Məhkəmə qərarları › İş №2(103)-327/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-327/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-327/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-327/2024 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi, tikintinin sökülməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi, tikintinin sökülməsi və s. tələbinə dair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1755/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində birinci icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1 qeyri-yaşayış binası ilə bağlı İddiaçı adından Cavabdeh1 gəlini Cavabdeh2 Qələndər qızı ilə bağladığı xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını” xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili T.U.Salehzadə xx.xx.2023-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, ünvan 1 qeyri-yaşayış binası ila bağlı İddiaçı adından Cavabdeh1 gəlini Cavabdeh2 Qələndər qızı ilə bağladığı xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında ünvan 1 qeyri-yaşayış binası üzərində Cavabdeh2 Qələndər qızının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair reyestrdən verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızının ünvan 1 ünvanda apardıqları qanunsuz tikintinin (plan-ölçüdə göstərilməyən otaqların) cavabdehlərin hesabına sökülməsi, həmçinin cavabdehlərin qanunsuz olaraq sökdükləri şəlalənin onların hesabına bərpa olunması, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehlǝr Cavabdeh1 və Cavabdeh2 Qələndər qızının ünvan 1 qeyri-yaşayış binasından və binanın yerləşdiyi torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Vahidlə uzun müddət bundan əvvəl vəkil İkram Abdullayev vasitəsilə tanış olmuş, onu qardaş kimi qəbul etmişdir, fasilələrlə olsa da münasibətləri davam etmişdir, iddiaçı həmin sahəni icarəyə vermək istədiyini bildirmiş, Cavabdeh1 normal icarəçi tapmağı xahiş etmişdir, həm də obyektin yerləşdiyi və icarədə olan torpaq sahəsini özəlləşdirmək istəmişdir, ilk dəfə Cavabdeh1 onu arayıb axtarmışdır, telefon danışıqları zamanı iddiaçıya bildirmişdir ki, həmin qeyriyaşayış binasını normal adama icarəyə verə bilər, buna görə işi ona həvalə etməsini, sahənin idarəçiliyini ona verməsini xahiş etmişdir, iddiaçı da ona inanmışdır, bundan sonra Cavabdeh1 iddiaçıya onun heç bir idarə, müəssisə və təşkilata getməməsi, bütün işləri görməsi üçün ona etibarnamə verməsinin vacibliyini bildirib, ona görə də iddiaçı cavabdehin təkidli xahişi ilə xx.xx.2022-ci il tarixdə ona etibarnamə vermək məqsədi ilə Bakı şəhəri 40 saylı notariat ofisinə gəlmişdir, Cavabdeh1 ondan qabaq notariat ofisində etibarnamənin mətnini yazdırmışdır, həmin vaxt iddiaçı eynəyini götürməmiş, eyni zamanda cavabdeh onu tələsdirmişdir, ona görə də o etibarnaməni oxuya bilməmişdir, sonradan aydın olmuşdur ki, Cavabdeh1 etibarnaməyə sərəncam vermək səlahiyyətini də əlavə etmişdir, onun niyyəti iddiaçıya məxsus yaşayış sahəsini ələ keçirmək olmuşdur, iddiaçı onun obyektin qarşısındakı torpaq sahəsini özəlləşdirəcəyi vədinə inanaraq elə orada obyektin bütün sənədlərinin əslini paket halında ona vermişdir, lakin cavabdeh 3 gün sonra xx.xx.2022-ci il tarixdə etibarnamədə olan sərəncam vermək səlahiyyətindən sui-istifadə edərək, iddiaçıya xəbər vermədən qeyri-yaşayış binasını gəlini - Cavabdeh2 adına 70.000 manata alqı-satqı etmişdir, həmin alqı-satqı müqaviləsi etibarsızdır, belə ki, etibarnamə 10 il müddətinə, əsasən əmlakın idarə edilməsi, idarə, müəssisə və təşkilatlarda təmsilçiliklə bağlı verilmişdir, əgər iddiaçı binanı satırdısa, nə üçün 10 il müddətinə etibarnamə verirdi və nə üçün təmsilçilik hüququ verirdi, bundan başqa, əgər iddiaçı obyekti gəlininə satırdısa, etibarnamə üçün notariusa gəlirsə, o, 3 gün sonra yenə notariusa gəlib özü alqı-satqı edə bilərdi, qeyri-yaşayış binasının dəyəri hazırda 700 min manat təşkil edir, bu qədər dəyəri olan qeyri-yaşayış binasını kim dəyərindən 10 dəfə aşağı, 70 min manata satar, cavabdeh iddiaçını aldatmış, etibarnamədə sərəncam səlahiyyəti yazdırmaqla onun obyektini ələ keçirmək niyyəti güdmüşdür, o, bu səlahiyyətdən sui-istifadə etmişdir, belə səlahiyyəti olsa da, heç bir nümayəndə özbaşına həmin səlahiyyətdən istifadə edə bilməz, həmin səlahiyyətdən öz ailəsi xeyrinə istifadə edə bilməz, cavabdehlər birləşərək iddiaçıya qarşı cinayət törətmişdirlər, onlar 700.000 manat dəyərində olan əmlakı və əmlaka olan hüququ ələ keçirməklə AR CM-nin 178.4-cü maddəsində nəzərdə tutulan xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdirlər, onlar barəsində xüsusi qərar çıxarılmasını xahiş edir.

4. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1951-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, Vahidi, Ülviyyəni, Səriyyəni tanıyır, onların aralarında obyekt barəsində söhbət getmişdir, Səriyyə ilə Vahidin arasında çox gözəl münasibət olmuşdur, Səriyyə xanım özü Vahidə “qardaş” deyirdi, Səriyyə xanımın özünü isə məhkəmədən tanıyır, Vahid Səriyyə xanımın ona borcu olduğunu, əgər obyekti alarsa, burada qalıb işləyə biləcəyini demişdir, Səriyyə xanımın Vahidə borcu olduğunu bilir, o obyekti satmaq istəyirdi, hətta almaq üçün 2-3 nəfər də gətirmişdir, dəyərinə görə 350-360 min manatdan söhbət getmişdir, 500 min söhbətindən sonra iddiaçının Vahidə borclu olduğunu bilmişdir, ayın 1-də Səriyyə ilə danışmış, o “Vahiddən 1 milyon pul alacam, obyektdəki təmiri də sökdürəcəm” demişdir, özü keçən yaydan indiyə qədər orada işləmişdir, sonuncu dəfə Səriyyə xanıma nə qədər kirayə haqqı verdiyini dəqiq xatırlamır, yayda fərqli, qışda fərqli icarə haqqı vermişdir, qışda kirayə haqqı az olur, Vahidin Səriyyə xanıma borc pul verməsini görməmişdir, amma eşitmişdir, pul onun yanında verilməmişdir, Vahidə borcu olduğunu İlhamdan da, Səriyyədən də eşitmişdir.

5. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1975-ci il təvəllüdlü X9 şahid qismində ifadə verərək bildirmişdir ki, Vahidi, Ülviyyəni və Səriyyəni tanıyır, qohum kimidirlər, Vahidin oğlu ilə dostdurlar, kafedə təmirləri noyabrdan özləri aparmışdır, rəhbərliyi özü etmişdir, bilir ki, kafeni Vahidə təklif edib, Səriyyə “etibarnamə verirəm, keçirt kimin istəyirsən onun adına” demişdir, belə ki, onun Vahidə milyona yaxın borcu olduğunu bilir, borcu ödəyə bilmədiyindən Vahidə “pulu qaytara bilmirəm, kafeni keçirim adına” demişdir, borcun olduğunu təmirdən əvvəl eşitmişdir, Səriyyə xanım təmirdən əvvəl də, təmirdən sonra da gəlmişdir, hazırda orada təmir gedir, özü emusya və lak işi görür, Səriyyə və Vahid söhbət edərkən çay gətirmişdir, o gələndə onlar susmuşdurlar, sonra onu çağırmışlar, o da yanlarına getmiş, heç nə eşitməmişdir, amma həmin vaxtı orada olmuş, Səriyyə gəlmiş, qoluna girərək, içəri gətirmiş, onların zalda danışdıqlarını eşitmişdir, pul veriləndə görməmişdir, onun yanında verilməmişdir.

6. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1991-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, Şəhla xanımın notariusu 5 mərtəbəli binanın altında - zirzəmidə yerləşir, özü də orada işləyir, “Günay bank”ın işçisi olmuşdur, hal-hazırda bank bağlanmışdır, tərəflər arasında alqı-satqı olmuş, bankdan 490 min ödəniş olması ilə bağlı məlumat gəlmişdir, bu məsələ bu il olmuşdur, amma dəqiq vaxtı yadında deyil, tərəfləri tanımır, Vahidi 40 saylı notariusda – pul verilən zaman görmüşdür, onun oğlundan 490000 almışdır, gətirilən pul klokda olmuş, onu sayıb götürmüşdür, qəbz yadında deyil, müqavilə 490 minlik idi, bir yaşlı qadın gəlmişdir, pulun sahibinin kim olduğunu bilmirlər, pulu qəbul edirlər təsdiqliyib qəbz verirlər.

7. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1959-cu il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirmişdir ki, Vahidi tanıyır, 25 ildir dostdurlar, ailəsini də tanıyır, Səriyyəni burada tanımışdır, notariusa ayın 22-də onun maşını ilə getmişlər, Səriyyəni ilk dəfə orada görmüşdür, ayın 22-si 500 min pulu Mehdi ilə Mehman gətirmişdir, onlar əllərində klokla gəlmişdirlər, bilmişdir ki həmin klokda olan puldur, notariusa gəlməyin alqısatqı ilə bağlı olduğunu bilmişdir, Səriyyə pul gətirməmişdir, gedəndə də pul görməmişdir, içəridə olmamış, çöldə gözləmişdir, borc verilən Rzayev Vahiddir, onu da tanıyır, onun böyük imkanı var idi, o xərçəng idi, əməliyyat etmişdirlər, o demişdir ki, “Səriyyədən 500 min götürmüşəm, faizini verəcəm, pulu Vahidə verəcəm, Səriyyədən almamışam”, Ülviyyənin 1 milyona yaxın dəyəri olan yaxşı əmlakı var idi, oranı satmış, 500000 gətirib Səriyyəyə vermişdirlər, Səriyyə də o pulu V.Rzayevə vermişdir, qərardadın icrası ilə bağlı kafeyə gedəndə Ümman da gəlmiş, onu orada görmüşdür, Səriyyə xanımın dilindən “pulu da alacam, obyekti də” sözünü eşitməmişdir, 6- cı gün ayın 24-də yenidən notarisa getmişdirlər, bu zaman Səriyyə də qızı ilə gəlmiş, qızı maşında olmuş, düşməmişdir, Səriyyə ilə 20 dəqiqəyə yaxın universitetin müəllimlərindən danışmışdırlar, o, nə səbəbə gəldiyini deməmişdir.

8. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1963-cü il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirmişdir ki, Vahidi tanıyır, özü Əhmədlidə yaşayır, Mehman ona etibar edib, zəng edərək, “gəl pulu aparaq, kömək elə” demişdir, bu hadisənin dəqiq vaxtı yadında deyil, hadisə 2022-cü ildə olub, üzərindən təxminən 2-3 ay keçmiş olar, günorta üstü idi, Mehmanın evi İlqar Zülfüqarovdadır, bina evində yaşayırlar, oraya getdikdə Mehman aşağı düşmüşdür, əlində 2 klok var idi, onlardan biri qara klok idi, Mehman həmin klokun içində pul olduğunu demişdir, daha sonra notariusa gəlmişdirlər, notarius zirzəmi kimi yerdir, pulu kassaya vermişdirlər, bayaq məhkəmədə olan şahid də kassada olmuşdur, bir dəfə aparat pulu saymış, lakin işləməmişdir, 2-ci dəfə pulu saymış, şəklini çəkərək götürmüşdürlər, Səriyyə xanım da sonradan gəlmiş, Vahid ondan Səriyyə xanımı evə aparmağı xahiş etmişdir, bu zaman Vahid də orada idi, Səriyyə ilə söhbət etmiş, o Vahidi tərifləmişdir, pulu kiməsə vermiş, özü ilə aparmamışdır, orada pul başqa bir adama verilmişdir, amma həmin adamı tanımır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1755/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 140, 148.2, 149.2, 152.5, 152.8, 359.1, 362.1, 398.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 124.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh2 nümayəndəsi ifadəsində qeyd etmişdir ki, obyekti 70.000 manata deyil, 570.000 manata almışdır, o, başqa bir obyekti satıb qaynatasına 500.000 manat vermişdir, o, qaynataasına əvvəlcə 500.000 manat, sonra 70.000 manat vermişdir. Cavabdeh1 fərqli ifadələr verərək əvvəlcə bildirmişdir ki, guya o, iddiaçıya 2022ci ilin dekabr ayında 500.000 manat borc vermiş, bir iki gün sonra İddiaçı həmin borcu qaytara bilmədiyini, obyekti ona vermək istədiyini demişdir, daha sonra Cavabdeh1 ifadəsini dəyişmiş, guya pulu İddiaçı kafenin həyətində vermişdir. Lakin, Cavabdeh1 şahidləri onun ifadələrini təkzib etmişlər. Məhkəmə zamanı Cavabdeh1, Cavabdeh2 İddiaçı obyektin dəyəri kimi 500.000 manat, yaxud 570.000 manat pul verməsi təsdiqini tapmamışdır. Cavabdeh1 İddiaçı 500.000 manat gah borc verdiyini, gah da kafenin həyətində obyektin dəyərini verdiyini desə də, şahidlər həmin halı təsdiq etməmişlər. Şahidlər İddiaçı Cavabdeh1 borcu olduğunu eşitdiklərini desələr də, borcun verilməsini görmədiklərini demişlər. Həmçinin əgər, doğurdan da, tərəflər arasında borc münasibəti olmuş olsa idi belə, bu alqı-satqı münasibəti demək deyil, alqı-satqının dəyərinin bu formada ödənilməsi qanunvericlikldə nəzərdə tutulmayıb. Ümumiyyətlə, şahidlərlə Cavabdeh1 arasında izahatlarda borcun verilməsi vaxtı, məbləği və sair barədə kəskin ziddyyətlər olduğundan, bir-birlərini təkzib etdiklərindən bu ifadələr mötəbər sübut kimi nə borc münasibətinin, nə də alqı-satqının dəyəri kimi qəbul edilə bilməz.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

14. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.

20. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

21. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

22. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

23. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

24. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Kollegiya tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin edilməlidir.

34. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

35. Belə ki, işin hallarına əsasən müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı mübahisəli Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 141 saylı, ümumi sahəsi 154.4 kv/m olan qeyri-yaşayış binasını 350.000 manata almışdır, həmin əmlak xx.xx.2019-ci il tarixdən onun adına mülkiyyət hüququ ilə dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır, xx.xx.2022-ci il tarixdə iddiaçı borc alan V.R.Rzayevə 490.000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, borc alan borcu bir il müddətində qaytarmağı öhdəsinə götürmüşdür, iddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh1 10 il müddətinə mübahisəli əmlakı idarə etməyi və onun üzərində istənilən sərəncam vermək səlahiyyətlərinin olması barədə etibarnamə vermişdir. Cavabdeh2 xx.xx.2022-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, özünə məxsus Bakı şəhəri Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti ünvanında istifadədə olan 0.081420 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 771.5 kv/m olan qeyri-yaşayış binasını 926038,13 manata satmışdır, İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, mübahisəli əmlak sonuncuya satılmışdır, həmin müqavilə satıcı İddiaçı əvəzinə etibarnamə əsasında nümayəndəsi kimi Cavabdeh1 tərəfindən imzalanmış, alqı-satqı müqaviləsində əmlakın 70.000 manata satıldığı göstərilmişdir. Mübahisəli əmlak Cavabdeh2 adına əmlak kimi xx.xx.2023-ci il tarixində dövlət reyestrində rəsmi qeydə alınmışdır.

36. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Hazırki iş üzrə Cavabdeh2 mübahisəli qeyri-yaşayış binasını əldə edərkən, həmin əmlak dövlət reyestrində İddiaçı adına qeydə alınmış, Cavabdeh1 iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixli etibarnamə üzrə verilən səlahiyyətlərdən istifadə edərək, həmin əmlakı notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə Cavabdeh2 satmışdır, alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, həmçinin Cavabdeh1 verilmiş etibarnamə qüvvədə olmuşdur.

37. Məhkəmə kollegiyası əqdin təmsilçi vasitəsi ilə bağlanmasının mümkünlüyünü qəbul edir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Məhkəmə kollegiyası müqavilə azadlığı prinsipinə görə əmlakın qiymətinin müəyyən edilməsində də tərəflərin iradə sərbəstliyini nəzərə alır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, təmsil edən də ona verilən tapşırığı təmsil edilənin iradəsi çərçivəsində yerinə yetirməlidir, təmsilçiliklə bağlanılan əqdlər üçün ən vacib şərtlərdən biri də məhz etibar edənin mənafelərinin əks olunması və etibar edilən edilən səlahiyyətlərdən vicdanla istifadə edilməsidir. Mülki Məcəllənin 778.1-ci maddəsinə görə də vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

38. İş materiallarından və işin faktiki hallarından da göründüyü kimi iddiaçı cavabdehə 10 il müddətində etibarnamə versə və bunun üçün notariat ofisinə yaxınlaşsa da, həmin etibarnamənin verilməsindən çox qısa müddət sonra cavabdeh V.Həşimov məhz həmin etibarnamə ilə iddiaçıya məxsus olan əmlakın alqı-satqısını həyata keçirmişdir və bu hal istər məhkəmə üçün, istərsə də əmlakı alacaq digər şəxslər üçün şübhə doğura bilən bir məqamdır. İddiaçının hələ qısa müddət öncə notariusa yaxınlaşaraq 10 il kimi uzun müddətə etibarnamə verməsi ilə ona məxsus əmlakın iştirakı olmadan dəyərindən qat-qat aşağı qiymətə satması ilə bağlı niyyətinin olması işin heç bir halı ilə öz təsdiqini tapmamış və həmin əqdin iddiaçının iradəsi ilə bağlanmasını şübhə altına salmağa əsas yaratmışdır. Halbuki etibarlı əqdin ən vacib şərtlərindən biri, hətta birincisi onu bağlayan tərəflərin bu əqdlə bağlı müstəqil iradə ifadələrinin mövcudluğudur.

39. O cümlədən birinci instansiya məhkəməsi iddiaçının əmlakın dəyərindən 10 qat aşağı qiymətə satılması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, əvvəla, alqı-satqı müqaviləsində əmlakın qiyməti Mülki Məcəllənin 398-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin razılaşması ilə müəyyən edilir ki, bu da əmlakın dəyərinin az və ya çox göstərilməsinin qanunazidd hərəkət kimi qəbul edilməsini istisna edir. O cümlədən qeyd etmişdir ki, əmlakın alınmasına görə razılaşdırılmış 500.000 manat məbləğ alıcı tərəfindən satıcıya ödənilmişdir ki, bu məbləğ də iddiaçının əmlakı alarkən ödədiyi 350.000 manat məbləğdən əhəmiyyətli dərəcədə çoxdur, müddət fərqi isə olduqca azdır.

40. Lakin bunları qeyd edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, əvvəla, cavabdehlər arasında bağlanılan alqı-satqı müqaviləsinin dəyəri 500.000 manat məbləğində deyil, 70.000 manat qeyd edilmişdir və tərəflərin razılaşmasının, həqiqətən də, 500.000 manat məbləğində olduğunu və həmin məbləğin ödəndiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. O cümlədən satışdan əldə olunan həmin 500.000 manat məbləğin (cavabdehlərin iddiası belədir) iddiaçıya verilməsi və məhz həmin məbləğin iddiaçı tərəfindən V.Rzayev adlı şəxsə borc verilməsinə dair işdə olan yeganə sübut şahid ifadələrindən ibarətdir və iddianın məbləği xüsusən də bu cür böyük bir məbləğ olduğu halda birinci instansiya məhkəməsi tərəfindən yalnız şahid ifadələrinə əsaslanaraq bu cür nəticəyə gəlinməsi də yanlış hüquqi mövqenin əks etdirilməsinə səbəb olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəfdən həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Bundan əlavə qeyd edilən məbləğin əmlakın dəyərindən, həqiqətən də, qat-qat aşağı olduğu da iş materialları və müəyyən olunur. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı özü mübahisəli əmlakı hələ 2019-cu ildə 350.000 manata almışdır. Əmlakın hazırki dəyərinin müəyyənləşdirilməsi üçün isə apellyasiya baxışı zamanı məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/8438-9/8706 saylı rəydən görünür ki, ünvan 1 qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 499.000 manat məbləğində müəyyən edilir.

42. Ekspert rəyindən də göründüyü kimi mübahisəli əmlakın ümumi bazar qiyməti ilə cavabdehlərin öz aralarında bağladıqları müqavilə ilə müəyyənləşdirdikləri qiymət arasında kifayət qədər böyük fərq mövcuddur və həqiqətən, iddiaçının adından bu əqdin bağlanması ilə onun üçün son dərəcə əlverişsiz nəticələr yaranmış olacaqdı. Həmçinin cavabdehlərin bu əqdi bağlamaqla bağlı həqiqi iradəsi olsa idi hüquqi nəticələr yaratmaq məqsədilə alqı-satqı müqaviləsi bağlamış alıcı üçün bu hal çox qeyri-təbii görünər və onda şübhə oyadar, satıcı üçün isə əmlakın dəyərindən bu cür aşağı gəlir əldə etməsi isə heç bir maraq çərçivəsində olmazdı.

