Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3272/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəllaləddin qızının katibliyi ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə iddiasına” dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçı MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (satıcı) MMC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla (alıcı) cavabdeh arasında “xxxx” markalı soyuducunun alğı-satqısı ilə bağlı xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş qalan məbləğin ödənilməsi məqsədi ilə 513 manat, öhdəliyin icrasının gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 70 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə (iş v. 36-37) əsasən, cavabdeh iddiaçı MMC-dən, dəyərini hissə-hissə ödəməklə soyuducu almışdır. Soyuducunun nağd alış qiyməti 1.459,99 manat (iş v. 4, 5) , hissə-hissə ödənişi isə 2.125 manat təşkil edirdi. Müqavilənin və müqavilənin tərkib hissəsi olan “xxxx” (iş v. 38) görə, MMC-yə cavabdeh tərəfindən 73 manat nağd şəkildə ödənilmiş və növbəti 12 ay ərzində hər ay 171 manat (cəmi 2.052 manat) məbləğində ödəniş olunmalı idi. Lakin, cavabdeh cəmi 1.612 manatı MMC-yə ödəmiş, qalan 513 manat məbləğində pulu ödəməkdən yayınmışdır (iş v. 52). MMC yazılı və şifahi surətdə cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh öhdəliyi icra etməmişdir. Bu səbəbdən də, MMC, onunla cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə 70 manat məbləğində cərimə (dəbbə) hesablamışdır ki, həmin məbləğ də və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən MMC-nin xeyrinə tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan məbləğin ödənilməsi məqsədi ilə 35,99 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 5 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-yə ödənilməsini qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. ddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, Rayon Məhkəməsi hesab etmişdir ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə və “Ödəniş cədvəlində” soyuducunun qiyməti kimi göstərilmiş 2.125 manat həqiqətə uyğun deyil, belə ki, “Qızıl zəmanət kartında” soyuducunun qiyməti 1.459,99 manat göstərilmişdir. Lakin, Rayon Məhkəməsi nəzərə almamışdır ki, 1.459,99 manat soyuducunun nağd alış qiymətidir, amma cavabdeh həmin soyuducunu, dəyərini hissə-hissə ödəməklə almışdır ki, bu zaman soyuducunun qiyməti 2.125 manat təşkil edir. Cavabdeh bu qiymətlə razılaşmış, müqavilən və “Ödəniş cədvəlini” imzalamaqla öz iradə ifadəsini açıq-aşkar nümayiş etmişdir. Bundan başqa cavabdeh həmin soyuducunu sərfəli zəmanət şərti ilə aldığı üçün “xxxx” (iş v. 4) görə 188 manatı MMC-yə ödəməlidir. Cavabdeh ilk ödəniş ilə birlikdə cəmi 1.612 manat məbləğində pulu MMC-yə ödəmişdir. Rayon Məhkəməsi isə qeyd edilənləri nəzərə alaraq səhv olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya olan borcu (1.459,99+188–1.612=) 35,99 manat məbləğindədir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuşdur ki, alıcı olan cavabdeh satıcı olan iddia qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyi halda iddiaçı cavabdehə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin 200%-na və ya müqavilənin ümumi qiymətinin 10%-na bərabər cərimə tətbiq edilməlidir. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni cərimənin (dəbbənin) tutulması barədə tələbin tam rədd edilməsi və əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, MMC ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ********* №-li müqavilədən görünür ki, həmin müqaviləyə cavabdeh iddiaçı MMC-dən, dəyərini hissəhissə ödəməklə “xxxx” markalı soyuducu almışdır (iş v. 36-37). MMC tərəfindən tərtib edilmiş “xxxx” görünür ki, cavabdeh tərəfindən MMC-yə cəmi 1.612 manat məbləğində pul hissə-hissə ödənilmişdir (iş v. 52). 1.612 manatın ödənilməsi halı cavabdeh tərəfindən Rayon Məhkəməsinə təqdim olunmuş “xxxx” da öz əksini tapmışdır (iş v. 1). Hazırda tərəflər arasında mövcud mübahisənin yaranmasına əsas olmuş hal yuxarıda qeyd edilən soyuducunun satış qiymətindən qaynaqlanır. MMC bildirir ki, soyuducunun hissə-hissə ödəniş qiyməti 2.125 manat olmuşdur. Cavabdehin 1.612 manat ödəməsi nəzərə alındıqda müəyyən edilir ki, ödənilməmiş məbləğ 513 manat təşkil edir. Cavabdeh “xxxx” qeyd edir ki, o, MMC-dən soyuducunu soyuducunun qiyməti 1.500 manatı keçməmək şərti ilə almış və 1.612 manat ödəməklə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Mübahisənin həlli ilə bağlı Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan və MMC ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, soyuducunun hissə-hissə ödəniş qiyməti 2.125 manat təşkil edir (iş v. 36-37). Müqavilədən və müqavilənin tərkib hissəsi olan “xxxx” görünür ki, MMC-yə cavabdeh tərəfindən 73 manat nağd şəkildə ödənilmiş və növbəti 12 ay ərzində cavabdeh hər ay 171 manat (cəmi 2.052 manat) məbləğində MMC-yə ödəniş etmək barədə üzərinə öhdəlik götürmüşdür. İşdə olan “Qızıl zəmanət kartından” görünür cavabdeh yuxarıda qeyd edilən soyuducunu sərfəli zəmanət şərti ilə aldığı üçün “xxxx” görə 188 manatı MMC-yə ödəməlidir (iş v. 4). “Qızıl zəmanət kartından” və qəbzdən görünür ki, soyuducunun nağd alış qiyməti 1.459,99 manat olmuşdur (iş v. 4, 5). Qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə və “Ödəniş cədvəlində” soyuducunun qiyməti kimi göstərilmiş 2.125 manat həqiqətə uyğun deyil, belə ki, “Qızıl zəmanət kartında” soyuducunun qiyməti 1.459,99 manat göstərilmişdir. Belə olan halda cavabdehin iddiaçıya olan borcu (1.459,99+188–1.612=) 35,99 manat təşkil edir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsi səhvdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Hazırkı halda tərəflər arasında yazılı müqavilə var və həmin müqavilədən görünür ki, müqavilənin qiyməti 2.125 manat təşkil edir. Qızıl əmanət kitabçasında qeyd olunmuş məbləğ – 1.459,99 manat nağd ödəniş edildiyi zaman ödənilməli olan məbləğdir və bu qayda həmin sənədin özündə açıq aşkar və anlaşılan tərzdə qeyd edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin özünün bəyənərək imzaladığı “xxxx” açıq aşkar və anlaşılan tərzdə qeyd edilib ki, cavabdehin iddiaçı MMC-yə etdiyi 73 manat ilkin ödənişdən sonra növbəti 12 ay ərzində MMC-yə hər ay 171 manat ödəniş etməlidir. Yuxarıda qeyd edilən maddi və prosessual hüququ normalarının mənasından işdə olan sübutlara yanaşdıqda müəyyən edilir ki, cavabdeh MMC-dən dəyərini hissə-hissə ödəməklə aldığı soyuducunun qiyməti 2.125 manat olmuşdur. Qiymətin qeyd edilən məbləğdə deyil, daha aşağı olmasını isə təsdiq edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Cavabdehin Rayon Məhkəməsinə təqdim etdiyi “xxxx” göstərdiklərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, o, iddiaçı MMC-yə cəmi 1.612 manat ödəməklə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə mülki məsuliyyət daşıyır və bu səbəbdən ondan (2.125-1.612=) 513 manat məbləğində pul tutularaq MMC-yə ödənilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi səhv olaraq hesab etmişdir ki, bu məbləğ 35,99 manat həcmdə müəyyən edilməlidir. İddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü digər tələb- onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 70 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-yə ödənilməsindən ibarət tələbdir. Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh, MMC ilə aralarında bağlanmış müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında etdiyi və aralarında alğı-satqının qiyməti ilə bağlı mübahisə yaranması və yalnız bunun nəticəsində ödənişləri dayandırması nəzərə alınmaqla cavabdehdən cərimənin tutulması əsassız olar. Məhkəmə Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşmır. Belə ki, cavabdehin iddiaçı MMC qarşısında xx.xx.2017-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi artıq müəyyən edilib. Digər tərəfdən qeyd edilməlidir ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuşdur ki, alıcı olan cavabdeh satıcı olan iddia qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyi halda iddiaçı cavabdehə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin 200%-na və ya müqavilənin ümumi qiymətinin 10%-na bərabər cərimə tətbiq edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüquq normalarının tələblərini və əsas borcun 513 manat məbləğində olmasını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin “cərimənin ödənilməsi məqsədi ilə 70 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilməli və bu tələb qismən təmin edilərək cavabdehdən iddiaçı MMC-nin xeyrinə 10 manat məbləğində cərimə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin maddəsinə əlavə edilmiş və xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti isə 2.000 manatdan azdır. Beləliklə də, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384cü maddəsində nəzərdə tutulmuş səlahiyyətlərdən çıxış edən, Məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə qismən, yəni cərimənin tutulması barədə tələbin tam rədd edilməsi və əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin və bu hissələr üzrə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə iddiası” qismən təmin edilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında “xxxx” markalı soyuducunun alğı-satqısı ilə bağlı xx xxxx 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş qalan məbləğin ödənilməsi məqsədi tutulmalı olan pulun məbləği 513 (beş yüz on üç) manat müəyyən edilsin. Öhdəliyin icrasının gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 10 (on) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli qətnamənin qalan hissəsi, yəni iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında “xxxx” markalı soyuducunun alğı-satqısı ilə bağlı xx xxxx 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə Cavabdeh öhdəliyi tam icra etməməsi səbəbindən mülki məsuliyyət daşıması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 5 (beş) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3272/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3272/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver