Məhkəmə qərarları › İş №2(103)-3274/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3274/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3274/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: istehlakçı hüquqlarının qorunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi İddiaçının nümayəndəsi X2, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-3986/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 10811270 saylı nisyə alğısatqı müqaviləsindən və onun əlavəsindən görünür ki, Cavabdeh dəyəri 990,8 manat olan XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, dəyəri 1.600,2 manat olan TOSHİBA LED TV, X8 1 il üçün 132 manat, Zəmanət + 2il üçün 160 manat, ümumilikdə 2.883 manat olmaqla, hər ay 157.72 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir.

2. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə və onun tərkib hissəsi olan müvafiq əlavəyə əsasən, imei kodu **********24788 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, TOSHİBA LED TV üçün 2.769,26 manat ödənilməmiş məbləğ və 276,74 manat cərimə borcu vardır. Cəmi borcun məbləği 3.046 manatdır.

3. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh 10811270 saylı müqaviləyə əsasən, imei kodu **********24788 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, TOSHİBA LED TV-ni tam qüsursuz halda təhvil almışdır.

4. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

5. xx.xx.2022-ci il tarixli “Sifariş”dən görünür ki, XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon Cavabdeh tərəfindən İddiaçınə təhvil verilmiş, sonuncu tərəfindən həmin sənəddə “Cihazda heç bir problem yoxdur, sadəcə müştərinin ödənişlərlə bağlı problemi var” qeyd edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə, imei kodu **********24788 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, TOSHİBA LED TV üçün 2769.26 manat ödənilməmiş hissə, 276.74 manat cərimə, ümumilikdə 3046 manat məbləğində borcun və 50.46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən imei kodu **********24788 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, TOSHİBA LED TV almış və nəticədə 3.046 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 2.882.96 manat (yəni 18 ay x 157.72 manat + 44 manat ilkin ödəniş) olan XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, TOSHİBA LED TV üçün ümumilikdə 3.046 manat olmaqla, ondan 2.769,26 manat ödənilməmiş hissə, 276,74 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 113,7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

8. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 3986/2024 nömrəli qətnaməsi ilə (hakim F.F.Mirzəyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 10811270 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə və onun tərkib hissəsi olan müvafiq əlavəyə əsasən, imei kodu **********24788 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, TOSHİBA LED TV üçün 2.769,26 manat ödənilməmiş məbləğ və 139 manat cərimə borcu olmaqla, cəmi 2.908,26 manat məbləğində pul vəsaitinin və 50,46 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, qüsuru olmayan əşyanı müştəriyə təqdim etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da, iddiaçı cavabdehdən alınmış malların ödənişini tələb etməkdə haqlı olmuşdur. Müqavilə üzrə tərəflər arasında cavabdeh öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. İddiaçı cərimənin ödənilməsini tələb etmiş, məhkəmə isə cəriməni tənəssübsüz surətdə yüksək hesab etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 425.1, 425.2, 442, 443.1, 443.7, 448.1, 462.1, 465.2, 467, 600.1, 600.2, 600.4, 601.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124, 284-5, 284-6.1-cı maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sübutlar sadəcə iddiaçı tərəfindən təqdim edilmişdir. Belə ki, cavabdeh məhkəmə prosesi getdiyindən xəbərsiz olmuşdur. Əks halda məhkəməyə zəruri olan sübutları təqdim edərdi. Belə ki, iddiaçı ilə arasında təhvil-təslim aktı imzalanmış və həmin sənəddən də görünür ki, iddiaçıdan alınan mallar ona geri qaytarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, televizor və telefonu alanda “qızıl zəmanət”lə almışdır. Çünki uşaqları azyaşlıdılar və televizoru zədələyə bilərdilər. Satıcı ona izah etdi ki, əgər həmin mallar zədələnsə onu təmir və ya əvəz edəcəklər. Uşağı televizoru zədələyəndə ona servisdən dedilər ki, televizoru təmir edəcəklər. 2-3 gün sonra servisdən bildirdilər ki, televizorun təmiri mümkün deyil, mağazaya yaxınlaşıb yeni televizor götürə bilərlər. Mağazaya yaxınlaşanda oradan bildirdilər ki, televizora “qızıl qarantiya” verilməmişdir, həmin qarantiya yalnız telefona aiddir, 1.400 manat ödəniş etsələr televizorun ekranını təmir edəcəklər. Bununla bağlı hətta özləri birinci Suraxanı Rayon Məhkəməsinə müraciət etdilər, lakin ərizələri baxılmamış qaldı. Televizor qaldı iddiaçıda. Növbəti ay telefonun ödənişini etmək istədikdə ayrıca onun ödənişini kassir qəbul etmədi, bildirdi ki, televizorun da ödənişini etməlidirlər. Ona görə telefonu da geri qaytardılar.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, “Qızıl zəmanət” televizora aid deyil. Müqavilə ilə “qızıl zəmanət+1 il” telefona, “zəmanət+2 il” isə televizora aiddir. Eyni zamanda, hesablama qaydasında “X8” 132 manat, “zəmanət+2 il” isə 160 manat hesablanmış və cavabdehə izah olunmuş, o isə iradə ifadəsini bildirərək müqaviləni imzalamışdır. Telefon hazırda faktiki olaraq onlardadır. Cavabdeh telefonu mağazaya atıb gedib. Əgər cavabdeh istəsə dəyərini ümumi məbləğdən silə bilərlər, habelə cavabdeh telefonu gəlib götürə də bilər. Televizora “qızıl zəmanət” verilsə idi, 14 gün ərzində təmir edib, təqdim edəcəkdilər. Təmir edə bilməsələr, yeni televizor verəcəkdilər.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Maddə 446.4. Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Maddə 617.1. Satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur.

17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Maddə 13.2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş məlumat, mala əlavə olunan texniki sənədlər, habelə nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya ayrı-ayrı xidmət sahələrində qəbul olunmuş başqa üsulla istehlakçının nəzərinə çatdırılır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardr. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.

22. İşdən görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh dəyəri 990,8 manat olan XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, dəyəri 1.600,2 manat olan TOSHİBA LED TV, “X8” 1 il üçün 132 manat, Zəmanət + 2il üçün 160 manat, ümumilikdə 2.883 manat olmaqla, hər ay 157.72 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan müqavilədə və onun əlavəsində “X8 1 il” qeyd edilsə də, onun konkret olaraq hansı məhsula aid olduğu qeyd edilməmişdir.

24. Cavabdeh bildirir ki, o, televizoru və telefonu alanda “Qızıl Zəmanət”i ona görə əldə etmişdir ki, uşaqları azyaşlıdırlar və televizoru zədələyə bilərdilər. Lakin televizor zədələndikdən sonra onun təmirindən və yenisi ilə əvəz edilməsindən iddiaçı tərəfindən imtina edilmişdir.

25. İddiaçının nümayəndəsi məhkəmə kollegiyası tərəfindən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, televizora “Qızıl Zəmanət” verilsə idi, onu 14 gün ərzində təmir edib, bu mümkün olmadıqda isə cavabdehə yenisini verəcəkdilər. Lakin həmin zəmanət televizora deyil, yalnız telefona verilmişdir.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bundan başqa, satıcı istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müqavilədə qeyd edilən “X8” təminat öhdəliyinin hansı mala aid edildiyi dəqiq göstərilmədiyindən, bu qeyrimüəyyənlik cavabdehin (istehlakçının) ziyanına deyil, iddiaçının (satıcının) ziyanına (əleyhinə) təfsir edilməlidir. Belə olan halda, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etmədiyinə, yəni cavabdehə satdığı televizoru təmir və ya yenisi ilə əvəz etmədiyinə görə onun cavabdehə qarşı həmin mala görə ödənişin tələb edilməsi barədə iddiası təmin edilə bilməz.

28. Belə ki, Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən alınmış telefona görə ayrıca ödəniş edərkən iddiaçı tərəfindən bu ödənişin qəbul edilməməsi, televizora görə də ödənişin edilməli olduğunu bildirməsi mülki qanunvericiliyin müddəaları baxımından onun tərəfindən icranın gecikdirilməsi hesab edilir.

30. Belə ki, Mülki Məcəllənin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır.

31. Həmin Məcəllənin 446.4-cü maddəsinə görə kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun.

32. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin iddiaçı tərəfindən telefona görə ödənişin qəbul edilməməsi ilə bağlı bildirdikləri iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli “Sifariş” adlı sənəddən də müəyyən edilir. Belə ki, həmin sənəddə iddiaçı tərəfindən “Cihazda heç bir problem yoxdur, sadəcə müştərinin ödənişlərlə bağlı problemi var” qeyd edilmişdir.

33. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmamış, iddiaçı telefona görə ödənişi qəbul etmədiyi üçün telefonu iddiaçıya qaytarmışdır.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən hazırda telefona görə də ödənilməmiş borcun tələb edilməsi əsassızdır.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən nisyə alğı-satqı müqaviləsi üzrə satılmış mallara görə ödənilməmiş borcun tələb edilməsi əsassız olduğundan, həmin borca hesablanmış cərimənin tələb edilməsi də əsassızdır.

36. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

37. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 3986/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 26 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçındən tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar