Məhkəmə qərarları › İş №2(103)-3254/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3254/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3254/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-4467/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən 630 manat əsas, 63 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıdan aldığı dəyəri 3360 manat (24 ay x 140 manat) olan «Violetta» markalı künc divana və mətbəx mebelə görə 630 manat əsas, 63 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 4467/2020 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, cavabdehin ödədiyi 2730 manat pulun həm qaytarılmış «Violetta» markalı künc divanına görə, həm də faktiki ödənişlərin cəmindən (1800+930=2730) ibarət olmasını, yəni 2730 manatdan əlavə 1800 manat pulun ödənilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh faktiki olaraq 930 manat pul ödəmiş, sonradan ödənişləri həyata keçirə bilimədiyindən qarşılıqlı razılıqla «Violetta» markalı künc divanı 1800 manat qiymətləndirilmiş və həmin məbləğ mətbəx mebelinə görə ödənilmiş 930 manatın üzərinə gəlinmiş və ümumi ödəniş məbləği 2730 manat hesablanmışdır. İşdə olan maliyyə arayışından da görünür ki, cavabdeh künc divanına görə divanın qaytarılması anınadək ümumilikdə 1050 manat ödəmiş, divan qaytarılarkən uzun müddət cavabdehin istifadəsində olması də nəzərə alınmaqla qalıq dəyəri 750 manat hesablanmış, beləliklə 1800 manat «Violetta» markalı künc divanının dəyəri kimi nəzərə alınmışdır. Cavabdeh mətbəx mebelinə görə 930 manat pul ödəmişdir. Göründüyü kimi 2730 manat ümumi məbləğdir və onun üzərinə 1800 manat pulun gəlinməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır və işdə olan sübutlarla öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamış, əsassız olaraq 2730 manatın üzərinə əlavə 1800 manat pulu gəlmiş, ümumi ödənişi 5530 manat kimi hesablamışdır. Belə çıxır ki, cavabdeh 3360 manata görə 5530 manat ödəniş etmişdir ki, bu da sadə məntiqə sığmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli, 131516 saylı nisyə alqı-satqı müqaviləsinin bağlanması, müqaviləyə əsasən «Violetta» markalı künc divanının və mətbəx mebelin cavabdehə satılması, satılmış əşyaların ümumi dəyərinin 3360 manat müəyyən olunması, həmin pul vəsaitinin 24 ay müddətinə, aylıq ödəniş 140 manat olmaqla ödənilməli olması, əşyaların cavabdehə xx.xx.2017-ci il tarixdə təhvil verilməsi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, bir müddət sonra əşyalardan «Violetta» markalı künc divanının tərəflərin qarşılıqlı razılığına əsasən iddiaçıya qaytarılması halı da mübahisələndirilmir. İddiaçı hazırki iddiasında cavabdehdən ödənilməmiş 630 manat əsas, 63 manat dəbbə pulu olmaqla, cəmi 693 manat pul tələb etmiş, cavabdeh tərəfindən ümumi ödənişlərin məbləğini 2730 manat kimi göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən əşyanın dəyəri 3360 manat təşkil etmiş, cavabdeh isə əşya geri qaytarılan tarixədək (xx.xx.2018-ci il) müqavilə üzrə 2730 manat pul ödəmişdir. Əşya iddiaçı tərəfindən 1800 manata qiymətləndirildikdən sonra qaytarılan tarixə cavabdehin iddiaçı qarşısında borcu qalmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin künc divanı geri qaytarılanadək 2730 manat pul ödəməsini qeyd etmiş və həmin məbləğin üzərinə künc divanının qaytarılması ilə bağlı hesablanmış 1800 manat pulu gəlmiş, beləliklə cavabdehin borcunun qalmamasını müəyyən etmişdir. Halbuki, iddiaçı 2730 manat pulun ümumi ödəniş məbləği kimi göstərmiş, yəni cavabdeh tərəfindən mətbəx mebelinə görə faktiki olaraq 930 manat ödəniş edilməsini və həmin məbləğin üzərinə künc divanına görə ödənişlər də nəzərə alınmaqla hesablanmış 1800 manat pulun gəldiyini, beləliklə ümumi məbləğin 2730 manat olmasını göstərmişdir. Yəni, birinci instansiya məhkəməsinin mövqeyindən belə nəticə çıxır ki, cavabdehin ümumi ödənişləri 5530 manat həddində olmuşdur ki, bu da müqaviləyə əsasən ödənilməli olan ümumi məbləğdən 2170 manat çoxdur. Lakin, məhkəmə cavabdeh tərəfindən nəyə görə bu həddə ödəniş olunmasını aydınlaşdırmamış, işdə olan sübutlar isə belə nəticəyə əsas vermir. Eyni zamanda, işdə olan sübutlardan (ödəniş qəbzləri, maliyyə arayışı və s.) cavabdeh tərəfindən faktiki olaraq (künc divanının qaytarılmasına görə hesablanmış məbləğ nəzərə alınmasa) 2730 manat pulun ödənilməsi halı da görünmür. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Çünki, işdə olan ödəniş qəbzlərində göstərilən məbləğlər maliyyə arayışında öz əksini tapsa da, bir ədəd ödəniş (xx xxxx 2018-ci il tarixdə – 300 manat) nəzərə alınmamışdır. İddiaçının nümayəndəsi həmin ödənişin hazırki mübahisəyə aidiyyətinin olmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin ödənişi də tərəflər arasında bağlanmış hazırki alqı-satqı müqaviləsi üzrə nəzərə alır və tələb olunan 630 manat əsas borcdan çıxılmalı olması nəticəsinə gəlir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia 63 manat dəbbə pulu hissədə əsaslıdır. Çünki, tərəflər aralarında bağladıqları alqı-satqı müqaviləsində ödənişlərin gecikdirilməsi halında dəbbə pulu ödənilməsini nəzərdə tutmuşlar (müqavilənin 3.3, 3.4 və s. bəndləri). Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia satılmış əşyaya görə 330 manat əsas borc və ödənişlərin gecikdirilməsinə görə tələb olunan 63 manat dəbbə pulu hissədə əsaslıdır. Çünki, cavabdeh müqaviləyə əsasən aldığı əşyaya görə həmin pul vəsaitini ödəmək öhdəliyini daşıyır və borcunun olmaması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin qeyd edilməlidir ki, işdə olan qəbzdən görünür ki, iddiaçı iddia qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan həmin məhkəmə xərci qismən cavabdehə aid edilməli, 15 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, cavabdehdən iddiaçının xeyrinə 330 manat əsas borc, 63 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 15 manat, cəmi 408 manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-4467/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 4467/2020 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh iddiaçı «xxxx» MMC-nin xeyrinə 330 (üç yüz otuz) manat əsas borc, 63 (altmış üç) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat, cəmi 408 (dörd yüz səkkiz) manat pul vəsaiti tutulsun, iddia qalan hissədə təmin olunmasın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar