Məhkəmə qərarları › İş №2(103)-3287/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3287/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3287/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı Şahbazov Anar Asif oğlunun nümayəndəsi və vəkili Mustafayev Elçin Tapdıq oğlunun, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi İbrahimov Nizami Əmir oğlunun iştirakları ilə, İddiaçılar Məhərrəmov Amil Məmmədəli oğlunun və Şahbazov Anar Asif oğlunun – cavabdeh “xxxx” MMC-yə qarşı (3-cü şəxs kimi ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) “hərracın etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1485/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar Məhərrəmov Amil Məmmədəli oğlu və Şahbazov Anar Asif oğlu – cavabdeh “xxxx” MMC-yə qarşı (3-cü şəxs kimi ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) “Hərracın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan ontorunun 06.09.2019-cu il tarixli 8İ-5401 nömrəli icra qeydi əsasında Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən başlanmış icraata başlamaq haqqında qərara uyğun olaraq, tam mülkiyyət hüququ ilə Məhərrəmov Amil Məmmədəli oğluna məxsus olan ipoteka predmetinə - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri-yaşayış sahəsinə dair cavabdeh “xxxx” MMC tərəfindən qanunla müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şahbazov Anar Asif oğlu ilə “xxxx” ASC arasında 08.05.2018-ci il tarixində 99/OOOl/OBK nömrəli «kredit xətti müqaviləsi» bağlanmışdır. Bağlanmış kredit razılaşmasına əsasən Şahbazov Anar Asif oğlu illik faiz dərəcəsi 22 faiz olmaqla 36 ay müddətinə hissə-hissə qaytarmaq şərtilə “xxxx” ASCdən 500.000 (beş yüz min) manat məbləğində kredit götürmüşdür. 08.05.2018-ci il tarixində “xxxx” ASC ilə Məhərrəmov Amil Məmmədəli oğlu arasında 99/OOOl/OBK nömrəli «zaminlik müqaviləsi», elə həmin tarixdə də ünvan ontorunda “xxxx” ASC ilə «ipoteka müqaviləsi» bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. 08.05.2018-ci il tarixli «ipoteka müqaviləsi»nin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri, ipoteka qoyan Məhərrəmov Amil Məmmədəli oğlu və ipoteka saxlayanın (“xxxx” ASC-nin) razılığına əsasən 950.000 (doqquz yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. Şahbazov Anar Asif oğlu ilə “xxxx” ASC arasında bağlanmış 08.05.2018-ci il tarixli «kredit xətti müqaviləsi» üzrə tələblərin A.A.Şahbazov tərəfindən yerinə yetirilməməsi nəticəsində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilməsi, daha sonralar isə Məhərrəmov Amil Məmmədəli oğluna məxsus olan ipoteka predmeti ilə bağlı “xxxx” MMC tərəfindən hərracların keçirilməsi və keçirilmiş hərraclar zamanı da ipoteka predmetinin satılmaması ilə əlaqədar ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış-sahəsinin real bazar qiymətindən çox-çox aşağı, dəyər-dəyməzinə 605.625 (altı yüz beş min, altı yüz iyirmi beş) manat müqabilində banka təklif edildiyi məlum olmuşdur. Əldə edilmiş son məlumatlara görə, “xxxx” ASC xüsusi mülkiyyət hüququ əsasında Məhərrəmov Amil Məmmədəli oğluna məxsus olan - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri-yaşayış sahəsinin onlara təklif olunan qiymətə tərəflərindən alınmasına dair “xxxx” MMC-yə və Bakı şəhərinin Yasamal rayon İcra və Probasiya şöbəsinə yazılı məlumat təqdim etməklə sənədləşmə işlərinin aparılmasını xahiş etmişlər. Qeyd olunanlarla əlaqədar bildirilir ki, məhkəməyə cəlb olunacaq cavabdeh və üçüncü şəxslər tərəfindən Məhərrəmov Amil Məmmədəli oğlunun qanunvericilikdə nəzərdə tutulmuş hüquq və mənafeyi, eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 42.3, 43.3, 43.5, 43.7, 44, Mülki Məcəlləsinin 416.1, 416.2-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, “xxxx” MMC tərəfindən 26.02.2020-ci il tarixdə ilkin hərracın keçirilməsinə dair bildirişin 06.02.2020-ci il tarixinə qədər sifarişli poçt göndərişi (məktubu) ilə Məhərrəmov Amil Məmmədəli oğluna verilməməsi (göndərilməməsi), dolayısı ilə onun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3-cü maddəsindən irəli gələn hüququnu pozmuşdur. Həmçinin bildirir ki, cavabdeh “xxxx” MMC tərəfindən http://herracmerkezi.az/ilkin rəsmi internet səhifəsindən Məhərrəmov Amil Məmmədəli oğluna məxsus olan qeyri-yaşayış sahəsinin ilkin hərraca çıxarılması ilə əlaqədar vaxtilə elanın verilmiş olması, cavabdehi ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmək vəzifəsindən azad etmir. Təkrar hərrac ümumiyyətlə keçirilməmiş və təkrar hərrac keçirilmədən ipoteka predmeti qeyri-qanuni yolla alınması üçün təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə banka təklif olunmuşdur. Nəzərə alınsa ki, ipoteka saxlayan “xxxx” ASC ilə Məhərrəmov Amil Məmmədəli oğlu arasında ipoteka predmetinin ilkin satış qiymətilə (950.000 manata) alınması barədə müqavilə bağlanmamışdır, o zaman birinci hərracın keçirildiyi gündən (26.02.2020-ci il tarixdə) bir 20 təqvim günündən gec olmayaraq, yəni ki - 17.03.2020-ci il tarixinə kimi təkrar hərrac keçirilməli idi. Həmçinin nəzərə alınsa ki, təkrar hərrac ilkin hərracın keçirilməsi qaydasına uyğun keçirilməli idi, o zaman da gərək idi ki, cavabdeh tərəfindən Məhərrəmov Amil Məmmədəli oğluna təkrar hərracın keçirilməsinə dair bildiriş sifarişli poçt göndərişi (məktubu) verilsin (göndərilsin), habelə cavabdehin rəsmi internet saytlarında hərracın keçirilməsinə dair elan dərc etdirilsin. Belə vəziyyətdə onu da qeyd etməyi zərurhesab edirlər ki, ilkin hərracın keçirilmə vaxtı və yeri barədə cavabdeh ipoteka qoyana Məhərrəmov Amil Məmmədəli oğluna bildiriş göndərməmiş olmasına baxmayaraq, ilkin hərrac barədə ən azından öz rəsmi internet saytında məlumat paylaşmışdı. Təkrar hərrac barədə isə cavabdeh tərəfindən nəinki Məhərrəmov Amil Məmmədəli oğluna bildiriş göndərilmiş, heç rəsmi internet saytlarında belə təkrar hərracın keçirilmiş olması barədə elan dərc edilməmişdir. İpoteka predmetinin ilkin satış qiymətindən (950.000 manat) 15 faiz aşağı qiymətlə 43.5-ci maddəyə əsasən 807.500 manatla) təkrar hərraca çıxarılması barədə cavabdeh tərəfindən Məhərrəmov Amil Məmmədəli oğluna bildirişin göndərilməmiş olduğunu, habelə cavabdehin rəsmi internet saytlarında təkrar hərracın keçirilmiş olması barədə elanın dərc edilməmiş olduğunu nəzərə alınsa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinin tələblərini pozmaqla ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən (807.500 manatdan) 25 faiz olmayan qiymətlə (43.7-ci maddəyə əsasən = 605.625 manatla) “xxxx” ASC-yə təklif edilməsi yolverilməzdir və bu istiqamətdə aparılan sənədləşmə işləri etibarsızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1485/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilərək Məhərrəmov Amil Məmmədəli oğluna məxsus olan ipoteka predmetinə - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri-yaşayış sahəsinə dair cavabdeh “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri 54 saylı notariat ofisinin 06.09.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qət olunmuşdur. Həmin qətnamədən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 06.09.2019-cu il tarixli icra sənədi üzrə borclular Məhərrəmov Amil Məmmədəli oğlu və Şahbazov Anar Asif oğlunun hərrac hərəkətlərindən məlumatı olmuş, hərrac tərəfindən göndərilən bildirişləri sırf “həmin borcluların qeydiyyatda olan ünvanlarına göndərilmişdir. İddiaçının bütün hərrac addımlarından xəbəri olmuş sadəcə bu addımı son çarə olaraq görmüşdür. Dediklərimizin sübutu kimi qeyd etmək istəyirik ki, icra şöbəsinə “xxxx” ASC-yə, A.A.Şahbazova və A.M.Məhərrəmova 31.01.2020-ci il tarixli 85 saylı və 28.02.2020-ci il tarixli 210 saylı bildirişlər göndərilmiş, “Market” qəzetinin 31.01.2020-ci il tarxili 04 sayında və 28.02.2020-ci il tarixli 08 sayında da bu barədə elanların yerləşdirilmişdir. Bildiririk ki, iddiaçı hərrac hərəkətləri barəsində məlumatlı olub. Bütün bunlar bir daha sübut edir ki, iddiaçı ipoteka predmeti olan mənzilin açıq hərracda satışa çıxarılmasından xəbərdar olmuşdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı A.Şahbazovun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirməklə və iddia ərizəsinin məzmununa uyğun izahat verməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmasına baxmayaraq cavabdeh “xxxx” MMC nümayəndələrini məhkəməyə göndərmədiklərindən, digəri iddiaçı isə məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv olunmalı və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Şahbazov Anar Asif oğlu ilə “xxxx” ASC arasında 08.05.2018-ci il tarixində bağlanmış 99/OOOl/OBK nömrəli kredit xətti müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 22 faiz olmaqla 36 ay müddətinə hissə-hissə qaytarmaq şərtilə “xxxx” ASCdən 500.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08.05.2018-ci il tarixində “xxxx” ASC ilə Məhərrəmov Amil Məmmədəli oğlu arasında 99/OOOl/OBK nömrəli «zaminlik müqaviləsi»nin 2.1 bəndinə əsasən o, Şahbazov Anar Asif oğlunun Bank qarşısında 08.05.2018-ci il tarixində bağlanmış 99/OOOl/OBK nömrəli kredit xətti üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 08.05.2018-ci il tarixində “ünvan ontorunda xxxx” ASC ilə Məhərrəmov Amil Məmmədəli oğlu arasında bağlanmış «ipoteka müqaviləsi»ndən görünür ki, tam mülkiyyət hüququ üzrə sonuncuya məxsus olan - Bakı şəhərinin Yasamalrayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış sahəsi ipoteka saxlayan “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. - 08.05.2018-ci il tarixli «ipoteka müqaviləsi»nin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri, ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 950.000 (doqquz yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 08.05.2018-ci il tarixli «ipoteka müqaviləsi»nin 9.2-cü bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisinin 06.09.2019-cu il tarixli icra qeydindən və həmin tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubundan görünür ki, 08.05.2018-ci il tarixində “ünvan ontorunda ipoteka saxlayan xxxx” ASC ilə ipoteka qoyan Məhərrəmov Amil Məmmədəli oğlu və borc alan Şahbazov Anar Asif oğlu arasında ipoteka müqaviləsi bağlanmışdır. Müəyyən edilmiş müddət ərzində Məhərrəmov Amil Məmmədəli oğlu tərəfindən borc ödənilmədiyi üçün 06.09.2019cu il tarixli icra qeydi aparılmışdır. Həmin icra qeydi icra olunması üçün göndərilir. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsinin 13.09.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 06.09.2019-cu il tarixli icra qeydinə əsasən borclu Şahbazov Anar Asif oğlundan «xxxx» ASC-nin xeyrinə 571144 manat pul tutulması ilə ələqadar tutma ipoteka predmeti olan ƏMDK-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 12.12.2017-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən Məhərrəmov Amil Məmmədəli oğluna məxsus Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış sahəsindən ibarət əmlaka yönəlməlidir. İcra sənədinə aid olan tələblər «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduğu üçün icra sənədinin icraatına başlanılmalıdır. İş materiallarında olan “xxxx” MMC tərəfındən Yasamal rayon İcra və Probasiya şöbəsinə, “xxxx” ASC, A.A.Şahbazova və A.M.Məhərrəmova ünvanladığı 31.01.2020-ci il tarixli 85 saylı bildirişlərindən görünür ki, Yasamal rayon icra və probasiya şöbəsi No 17/72-136364/17, 24.01.2020-ci il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır.: Yasamal rayonu, İnşaatçılar prospekti, 31A, ü/s 730,7 kv.m. q/y binası. Əmlakın ilkin satış qiyməti 950000 azn. Açıq hərrac 26 fevral 2020-ci il tarixdə, saat 12:00-da Bakı şəh. Yasamal r-nu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanda keçiriləcəkdir. Hərracda iştirak üçün Hərrac Mərkəzinə təqdim olunmalıdır: 1) Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin surətini; 2) Hüquqi şəxslər təsis sənədlərini; 3) İlkin satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz. Belə hərracın keçirilməsinə 3 saat qalmışa qədər nağd və ya köçürülmə yolu ilə Hərrac Mərkəzinin hesabına ödənilməlidir. Əmlak haqqında məlumat “Market” qəzetinin 31.01.20-ci il tarixli nəşrlərində Lot 55/20 nömrəsi ilə dərc olunmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfındən Yasamal rayon İcra və Probasiya şöbəsinə, “xxxx” ASC, A.A.Şahbazova və A.M.Məhərrəmova ünvanladığı 28.02.2020-ci il tarixli 210 saylı bildirişlərindən görünür ki, Yasamal rayon icra və probasiya şöbəsi No 17/72-136364/17, 24.01.2020-ci il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır.: Yasamal r., İnşaatçılar pr., 31A, ü/s 730,7 kv.m. q/y binası. Əmlakın ilkin satış qiyməti 807500 azn. Açıq hərrac 11 mart 2020-ci il tarixdə, saat 12:00-da Bakı şəh. Yasamal r-nu, C.Cabbarlı 44, Caspian Plaza, 3- cü korpus, 6-cı mərtəbə ünvanda keçiriləcəkdir. Hərracda iştirak üçün Hərrac Mərkəzinə təqdim olunmalıdır: 1) Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin surətini; 2) Hüquqi şəxslər təsis sənədlərini; 3) İlkin satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz. Beləhərracın keçirilməsinə 3 saat qalmışa qədər nağd və ya köçürülmə yolu ilə Hərrac Mərkəzinin hesabına ödənilməlidir. Əmlak haqqında məlumat “Market” qəzetinin 28.02.20ci il tarixli nəşrlərində Lot 55/20 nömrəsi ilə dərc olunmuşdur. İş materiallarında olan “Market” qəzetinin 31.01.2020-ci il tarixli 04 sayında və 28.02.2020-ci il taixli 08 sayında - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış sahəsi üzrə 26.02.2020-ci il tarixində ilkin hərracın keçirilməsinə dair elanlar yerləşdirilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış «ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə» təklifdən görünür ki, Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış sahəsi 605625 manat satış qiyməti ilə almaq üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.2 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq müqavilə bağlanması təklif edilir. 13.04.2020-ci il tarixədək əmlakı alınmadığı halda iş sifarişçi icra şöbəsinə qaytarılacaqdır. İş materiallarında olan Ləğv prosesində olan “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 31.05.2020-ci il tarixli məktubdan görünür ki, ipoteka predmeti olan Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış sahəsinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%dən az olmayan qiymətlə, yəni 605625 manata Bank tərəfindən əldə olunması məqsədi ilə alqı-satqı müqavilələrinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması, hesab fakturanı, elektron vergi fakturanı təqdim edilməsi və həmin ipoteka predmetlərinin Bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. İddiaçılar, hərracın onlara xəbər verilmədən qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürdüyündən kollegiya, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuş (Qanunun 35-39-cu maddələri), məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “xxxx” MMC tərəfindən məhkəməyə göndərilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal r., İnşaatçılar pr., 31A, ü/s 730,7 kv.m. q/y binasının hərracda satılmasına dair sənədlərdən aydın olur ki, həmin əmlakın satılması ilə əlaqədar 26 fevral 2020-ci il tarixdə birinci, 11 mart 2020-ci il tarixdə təkrar hərrac keçirilmiş, hərracla bağlı iddiaçılara 31.01.2020-ci il və 28.02.2020-ci il tarixlərdə bildirişlər göndərilərək evin 950 000 manat ilkin qiymətlə hərraca çıxarılacağı, hərracın keçiriləcəyi tarix və vaxt barədə məlumat verilmiş, “Market” qəzetinin 31.01.2020-ci il tarixli sayında birinci, 28.02.2020-ci il tarixli saylarında təkrar hərracla bağlı elanlar yerləşdirilmişdir. Həmçinin aydın sənədlərdən aydın olur ki, həm ilkin, həm də təkrar hərracların keçirilməsi barədə Anar Şahbazovun mail adresinə də məktublar göndərilmişdir. Həmin sənədlərdən həmçinin aydın olur ki, sözügedən bildirişlər “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. İddiaçılar, hərracın keçirilməsindən xəbərsiz olmasını qeyd etsələr də, hərracı keçirən qurum tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərəflərə, həmçinin iddiaçıların məlum olan qeydiyyat ünvanlarına bildirişlərin göndərildiyi və kütləvi informasiya vasitələrində elan dərc etmişdir. İş materiallarından görünür ki, ikinci hərracın baş tutmaması barədə “Market” qəzetinin 28.02-06.03.2020-ci il tarixli sayında elan dərc olunmuş, bu barədə iddiaçıya və ipoteka saxlayana bildiriş göndərilmiş, sonradan isə ipoteka saxlayan (bank) ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə - 605 625 manata əldə etmişdir. “İpoteka haqqında” Qanunun 43.1-ci və 43.2-ci maddələrinə əsasən hərracın təşkilatçısı, hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Qeyd edilən hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə onlara yazılı bildirişlərin göndərilməməsi, hərracın onlardan gizlin keçirilməsi barədə iddiaçıların arqumentləri öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsinin müvafiq nəticəyə gəlməsi işin hallarına uyğun deyildir. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin təmin edilməsi üçün əsas mövcud deyidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödədikləri dövlət rüsumunun məbləği iddiaçıların özünə aid olunmalı, apellyasiya şikayəti üçün apellyatorun ödədiyi rüsumun əvəzi qismində 15,40 manat iddiaçılardan alınaraq ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1485/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar Məhərrəmov Amil Məmmədəli oğlunun və Şahbazov Anar Asif oğlunun – cavabdeh “xxxx” MMC-yə qarşı (3-cü şəxs kimi ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) “hərracın etibarsız sayılması” tələbinə dair dair iddiaları təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödəmiş olduqları dövlət rüsumunun məbləği iddiaçılara aid olunsun; apellyasiya şikayətinin verilməsi üçün “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ödədiyi dövlət rüsumunun əvəzi qismində 15,40 (on beş manat 40 qəpik) manat iddiaçılar Məhərrəmov Amil Məmmədəli oğlundan və Şahbazov Anar Asif oğlundan alınaraq “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar