Məhkəmə qərarları › İş №2(103)-3246/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3246/2025

04.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3246/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh İB-nə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı "borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı qrafasında "Muradov Gülağa” qeyd edilməklə **********00112 abonent koduna "...sayğacın klapanı işlək deyil, ALARM-1 rejimi aşkar olunub” nöqsanı qeyd edilmişdir.

2. Cavabdeh iB-nin xx.xx.2019-cu il tarixli "X8na dair” tələbnamənin surətindən görünür ki, **********00112 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 7920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.

3. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı qrafasında "X9” qeyd edilməklə **********00112 abonent koduna "abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmişdir.

4. Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli "X8na dair” tələbnamənin surətindən görünür ki, **********00112 abonent koduna xx.xx.2024-cü il tarixli ******* sayı akta əsasən itirilmiş qazın bərpası üzrə 44064 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmudur.

5. xx.xx.2024-cü il tarixli "Abonent Saldosu”ndan görünür ki, X3 məxsus **********00112 saylı abonent hesabına "Qalıq və aktlar” qrafasında 06/2019 tarixi üzrə 486 manat, 06/2021 tarixi üzrə 216 manat, 04/2024 tarixi üzrə 2073,60 manat borc hesablanmış, "Ödəniş” qrafasında 03/2021 tarixinə "-2574,80” manat borc yazılmış, 06/2024 tarixinə "Ay sonuna borc” 5350,40 manat olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbini dəqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 5000 manat məbləğin iddiaçı X1 hesab kodundan (kod: **********00112) silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "ünvan 1 ünvanında yerləşən ev onun mülkiyyətindədir, o, özü həmin ünvanda qeydiyyatda olsa da , faktiki olaraq orada yaşamır, oğlu ilə birlikdə başqa ünvanda yaşayır, xx.xx.2019-cu ildə "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci ildə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 2, ev 11 "B" ünvanında quraşdırılmış İTRON- SMART G-4 tipli, 1702AZ**********24 No li qaz sayğacına abonentin və ya ailə üzlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirilmiş və GUYA sayğacın klapanının işlək olmaması ALARM-1 rejimində mövcud olması aşkar edilmişdir. Bu səbəbdən 1702AZ**********24Neli qaz sayğacı STS **********8 No li qaz sayğacı ilə əvəz edilmiş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* N° li AKT tərtib edilmişdir. xx.xx.2019-cu ildə İTRON-SMART G-4 tipli, 1702AZ**********24 No li qaz sayğacı dövlət yoxlanılması üçün laboratoriyaya göndərilmişdir.xx.xx.2019-cu ildə dövlət yoxlamasının nəticəsi məlum olmuşdur. Metrologiya Departamentinin rəyində sayğacın klapanının işlək olmaması və ALARM-1 rejimində mövcud olması səbəbindən sayğac istismara yararsız hesab edilmişdir.Metrologiya Departamentinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən qeyd olunan faktla bağlı abonentin iştirakı olmadan Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında»dəymiş zərərin hesablanması və ödənilməsi barədə xx.xx.2019-cu ildə ******* No li AKT tərtib edilmiş, lakin AKTın ikinci nüsxəsi abonentə verilməmişdir.Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2019-cu il tarixli "X8"na dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması" məqsədi ilə 4860 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 486,00 manat borc yazılmışdır.xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 2, ev 11 "B" ünvanında quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirilmiş və sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xəttinin hansı ünvana daxil olmasına dair foto-şəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və xx.xx.2024-cü ildə qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* No li AKT tərtib etmişdir. Həmin AKTa əsasən dəymiş ziyan 17280 m3 hesablanmış və abonentin hesab koduna 2073,60 manat borc yazılmışdır. Yuxarıda qeyd olunan maddə xx.xx.2022- ci ildən qüvvəyə mindiyi üçün, hesab edirik ki, göstərilən norma xx.xx.2024-cü il tarixli, ******* No li AKTa tətbiq olunmalıdır.Beləliklə, Cavabdeh İB qanunsuz qoşulma halları ilə bağlı AKT tərtib etdikdə bir nüsxəsini barəsində AKT tərtib edilmiş şəxsə verməklə yanaşı, AKTın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müayyan etdiyi organa (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət tagibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, cavabdeh Azəriqaz» İB göstərilən qaydaya riayət etməmişdir. İş üzrə istehlakçının qaz xəttinə qanunsuz qoşulması, habelə sayğaca müdaxiləsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların cavabdeh tərəfindən təqdim olunmadığından hesab edirik ki, xx.xx.2024-cü il tarixli, ******* No li AKTa əsasən dəymiş zərərin tutulması ləğv edilməlidir. İddiaçı tərəfindən Məhkəməyə təqdim olunmuş 0158338, ******* va ******* № li AKTlardan görünür ki, həmin AKTlar birtərəfli qaydada tərtib edilmiş,abonent və ya ailə üzvləri və ya qonşular həmin AKTları imzalamamışdır. İmzalanmamış həmin AKTlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın İşlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Cavabdeh qeyd olunan ünvana dəfələrlə baxış keçirsə də abonentin və ya qonşuların iştirakını təmin etməmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, X1 **********00112 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5000 (beş min) manat məbləğində borcun silinməsi, Cavabdehndən 70 (yetmiş) manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X4).

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, Abonent saldosundan görünür ki, aktlara əsasən istehlakçıya 2775,60 manat məbləğində borc, bundan əlavə olaraq da mənfi qeydə alınmaqla heç bir akta əsaslanmadan 2574,80 manat məbləği olmaqla, ümumilikdə, 5350,40 manat məbləğində borc hesablanmış, iddiaçı isə 5000 manat məbləğində borcun silinməsini tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 5000 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

10. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5-ci, 6-cı maddələrinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü, 18-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14.2-ci, 77.1-ci, 88-ci, 119cu, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun olmuş və bir nüsxəsi abonentə təqdim edilmiş və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki, bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə isə öz növbəsində nədənsə iddia tələbinin təmin olunmasında maraqlı olmuşdur. Eyni zamanda iddiaçı sayğacdan kənar qazdan istifadə etdiyinə görə nə hər hansı ödəniş nə də sərfiyyat qeydə alınmışdır. Məhkəmə isə bu hallara yox sübutsuz mülki iş üzə baxaraq iddiaçının mülahizələri ilə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən, 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. .9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun:

Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Hazırkı işin faktiki hallarına əsasən, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı abonentin - iddiaçının **********00112 saylı abonent hesabına "Qalıq və aktlar” qrafasında 06/2019 tarixi üzrə 486 manat, 06/2021 tarixi üzrə 216 manat, 04/2024 tarixi üzrə 2073,60 manat borc hesablanmış, "Ödəniş” qrafasında 03/2021 tarixinə "-2574,80” manat borc yazılmış, 06/2024 tarixinə "Ay sonuna borc” 5350,40 manat olmuşdur, hazırda həmin məbləğ ondan tələb edilir, iddiaçı isə 5000 manat borcun silinməsini tələb edir. Bununla belə, Akt əsasında 04/2024-cü il tarixi üzrə hesablanmış 2073,60 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, təbii qazdan sayğacsız istifadə edilməsinə dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən, eləcə də, abonentin hesabına "-1574,80” yazılmasına əsas olmuş hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.

24. Habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejmi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir.

25. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, AKT əsasında "Qalıq və aktlar” qrafasında 04/2024 tarixi üzrə 2073,60 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni "Azəriqaz” İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.

26. İddiaçının abonent hesabına "Ödəniş/o cümlədən qeyri-ödənişlər” qrafasında 03/2021 tarixinə yazılmış "-2574,80” manata münasibətdə isə həmin məbləğin hansı əsasla abonentin hesabına daxil edilməsi müəyyən deyil. Belə ki, müvafiq qaydalara uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus ev ilə əlaqədar ona dəymiş zərərə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

28. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməli və bir nüsxəsi abonentə verilməlidir. Hazırki halda isə cavabdeh qurum tərəfindən qeyd edilənlərə riayət edilməmişdir.

29. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da məhkəmə tərəfindən aparılan hesablamada əks edilən məbləğ istisna edilməklə əsaslı hesab edilməməklə silinməlidir.

30. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Həmçinin, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar