Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3259/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız borcun silinməsi, elektrik enerjisinin verilməsinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1514/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, 102 saylı mənzil iddiaçı tərəfindən 22 noyabr 2018-ci il tarixdə əldə edilmişdir və hazırda onun mülkiyyətindədir.
2. İş materiallarında olan abunə haqqında çıxarışdan görünür ki, iddiaçının mübahisələndirdiyi 963,52 manat məbləğində borc Qabil Rzayevin adına olmuş **********50102 saylı sayğacın üzərində olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 0015, 0102 saylı mənzilə hesablanmış əsassız borcun silinməsi, elektrik enerjisinin verilməsinin bərpa edilməsi və elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində dəymiş 1000 manat maddi və 3000 manat mənəvi ziyanın İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 noyabr 2018-ci ildə xüsusi mülkiyyət hüququ ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 34.36 kv.m olan, ********** qeydiyyat nömrəli mənzili əldə etmişdir. İddiaçı mənzil alınarkən müvafiq sayğaca yüklənən pulun qəbzini, evin sənədlərini və çıxarışı təqdim edərək elektrik enerjisinin verilməsi ilə bağlı sayğacın iddiaçının adına keçirilməsi ilə bağlı Asan Kommunal Xidmətinə müraciət etmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya verilən 12 yanvar 2019-cu il tarixli bildirişdə də ödəniləcək borcun olmadığı öz əksini tapmışdır. Yeni sakin mülkiyyətçi kimi iddiaçı ilə müqavilə bağlanaraq müvafiq sayğac iddiaçının adına keçirilmişdir və burada borcunun olmadığı qeyd edilmişdir. İddiaçı 4 il müddətində bu sayğacdan istifadə etmişdir. 20 noyabr 2022-ci il tarixdə iddiaçı mənzildə ikən işıq idarəsindən gələn əməkdaş mənzilin nömrəsini və hansı sayğacın mənzilə aid olduğunu soruşmuş, iddiaçı da göstərmişdir. O da işığı söndürüb yandırmaqla bunun yoxlanılmasını xahiş etmiş və iddiaçının razılığı ilə yoxlamışdır. 22 noyabr 2022-ci il tarixdə iddiaçı işdə ikən mənzildə işləyən usta ona zəng edərək gəlib işığı kəsdiklərini bildirmişdir. İddiaçı işığı kəsən elektriklə telefonla danışmış və borcunun olmadığını, sayğacın üstündə pulun olmasını bildirmişdir. Elektrik ona sənədlərə baxdıqlarını, bu mənzilə aid olan sayğacın Qabil Rzayevin adına olmasını, 2008-2012-ci illərə aid 963,52 manat məbləğində borcun olmasının qeyd olunduğunu və iddiaçının bu borcu ödəməli olduğunu bildirmişdir. İddiaçı müvafiq sənədlərlə "xxxx" ASC Xətai bölməsinin müştərilərlə iş şöbəsinə getmişdir. X9 adına 2012- ci ildə 963 manat borca görə fəaliyyəti dayandırılmış sayğacın 3 səhifədə çap edilmiş vərəqi verilmiş və borcu ödəmək təklif edilmişdir. İddiaçı borcun və bu sayğacın ona aid olmadığını bildirdikdə ona borcun ödənilməsinin yeganə çıxış yolu olması deyilmişdir..
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1514/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsindən mənəvi ziyana görə 300 (üç yüz) manat pul vəsaitinin alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə, “Elektroenergetika” haqqında Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə iddiaçının cavabdehin hərəkətləri nəticəsində dəfələrlə işıq idarəsinə getmək məcburiyyətində qaldığını və müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı qərar çıxarılmasına baxmayaraq cavabdeh tərəfindən işığın iki dəfə kəsilməsi nəticəsində mənəvi sarsıntılar keçirdiyi qənaətinə gəlsə də, iddiaçının işıq idarəsinə getməklə mənəvi sarsıntı keçirmək arasında olan səbəb nəticə əlaqəsini, həmçinin müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı qərardadın cavabdeh tərəfindən icra edilməməsi və bu üzdən təqsirli olması barədə mövqeyini heç bir sübut və dəlillərlə əsaslandırmamışdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçıya konkret olaraq nə kimi zərər vurulduğunu və bu zərərin konkret olaraq nədə ifadə olunduğunu, həmçinin əgər zərər mövcuddursa, onlara dəymiş zərərlə cavabdehin hərəkət və hərəkətsizliyi arasında səbəb nəticə əlaqəsinin olmasını hər hansı bir sübut və dəlillərlə əsaslandırmamış, işin hallarının tam və hərtərəfli araşdırmadan sadəcə iddiaçının verdiyi ifadəyə əsaslanaraq tam əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz..
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1514/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Hazırda iş üzrə iddiaçı X4 məhkəməyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir.
28. Belə olduğu halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mənzilində təmir-bərpa işləri aparılmış və iddiaçı cavabdehin hərəkətləri nəticəsində dəfələrlə işıq idarəsinə getmək məcburiyyətində qalmış, orada yaranmış mövcud vəziyyətlə bağlı sarsıntılar keçirmişdir. Hazırkı iş məhkəmənin icraatında olan zaman elektrik enerjisinin verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin üzərinə qoyulması barədə müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı qərar çıxarılmasına baxmayaraq cavabdeh təşkilat iki dəfə iddiaçının ünvanına gələn işığı kəsmişdir. Bu halların araşdırılması və aradan qaldırılması ilə bağlı da iddiaçı psixoloji sarsıntılar keçirmişdir. Baş vermiş hadisə iddiaçının şüuruna təsir göstərməklə onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.
29. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
30. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
31. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1514/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.