Məhkəmə qərarları › İş №2(103)-3289/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3289/2022

10.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3289/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair 2(011)-5991/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 1243,6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir və ailəsi ilə birlikdə orada yaşayır. 05.07.2021-ci il tarixdə o, işdə olarkən telefon zəngini qəbul etmiş və Cavabdeh əməkdaşı telefonda bildirmişdir ki, qaz sayğacı çıxarılmalıdır. Səbəbini soruşduqda, cavabdehin əməkdaşı onun heç bir təqsirinin olmadığını, sayğaca kənar müdaxilə faktının aşkarlanmadığını, sadəcə göstəricilərdə fərq olduğuna görə sayğacın dəyişdirilməli olduğunu bildirmişdir. Bir gün sonra «ASAN Xidmət» mərkəzinə qaz ödəniş kartını almaq üçün yaxınlaşdıqda ona 1800 manat borcunun olduğu deyilmişdir. Lakin kartı əldə edə bilməmişdir. Daha sonra cavabdehin satış mərkəzinə yaxınlaşmış, kartı əldə etmiş və ona bildirilmişdir ki, «ASAN xidmət» mərkəzi tərəfindən borc səhv hesablandığı, əslində məbləğin 1090 manat olduğu barədə məlumat verilmişdir. Məlumdur ki, sayğacın quraşdırıldığı ev fərdi yaşayış evi olduğu üçün sayğaca görə cavabdehliyi qaz paylayıcısı (cavabdeh) daşıyır. Onun tərəfindən heç bir müdaxilə aşkarlanmadığı və vaxtaşarı qazın dəyərini ödədiyi üçün qeyri-müəyyən səbəblərdən sayğacın dəyişdirilməsinə görə adına borcun yazılması qanunsuz və əsassızdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı əsassız hesablanmış 1243,6 manat borc məbləğini silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh tərəfindən verilən hesabdan çıxarışda İddiaçı 2021-ci il üçün 1243,6 manat borcunun olması qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 05.07.2021-ci il tarixli, ******* saylı akda göstərilmişdir ki, İddiaçı Qamətli oğluna məxsus ünvanda olan sayğacın göstəriciləri arasında fərq olduğundan sayğac çıxarılmışdır. Cavabdeh İB tərəfindən təqdim edilmiş etiraz ərizəsində qeyd olunur ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 1243 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar İB-nin əməkdaşları tərəfindən 05.07.2021ci il tarixdə ******* saylı «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» akt tərtib edilərək köhnə İTRON tipli G-4 markalı 1702AZ**********77 №-li qaz sayğacı İTRON (SMART) tipli G-4 markalı STS**********9 №-li yeni qaz sayğacı ilə əvəz edilmiş, çıxarılan sayğac isə laboratoriyaya dövlət yoxlanılmasına göndərilmişdir. Belə ki, iddiaçı ümumilikdə 11628 m3 həcmində təbii qazdan istifadə etmişdir. Bundan 3865 m3 istifadə olunan, iddiaçının dəyəri ödənilməyən təbii qaz sərfi 7763 m3 təşkil edir. Bu isə 1243 manat təşkil edir. İddiaçı təbii qazdan dəyəri ödənilmədən (sərfiyyat mənfiyə işləyərək) istifadə edərək təbii qazı taladığını sənədlər sübut edir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı, 05.07.2021-ci il tarixli aktın surətində «sayğacın göstəriciləri arasında fərq var» qeyd edilsə də, cavabdeh həmin fərqin iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 1243,6 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2(011)-5991/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar