Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3275/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(010)-2525/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı iddia ərizəsi ilə məhkəməyə Cavabdeh4 tərəfindən açılmış 24.06.2019-cu il tarixli, 2V-1-167 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv olunması və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən miras əmlaka vərəsəlik hüququnun tanınması və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(010)-2525/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin predmetinə görə:
1. İddiaçı ona atasından miras qalmış Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 0.30 ha torpaq sahəsindən hazırda yaşadığı köhnə ev ( ölçülər uzunluq 13 m, en 7.10) və onun yerləşdiyi eyni ölçülü torpaq sahəsi, həmçinin evin uzunu boyunca onun qarşısında yerləşən torpaq sahəsi (evlə birlikdə ümumi ölçülər en 13 m, uzunluq 26.80 m, cəmi 0.0348.4 ha), o cümlədən yol üçün eni 3 m, uzunluğu 10 m ərazinin (ümumi olaraq hamısı birlikdə 0.0378.4 ha) onun adına cavabdehlər tərəfindən rəsmiləşdirilməsi (bağışlama və ya alqı-satqı) qarşılığında iddiadan imtina edir və gələcəkdə müqavilənin şərtləri cavabdehlər tərəfindən pozulmazsa onlara qarşı iddia qaldırmayacağına vəd verir.
2. Cavabdehlər isə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 0.30 ha torpaq sahəsindən iddiaçının yaşadığı köhnə ev (ölçülər uzunluq 13 m, en 7.10) və onun yerləşdiyi eyni ölçülü torpaq sahəsi, həmçinin evin uzunu boyunca onun qarşısında yerləşən torpaq sahəsi (evlə birlikdə ümumi ölçülər en 13 m, uzunluq 26.80 m, cəmi 0.0348.4 ha), o cümlədən yol üçün eni 3 m, uzunluğu 10 m ərazinin (ümumi olaraq hamısı birlikdə 0.0378.4 ha) onun adına rəsmiləşdirilməsini (bağışlama və ya alqı- satqı) və iddiaçının həmin ərazidən maneəsiz istifadə etməsinə şərait yaradacaqları öhdəliyini götürürlər.
3. Əldə olunmuş barışığa əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2525/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilir və Bakı Apellyasiya Məhkəməsində baxılan 2(103)-3275/2019 saylı iş üzrə icraata xitam verilir. Müqavilə 02(iki) vərəqdən ibarət olmaqla eyni hüquqi qüvvəyə malik olan 5(beş) nüsxədə, Azərbaycan respublikasının dövlət dilində hazırlanmışdır. Həmin barışıq sazişinin biri iddiaçıya, üçü cavabdehlərə, biri isə iş materiallarına əlavə edilməsi üçün məhkəməyə verilir. Həmin barışıq sazişi tərəflərin hüquqlarını, habelə digər şəxsin qanunla qorunan mənafelərini pozmur və qanuna zidd deyil. Barışıq sazişi imzalandıqdan sonra tərəflər sözügedən Bakı şəhəri, ünvan 2 ünvanına dair biri-birilərinə qarşı bilavasitə və dolayısı yol ilə heç bir iddia tələbi irəli sürməyəcəkdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil2 barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə idə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin 1-ci bəndindəki gələcəkdə müqavilənin şərtləri cavabdehlər tərəfindən pozulmazsa onlara qarşı iddia qaldırmayacağına vəd verir və 3-cü bəndinin, 3-cü abzasının 2-ci - axırıncı cümləsi - barışıq sazişi imzalandıqdan sonra tərəflər sözügedən Bakı şəhəri, ünvan 2 ünvanına dair biri-birilərinə qarşı bilavasitə və dolayısı yol ilə heç bir iddia tələbi irəli sürməyəcəkdir şərtləri istisna olmaqla, digər şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(010)-2525/2020 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Əvvəla ona görə ki, iddiadan imtina edilməsi ilə məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilmələri fərqli prosessual institutlardır. Düzdür, hər ikisi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Bu hallar olmadıqda isə hər ikisinin nəticəsində işin icratına xitam verilməklə məhkəmə qətnaməsi ləğv edilməlidir. Lakin hazırki iş üzrə tərəflər xüsusi olaraq iddialarından imtina etmir, mübahisəni barışıq sazişi bağlamaqla qurtarmaq istəyirlər. Məhkəmə də iddiadan imtinanı deyil, tərəflərin barışıq sazişini təsdiq etməsi yaxud etməməsi barədə qərardad çıxarmalıdır. Çünki, qeyd olunduğu kimi, tərəflər xüsusi olaraq iddialarından imtina etmir. Mübahisə predmeti olan ev və torpaq sahəsi ilə bağlı aralarında olan mübahisəni məhz bu vasitə ilə yekunlaşdırmaq istəyirlər. İkincisi, hər hansı şəxsin məhkəmədə iddia qaldırmaq və məhkəmə müdafiəsindən istifadə etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Tərəflərin mübahisə predmeti olan ünvanda yerləşən evə yaxud torpaq sahəsinə dair bir-birinə qarşı bilavasitə və dolayısı yolla iddia qaldırmayacaqlarını öhdələrinə götürməsinə dair barışıq sazişinin qeyd olunan şərtləri də bu hüquqların məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, bu şərtin barışıq sazişində göstərilməsinə də əsas və zərurət yoxdur. Çünki, onsuzda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina ediləcək, əgər səhvən iş icraata qəbul edilsə belə hakim iş üzrə icraata xitam verəcəkdir(MPM. m. 153.2.2, 261.0.2). Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə r a r a a l d ı:
İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: İddiaçı ona atasından miras qalmış Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 0.30 ha torpaq sahəsindən hazırda yaşadığı köhnə ev (ölçülər uzunluq 13 m, en 7.10) və onun yerləşdiyi eyni ölçülü torpaq sahəsi, həmçinin evin uzunu boyunca onun qarşısında yerləşən torpaq sahəsi (evlə birlikdə ümumi ölçülər en 13 m, uzunluq 26.80 m, cəmi 0.0348.4 ha), o cümlədən yol üçün eni 3 m, uzunluğu 10 m ərazinin (ümumi olaraq hamısı birlikdə 0.0378.4 ha) onun adına cavabdehlər tərəfindən rəsmiləşdirilməsi (bağışlama və ya alqı-satqı) qarşılığında iddiadan imtina edir; Cavabdehlər isə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 0.30 ha torpaq sahəsindən iddiaçının yaşadığı köhnə ev (ölçülər uzunluq 13 m, en 7.10) və onun yerləşdiyi eyni ölçülü torpaq sahəsi, həmçinin evin uzunu boyunca onun qarşısında yerləşən torpaq sahəsi (evlə birlikdə ümumi ölçülər en 13 m, uzunluq 26.80 m, cəmi 0.0348.4 ha), o cümlədən yol üçün eni 3 m, uzunluğu 10 m ərazinin (ümumi olaraq hamısı birlikdə 0.0378.4 ha) onun adına rəsmiləşdirilməsini (bağışlama və ya alqı- satqı) və iddiaçının həmin ərazidən maneəsiz istifadə etməsinə şərait yaradacaqları öhdəliyini götürürlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(010)-2525/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.