43. Mülki Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi, qanunvericilik əqdin mübahisələndirilməsinin bir əsası kimi də bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsini nəzərdə tutmuşdur.

44. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlər sadəcə görüntü xatirinə, ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamışlar və bu da uydurma əqdin başlıca əlamətlərini təşkil edir.

45. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərarında da belə bir hüquqi mövqe əks olunub ki, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

46. Kollegiya müqavilələrin etibarsızlığına dair dəlillər üzrə hüquqi araşdırma apararkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında şərh edilən mövqeni rəhbər tutaraq vurğulayır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

47. Kollegiya vurğulayır ki, etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

48. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehlər arasında mübahisəli əmlakla bağlı bağlanılan alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd hesab olunmaqla bağlandığı andan etibarən etibarsız sayılmalı, onun nəticəsində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarış ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızı ünvan 1 qeyri-yaşayış binasından və binanın yerləşdiyi torpaq sahəsindən çıxarılmalıdırlar. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə kollegiyası iddiaçının qeyd edilən çıxarışın ləğv edilməsi və cavabdehlərin mənzildən çıxarılmaları ilə bağlı tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Belə ki, mübahisəli qeyri-yaşayış sahələrinə dair müqavilələrin etibarsız hesab edilməsi tələbinin təmin edilməsi, çıxarışın ləğv edilməsinə dair tələbin də dispozitiv şərtlərini də ehtiva edir və bunun nəticəsində cavabdehlərin onlara məxsus olmayan mənzildə mülkiyyətçinin də bu barədə əlavə razılığı və ya icazəsi olmadığından, o cümlədən istifadə hüquqlarına dair hansısa haqqa sahib olmaları işin hallarından təsdiqlənmədiyindən bu tələbin də təmin olunmasını labüd edir.

49. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır.

50. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?.

51. Digər tərəfdən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X7rşı" qərarının 139cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.

52. Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz…Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır.

53. Kollegiya Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulubpozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh R.Abdullayevin iddiaçının da qanuni gözlənti ilə mülkiyyət hüququnun yarandığı əmlakları sonuncunu məlumatlandırmadan başqa şəxsin adına özgəninkiləşdirilməsi ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdeh R.Abdullayevin qanunsuz hərəkəti iddiaçının gözləntiyə əsaslanan mülkiyyətçi kimi birgə əmlaklar üzərində olan hüquqlarının pozulmasına səbəb olmuşdur.

54. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızının ünvan 1 ünvanda apardıqları qanunsuz tikilinin (plan ölçüdə göstərilməyən otaqların) cavabdehlərin hesabına sökülməsi, həmçinin cavabdehlərin qanunsuz olaraq sökdükləri şəlalənin onların hesabına bərpa olunmasına, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçı qeyd edilən tələblərinin qanuni və əsaslılığını lazımi qədər əsaslandırmamış, buna dair mötəbər sübutlar təqdim edilməmiş və beləliklə, kollegiya tərəfindən qeyd edilən tələblərin təmini üçün hər hansı hüquqi əsas yaranmamışdır.

55. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, ünvan 1 qeyri-yaşayış binası ilə bağlı İddiaçı adından Cavabdeh1 digər Cavabdeh2 Qələndər qızı ilə bağladığı xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, ünvan 1 qeyri-yaşayış binası üzrə Cavabdeh2 Qələndər qızının adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarış ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızı ünvan 1 qeyri-yaşayış binasından və binanın yerləşdiyi torpaq sahəsindən çıxarılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

57. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1755/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. ünvan 1 qeyri-yaşayış binası ilə bağlı İddiaçı adından Cavabdeh1 digər Cavabdeh2 Qələndər qızı ilə bağladığı xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. ünvan 1 qeyri-yaşayış binası üzrə Cavabdeh2 Qələndər qızının adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarış ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızı ünvan 1 qeyri-yaşayış binasından və binanın yerləşdiyi torpaq sahəsindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar