Məhkəmə qərarları › İş №2(103)-3260/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3260/2022

21.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3260/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ruxsara Cəbiyevanın nümayəndəsi Cəlil Cəbiyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin torpaq sahəsindən və mənzildən çıxarılması, onun faktiki sahibliyinə verilməsi tələbinə dair» 2(011)-149/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ailəsi ilə birlikdə Cavabdeh və qeyrilərinin çıxarılması, torpaq sahəsinin və onun üzərindəki evin faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən məhrum olunmuşdur. Belə ki, X7 tərəfindən sözügedən ünvandakı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ona borclu olduğu 110000 manat qarşılığında verilmişdir. X7 və qardaşları Rauf, Rüfət və Üzeyir Şirməmmədovlar borc adı ilə ondan 234000 ABŞ dolları götürmüş və sonradan qaytarmaqdan qərəzli olaraq imtina etmişlər. Borcu qaytarmamaq və onu qorxutmaq üçün kriminal aləmdə «Lotu Quli» kimi tanınan Nadir Səlifovun adından istifadə edərək uşaqlarını oğurlatmaqla hədələmişlər. Onların bu qanunsuz hərəkətləri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. İdarəyə çağırılan həmin şəxslər təqsirlərini etiraf etməklə, ona dəyən zərəri ödəmişlər. Natiq Şirməmmədovun ona olan borcunu vermək üçün nəğd 138000 ABŞ dolları olmadığı üçün, ona məxsus ünvan 1 ünvandakı fərdi yaşayış evini borc əvəzi kimi verməsi üçün Baş İdarəyə müraciət etmişdir. Fərdi yaşayış evi 2008-ci il tarixdə tikilməsinə baxmayaraq, ona mülkiyyət hüququ alınmadığına görə xx.xx.2018-ci il tarixdə X8 və həyat yoldaşı Rahilə Tanrıverdiyeva ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bak Qarnizonu 4 saylı Mənzil-İstismar Sahəsinə (hazırda 9 saylı Mənzil İstismar Sahəsinə) müraciət etmişlər. Həmin ərizədə yuxarıda göstərilən yaşayış evini ona 110000 manata satdığı üçün maliyyə hesab vərəqəsini sonuncuların adından çıxararaq onun adına salınmasını xahiş etmişlər. Bundan sonra yaşayış evi X8 və həyat yoldaşı Tanrıverdiyeva Rahilə tərəfindən ona təhvil verilmişdir. Bundan əlavə X1 notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən 2019-cu ilin əvvəlindən evin elektrik enerjisi, su, qazının abonentliyi onun adına keçirilmişdir. Onun xx.xx.2018-ci il tarixli ərizəsi əsasında həmin ərazidə tikilən evlərə verilən Daşınmaz əmlakın X4 rəyi almışdır. Həmin rəy "xxxx" MMC tərəfindən hazırlanmışdır. Həmin ərazidə yalnız bu cür sənəd mövcuddur. Bunun ardınca Natiq Şirməmmədov ona bildirmişdir ki, ona məxsus olan və işlətdiyi «Avromed»in dileri olan apteki yaxınlıqda yerləşdiyi üçün həmin yaşayış evində kirayə qalmaq istəyir. Onunla kirayə haqqını 400 manata razılaşmışdır. Həmin vaxtdan Natiq Şirməmmədov ailəsi ilə birgə artıq ona məxsus fərdi yaşayış evində qalıb hər ay 400 manat kirayə haqqı və ona olan 5000 manat borcdan 100 manat, cəmi 500 manatı ona məxsus «Access bank» kartına ödəyirdi. 2021-ci ilin mart və aprel aylarında kirayə haqqının ödənilmədiyini gördükdə səbəbini öyrənmək üçün mayda həmin evə getmiş və məlum olmuşdur ki, həmin evdə Natiq ailəsi ilə deyil, tamamilə kənar şəxslər yaşayır. Onunla əlaqədar həmin adamların yaşayış evindən dərhal çıxmalarını tələb etmişdir. Sonradan isə həmin şəxsin Cavabdeh olduğunu öyrənmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq həmin şəxs onun mənzilindən çıxmaqdan imtina edir. O, buna görə məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Artıq uzun müddətdir öz evindən məhrum olunmuşdur. Bu halın uzun müddət davam etməsi onun hüquqlarını əsaslı şəkildə pozur və o, evindən istifadə edə bilmir. Ona görə də, cavabdehin evdən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılması və onun həmin evə köçürülərək faktiki sahibliyinə verilməsi hüquqlarının bərpası üçün olduqca zəruridir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda 212 m2 olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 196,08 m2 sahəsi olan fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsi və onun üzərindəki evin İddiaçı faktiki sahibliyinə verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi yalnız iddiaçı tərəfin şifahi mülahizələrini qəbul emiş, cavabdeh tərəfin iddia tələbinin rədd olunmasına yönəlmiş qanuni dəlillərinə düzgün hüquqi qiymət verməyərək nəticə etibarı ilə mülki işin son nəticəsində maraqlı olmasını açıq-aşkar nümayiş etdirərək qanunsuz qətnamə qəbul etmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə onun ədalətli məhkəmə araşdırmasını tələb etmək hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəf olaraq hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məməsinin qətnaməsi işin həqiqi hallarına uyğun olaraq əsaslandırılmamış, habelə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə işin son nəticəsində olan öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq onun qeyd olunan mülki mübahisənin obyektiv həllinə yönəlmiş vəsatətlərini təmin etməməklə ədalətli məhkəmə araşdırmasını tələb etmək hüququnu və mülkiyyət hüququnu pozaraq qanunsuz olaraq onu əmlakından məhrum etmişdir. Həmçinin, məhkəmə mübahisəli torpaq sahəsinin kordinatlarının yerində müəyyən edilməsi və kimə məxsus olması istiqamətində heç bir qanuni araşdırma aparmayaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə onun qeyd olunan mülki mübahisənin obyektiv həllinə yönəlmiş vəsatətlərini təmin etməməklə, ədalətli məhkəmə araşdırmasını tələb etmək hüququnu və mülkiyyət hüququnu pozub, qanunsuz olaraq onu əmlakından məhrum etmiş, həmçinin mübahisəli torpaq sahəsinin kordinatlarının yerində müəyyən edilməsi və kimə məxsus olması istiqamətində heç bir qanuni araşdırma aparmayaraq, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin şifahi mülahizələri, sonuncunun təqdim etdiyi bir neçə MİS arayışı və kommunal ödənişlər üzrə kserosurətlər ilə kifayətlənərək mülki iş üzrə araşdırmanı tələm-tələsik yekunlaşdıraraq qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddia ərizəsinin dəlilləri və ona əlavə edilmi kserosurətlər hazırkı iddia tələbini təmin etmək üçün kifayət deyil, yəni iddia tələbinin dəlilləri heç bir mötəbər sübutla təsdiqini tapmır. Məhkəmə mülki işi tam və ətraflı araşdırmadan onun həqiqi hallarına və iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət vermədən qanunsuz qətnamə qəbul etmişdir. Demək olar ki, məhkəmənin qətnaməni qəbul edərkən istinad etdiyi hallar hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. Həmçinin, məhkəmənin istinad etdiyi Avropa Məhkəməsinin bir neçə qərarlarında qeyd olunanlar hazırkı işin hallarına uyğun gəlmir, lakin məhkəmə öz maraqlarına çatmaq üçün şablon və əsassız olaraq həmin məhkəmə qərarlarına istinad etmişdir. Qeyd olunan Avropa Məhkəməsinin qərarlarında əmlak faktiki olaraq şikayətçinin sahibliyindədir. Lakin hazırkı mülki işin hallarından da görünür ki, mübahisə predmeti olan əmlaklar iddiaçının heç vaxt istifadəsində olmamış və hazırda da iddiaçının istifadəsində deyil. İddiaçı tam qanunsuz yolla əmlakını əlindən almaq niyyətindədir. İddiaçı onun ehtimal etdiyi pulu əsl cavabdeh Natiq Şirməmmədovdan tələb etmək əvəzinə əlindəki qanunsuz yollarla əldə etdiyi və heç bir hüququ əsası olmayan sənədlər istinad edərək əmlakını qanunsuz yolla, yəni məhkəmənin əli ilə əlində almaq niyyətindədir. Onun sözügedən vəsatətləri məhkəmə tərəfindən təmin edilmədikdən sonra və mülki iş tələmtələsik yekunlaşdıqdan sonra, onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə vəsatətlərində qeyd olunan məsələlərlə bağlı müvafiq sorğular göndərilmiş, lakin hazıradək həmin sorğulara cavab alınmadığından həmin cavab məktublarını yeni sübut qismində təqdim edə bilmir, lakin həmin sorğularına cavab məktublarını hazırkı şikayəti üzrə apellyasiya baxışında məhkəmə kollegiyasına təqdim edəcək. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, İddiaçı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Ramazanov küçəsi 30/2 kimi iddia ərizəsində qeyd olunan torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi cavabdehin mərhum atasının yaxın dostu X6 adına rəsmiləşdirilmiş və bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən RX seriyalı, 04476969 nömrəli, 26 iyul 2014-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X11 həmin daşınmaz əmlakı X5 özgəninkiləşdirmişdir. Cavabdehin çıxarılmasının tələb edildiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hazırda Ruxsara Cəbiyevanın mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Ona görə də iddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Apellyasiya baxışı zamanı iddiaçı və onun təmsilçisi apellyasiya şikayətini qəbul etmərəyək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş Ruxsara Cəbiyevanın nümayəndəsi Cəlil Cəbiyev apellyasiya şikayətinin həlini məhkəmənin mülahizəsinə təqdim edərək, izahatında göstərdi ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun bacısı Ruxsara Cəbiyevanın mülkiyyətində olan həyətyanı sahədən və evdən tamamilə kənarda yerləşir, bu sahələrin və evlərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Onların evlərinin yerləşdiyi torpaq sahələri fərqlidir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri və üçüncü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini cavabdehin apellyasiya şikayətinə əsasən qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 9 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 19 iyun 2021-ci il tarixli arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Firuddin Ramazanov küçəsində yerləşən fərdi yaşayış evində 2016-cı ildən 2018-ci ilin mart ayına qədər yaşamış vətəndaş X7 2018-ci ilin mart ayında ərizə verərək, həmin evi İddiaçı satdığı üçün evə dair maliyyə hesab vərəqəsini onun adından çıxarıb vətəndaş İddiaçı adına keçirilməsini xahiş etmişdir. «Azəriqaz» İB ilə İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında ünvan 3 ünvanı ilə bağlı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi öhdəsinə götürmüşdür. «Azərişıq» İB tərəfindən verilmiş abunə haqqında arayışdan göründüyü kimi, ünvan 4 ünvana aid abonent qismində İddiaçı qeyd edilmişdir. «Azəriqaz» İB tərəfindən verilmiş hesabdan çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu X14 0000 mənzil 0070 ünvana aid abonent qismində İddiaçı qeyd edilmişdir. «Azəriqaz» İB tərəfindən verilmiş abonentin saldosundan görünür ki, ünvan 6 ünvana aid abonent qismində İddiaçı qeyd edilmişdir. "xxxx" ASC-nin Xətai Rayon Sukanal üzrə ödənişlərin siyahısından göründüyü kimi, siyahıda abonent qismində İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 25 avqust 2021ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində X7 tərəfindən 218000 ABŞ dolları pulunun ələ keçirildiyini bildirmişdir. Müəyyən edilmişdir ki, Natiq Şirməmmədov 2010-2017-ci illər ərzində İddiaçı borc olaraq ümumilikdə 218000 ABŞ dolları pul almış, sonrakı müddətdə borcunu qaytarmadığı üçün İddiaçı onun barəsində şikayət etmişdir. Araşdırma zamanı X13 Vəliyevə borclu olduğu 218000 ABŞ dolları pulun əvəzində özünə məxsus ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evini onun adına rəsmiləşdirəcəyini bildirdiyindən İddiaçı ərizə ilə müraciət edərək, şikayətinə baxılmasının dayandırılmasını xahiş etmişdir. Sonrakı müddətdə Natiq Şirməmmədov ev məsələsini müsbət həll etməyib borcunu qaytarmadığı üçün İddiaçı onun barəsində təkrar şikayət etmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmiş və bu barədə müraciət müəllifinə cavab verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən göndərilmiş izahatlarla müəyyən olunur ki, İddiaçı həmin orqanda verdiyi izahatında X2 ona 123000 ABŞ dolları borcunun olduğunu, həmin borcu son 3 ildə dəfələrlə qaytarmağı xahiş etməsinə baxmayaraq, ala bilmədiyini bildirmişdir. X7 həmin orqanda verdiyi izahatında İddiaçı 123000 ABŞ dolları borcunun olduğunu, həmin borcu 3 gün müddətində qaytarılacağını bildirmişdir. X7 tərəfindən 9 saylı MİS-in rəisinə ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, o, adına olan Bakı şəhəri Xətai rayonu Həzi Aslanov qəsəbəsi Firuddin Ramazanov küçəsində yerləşən 200 m2 olan torpaq sahəsi olan iki mərtəbəli 180 m2 tikintisi olan fərdi yaşayış evini İddiaçı 110000 manata satdığı üçün maliyyə hesab vərəqəsinin onun adından çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qeyd edilmişdir ki, onun həyat yoldaşı X2 adına olan fərdi yaşayış evinin satılmasına etiraz etmir. İddiaçı tərəfindən «Azəriqaz» İB-yə ünvanlanmış ərizədən görünür ki, İddiaçı ona məxsus olan H.Aslanov qəsəbəsi F.Ramazanov küçəsi mənzil 7 ünvana məxsus olan qaz sayğacının fəaliyyətinin mənzilin (evin) kirayənişini tərəfindən zəbt olunması səbəbindən müvəqqəti dayandırılmasını «Azəriqaz» İB-dən xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi 59 saylı məktəbin yanında yerləşən evin sahibi İddiaçıdur. Torpaq sahəsinin faktiki ölçüsü 212 m2, tikintinin sahəsi hər mərtəbəsi 98,04 m2 olmaqla cəmi iki mərtəbədə 196,08 m2, həqiqi dəyəri 130000 manat təşkil edir. Ev 2008-ci ildə tikilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna verdiyi 08 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Xətai rayonu 1-ci Dairəvi küçəsi 159 saylı məktəbin yaxınlığında yerləşən 0,002 ha torpaq sahəsi X6 mülkiyyətində olmuş, lakin sonra digər şəxsin adına özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu 1-ci Dairəvi küçəsi 159 saylı məktəbin yaxınlığında yerləşən 0,002 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən daşınmaz əmlakla bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından, analoji mübahisələrlə bağlı Avropa Məhkəməsinin presedentlərində nümayiş etdidiyi mövqe nəzərə alınmaqla, mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 1 ünvanında 212 m2 olan torpaq sahəsində inşa edilmiş 196,08 m2 sahəsi olan fərdi yaşayış evi 2016-cı ildən 2018-ci ilin mart ayına qədər X2 faktiki sahibliyində və istifadəsində olmuş, lakin daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyində həmin evin 2008-ci ildə tikildiyi müəyyən edilmişdir. Həmin əmlak xx.xx.2018-ci il tarixdən X7 tərəfindən İddiaçı borclu olduğu 110000 manat qarşılığında sonuncunun faktiki sahibliyinə və istifadəsinə verilməklə, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmaq hüququ İddiaçı ötürülmüşdür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin əmlakla bağlı istehlak müqavilələri İddiaçı ilə bağlanmış, kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. ünvan 2 ünvanda 212 m2 olan torpaq sahəsində inşa edilmiş 196,08 m2 sahəsi olan fərdi yaşayış evi hazırda Cavabdeh faktiki sahibliyində və istifadəsində olsa da o, mübahisənin predmeti olan daşınmaz əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh vəkili mübahisələndirilən evin hazırda üçüncü şəxs X3 mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini qeyd etsə də, iddiaçı və üçüncü şəxs R.Cəbiyevanın nümayəndəsi həmin torpaq sahələrinin bir-birinə aidiyyəti olmadığını bildirmişlər. İş materialarından da görünür ki, mübahisənin predmeti olan daşınmaz əmlak ünvan 9 ünvanda 212 m2 olan torpaq sahəsində inşa edilmiş 196,08 m2, sahəsi olan fərdi yaşayış evidir, həmin əmlakın üzərinə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(011)-5547/2021 saylı qərardadına əsasən iddianın təmini tədbiri qismində həbs qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi birinci instansiya məhkəməsinə ünvanladığı məktubda bildirmişdir ki, ünvan 1 ünvanda 212 m2 olan torpaq sahəsində inşa edilmiş 196,08 m2 sahəsi olan fərdi yaşayış evinin üzərinə qeydiyyatdan keçməyən əmlaklar bazasında həbs qoyulmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan mübahisə predmeti olan əmlakda yaşamaqla, həmin əmlakla bağlı mülkiyyət hüquqlarını rəsmiləşdirmək hüququ iddiaçıya məxsus olduğu halda iddiaçıya həmin hüququn həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsinə maneə törətdiyindən, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında 212 m2 olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 196,08 m2 sahəsi olan fərdi yaşayış evindən ailəsi ilə birlikdə çıxarılmalı, torpaq sahəsi və onun üzərindəki ev İddiaçı faktiki sahibliyinə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(011)-149/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar