Məhkəmə qərarları › İş №2(103)-3250/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3250/2024

31.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3250/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-681/2024 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamaliyev küçəsi, ev № 14-də yerləşən 5 №-li mənzildə (abonent kodu: **********00051) təbii qazdan istifadə ilə bağlı hesablanmış 1.969,92 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən iddiaçıya hesablanmış borcdan 1.894,92 manat məbləğində borc silinsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Silinməsi tələb olunan 1.969,92 manat borc cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* tarixli akta əsasən hesablanıb. Həmin aktda qeyd olunub ki, abonentin təbii qazdan sayğacdankənar qeyri-qanuni birləşmə ilə istifadə etdiyi aşkar olundu. İddiaçı (abonent) qazdan sayğacdankənar istifadə etdiyini etiraf edir, lakin atasının yas mərasimini yola vermək üçün yalnız 1 gün – 2023-cü il may ayının axırında təbii qazdan sayğacdan kənar istifadə etdiyini bildirir. Birinci instansiya məhkəməsi abonentin qazdan sayğacdan kənar istifadə etdiyi qazın həcminin 600 kub.m, dəyərinin isə 120 manat olduğunu müəyyən edib. Məhkəmə bunu müəyyən edərkən “abonentin saldosu”nda qeyd olunan, əvvəlki dövrdə istehlak edilmiş qazın həcmini nəzərə alıb. Məhkəmə işin bu halını düzgün müəyyən edib və qətnamənin məzmununda lazımi qaydada əsaslandırıb. Ona görə də 1.969,92 manat borcun 1.849,92 manatlıq hissəsi (1.969,92 manat – 120 manat = 1.849,92 manat) silinməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 1.969,92 manat borcun 1.849,92 manatlıq hissəsinin silinməsini qət edib. Qətnamə tərtib edilərkən açıq hesab səhvinə yol verilib, silinməsi qət olunan borcun məbləği 1.849,92 manat göstərilməli olsa da səhvən “1894,92 manat” göstərilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinə görə, hakim açıq hesab səhvini öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə düzəltmək hüququna malikdir. Odur ki, açıq hesab səhvi mahiyyəti üzrə düzgün olan qətnamənin yuxarı məhkəmə tərəfindən dəyişdirilməsinə əsas olmalı deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-681/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar