Məhkəmə qərarları › İş №2(103)-3259/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3259/2025

12.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3259/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-816/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş və sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2020-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və 885.60 dəymiş ziyan hesablanmışdır.

2. İddiaçının abonent hesabına 2011-ci ilədək olan borc məbləği 1.415,30 manat təşkil edir. Həmçinin 2020-ci ilin may ayında sayğac iki dəfə mənfiyə işləmiş, 1.507,28 manat və 1.466,28 manat borc hesablanmışdır. Borc məbləği ümumilikdə 4.388,86 manat təşkil edir, iddiaçı isə 3.364,18 manat borcun silinməsini xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini təmin edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3.364,18 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda abonent kodu mərhum X2 adınadır. Abonent kodu **********10000-dır. Bu yaxınlarda abonent kodu üzrə yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edildi. İddiaçı X3 xx.xx.2024-cü il tarixində vəfat etdikdən sonra "xxxx" ASC, "xxxx" ASC və digər kommunal xidmətlərlə müqavilə bağlamış və mənzilin su, işıq kodlarını öz adına rəsmiləşdirmişdir. Lakin Cavabdeh İB Т.Н.Məhəmmədova bu günə 3.364,18 manat borc yazıldığına görə iddiaçı ilə müqavilə bağlamaqdan və abonent kodunu iddiaçının adına rəsmiləşdirməkdən imtina etmişdir. Abonent saldosunda əks olunmuş 3.364,18 manat borc məbləğini araşdırdığı zaman məlum olmuşdur ki. Cavabdeh vəfat etmiş şəxsin adında borc məbləğini bu günə qədər saxlamışdır. Həmin akta əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmçinin guya qaz sayğac mənfiyə işləmişdir. Həmin akt əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktla razı deyil. Çünki həmin akt tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2020-ci ilin sentyabr ayında təbii qazdan qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, bəs niyə gorə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə gorə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsim dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsinin dayandırılması vəzifəsi qoymuşdur. Cavabdeh “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunsuz qoşulma halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaş na çatmış ailə üzvlərindən birinə) bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh tərəfindən zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyil. Belə ki, həmin aktda dəmir soba, İran sobasının olduğu göstərilir. Halbuki, göstərilən qızdırıcılardan heç biri iddiaçının evində mövcud deyil. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdən görünür ki, iddiaçının həyat yoldaşı barəsində cərimə borc məbləğləri hesablanarkən fərdi yaşayış evində PQ-4 məişət qaz qurğusu və QSSQ cihazlarından əlavə, dəmir soba üzrə də qanunsuz şəkildə əsassız hesablamalar aparılmışdır. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdə aparılmış hesablamalar 24 saat müddətinə olmaqla 90 gün müddətləri üçün hesablanmışdır 24 saat müddətinə hesablamaların aparılmış olması o deməkdir ki, gecə yatarkən də (8 saat yuxu rejimi) evində məişət qaz qurğusu daimi açıq olmuş və təbii qaz istehlak edilmişdir. 90 gün müddəti üçun isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbul edilməsi hər hansı bir normativ hüquqi akta əsaslanmır. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də, tələbnamənin mövcudluğu da iddianın əsaslı olması demək deyil. Yəni, dəymiş ziyanın hesablanması ilə bağlı orta günlük iş rejiminin 24 saat müəyyən edilməsi də əsaslandırılmalıdır. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bır normativ hüquqi akta hansısa qaydalara da istinad edilməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Tərtib edilmiş əsassız akt ucbatından 3.364,18 manat borc yazılmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-816/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********10000 saylı abunə kodundan 3.364,18 (üç min üç yüz altmış dörd manat on səkkiz qəpik) manat məbləğində cərimə borcunun silinməsi, Cavabdehndən 53.64 (əlli üç manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 (altmış dörd) manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının abonent koduna 2020-ci ilin sentyabr ayında hesablanmış 885.60 manat borcun iddiaçıdan tələb edilməsi əsassızdır. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent hesabına 2020-ci ilin sentyabr ayında hesablanmış 885.60 manat məbləğində borcun silinməsini məhkəmə qanunauyğun hesab etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, sayğacın mənfiyə işləməsində, onun yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, mənfiyə işləyərək iddiaçının istifadəsində olan abonent koduna hesablanmış borc məbləği də əsassızdır. Məhkəmə qeyd etmişdir ki, verilmiş iddia tələbi həcmində işə baxılmalıdır. İddiaçının silinməsini tələb etdiyi məbləğ ümumilikdə 3.364,18 manat təşkil edir. İş materiallarında olan abonentin saldosundan isə iddiaçının abonent hesabına cəmi 4.388,86 manat borc hesablanmışdır. Odur ki, məhkəmə 3.364,18 manat borca münasibətdə iddiaya qiymət verilməsini zəruri hesab etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasında iştirak etməmiş, həmin borc məbləğlərini iddiaçıdan tələb etməsinə əsas olan hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçının istifadəsində olan abonent hesabında ayın sonuna olan 3.364,18 manat borcun silinməsini qanuni hesab edir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 560.1-cı; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndi; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9.1.5 və 9.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 119.1, 124.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmiş, prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki,Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-yə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rəd ediməsini qət edərdi. İddiaçı aid olan **********10000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (əvvəlki redaksiya).

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, iddiaçının borcun silinməsini xahiş etdiyi ünvan 1 ünvanında yerləşən yaşayış evində quraşdırılmış **********10000 abonent kodlu sayğac iddiaçının mərhum arvadı X2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 14 avqust 2024-cü ildə vəfat etmişdir. Həmin ünvanda təbii qazdan hazırda iddiaçı istifadə edir.

20. İddiaçı 3.364,18 manat məbləğində borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.

21. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmişdir.

22. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş və sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2020-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və 885.60 dəymiş ziyan hesablanmışdır. 23.Ümumilikdə isə iş materiallarından görünür ki, iddiaçının abonent hesabına 2011-ci ilədək olan borc məbləği 1.415,30 manat təşkil edir. Həmçinin 2020-ci ilin may ayında sayğac iki dəfə mənfiyə işləmiş, 1.507,28 manat və 1.466,28 manat borc hesablanmışdır. Borc məbləği ümumilikdə 4.388,86 manat təşkil edir, iddiaçı isə 3.364,18 manat borcun silinməsini xahiş edir.

24. İşə birinci instansiya məhkəməsində baxıılması zamanı iş üzrə məhkəmə trassoloji ekspertizası təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1937 nörməli, 27 yanvar 2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

25. Məhkəmə kollegiyası 2020-ci ilin sentyabr ayında hesablanmış 885.60 manat borc tələbinin əsassız olması ilə bağlı işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadığından 885.60 manat məbləğində yazılmış borc silinməlidir.

26. Həmçinin sayğacın mənfiyə işləməsində, onun yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, kollegiya hesab edir ki, mənfiyə işləyərək iddiaçının istifadəsində olan abonent koduna hesablanmış borc məbləği də əsassız olmaqla iddiaçıya məxsus abunə kodundan silinməlidir.

27. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir k, Cavabdeh tərəfindən iddiaçının qanunsuz qoşulma halları ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. 29.Əksinə daha mötəbər sübut növü olan ekspert rəyi ilə tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədiyi müəyyən edilmişdir.

30. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

31. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən kollegiya iddianın qiymətinin beş min manatdan aşağı olmasını nəzərə alaraq qeyd edir ki, qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-816/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar