Məhkəmə qərarları › İş №2(103)-328/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-328/2023

06.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-328/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyasına qarşı QƏTNAMƏSİ iş № 2(103)-328/2023 (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Bakı şəhəri, 06 noyabr 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Səbinə Eldəniz qızının katibliyi, X6, onun vəkililəri Vəkil6 və Vəkil3, Ərizəçi nümayəndəsi və vəkili Vəkil5 və Vəkil1 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6348/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il tarixində Tovuz rayonunda anadan olmuş X4 fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ərizəçinin atasıdır, o, xx.xx.1951-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olsa da, bu ilin aprel ayınadək ünvan 2 ünvanında ərizəçi, ərizəçinin anası, həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayırdı, atası son zamanlar özünü müstəqil idarə edə bilmir, əhval-ruhiyyəsi tez-tez dəyişir, gah yersiz gülür, gah da acıqlı və kədərli olur, heç bir əsas olmadan əsəbləşir və ya öz-özünə deyinir, verilən sualları anlamır, hərəkətlərinin mahiyyətinə varmır, öz hərəkətlərinin mənasını başa düşmür və onlara rəhbərlik edə bilmir, cürbəcür lazımsız əşyaları toplayır, öz otağında saxlayır, köhnə əşyaları atmağa və ya kiməsə verməyə icazə vermir, hər şeydən şübhələnir, deyinir, gecə də narahatdır, yatmır, heç kimə demədən evdən çıxıb gedir, öz hərəkətlərinə tənqidi münasibəti qəti qəbul etmir, həmçinin şəxsin həmişə pis davranışları olmuşdur, lap cavan yaşlarından spirtli içki qəbul edib və həmişə də onun təsirindən evdə, işdə, qonşularla dava salmışdır, hazırda isə spirtli içki təsirindən etdiyi hərəkətlər psixi pozuntularla daha da kəskinləşib və idarə edilməz hal almışdır, evdə tez-tez dava salır, ərizəçinin yaşlı anasına- öz yoldaşına əl qaldırır, yatdığı otaqda bıçaq saxlayır, emosional gərgin olduqda həmin bıçaqla ailə üzvlərini ölümlə hədələyir, bu hərəkətlər evdə yaşayanları, o cümlədən yetkinlik yaşına çatmayan nəvələrini həm qorxudur, həm də psixoloji baxımdan pis təsir edir, 66 saylı MKİS tərəfindən verilmiş, iş materiallarına əlavə olunmuş xasiyyətnamədən də görünür ki, L.Tağıyev qonşularla pis rəftar edir, içki alüdəçisi olduğundan tez-tez dalaşır, nalayiq sözlər deyir. Nümayəndə Vəkil1 həmçinin bildirdi ki, L.Tağıyev 2021-ci ilin mayiyun aylarında Narkoloji mərkəzdə alkoqol qəbulu nəticəsində asıllıq sindromu diaqnozu ilə müalicə almışdır, xx.xx.2021-ci il tarixdən isə Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicə alır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6348/2021 nömrəli işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, xx.xx.1951-ci il tarixində ünvan 3 ünvanında qeydiyyat olan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Daha sonra maraqlarına toxunan şəxs X6 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6348/2021 nömrəli işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayətində qeyd edilmişdir ki, X6 iddia olunanların əksinə tam sərbəst şəkildə özünü idarə edən, heç bir psixoloji və sair narahatlığı olmayan Azərbaycan Respublikası vətəndaşıdır. Onun barəsində hazırki ərizənin məzmunundan da göründüyü kimi oğlunun etdiyi hərəkətlər sırf məkrli plandan ibarətdir. Bu isə onun əmlakını və sair hüquqlarını ələ keçirməkdən başqa bir şey deyildir. Məhkəmə tərəfindən X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığı bildirilsə də, onun faktiki olaraq fəalliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün bütün zəruri məktublar “yığılaraq” məhkəməyə təqdim edilmişdir. Bu isə onun mülkiyyət və sair hüquqlarını ələ keçirmək üçün ona qarşı olan planın bir parçasıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkilləri Vəkil1 və Vəkil5 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən L.Tağıyev və onun vəkilləri Vəkil3 və Vəkil6 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

9. Kollegiya iclasının vaxtı və yeri barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsinin iştirakı təmin edilməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər.

12. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, 317.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır.

14. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasəməhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.

15. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.

16. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən,şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. İş materiallarında olan AZE seriyalı 00780715 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1951-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır.

21. İş materiallarında olan İX-ЖГ seriyalı 277316 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1982-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, onun atası X6, anası X2r.

22. İş materiallarında olan 66 saylı MKİS tərəfindən verilmiş 24 nömrəli, xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, X1 rayonu, İ.Məmmədov küçəsi ev 27a ünvanında qeydiyyatsız yaşayır, qonşularla pis münasibətdədir, içki alüdəçisi olduğundan tez-tez dalaşır, nalayiq söyüşlər söyür.

23. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Respublikas Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2021-ci il tarixli 6126 saylı məktuba əsasən, xx.xx.1951-ci il təvəlüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan X7 xx.xx.2021-ci il tarixdə “qocalıq psixozu” diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuşdur, hazırda müalicəsi davam edir.

24. İş materiallarından görünür ki, AR SN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 2124 saylı rəyi ilə X5 damar mənşəli demensiya (ağıl zəifliyi), psixotik pzountularla qeyd olunur, X6 öz psixi vəziyyətinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən yalnız AR SN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021ci il tarixli 2124 saylı rəyinə əsaslanmışdır.

26. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini natamam hesab edir və qeyd edir ki, AR SN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 2124 saylı rəyi Tağıyev Lətifin öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına olmamasını təsdiq etsə də, özlüyündə hazırki tələbinin tam təmin edilməsi üçün yetərli deyildir.

27. İş materiallarında olan və birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqat zamanı anamnezin toplanılması, mülki iş materialları və yoxlanılan şəxsin obyektiv müayinəsi üsulundan istifadə edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi öz hüquqi nəticələrinə görə kifayət qədər ciddi hesab olunan haldır ki, bunun üçün anamnezin toplanılması, mülki iş materialları və yoxlanılan şəxsin obyektiv müayinəsi yolu ilə tədqiqatın aparılması kifayət deyildir. Birinci instansiya məhkəməsi tərəfindən Tağıyev Lətifin stasionar qaydada müayinəsi aparılmaqla ekspert rəyinin alınmasına səy göstərilməmişdir.

29. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman X4 təkrar kompleks məhkəmə-tibbi və stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi ilk olaraq məhkəmə tibbi-ekspertiza hissəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoiya Birliyi” phş-yə və daha sonra stasionar məhkəmə-psixiatrik ekspertizası hissəsində “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” phş-yə həvalə edilmişdir. Məhkəmə tibbi ekspertizası üzrə ekspert qarşısında 1. Anamnezdə damarların zədələnməsinə səbəb olacaq xəstəliklərə rast gəlinirmi? 2. Beyni qidalandıran damarlarda stenozlar təyin olunurmu? 3. İntrakranial vaskulyar status? 4. Koqnitiv testlərin nəticələri? - sualları, Stasionar məhkəmə-psixiatrik ekspertizası üzrə ekspert qarşısında 1. xx.xx.1951-ci il təvəllüdlü X6 ağıl zəifliyi və ya psixi xəstəlikdən əziyət çəkirmi? 2. xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi öz hərəkətlərinin mənasını başa düşürmü və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarındadırmı? 3. Komissiyanın ümumi dəyərləndirməsi. Qoyulmuş diaqnozun təsdiqi və ya inkarı? – sualları qoyulmuşdur. Həmçinin, X4 Stasionar şöbəyə yerləşdirilməsinin təmin olunması, diaqnozun müəyyən olunması məqsədi ilə digər mütəxəsislərin, yəni ekspertiza qarşısında qoyulmuş suallara əsasən müvafiq sahələr üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07 fevral 2023-cü il tarixli 3-28/3-1-68/2023 nömrəli əmri ilə təsdiq olunmuş “Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertlərinin Siyahısı”-da nəzərdə tutulmuş mütəxəssis-ekspertlərin iştirakının təmin olunmasına dair göstəriş qeyd olunmuşdur.

30. “Məhkəmə Tibbi Ekspertiza və X3” PHŞ-in xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Ərizəçi adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq rəy verilmişdir. Rəydə suallara cavab olaraq bildirilir ki, Ərizəçi adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda beyni qidalandıran damarlarda stenozlar təyin olunmur və damarların zədələnməsinə səbəb olacaq xəstəliklər müəyyən edilmədi. “Ege Hospital”da tərtib edilmiş xx.xx.2023-cü il tarixdə aparılmış MRT müayinəsi zamanı Ərizəçi supratentorial sahədə bir neçə ədəd işemik-qliotik ocağın olduğu müəyyən edilmişdir. Psixi Sağlamlıq Mərkəzi PHŞ-də Ərizəçi adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə həkimpsixiatr komissiyası tərəfindən onun müayinəsi aparılmış və psixi pozuntuların olmadığı, yaşına uyğun norma çərçivəsində koqnitiv funksiyaların nisbətən aşağı olması, anamnezdə isə psixi sağlamlığı ilə bağlı problem yaşamadığı müəyyən edilmişdir.

31. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” phş-in xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Tağıyev Lətifdə müəyyən edilən vaskulyar demensiyanın dalğavari gedişə malik xroniki psixi patologiya olması, bununla yanaşı xroniki alkoholizm və keçmiş travmanın uzaq nəticələri kimi baş-beyin toxumasında yarana biləcək damar mənşəli dəyişikliklərin artması (əldə olan tibbi sənədlərə əsasən baş beyin toxumasında işemik-qliotik dəyişikliklər müşahidə olunur) qeyd olunan əsas patologiyanın təkrar kəskinləşməsinə, əvvəllər də qeyd olunan əlamətlərin təkrarlanmasına və ya daha da dərinləşməsinə gətirib çıxara bilər. L.N.Tağıyevdə qeyd olunan əsas psixi patologiya onun tam fəaliyyət qabiliyyətli hesab olunmasına əsas vermir. Yoxlanılan şəxs Lətif Tağıyevin xroniki alkoholizmdən əziyyət çəkməsi onun məhdud fəaliyyət qabiliyyətli hesab olunmasına əsas verir.

32. Kollegiya qeyd edir ki, hazırki halda şəxsin fəaliyyət qabiliyyətinin olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, hazırki ekspert rəyləri əsas götürülməlidir. Həmçinin qeyd edilməlidir ki, ekspert rəylərinin mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar edilməmişdir ki, bu da həmin rəylərin sübut kimi qəbul edilməməsini istisna edir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı L.Tağıyevin fəaliyyət qabiliyyətsiz olması barədə verilmiş rəyi deyil, apellyasiya incraatı zamanı verilmiş rəyi əsas götürməsini onunla izah edir ki, apellyasiya icraatı zamanı verilmiş rəy şəxsin stasionar müayinəsi əsasında daha dəqiq və detallı müayinəsi nəticəsində verilmişdir.

34. Həmçinin kollegiya nəzərə alır ki, birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2021-ci il tarixli rəy hazırki rəydən təxminən 2 il əvvəl verilmişdir. Belə olan halda, yoxlanılan şəxsin 2 illik müddət ərzində səhhətində baş vermiş dəyişikliklər, yaxşılaşması və ya ağırlaşması hallarının olub-olmaması sonradan verilmiş rəylərdə öz əksini tapa bilər. Şəxsin vəziyyətinə 2 il əvvəl verilmiş rəy üzrə qiymət verilməsi onun səhhətinin son vəziyyəti üzrə qiymətləndirmə aparılmasına mane ola bilər.

35. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iş materiallarında olan digər tibbi sənədlərin də tədqiq edildiyi, stasionar müayinə əsasında daha ətraflı tədqiqatın aparıldığı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspert rəyləri əsas götürülməklə qərar qəbul edilməlidir.

36. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə qismən təmin edilərək, X6 məhdud fəaliyyət qabiliyyətli hesab edilməli, məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş X4 üzərində himayəçi təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Həmin Məcəllənin 385.1-ci və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

39. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

40. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 385, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

X4 nümayındəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6348/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə qismən təmin edilsin. X6 məhdud fəaliyyət qabiliyyətli hesab edilsin. Məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş X4 üzərində himayəçi təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev Hakimlər: İkram Şirinov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar