Məhkəmə qərarları › İş №2(103)-3243/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3243/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3243/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddia tələbi üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1598/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İddiaçı MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

2. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 296.7 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

3. xx.xx.2024-cü il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.

4. 13.01.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə borcundan 0 manat ödəmiş, 3560.4 manat əsas borca görə ödənilməmiş məbləğ, 23.6 manat innovativ layihələr mərkəzi rüsumu, 1068.12 manat cərimə olmaqla, cəmi 4652.12 manat məbləğində borcu qalmışdır.

5. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Apple 20W Usb-C adapter, İmei kodu **********59166 olan İphone 15 Pro Max markalı telefon üçün 3560.4 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum məbləği və 1068.12 manat cərimə, ümumilikdə 4652.12 manat borc və 66.53 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple 20W Usb-C adapter, İmei kodu **********59166 olan İphone 15 Pro Max markalı telefon almış və nəticədə 4652.12 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 3560.4 manat olan Apple 20W Usb-C adapter, İmei kodu **********59166 olan İphone 15 Pro Max markalı telefon üçün ümumilikdə 4652.12 manat olmaqla ondan, 3560.4 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum məbləği, müştəriyə güzəşt olunaraq 1068.12 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelı adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1598/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 3560.4 manat əsas borc və 50 manat cərimə borcu olmaqla, cəmi 3610.4 (üç min altı yüz on manat qırx qəpik) manat pulun və ödənilmiş 56.1 (əlli altı manat on qəpik) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 462.2, 467, 567, 600.4, 601.1, 601.2-ci maddələrinə, Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1, 284-1, 284-2, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının məhkəmə iclasında iştirakı a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və borcun əsas borc hissədə təmin edilməsi, faizlərin yenidən hesablanaraq ləğv edilməsi, cərimə məbləğinin tam şəkildə rədd edilməsi, iddianın yalnızca faiz düzgün hesablandıqdan sonra əsas borc hissəsində təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanılmış kredit müqaviləsinə əsasən qeyd edilən məbləğdə borcu yoxdur. Həmin kredit xətti üzrə müqaviləyə imza atsa da müqavilənin şərtləri fərqli olmuşdur. Belə ki, telefonda qüsur olduğu üçün elə həmin gün müqavilənin şərtlərində dəyişiklik edilməsini, faiz məbləğin çox yüksək yazıldığını, qüsurlu telefonun aktiv olması səbəbilə geri qaytarılmasının mümkünsüzlüyü bildirildikdən sonra faizlərin azaldılmasını istəmişdir. Bütün bu səbəblərə görə də ödədiyi ilkin ödənişin nəzərə alınmasını istəmişəm. Sonradan isə müəyyən olmuşdur ki, iddiaçı heç bir xəbərdarlıq da göndərmədən məhkəməyə müraciət etmiş və belə bir qətnamənin qəbul edilməsinə nail olmuşdur. İddiaçı tərəfindən hesablanan cərimələr təmamilə əsassız və qanunsuzdur. Hesab edir ki, tələb edilən cərimə məbləği də tam şəkildə rədd edilməlidir. Çünki iddiaçının buradan vahid niyyəti çətin olan durumumu daha da çətinləşdirməklə əlaqəlidir. Məhkəmə tərəfindən bitərəflik prinsipi pozularaq işə obyektiv baxılmamış, ekspertin rəyi alınmamış, hesablanan faizin hansı hesablanma düsturuna və hansı əsasa dayanılaraq hesablanıldığı barədə xüsusi bilik tələb edən hal kimi ekspert rəyi alınmamışdır ki, burada da iddiaçının tələb etdiyi əsas borc tam şəkildə tutulmuşdur. Halbuki hakim tərəfindən iş ətraflı araşdırılsa idi ekspertin rəyi alına, göstərilən məbləğlərin belə şişirdilmiş olması müəyyən edilərdi. Qeyd edir ki, məhkəmə iclasında iştirakı təmin edilməmiş, nəticədə iştirakı olmadan, iddia məhkəməyə verilərkən heç bir xəbərdarlığın da ona çatmadığını müəyyən edərək iştirakının təmin edilməməsi hüquqlarını kobud şəkildə pozmuşdur. Faizlər hansı meyarlara əsasən hesablanıb vəkilin ödəniş etdiyim məbləğ hansı səbəblə göstərilməyib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının məhkəmə iclasında iştirakı

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

17. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

18. 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

20. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

21. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

23. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda, qətnamə yalnız mübahisələndirilən hissədə apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1598/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, müqavilədə göstərilən malı borcluya vermişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Bununla belə cavabdeh iddianı əsas borcun - 3560.4 manat pul məbləğinin ondan tutulması hissəsində qəbul edir və apellyasiya şikayətində qətnaməni əsas borcun tutulması hissəsində mübahisələndirmir.

35. Kollegiya apellyasiya şikayətinin dəbbə pulu dəlilinə münasibətdə isə qeyd edir ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 467-ci maddəsinə və Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrına əsasən cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrını 50 manat məbləğində müəyyən etməsi məqsədəuyğun hesab olunur.

36. Kollegiya hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 56.1 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə iclasında iştirakının təmin edilmədiyini bildirsə də, mülki-prosessual qanunvericiliyə əsasən sadələşdirilmiş icraat qaydasında mülki işlərə baxılması zamanı məhkəmə baxışının keçirilməsi və tərəflərin izahatlarının dinlənilməsi tələb olunmur. Qeyd olunan xüsusat birinci instansiya məhkəməsi tərəfindən cavabdehə göndərilən məhkəmə iclasında iştirakla bağlı bildirişdə də qeyd olunmuşdur. Eyni zamanda mülki işə məhkəmə iclasında baxılmasına dair cavabdeh tərəfindən vəsatət təqdim edilməmiş və məhkəmənin təşəbbüsü ilə hazırki işə məhkəmə iclasında baxılmasına hər hansı zərurət müəyyən edilməmişdir.

38. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində müqavilə şərtlərinin fərqli olduğunu, malın qüsurlu olduğunu qeyd etsə də, göstərilən halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda cavabdeh şikayətində iddiaçının ona xəbərdarlıq məktubu göndərmədən məhkəmədə iddia qaldırdığını qeyd etsə də iş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1598/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar