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamə” verilmişdir.

13. Cavabdeh Şirkət tərəfindən iddiaçıya sonuncu dəfə verilmiş “Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən” görünür ki, fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şirkət tərəfindən sığorta edilmişdir. Şəhadətnamədə qeyd edilmişdir ki, sığorta hadisəsi baş verərsə və iddiaçıya maddi zərər dəyərsə Şirkəti tərəfindən iddiaçıya 15.000 manat məbləğində sığorta ödənişi veriləcək.

14. İş materiallarından görünür ki, sığorta müqaviləsi qüvvədə olduğu müddətdə, yəni xx.xx.2023-cü il tarixdə evdə yanğın baş vermiş, ev və evin içində olan əmlak yanmışdır.

15. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, FHN DYNX-nin Şimal-Qərb Regional DYNİ-i tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli yanğın haqqında akta əsasən xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Balakən rayonu, Hənifə kəndində yerləşən və iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsinə səbəb evin elektrik xətlərində yaranmış qısaqapanma olmuşdur. Vətəndaşa 46.786 manat məbləğində maddi ziyan dəymişdir.

16. Cavabdeh Şirkət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 032/24 saylı məktubdan görünür ki, iddiaçı, yuxarıda qeyd edilən yanğın hadisəsi ilə əlaqədar Şirkətə müraciət etmiş və Şirkət tərəfindən ona verilmiş “Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnaməyə” əsaslanaraq şəhadətnamədə göstərilmiş 15.000 manat məbləğində sığorta ödənişinin ona verilməsini xahiş etmiş, lakin Şirkət ödənişi verməkdən imtina etmişdir. Şirkət imtinanı onunla əsaslandırmışdır ki, şəhadətnamədə sığorta obyekti kimi göstərilən ev Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə görə, özbaşına tikili sayılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.3.4-cü maddəsinə görə, özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Ev özbaşına tikili olduğu üçün mövcud olmayan tikili sayılır. Mülki Məcəllənin 908.1.3-cü maddəsinə görə, əqdlərin etibarsızlığının Mülki Məcəllə ilə nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi bağlandığı anda sığorta predmeti mövcud olmadıqda müqavilə etibarsız sayılır. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə görə, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

17. Göründüyü kimi, iddiaçı ilə cavabdeh Şirkət arasında yaranmış və artıq məhkəmə baxışının predmeti olan mülki mübahisə icbari sığorta ilə bağlı münasibətlərdən yaranmışdır.

18. İddiaçı hesab edir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi sığorta hadisəsidir və həmin hadisə zamanı yanmış fərdi yaşayış evi onun mülkiyyəti sayılan daşınmaz əmlakdır, çünki evin yerləşdiyi torpaq sahəsi onun nənəsi Bəşarət Əhmədovanın mülkiyyətində olmuş, nənəsi 2011-ci ildə öləndən sonra o, həmin torpaq sahəsini miras əmlak kimi qəbul etmiş və torpaq sahəsində fərdi yaşayış evini inşa etmişdir.

19. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Çünki FHN Əməliyyat- İstintaq İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yanğın hadisəsi ilə bağlı araşdırma aparılarkən Balakən Rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 944 saylı məktubu alınmışdır. Həmin məktubda qeyd edilmişdir ki, yanğın baş verdiyi fərdi yaşayış evi 1965-ci ildə inşa olunmuş və iddiaçı tərəfindən evə çıxarış alınmamışdır.

20. İddiaçı həmin evin 1965-ci ildə deyil, daha sonra onun tərəfindən inşa edilməsini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişdir.

21. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Qeyd edilənləri və iddiaçının 1987-ci il təvəllüdlü olmasını nəzərə alan Məhkəmə hesab edir ki, ev iddiaçı tərəfindən və onun vəsaiti hesabına inşa edilməmişdir.

23. Bu baxımdan hesab edilməlidir ki, qeyd edilən ev iddiaçının nənəsi Bəşarət Əhmədovaya məxsus tikilidir. Çünki evin inşasına icazə verilməsi, habelə inşasından sonra evin qanuni tikili olaraq tanınması və evin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı sənədlər mövcud olmasa da ev iddiaçının nənəsinin mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmişdir.

24. İddiaçının mövqeyindən işin bu halına yanaşdıqda müəyyən edilir ki, iddiaçı həmin torpaq sahəsini və evi onun tərəfindən qəbul edilmiş miras əmlak kimi qiymətləndirir.

25. Məhkəmə, iddiaçının mərhum Bəşarət Əhmədovanın nəvəsi olmasını nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 1159-cu maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.): Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (maddə 1159.1.1.). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar (maddə 1159.1.2.). Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (maddə 1159.1.3.).

26. Lakin iş materiallarından görünür ki, iddiaçı, Mülki Məcəllənin 1159-cu maddəsinin qeyd edilən şərtlərin mövcud olmasını təsdiq edə biləcək mötəbər sübutları işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişdir.

27. Bundan başqa Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş “Yanmış fərdi yaşayış evinin təmiri ilə bağlı smetada” göstərilənləri nəzərə alaraq bildirir ki, 1965-ci ildə inşa edilmiş evdə yanğın anına plastik pəncərələrin, asma tavanın və s. mövcud olması onu göstərir ki, həmin evdə vaxtaşırı təmir işləri aparılmış, evin şəraiti yaxşılaşdırılmışdır.

28. Mülki Məcəllənin 1243.3-ci maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

29. Həmin təmir və yaxşılaşdırma işlərinin başqa vərəsələr tərəfindən deyil, məhz iddiaçı tərəfindən aparılması təsdiq edən sübutlar işə baxmış Rayon Məhkəməsinə təqdim edilməmişdir.

30. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Bu baxımdan qəbul edilməlidir ki, yuxarıda qeyd edilən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsi faktı sübuta yetmir.

32. Evin iddiaçı tərəfindən inşa edilməsinin, evin və onun altında olan torpaq sahəsinin iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsinin, evdə aparılmış təmir və yaxşılaşdırma işlərinin iddiaçı tərəfindən təşkil edilməsinin sübuta yetməməsini nəzərə alan Məhkəmə bildirir ki, həmin ev iddiaçıya münasibətdə özbaşına tikili sayılır.

33. Çünki Mülki Məcəllənin 180.3-cü maddəsinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

34. Lakin apellyasiya baxışının nəticəsi ilə artıq müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının mülkiyyətinə keçməmişdir.

35. Göstərilənlər nəzərə alında isə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Şirkət arasında evə dair sığorta müqaviləsi bağlanıla bilməzdir.

36. Çünki “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 35.3.4-cü maddəsinə görə, özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

37. Buna baxmayaraq iddiaçı ilə cavabdeh Şirkət arasında bu kimi müqavilə bağlanmışdır. Amma Məhkəmə hesab edir ki, həmin müqavilə əhəmiyyətsiz olduğundan cavabdeh Şirkət həmin müqavilənin şərtlərini icra etməməkdə haqlı olmuşdur.

38. Çünki Mülki Məcəllənin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). g) apellyasiya baxışının nəticəsi

39. Qeyd edilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Odur ki, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

43. Beləliklə də göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar