Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3282/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində Bakı şəhəri x Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə “vəsiyyətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ üzrə çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1996-cı il tarixdə Bakı şəhəri 11 saylı Notariat kontorunda 2B/160 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi, onun əsasında Bakı şəhəri x Notariat kontorunda xx xxxx 1999-cu il tarixdə 2B-95 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 1999-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri üzə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində Cavabdeh verilmiş qeydiyyat vəsiqəsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uşaq vaxtından ünvan 1 ünvanda yerləşən 13 saylı mənzildə yaşamışdır. Mənzilin mülkiyyətçisi onun atası X10 olmuşdur. Həmin mənzildə o, anası X6, qardaşı Cavabdeh, bacısı və atası yaşamışlar. xx xxxx 1998ci il tarixdə atası X11 vəfat etmişdir. Onun ölümündən sonra ünvan 2 ünvanda yerləşən 13 saylı mənzil miras qalmışdır. Atasının ölümündən sonra dörd vərəsə qalmışdır - o, anası, bacısı və qardaşı - Cavabdeh. O, miras qalmış mənzildə faktiki yaşayaraq atasının ölümündən sonra həmin mənzildə vərəsəlik hüququna daxil olmuşdur. Lakin, vərəsəlik hüququnu rəsmiləşdirmək üçün notariat kontoruna getməmişdir, çünki, onunla qardaşı arasında razılaşma olmuşdur ki, atasının ölümündən sonra miras qalmış mənzili sataraq, satışından əldə edilmiş pul vəsaitini aralarında bərabər böləcəklər. Məhz bu səbəbə görə miras qalmış mənzil üzrə vərəsəlik hüququna rəsmi daxil olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qardaşı Cavabdeh Səttar oğlu miras qalmış ünvan 2 ünvanda yerləşən 13 saylı mənzilə dair mülkiyyət hüququ 1999-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla əlaqədar, vəkili Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət notariat arxivinə müraciət edərək, Bakı şəhəri 27 saylı dövlət notariat kontorundan X8 miras əmlakına dair xx xxxx 1999-cu il tarixdə 2B-95 reyestr nömrəsi ilə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin surətinin verilməsini xahiş etmişdir. Dövlət notariat arxivindən alınmış işdən ona məlum olmuşdur ki, xx xxxxxxx 1996-cı il tarixdə atası X11 mülkiyyət hüququ üzrə ona məxsus olan mənzili cavabdehə vəsiyyət etmişdir. Lakin notariat işinin 6-cı səhifədə olan vəsiyyətnamədə olan imza atasının imzası deyildir. Ona görə hesab edir ki, vəsiyyətnamə saxtadır. 2018-ci ildə cavabdeh onun arvadı Humaya Əliyevaya və oğlu Orxan Əliyevə qarşı “pul kompensasiya verilməklə mülkiyyət hüququ üzrə ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə” iddia ərizəsi vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)- 103/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin olunmuşdur. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-7635/2018 nömrəli qətnaməsi ilə onların apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçı Cavabdeh tərəfindən 20.000 manat kompensasiya verilməklə cavabdehlər X7 və X9 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıyev küçəsindəki 10 nömrəli evin 13 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən arvadı və oğluna qarşı iddia qaldırıldıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh onu aldadaraq, atasının ölümündən sonra miras qalmış mənzilə vərəsəlik hüququna daxil olmuşdur və öz adına mülkiyyət hüququ haqqında çıxarış almışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 363/2020 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, miras əmlaka dair notariat işində olan iddiaçının anasının razılıq ərizəsi də saxtadır və həmin imza onun anasına məxsus deyil. Bu səbəbə görə, iddiaçı təkrar məhkəmə xətşünaslıq ekspertizanın təyin edilməsi barədə şıfahi vəsatətlə müraciət etsə də, məhkəmə onun vəsatətini təmin etməmişdir. Buna görə də işin tam, obyektiv, hərtərəfli baxılması üçün təkrar məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini apelyasiya instansiya məhkəməsindən xahiş edir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs qismində Bakı şəhəri 27 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinini Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, X11 və c qızı xx xxxxxx 1940-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında xx xxxxxx 1940-cı il tarixdə 138 №ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada isə “Əliyeva” soyadı verilmişdir (Bakı şəhəri Kirov rayonunun VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxx 1965-ci il tarixli, İ-ИЕ seriyalı 434782 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti). Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 019425 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1944-cü il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 109 №-ilə qeyd edilmişdir. Atası X11, anası X4r. xx xxxxxxx 1996-cı il tarixli, 2V-160 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X11 ona məxsus bütün əmlakını, o cümlədən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamaliyev küçəsi, 10 saylı evin 13 saylı mənzilini oğlu Cavabdeh vəsiyyət etmişdir; X5 27 saylı Dövlət Notariat Kontoruna notarial qaydada verdiyi ərizəsindən görünür ki, o, ona çatası mülkiyyət hüququ haqqında şəhadətnamədən imtina etmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli arayışdan görünür ki, X11 xx xxxx 1998-ci il tarixdə kəskin ürək-qan damar çatmamazlığı səbəbindən ölmüşdür və bu barədə 269 nömrəli akt qeydi tərtib edilmişdir; Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş arayışdan görünür ki, X6 xx xxxx 2010-cu il tarixdə ürəyin dayanması səbəbindən ölmüşdür. xx xxxx 1999-cu il tarixli, İB-24/99 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1998-ci il tarixdə ölmüş X8 vəsiyyətnaməsinə əsasən Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı - Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Kalinin küçəsi, ev 10, mənzil 13-dür; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı, 007528 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Kalinin küçəsi, 10 saylı evin 13 saylı mənziliCavabdeh adına xüsusi mülkiyyət kimi xx xxxx 1999-cu il tarixdə qeydiyyatdan keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə faktiki hallara görə və tətbiq olunmuş maddi hüquq normalarına uyğun düzgün qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1167-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1225.1, 1225.2, 1225.3-cü maddələrinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunmamışdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının 27120 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 2V- 160 nömrəli notariat işində X8 adından olan xx xxxxxxx 1996-cı il tarixli, 23/160 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş vəsiyyətnamədə “Подпись” qrafasındakı imza - X11 tərəfindən icra olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən vəsiyyətnamənin etibarsız hesab edilməsinə dəlalət edən hər hansı hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X14 Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, vəsiyyətnamənin etibarsızlığı ilə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı həmin vəsiyyətnamənin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu gündən onun mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürdüyündən iddia rədd edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində qeyd etdiyi anasının razılıq ərizəsindəki imzasının saxta olması barədə dəlili ilə bağlı qeyd edir ki, İddiaçı iddia tələbində həmin məsələyə toxunmamış, bu dəlil birinci instansiya məhkəməsində mübahisə predmeti olmamışdır. Apellyator həmin məsələnin araşdırılması ilə bağlı vəsatət verdiyini bildirsə də, bu iş materialları ilə təsdiq olunmur. Ona görə də, iddiaçı apelyasiya şikayətində iddia tələbindən kənara çıxdığından, həmin dəlil hazırki məhkəmənin mübahisə predmeti olmadığı üçün məhkəmə həmin hissədə apelyasiya şikayətinə qiymət vermir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 363/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3282/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3282/2020
18.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver