Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3280/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-412/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Ələkbərova (Əhmədova) Ülviyə Nazim qızına, Bakı şəhəri 46 saylı notariat ofisinə və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması, miras əmlakın bərabər paylara bölünməsi və s. tələblərinə barədə iddia ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025 -ci il tarixli, 2(009)-412/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Ələkbərova (Əhmədova) Ülviyə Nazim qızına, Bakı şəhəri 46 saylı notariat ofisinə və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması, miras əmlakın bərabər paylara bölünməsi və s. tələblərinə dair iddia ərizəsinin geri qaytarılması və ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardaddan X3 tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıda göstərilən suallar tədqiq edilməli idi: 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə baxış iclasında iddiaçının təqdim etdiyi “iddia ərizəsinin baxılmamış saxlanılmasına və sənədlərin geri qaytarılmasına dair” vəsatət cavabdehin işin mahiyyəti üzrə həll olunmasının tələb edib-etməməsi barədə mövqeyi müəyyən edilmədən təmin edilə bilərmi? 2. Qanunvericiliyin tələblərinə əsasən istər hazırlıq iclasında istərsə də baxış iclasında iddiaçının təqdim etdiyi “iddia ərizəsinin baxılmamış saxlanılmasına və sənədlərin geri qaytarılmasına dair” vəsatət baxılmamış saxlanıla bilərmi? 3. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə baxış iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olmuş hallar və həmin halların necə aradan qaldırılması sözügedən qərardadda göstərilmişdirmi? 1. Birinci sualla bağlı qeyd etməyi zəruri hesab edir ki, Səbail rayon Məhkəməsinin 2(009)-412/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə sözügedən mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 11:00 təyin edilmişdir. Məhkəmə baxış iclasında iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə maddi və prossesual qanunvericiliyin tələblərini pozmaqla vəsatəti təmin etmiş, iddia ərizəsini geri qaytarmaqla və baxılmamış saxlamaqla iddiaçıya yenidən (yeni şərtlərlə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün müvafiq şərait yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsinin Plenumunun Qərarının 2- ci bəndinə əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi,məhkəmə hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılmasına dair vəsatətə baxılarkən AR Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Lakin məhkəmə baxış iclasında (Cavabdeh3 üzürlü səbəbdən iştirak etməməsinə baxmayaraq), həmçinin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılmasına dair vəsatətə baxılarkən cavabdehin vəsatətə münasibət bildirilməsi üçün məhkəmə baxış iclası təxirə salınmamış, vəsatət elektron kabinetə yerləşdirilməmişdir 2. İkinci sualla bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxış iclasında iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli vəsatətdə iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması xahiş edilsə də, məhkəmə maddi və prossesual qanunvericiliyin tələblərini pozmaqla vəsatəti təmin etmiş, iddia ərizəsini geri qaytarmış və baxılmamış saxlamışdır. Halbuki, Ali Məhkəmənin Plenumunun Qərarının 2-ci bəndinə əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMnin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPMnin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İddia ərizəsini məhkəmə yalnız Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10 və 259.0.12 və 259.0.13 maddələrdə göstərilən hallar olduqda baxılmamış saxlaya bilər. Göründüyü kimi, istər hazırlıq iclasında istərsə də baxış iclasında iddiaçının təqdim etdiyi vəsatətə münasibətdə məhkəmə iddia ərizəsini baxılmamış saxlaya bilməz, qanunvericiliklə müəyyən edilmiş qaydada (hazırlıq icraatı zamanı) yalnız geri qaytara bilər. 3. Ücüncü sualla bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxış iclasında məhkəmə sözügedən qərardadla iddia ərizəsini baxılmamış saxlamışdır. Lakin məhkəmə buna əsas olmuş halları və həmin halların necə aradan qaldırılması mübahisələndirdiyi qərardadda göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış, müstəqil məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Məhkəmələrə daxil olan ərizələrin əsassız olaraq baxılmamış saxlanılması vətəndaşların və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüquqlarının pozulmasına səbəb olur. Ərizələrin baxılmamış saxlanılması ilə əlaqədar məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi göstərir ki, ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edildikdə vətəndaşların hüquqlarının və mənafelərinin pozulması ilə nəticələnən hallar da az deyildir. Hüquqi əsaslar olmadan ərizənin baxılmamış saxlanılması, ərizə baxılmamış saxlanıldıqda qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının keçirilməməsi, qəbul edilən qərardadın hüquqi cəhətdən əsaslandırılmaması, ərizələrin baxılmamış saxlanılması barədə məsələnin qətnamə ilə həll edilməsi və s. bu kimi qanun pozuntularına hələ də təsadüf olunur”. Göründüyü kimi, məhkəmə baxış iclasına qədər məhkəmə iddiaçının nümayəndəsinə və vəkilinə iddia tələbinin dəqiqləşdirilməsi üçün ən azı 3 dəfə hazırlıq iclasını təxirə salmışdır. Bunun məntiqi davamı olaraq məhkəmə baxış iclasında məhkəmə iddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli vəsatəti (iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olmuş halları və həmin halların necə aradan qaldırılması göstərilmədən) təmin etməklə maddi və prossesual qanunvericiliyin tələblərini yuxarıda göstərilən şəkildə pozmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-412/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsinin Plenumunun Qərarının 2-ci bəndinə əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizəni baxılmamış saxlamaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin məhkəmə iclasında iştirak etməməsi ərizənin baxılmamış saxlanılması üçün əsas olmamaqla işə mahiyyəti üzrə baxılmalı olduğu halda birinci instansiya məhkəməsi səhv qənaətə gəlmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Məhkəmə kollegiyası yuxarıda şərh olunan halların məcmusunu nəzərə alaraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-412/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306, 385, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X2 şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-412/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3280/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3280/2025
26.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver