Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3275/2025 30.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “müqavilənin etibarsız hesab edilməsi ” ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 490/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Bakı şəhəri 19 saylı Notariat Ofisində Cavabdeh2 və Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2020-ci il tarixli AN-İ 088034 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsindən ünvanına daxil olan bildirişdən ona məlum oldu ki, Maraqlı şəxs məhkəmədə onun və ailəsinin ona məxsus ünvan 2 ünvanında yerləşən 190 nömrəli fərdi yaşayış evindən çıxarılmağı barədə iddia tələbi qaldırmışdır. Məhkəmə zamanı iddia ərizəsi ilə tanış olduqda ona məlum olmuşdur ki, ona məxsus ünvan 2 ünvanında yerləşən 190 nömrəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdə AN-İ 088034 nömrəli müqavilə ilə Maraqlı şəxs satılmışdır. Evi və həyətyanı sahəsinə bitişik atası X1 adına şəhadətnamə ilə 0,03 ha torpaq sahəsi olmuş, 2018-ci ildə həmin torpaq sahəsinə çıxarış almaq və satmaq niyyəti olmuşdur. Cavabdeh2 münasibəti olduğu üçün bu niyyəti barədə ona danışdı. O isə ona tanışlarının olduğunu qısa müddətdə həmin torpaq sahəsini ünvan 2 ünvanında yerləşən 190 nömrəli fərdi yaşayış evinə və 0,0435 ha torpaq sahəsinə birləşdirərək çıxarış ala biləcəyini və daha sonra yaxşı qiymətə satacağını bildirdi. Əvəzində isə satışdan əldə olunacaq gəlirdən ona pay verməyi təklif etdi. O isə ona güvəndiyi və prosedurlardan başı çıxmadığı üçün razılaşdı. Cavabdeh2 15 may 2018-ci il tarixdə adından torpaq sahəsini rəsmiləşdirməsi, alıbsatması üçün etibarnamə və 3000 manat pul verdi. Üstündən 2 il keçdikdən sonra hər şeyi həll etdiyini, prosedurun yekunlaşması üçün təcili surətdə o və həyat yoldaşının razılığı tələb olunduğunu bildirdi. Onlar isə ona güvənərək razılıq verdilər. Bu müddət ərzində dəfələrlə ondan 3000 manat pulunu geri tələb etmişdir, o isə hər dəfə bir bəhanə gətirir, prosesin getdiyini deyir və pulu qaytarmaqdan yayınırdı.
2. Cavabdeh2 iddia tələbinə dair yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir. Bildirmək istəyir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri hamısı yalandır, dedikləri həqiqəti əks etdirmir. O, uzun illərdir iddiaçını tanıyır, tanışlıqları əsasında da ona etibarnamə vermiş və o ona məxsus fərdi yaşayış evini sataraq alqı-satqı yolu ilə əldə olunmuş pul vəsaitini ona son qəpiyinə qədər ödəmişdir. Alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan 4 ildən artıq keçdikdən sonra iddiaçı belə bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Özünün də qeyd etdiyi kimi evin hazırki mülkiyyətçisi Maraqlı şəxs Edson qızı evdən çıxarılma tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etdikdən sonra cavabdehdə işi uzatmaqdan ötrü alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı 4 ildən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının məqsədi işi uzatmaqdan başqa bir şey deyildir. Hesab edir ki, iddianın əsassız olması nəzərə alınmalı və məhkəmə iş üzrə ədalətli qətnamə qəbul etməlidir. 3.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-490/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13; Mülki Məcəlləsinin 6.1.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1, 57.1, 57.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 119.1, 375.1, 375.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə isə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2020-ci il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 111,17 m2, yaşayış sahəsi 84,03 m2, yardımçı sahəsi 27,14 m2 olan 4 otaqlı fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,0415 ha olan torpaq sahəsini 40000 manata Maraqlı şəxs mülkiyyətinə vermişdir. Müqavilə bağlanan zaman İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 təmsil etmişdir. Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Bundan başqa müqavilə imzalarkən Cavabdeh2 İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında onu təmsil etmişdir. Belə ki, iddiaçı mülkiyyətində olan əmlaka çıxarış alınması məqsədilə Cavabdeh2 3000 manat məbləğində pul verdiyini və onun məlumatı olmadan bağlanmış alqı-satqı müqaviləsi nəticəsində əldə edilən gəlirin Cavabdeh2 tərəfindən mənimsənildiyini bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. 4.Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı tərəfindən cavabdehə verilmiş 15 may 2018-ci il tarixli etibarnamə ilə iddiaçı ünvan 4 ünvanında yerləşən 0,0415 ha torpaq sahəsi və fərdi yaşayış evi haqqında sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri: o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq bə ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamağı, müqavilələri ləğv etmək, bu əqdlər üzrə notariusun depozit hesabından mədaxil və məxaric etmək, pul almağı, DƏDRX-nin müvafiq ərazi idarəsində nümayəndəsi olmaq, sənədləşmə işlərini aparmağı, müqaviləni və lazimi sənədləri təqdim etməyi, ona çatası texniki pasportu, arayış forma N1 almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, o cümlədən kommunal xidmətlərə bağlı bütün dövlət orqanlarında, Asan Xidmət mərkəzində, Azərişıq ASC-də, Azəriqaz ASC, Azərsu ASC-də nümayəndəsi olmağı, sənədləşmə işlərini aparmağı, notariat kontorunda bu işlərlə bağlı ərizə yazmaq, müqaviləni və lazimi sənədləri təqdim etməyi işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 10 il müddətinə, xx.xx.2028-ci il tarixədək Cavabdeh2 etibar etmişdir ; - İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 111,17 m2, yaşayış sahəsi 84,03 m2, yardımçı sahəsi 27,14 m2 olan 4 otaqlı fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,0415 ha olan torpaq sahəsini Maraqlı şəxs mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür ; - Bakı şəhəri 19 saylı Notariat Ofisinə təqdim olunmuş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən tərəflər İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin (tam hissə 111,17 m2) və həmin ünvanda yerləşən torpaq sahəsinin (tam hissə 0,0415 m2) 40000 manat qiymətə satılması barədə razılığa gəlmişlər ; - Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsində mülkiyyətində oolan 0,0415 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 84,03 m2 yaşayış, 27,14 m2 köməkçi sahədən ibarət 190 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır ; - xx.xx.2020-ci il tarixli, 553 nömrəli kassa məxaric çekinə əsasən Cavabdeh2 tərəfindən 40000 manat məbləğində vəsait qəbul edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.İddiaçı apellyasiya şikayəti verərək, Yasama Rayon Məhkəməsinin 2(004)-490/2025 xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 1115; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62, 76, 77.1,78, 87, 88, 92,165-ci maddələrinə istinadən iddia ərizəsinin məzmununa uyğun halları ərz etmiş və qeyd edilmişdir ki, Cavabdeh2 məhkəməyə əldə etdiyi 40.000 manat pul vəsaitini qəpiyinə kimi İddiaçı verdiyini qeyd etmiş, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən alıcı Nigar Edison qızı isə yaşayış evini görmədən aldığını etiraf etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, cavabdehin hədə-qorxu yolu ilə etibarnamənin verilməsi üçün ona imza etdirdiyini, həmin etibarnaməni onun evini satmaq məqsdəi ilə cavabdehə vermədiyini qeyd etmiş, dediklərinin təfərrüatlarını izah etməkdən yayınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən həmin məhkəmə iclasında iştirakının mümkün olmayacağını və iştirakı olmadan iclasın keçirilməsinə də etiraz etmədiyini, bu halın üzürlü sayılıb iştirakı olmadan məhkəmə iclasını keçirməklə apellyasiya şikayətinin təmin olunmaması, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 8.Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır . Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələblərinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1. Hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər
12. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının cavabdehə verdiyi etibarnamə, qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. İddiaçının həmin etibarnaməni hədə-qorxu təsiri altında cavabdehə verdiyini iddia etsə də, iş materialları ilə müəyyən edilir ki, etibarnamə qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Onun etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmir, iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya şikayətinin dəlillərində etibarnaməni mübahisələndirməmiş, bununla bağlı mötbər sübut təqdim edilə bilməmişdir. Ümumiyyətlə, iddiaçının apellyasiya icraatı zamanı verdiyi izahatla iddia etdiyi hallar uyğunsuzluq təşkil edir və iddianın (apellyasiya şikayətinin) əsaslılığına, habelə məhkəmə qətnaməsinin əsassızlığına dəlalət edən mötəbər və təkzibedilməz sübutedici dəlillər müzakirəyə təqdim edilməmişdir. 14.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-490/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.