Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3277/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2025/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu: **********0082) təbii qazdan istifadə ilə bağlı xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 1.321,92 manat borc silinsin. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, cavabdeh tərəfindən həmin fərdi yaşayış evinə münasibətdə iddiaçıya hesablanmış 1.321,9 manat borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında İddiaçı şikayətin əsassız olduğunu bildirdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin tərtib etdiyi xx.xx.2024-cü il tarixli ******* nömrəli akta görə, iddiaçıya aid olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etdiyi aşkarlanıb. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın (itirilmiş qazın) əvəzi kimi abonentə 1.321,92 manat borc hesablanıb və abonentin saldosunda qeyd edilib. Birinci instansiya məhkəməsi düzgün olaraq həmin borcun silinməsini qət edib. Belə ki, birinci, cavabdeh iddiaçının qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübut (fotoşəkil, videoçəkiliş və s.) təqdim etməyib. Cavabdeh yalnız akta istinad edir, akt isə iddiaçı tərəfindən imzalanmayıb. İkinci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində təbii qazın talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub. Həmin Məcəllənin 8-ci maddəsində isə təqsirsizlik prezumpsiyası müəyyən olunub. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə görə, qazdan sayğacdankənar istifadə halları aşkar olunduqda cavabdeh təqsirkar şəxsin müəyyən edilməsi və inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti quruma müraciət etməyə borcludur. Lakin cavabdeh bunu etməyib, nəticədə isə qazın talanmasında iddiaçının təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsindən görünür ki, delikt – təqsirli əməldir. Cavabdehin tərtib etdiyi akt qazın talanmasında iddiaçının təqsirli olduğunun mülki məhkəmə icraatı qaydasında müəyyən edilməsi üçün kifayət deyil. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2025/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3277/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3277/2025
13.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver