Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3256/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, №323) 58.5 kv.m.-lik 270 №-li mənzilin alğı-satqısına dair Cavabdeh ilə "xxxx" Fərdi Firması arasında bağlanmış 99/2018 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında mənzilə verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əri X6 "xxxx" Fərdi Firmasından ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, №323) 58.5 kv.m.-lik 270 nömrəli mənzili almış və həmin mənzilin dəyərini tam olaraq ödəmişdir. Sonradan həmin mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh əsassız olaraq İkram Əliyevin guya ki, ona qarşı dələduzluq etdiyini, onun etibarından sui-istifadə edərək 85.000 manat məbləğində pulunu mənimsədiyi ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə şikayət etmiş, həmin idarənin İstintaq Şöbəsinin müstəntiqi Elnur Məmmədov tərəfindən İkram Əliyev qanunsuz və əsassız olaraq şübhəli şəxs qismində tutulmuş və 48 saat müddətində qanunsuz saxlanılmış, 12.07.2018-ci il tarixdə isə ona AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan sonra müstəntiq və Cavabdeh İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, №323) 58.5 kv.m-lik 270 №-li mənzili Cavabdeh verilməsi üçün İkram Əliyevə saxlanıldığı müddət ərzində dəfələrlə hədə-qorxu etmiş, təzyiqlər göstərmiş, o, da bu təzyiqlərə dözməyərək naməlum sənədləri imzalamağa məcbur olmuşdur. Onlar nəinki çarəsiz vəziyyətdə olan İkram Əliyevə, hətta həyat yoldaşı İddiaçı və ailənin digər üzvlərinə də hədə-qorxu, təhdidlər etmiş, sözügedən mənzili Kamilə satmaqları tələb olunmuşdur. İddiaçı da hədə-qorxu, təzyiq və təhdidlər altında naməlum sənədlər imzalatdırılmışdır. Zorla imzalatdırılmış həmin sənədlər əsasında da "xxxx" Fərdi Firması ilə Cavabdeh mənzilin alğı-satqısına dair 99/2018 №-li müqavilə imzalamış və İddiaçı mənzilini mənimsəmişdir. Bununla da, İddiaçı mənzili qanunsuz olaraq, zorla əlindən alınmış və onun mülkiyyət toxunulmazlığı, mənzil hüququ kobud surətdə pozulmuşdur. Mənzil Cavabdeh adına keçdikdən sonra İkram Əliyev sərbəst buraxılmış və o, 85.000 manat məbləğində pulu Kamilə tam olaraq qaytarmışdır. Bu səbəbdən də Cavabdeh Binəqədi Rayon İstintaq Şöbəsinə 19.07.2018-ci il tarixdə ərizə ilə müraciət edərək borc məbləğinin tam olaraq ödənildiyi və buna görə də heç bir tələb, şikayətinin olmadığını bildirmişdir. Sonradan, yəni 30.03.2021-ci il tarixdə cinayət işi materialları ilə tanış olarkən məlum olmuşdur ki, İkram Əliyev barəsində qəbul olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar kifayət qədər əsaslar olmadan qəbul edildiyi, müstəntiq tərəfindən yalnız zərəçəkmiş şəxsin (Cavabdeh) ifadəsinin nəzərə alındığı, İ.Əliyevin göstərdiyi dəlillərin isə gözardı edildiyi, həmçinin İ.Əliyev tərəfindən Cavabdeh pul məbləği tam ödənildiyi üçün onun tələb və şikayətinin olmamasına dair cinayət işi materiallarına əlavə olunmuş ərizə nəzərə alınmış və əməldə cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlardan da açıq-aydın görünür ki, ünvan 2 ünvanında yerləşən B bloku (6-cı blok, №323) 58.5 kv.m-lik 270 №-li mənzilin Cavabdeh verilməsinə dair ərizə, sənədlər hədə-qorxu, təhdid, təzyiq altında imzalandığı üçün həmin ərizə əsasında Cavabdehla "xxxx" Fərdi Firması arasında bağlanmış 99/2018 №-li mənzilin alğısatqısına dair müqavilə etibarsız hesab olunmalı və həmin müqavilə əsasında mənzilə verilmiş çıxarış ləğv olunmalıdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğunu bildirib, onun rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, “həyat yoldaşı X6 "xxxx" Fərdi Firmasından mənzili almış və həmin mənzilin dəyərini tam olaraq ödəmişdir. Sonradan həmin mənzil İddiaçı adına qeydiyyata alınmışdır”. İddiaçı mənzilin ilkin olaraq həyat yoldaşının adına olmasını qeyd etsə də, həmin əmlakın hansı səbəbdən iddiaçının adına keçirilməsini izah etməmişdir. Bu aydındır, çünki həqiqətin bilinməsi ona sərf etmir. Qeyd olunan məsələyə toxunulsa aydın olar ki, iddiaçının həyat yoldaşı cavabdehdən aldığı pulun tələb etməyi halında, olası tələbin əmlaka yönəldilməsi ehtimalının qarşısını almaq məqsədilə bu addımı atmışdır. Belə ki, İkram Əliyev cavabdehin etibarından sui-istifadə edərək ondan 85.000 manat iş görmək adı ilə pul almış, daha sonra həmin pulu qaytarmaqdan boyun qaçıraraq hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Daha sonra, ümumiyyətlə telefonlarına cavab verməmişdir. Hüquqlarının qorunması məqsədilə hər bir sadə vətəndaş kimi cavabdeh də ilk öncə asayişin keşikçisi olan polis orqanlarına müraciət etmişdir. Təbii ki, bu onun real haqqıdır və o, bu hüququndan istifadə etmişdir. Burada hər hansı bir qəbahət yoxdur və ola da bilməz. Digər tərəfdən cavabdehin iddiaçıya və həyat yoldaşına guya hədə qorxu gəlməyi, təzyiqlər göstərməyi ilə bağlı qeyd edilənlər tamamilə cəfəngiyatdır. Üstəgəl bu təzyiqlərə dözməyərək iddiaçının və həyat yoldaşının naməlum sənədləri imzalamağa məcbur olması isə gülüncdür. Hansı dövlətdə, hansı dövrdə yaşayırıq ki, kimsə kiməsə hədə qorxu gəlsin, təzyiq göstərsin. Bu quru və yalan dolu ittihamlar əvəzinə əsl həqiqətin bildirilməsi daha doğru olardı. Belə ki, iddiaçı könüllü olaraq həyat yoldaşının cavabdehə verilməli olan pulun və onun üstünə 20.000 (iyirmi min) manat müqabilində mübahisəli mənzilin cavabdehə satılmasını təklif etmiş və qarşılıqlı razılıq əldə edilmişdir. Bununla bağlı, iddiaçı hansısa naməlum sənədi deyil, notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Həmin ərizəni də məcburi deyil, könüllü olaraq 19 saylı notariat kontorunun xüsusi notariusu Hafiz Hacızadənin yanında imzalamışdır. Üstəgəl bütün bu işlərdə onunla birlikdə qardaşı polis əməkdaşı olan Fariz adlı şəxs, habelə həyat yoldaşının qardaşı Vasif Əliyev də iştirak etmişdir. Polis əməkdaşının yanında kiməsə hədə qorxu gəlmək, özü də Azərbaycanda, bu iddiaçının utopiyasından başqa bir şey deyildir. Mübahisəli mənzilə dair çıxarış olmadığından mənzilin cavabdehin adına rəsmiləşdirilməsi üçün "xxxx" Fərdi firması tərəfindən razılıq ərizəsi tələb olunurdu. Həmin ərizədə iddiaçı mənzillə bağlı gələcəkdə heç bir iddiasının olmayacağını da bəyan etmişdir. Təbii ki, iddiaçının mənzilin cavabdehə satılması ilə bağlı təklifi anlaşılandır. Belə ki, birgə nikahları dövründə həmin pul həyat yoldaşı tərəfindən alınmış və həmin pulun tələb edilməsi halında birgə cavabdehlər qismində çıxış edəcəklərdi. Bütün bunların qarşısını almaq, eləcə də əlavə olaraq 20.000 manat əvəzində belə bir sövdələşməyə getmək məntiqli bir addımdır. Beləliklə, qarşılıqlı razılıq əsasında mənzilin ümumi dəyəri 105.000 (yüz beş min) manat müəyyən edilmiş, ondan 85.000 manatı birgə nikah dövründə iddiaçının həyat yoldaşı tərəfindən cavabdehdən alınmış pulun əvəzinə, yerdə qalan 20.000 manatı isə iddiaçıya onun qardaşı Farizin, habelə İkram Əliyevin qardaşı Vasif Əliyevin və atası Fazil Kərimovun yanında "xxxx" Fərdi firmasının ofisində iddiaçıya vermişdir. Eyni zamanda, aralarında olan razılaşma könüllülük əsasında olmuşdur. Bunun əyani sübutu kimi mənzilin adına sənədləşdirilməsindən xeyli müddət sonra (təqribən 3-4 ay sonra) mənzilə dair əvvəlki dövrə aid kommunal borcun iddiaçının həyat yoldaşı İkram Əliyevin göstərişi ilə qardaşı Vasif Əliyev tərəfindən (2018-ci ilin yanvar-iyul ayları üçün 140 manat) "xxxx" Fərdi firmasına, habelə mənzilə dair onlar yaşadığı dövrə dair elektrik enerjisinə görə olan borcun (24 manat) ödənilməsini, üstəgəl su istifadəsinə görə yaranmış borcun ödənilməsi məqsədilə sayğac göstəricilərinin cavabdehdən istəməsini göstərilə bilər. Göründüyü kimi, əgər iddiaçının dediyi kimi həmin sənədlər hədə qorxu, təzyiq altında imzalanmış olsaydı, könüllü olmasaydı ondan xeyli müddət sonra iddiaçının həyat yoldaşı İkram Əliyevi sadalanan ödənişləri etməsini nə vadar edirdi? Bunun 2 izahı ola bilər: ya həyat yoldaşı iddiaçını aldadır, ondan bunları gizlədir ki, bu məntiqsizdir; ya da hər şey könüllük əsasında olmuşdur. Göz qabağındadır ki, ikinci hal məntiqə daha uyğundur və bu reallıqdır. Bundan əlavə, həmin mənzili aldıqdan sonra əşyaların çıxardılması ilə bağlı iddiaçı və həyat yoldaşı cavabdehdən vaxt istəmiş, bununla bağlı cavabdeh tərəfindən 1 aylıq müddətə vaxt da verilmişdir. Gələk indi hazırkı iddianın indi verilməsinin əsl səbəblərinə. İlk öncə sual olunur əgər hədə qorxu ilə təzyiqlə sənədlər imzaladılmışdırsa, niyə dərhal sonra deyil məhz hadisədən təqribən 3 il sonra belə bir iddia qaldırılmışdır? Bunun da məntiqi izahını belədir ki, İkram Əliyev cavabdehdən aldığı pulu iş görmək məqsədilə Türkiyə Respublikasının vətəndaşı X3 verdiyini bildirirdi. Həmin şəxslə bağlı Nərimanov RPİ-də qaldırılmış ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında 17 mart 2021-ci il tarixli qərar verilmiş və həmin qərarda İkram Əliyevin dediklərinin həqiqətə uyğun olmadığı göstərilmiş və Alettin Uluçun əməlində cinayət tərkibinin olmadığı bildirilmişdir. Bundan sonra İkram Əliyev öz yalanlarının boşa çıxdığını görmüş və iddiaçının əli ilə belə bir iddianı qaldırmağı qərara almışdır. Beləliklə, göründüyü kimi mübahisə edilən mənzil qarşılıqlı razılıq əsasında könüllü olaraq cavabdehə satılmış, mənzilin dəyəri tam ödənilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə bir tərəfə cavabdeh kimi iddia irəli sürüb, lakin, əgər müqavilənin onun iradə ifadəsinin ziddinə, hakimiyyətdən suiistifadə etməklə hədə-qorxu gəlməklə bağlanması iddia edilirsə, bu halda müqavilə tərəflərinin hamısı, yəni Tamam Firması da cavabdeh kimi prosesə cəlb edilməli idi. Hakimiyyətdən sui-istifadə etməklə hədə qorxu gələn vəzifəli şəxs, və ya idarə də cavabdeh tərəfindən ya müstəqil tələb irəli sürməyən üçüncü şəxs (Polis İdarəsi, Binəqədi və ya Nərimanov), ya da cavabdeh kimi prosesə cəlb edilməli idi. Həmçinin, iddiaçının nümayəndəsi birbaşa prosesə iddiaçı qismində prosesə cəlb edilməli idi, çünki nümayəndə birbaşa iddiaçının həyat yoldaşıdır və məhz onun həbs edilməsi, barəsində cinayət işinin başlanması, təqsirləndirilən şəxs kimi barəsində qərarlar qəbul edilməsi, müstəntiqin qərarı ilə sonra zərər çəkmiş şəxs qəbul edilməsi qərarının olması faktı ilə bağlı iddiaçı müqavilə imzalamağa məcbur olub. Əsas da onun mülkiyyət hüquqları birbaşa pozulub. Belə ki, mübahisəli mənzili bilavasitə iddiaçının həyat yoldaşı işləyərək pul yığıb alıb, sonra həyat yoldaşına onun arzusuna əsasən onun adına keçirib. Yəni, mənzil birgə nikah dövründə alındığından birgə mülkiyyət hesab edilir. İddiaçı həyat yoldaşının təqsirli şəxs kimi həbs edilməsindən qorxduğundan təzyiqlərə dözməyib mənzilin satılmasına dair sənədləri imzalayıb. İş üzrə zəruri rəsmi sənədlər iş materiallarında müqayisəli şəkildə araşdırılmayıb. İş materiallarında 17 mart 2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsinə dair” Qərar mövcuddur. Bu qərar hazırda qanuni qüvvədədir. Bu qərarda cavabdehin ifadəsi, etirafları, şahidlərin ifadələri və müstəntiqin gəlidiyi nəticə odur ki, cavabdehin pulu təkcə iddiaçının rəsmi qanuni qüvvəyə minmiş etirafı məhkəmə hakimi nəzərə almayıb nədənsə. Məhkəmə həmçinin, müəyyən edib ki, cavabdehin kredit müqaviləsinə əsasən ələ almalı olduğu pul 85.000 manat məbləğidir. Mənzilin həqiqi bazar qiyməti isə, müqavilədə yazılandan xeyli çoxdur. Bu isə o deməkdir ki, cavabdeh 85.000 manat pulun müqabilində ondan xeyli çox olan dəyərdə mənzili vəziyyətdən sui-istifadə edərək ələ keçirdərək əsassız varlanmışdır. Məhkəmə hər bir halda mənzilin dəyərinin müəyyən edilməsi bağlı şifahi vəsatəti təmin etməli idi. Nəticədə müəyyən edilib ki, cavabdeh təkcə hüquqdan və hakimiyyətdən sui-istifadə edən alıcı deyil, həm də vəziyyətdən sui-istifadə edərək əsassız varlanan şəxsdir. Lakin, həqiqət nədənsə təhrif edilib. Həmçinin, məhkəmə mənzilin satılarkən həqiqi qiymətini müəyyən etməmişdir. Belə ki, müqavilədə mənzilin dəyəri 55.000 dollar qiymət qeyd edilsə də, bu hal heç də həqiqəti əks etmir, belə ki, mənzilin 2018-ci il üçün bazarda satış qiyməti ən azı 135.000 manata yaxın idi. Məhkəmə iddiaçının əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatətini təmin etməmişdir. Həmçinin, məhkəmə etibarsız əqdlərlə bağlı iddia tələbi müddətinin keçməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Lakin, məhkəmə özü müəyyən edib ki, mübahisələndirilən əqdin nəticəsi, 2018-ci il tarixində deyil, 2020-ci il tarixində yaranıb. Belə ki, 01 oktyabr 2021-ci il tarixli AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi cavabında qeyd edilib ki, Cavabdeh 19.07.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən mübahisəli mənzilə mülkiyyət hüququnu 30.12.2020-ci il tarixində əldə edib. Yəni, nəticə müqavilənin bağlanması anı ilə deyil, bilavasitə mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi və bu barədə məlumatın alınması tarixi hesab edilməlidir. Buna görə də məhkəmənin müddətin keçməsini müqavilə bağlandığı andan hesablaması özlüyündə maddi hüquq normasının səhv tətbiq etməsini sübut edir. Həmçinin, məhkəmə müəyyən etməmişdir ki, mübahisəli mənzil iddiaçının özünün və ailəsinin yeganə yaşayış yeridir, yoxsa, iddiaçının yaşaması üçün özünün və ailəsinin mülkiyyətində başqa yaşayış yeri varmı? İddiaçı kirayədə yaşayır, yoxsa yaşamağa başqa mənzili varmı? Əfsus məhkəmə bu halların heç birini müəyyən etməmişdir. Həmçinin, məhkəmə aidiyyatı qaydaları da düzgün müəyyən edilməyib. Belə ki, iddia tələbi hər hansı müqavilənin ləğv edilməsi ilə bağlı olmamışdır, iddianın əsl motivi daşınmaz əmlaka mülkiyyət hüququnun özəlləşdirilməsinin ləğv edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi olub. Yəni tələb birbaşa iddiaçıların daşınmaz əmlaklarına mülkiyyət hüququndan məhrum edən müqavilənin və çıxarışın ləğv edilməsi ilə bağlı mülkiyyətin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, ilə əlaqədar qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq ilə bağlıdır. Əfsus məhkəmə bu halı da nəzərə almayıb. Maraqlarına toxunan şəxsə qarşı təqsirləndirilən şəxs kimi ona qarşı cinayət işi Binəqədi rayon Polis İdarəsində baxılıb. Lakin, iş üzrə zərər çəkmiş şəxs üçün sonuncu qərar 17 mart 2021-ci il tarixində Nərianov Rayon Polis İdarəsində qəbul edilmiş və hazırda qüvvədədir. Əfsus məhkəmə bu halı da nədənsə düz müəyyən etməmiş və nəticədə məhkəmə aidiyyat qaydaları pozulub. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinin əsası kimi istinad olunan halların sübut edilmədiyi, iddiaçı tərəfin iradə ifadəsinə dair irəli sürdüyü dəlillərin mötəbər sübut olmadığı qənaətinə gəlsə də, əsaslandırılmış və tam hüquqi qiymətləndirmə aparmamış, işdə olan bəzi sübutları öyrənməmiş, əhəmiyyətli bir sıra halları aydınlaşdırmamış və gəldiyi nəticəni düzgün əsaslandırmamışdır.Halbuki belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin həqiqiliyi, tərəflərin əsl hüquqi niyyəti ilə bağlı faktlara dair məlumatları əks etdirən sübutlara, şəxsin mülkiyyət hüququnun necə özgəninkiləşdirilməsi, prosesdə tərəflərin düzgün müəyyən edilib-edilməməsi, mülkiyyət hüquqları pozulmuş maraqlarına toxunan şəxslərin prosesə cəlb edilib edilməməsi mülki prosessual qanunvericiliyə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" Fərdi Firması tərəfindən məhkəməyə göndərilmiş 24.09.2021-ci il tarixli 19 saylı məktubdan görünür ki, "xxxx" Fərdi Firması ilə İddiaçı arasında bağlanmış olan ünvan 3 ünvanında yerləşən binanın B bloku (6-cı blok, № 323), 270 saylı mənzilin alğı-satqısına dair 94/2017 nömrəli 27.11.2017-cı il tarixli müqaviləsi ilə İddiaçı 19.07.2018-ci il tarixli və həyat yoldaşı X4 19.07.2018ci il tarixli ərizələrinə əsasən xitam verilmiş və İddiaçı ərizəsində qeyd olunduğu kimi Cavabdeh ilə firma arasında 99/2018 nömrəli 19.07.2018-ci il tarixli Yasamal rayonu, Şəfaət Mehdiyev (Ə.Ələkbərov) küçəsi 1054-cü məhəllə ünvanında yerləşən binanın B bloku (6-cı blok, №323), 270 saylı mənzilin alğı-satqısına dair yeni müqavilə bağlanılmışdır. Məktuba əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə "xxxx" Fərdi Firması arasında ünvan 3 ünvanında inşa edilən binanın B bloku. 6 (altı) (323), 16 mərtəbə, 1 otaqlı ümumi sahəsi 58,5 kv.m-dən ibarət 270 saylı mənzilinə dair 27.11.2017-cı il tarixdə 94/2017 nömrəli müqavilə bağlanmış, həmin müqavilədə mənzilin hər kv.m 940,17 ABŞ dolları olmaqla ümumi dəyəri 55000 ABŞ dolları olaraq qeyd edilmiş, 2.5-ci bənddə isə mənzilin dəyərinin 100 faizinin ödənildiyi göstərilmişdir. İddiaçı Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş 19.07.2018-ci il tarixli ərizəsində adına olan ünvan 3də inşa olunan binanın B bloku. 6 (altı) (323), 16 mərtəbədə, 1 otaqlı, ümumi sahəsi 58,5 kv.m olan 270 saylı mənzilin müqaviləsinin Cavabdeh adına keçirilməsinə heç bir etirazının olmadığını və gələcəkdə həmin mənzillə bağlı "xxxx" Fərdi Firmasına qarşı heç bir iddiasının olmayacağını firmanın direktoruna bildirmişdir; eyni zamanda iddiaçının əri X6 da eyni tarixli ərizə ilə "xxxx" Fərdi Firmasının direktoru V.X.Qurbanova müaciət edərək, həmin mənzildən imtina etdiyini və mənzilin satılmasına heç bir etirazının olmadığını bildirmişdir. Həmin ərizələrlə eyni tarixdə (19.07.2018-ci il) "xxxx" Fərdi Firması ilə Cavabdeh arasında ünvan 3 ünvanında inşa edilən binanın B bloku. 6 (altı) (323), 16 mərtəbə, 1 otaqlı ümumi sahəsi 58,5 kv.m-dən ibarət 270 saylı mənzilin alğı-satqısına dair 99/2018 nömrəli müqavilə bağlanmış, həmin müqavilədə də mənzilin hər kv.m 940,17 ABŞ dolları olmaqla ümumi dəyəri 55000 ABŞ dolları olaraq qeyd edilmiş, 2.5-ci bənddə isə mənzilin dəyərinin 100 faizinin ödənildiyi göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusu əsasında əldə edilmiş 01 oktyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarına əsasən ünvan 4 ünvanında yerləşən 270 saylı mənzil "xxxx" Fərdi Firmasının 19.07.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 30.12.2020-ci il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mülki işin materiallarından və tərəflərin izahatlarından aydın olur ki, Cavabdeh “X4 ona binalarda quraşdırılması üçün lift alıb satmaqla yaxşı qazanc verəcəyini yalandan vəd edib, iki dəfəyə ümumilikdə 50000 ABŞ dolları pulunu ələ keçirməsi” barədə ərizəsi Binəqədi RPİ-də araşdırılaraq idarənin 27.06.2018-ci il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə cinayət işi başlanılmış, 12.07.2018-ci il tarixli qərarla isə X6 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cavabdeh Binəqədi RPİ-nə ünvanladığı 19.07.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, təqsirləndirilən şəxs X6 ona dəymiş 85.000 manat ziyanı ödədiyi üçün heç bir şikayəti və maddi tələbi yoxdur. İş materiallarından həmçinin aydın olur ki, Binəqədi rayon prokurorluğunun 22.10.2018-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 12.07.2018-ci il tarixli qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş, cinayət işi istintaqın davam etdirilməsi üçün Binəqədi RPİ İŞ-ə göndərilmişdir. Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədovun 17 mart 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına xitam verilmiş, X2 təqsirləndirilən şəxs kimi statusu və onun barəsində 07 mart 2020-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilmişdir. Həmçinin işdən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış 05.09.2018-ci il tarixli müqavilədən görünür ki, X9 Kamildən aldığı 85000 manat borc məbləğini geri qaytardığından tərəflər arasında bağlanmış 02.12.2017-ci il tarixli, 3-M-1335 nömrəli kredit müqaviləsi ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Hazırkı mübahisə üzrə isə "xxxx" Fərdi Firması ilə Cavabdeh arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə mülki işin materiallarından iddiaçının notarial qaydada təsdiq edilmiş 19.07.2018-ci il tarixli ərizə ilə "xxxx" Fərdi Firmasının direktoruna müaciət edərək, adına olan ünvan 3də inşa olunan binanın B bloku. 6 (altı) (323), 16 mərtəbədə, 1 otaqlı, ümumi sahəsi 58,5 kv.m olan 270 saylı mənzilin müqaviləsinin Cavabdeh adına keçirilməsinə heç bir etirazının olmadığını və gələcəkdə həmin mənzillə bağlı firmaya qarşı heç bir iddiasının olmayacağını bildirdiyi, o cümlədən onun əri X4 da adı çəkilən firmaya ünvanladığı eyni tarixli ərizə ilə həmin mənzildən imtina etdiyi və mənzilin satılmasına heç bir etirazının olmadığını göstərdiyi, mübahisələndirilən müqavilənin də həmin ərizələrin əsasında və elə həmin tarixdə (19.07.2018-ci il) bağlanmış olduğu müəyyən edilmişdir. Mənzilin iddiaçı və əri X6 tərəfindən boşaldılaraq cavabdehə təhvil verildiyi də mübahisə mövzusu deyildir. Digər tərəfdən məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ərizələr və müqavilə ilə eyni tarixdə hazırkı işdə cavabdeh olan Cavabdeh da Binəqədi RPİ-nə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs X4 (iddiaçının ərinin) ona dəymiş 85000 manat ziyanı ödədiyi üçün heç bir şikayətinin və maddi tələbinin olmadığını bilməsi ilə bağlı işin faktiki halı da iddiaçının (o cümlədən onun ərinin) mənzildən məhz cavabdehə vurulan ziyanın ödənilməsi niyyəti ilə imtina etdikləri qənaətinə gəlməyə əsas verir. Bütün bunlar isə, həmin müqavilənin məhz iddiaçının iradə bəyanına müvafiq olaraq bağlandığını göstərməklə, onun müqavilənin zorakılıq, hədə təsiri altında bağlandığına dair irəli sürdüyü arqumentlərin də əsassız olduğu mənasına gəlir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbləri ilə bağlı hüququ mövqeləri ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin: - 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci madəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. - 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. - 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının dəlilləri öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq rədd etmişdir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2021-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmin qərarda göstərilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, hesab edir ki, məhkəməyə iddia qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən iddia müddətinin keçməsi digər əsaslarla yanaşı iddianın rədd edilməsi əsası kimi qiymətləndirilməlidir. Belə olan halda alğı-satqı müqaviləsi qanunvericiliyin tələbləri nəzərə alınmaqla bağlanmış və müqavilənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya, apellyasiya şikayətinin “mübahisəli mənzilin satılarkən həqiqi qiymətini müəyyən edilməməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı "xxxx" fərdi firması ilə hazırda mübahisə predmeti olan mənzilin alğı-satqısına dair 27.11.2017-ci il tarixdə müqavilə bağlayarkən, mənzili 55000 ABŞ dolları ödəməklə əldə etmiş, həmin dövrün məzənnəsinə uyğun olaraq isə bu məbləğin manat ekvivalenti 93500 manat təşkil etmişdir. Bundan 7 ay sonra isə mənzil Cavabdeh 85000 manat əvəzində verilmişdir. Göründüyü kimi, mənzilin istər ilkin vaxtda alınarkən, istərsə də cavabdehə borc əvəzində verilərkən dəyərləndirilməsi zamanı təyin olunan məbləğlər arasında kəskin fərq mövcud olmamışdır. Bu hal isə, hazırda mübahisə predmetini təşkil edən mənzilin qiymətləndirilməsi üçün prosessual hərəkətlərin keçirilməsi zərurət yaratmır. Bundan başqa, İddiaçı mənzili Cavabdeh 85000 manat əvəzinə verərkən bu barədə notariat qaydada təsdiq edilmiş ərizə ilə iradəsini ifadə etmiş və həyat yoldaşı İkram Əliyev də mənzilin satılmasına heç bir etirazının, gələcəkdə tələblərinin olmayacağını ərizəsi ilə bəyan etmişdir. Belə olduğu halda, mənzilin 85000 manata cavabdehin adına rəsmiləşdirilməsində hər hansı sui-istifadə halları və apellyatorun qeyd etdiyi kimi cavabdeh tərəfindən əsassız varlanmanın halları müəyyən olunmur. Apellyator şikayətində, həmçinin iddia müddətinin ötürülməməsi əsası kimi “mübahisələndirilən əqdin nəticəsinin 2018-ci ildə deyil, 2020-ci il tarixində yaranması və müqavilənin bağlanması anı ilə deyil, bilavasitə mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi zamanı məlumatın alınması tarixindən hesablanmalı olmasını” və buna münasibətdə maddi hüquq normasının səhv tətbiq edildiyini qeyd etmişdir. Kollegiya bu dəlillərə münasibətdə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Qərarında bu qəbildən olan münasibətlərdə tətbiq edilməli olan müddətin hüquqi mexanizmi barəsində ətraflı şərh verilmişdir. Həm qanunvericilikdə, həm də qeyd olunan qərarda isə müddətin tətbiqinin mülkiyyət hüququnun yaranması anında əmələ gəlməsi əsası təsbit edilməmişdir. Həmçinin, apellyator maddi hüquq normasının səhv tətbiq edilməsini qeyd etsə də, maddi hüquq normasının səhv tətbiq edildiyinin nədən ibarət olması qeyd etməmiş, dəlilini formal mülahizələrlə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında apellyatorun vəkili-nümayəndəsi Vəkil1 Nərimanov RPİ-nin İŞ-nin 17 mart 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına istinad edərək bildirmişdir ki, Cavabdeh əsassız olaraq varlanmış, yəni ziyanın müqabilində o, həm mübahisəli mənzili əldə etmiş, həm də istintaq zamanı dəymiş ziyan ona ödənilmişdir. Lakin, yuxarıda qeyd edilən qərardan görünür ki, tərəflər arasında yaranmış mübahisə ilə bağlı ziyan X5 tərəfindən İkram Əliyevə (iddiaçının yoldaşı) və qardaşı Vasif Əliyevə ödənilmişdir. Ziyan ödənildiyindən və Uluç Alettinin əməllərində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığından cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə qeyd edir ki, digər dəlillər formal xarakter daşıyır, apellyatorun mülahizələrinə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3256/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3256/2022
26.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver