Məhkəmə qərarları › İş №2(103)-329/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-329/2022

16.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-329/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-145/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında qəsəbə daxili yolun bağlanmasının qanunsuz hesab edilməsi, həmin yolun bağlanması üçün qoyulmuş qapıların cavabdehin hesabına sökülməsi və zəbt edilmiş ərazinin cavabdehin hesabına təmizlənərək piyada və nəqliyyat vasitələrinə hərəkətin açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-145/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qeyd edir ki, guya onun iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Halbuki, cavabdehin törətdiyi qanunsuzluqlar, o cümlədən qəsəbədaxili yolun zəbt edilərək bağlanılması və ora kamera quraşdırılması onun Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan, sərbəst hərəkət etmək hüququmu pozur. Qəsəbə daxili yol qanunsuz zəbt edildiyinə görə o, bir yerdən digər yerə getmək üçün, qəsəbə daxilində dövrə vurmağa məcburdur. Həmçinin, cavabdeh həmin ərazidə kamera quraşdırmaqla onu güdür. Bundan başqa, Mülki Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4.-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Pirallahı Rayon Məhkəməsi mübahisələndirilən qətnamə ilə nəyə görə ona maraqlı şəxs hesab edilməyəcəyini izah etməmişdir. Əslində o, maraqlı şəxsdir, Pirallahı qəsəbəsində yaşayır və qəsəbə daxili yollardan istifadə edir, əgər hər qəsəbə sakini özbaşına, öz şəxsi məqsədləri üçün, qəsəbədaxili yolları zəbt etsə, qəsəbədaxili yol qalmaz. Buna görə də nəinki o, hər bir qəsəbə sakini, zəbt edilmiş yolun açılmasında maraqlı şəxslərdir, cavabdeh qəsəbədaxili yolu zəbt etməklə, hər bir sakinin maraqlarına toxunmuşdur. Lakin qəsəbə sakinlərinin əksəriyyəti cavabdehin şər və böhtanlarından bezdiklərinə görə, cavabdehin qanunsuzluqlarına rəsmi orqanlar tərəfindən göz yumulduğuna görə, məhkəməyə müraciət etmirlər. Maraqlı şəxs, mülkiyyət hüququ olan şəxs kimi başa düşülməməlidir, əmlakın, əşyanın faktiki istifadəçisi də maraqlı şəxsdir. Cavabdehin özbaşına əməlləri ilə, onun və digər qəsəbə sakinlərinin qəsəbə daxilində hərəkətinə maneə yaranmasının heç bir qanuni əsası və səbəbi yoxdur və ola bilməz. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 aprel 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti Başçısının 18 aprel 2019-cu il tarixli 184/B nömrəli məktubuna əsasən Pirallahı qəsəbəsi S.Vurğun küçəsi döngə 1 ev 2 dövlət mənzil fondunun yaşayış binası olmaqla bir mərtəbədən və 6 mənzildən ibarət olmuşdur. Həmin binanın 1 otaqlı 4 nömrəli mənzili Əzizbəyov RİHB-nın 25.05.1996-cı il tarixli 423 nömrəli sərəncamına əsasən binanın 1 otaqlı 5 nömrəli mənzilinə birləşdirilmişdir. Sözügedən 5 nömrəli mənzilin kirayəçisi 7 nəfər ailə tərkibi ilə Cavabdehdır. Sənədlər üzrə mənzil yaşayış sahəsi 25,48 kv.m olmaqla 2 yaşayış otağından ibarətdir. Lakin həmin ünvanda aparılmış əlavə tikinti işlərinə və torpaq sahəsinə dair hüquqi sənədlər rayon İcra Hakimiyyətinə təqdim edilməmişdir. Araşdırma zamanı isə həmin ünvan üzrə Cavabdeh və X3 torpaq sahəsinin ayrılması barədə məlumat müəyyən edilməmişdir. Cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olduğu sözügedən ünvanda tutduqları torpaq sahəsi müraciətlərdə qeyd olunan ümumi istifadə yolu isə dövlət mülkiyyətindədir. İş materiallarından görünür ki, Pirallahı Bələdiyyəsi tərəfindən İddiaçı 02 mart 2017-ci il tarixdə bələdiyyə vergilərinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 880 №-li şəhadətnamə verilmişdir (ünvan: ünvan 2m). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhz belə araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsinə hər hansı bir hüququ olmadığından o, Cavabdeh tərəfindən ünvan 3 ünvanında qəsəbə daxili yolun bağlanmasının qanunsuz hesab edilməsi, həmin yolun bağlanması üçün qoyulmuş qapıların cavabdehin hesabına sökülməsi və zəbt edilmiş ərazinin cavabdehin hesabına təmizlənərək piyada və nəqliyyat vasitələrinə hərəkətin açılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq: Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Belə ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4, 157.8, 158.4, 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələri nəzərdən keçirilə bilər. Lakin faktiki hallar həmin yaxud digər hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlmir. İkincisi, apellyasiya baxışı zamanı həqiqətin müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza üçün zəruri məlumat və sənədlərin təqdim edilməsi barədə Bakı şəhəri Pirallah Rayon İcra Hakimiyyətinə dəfələrlə sorğu verilmiş və nəhayət məlumat və sənədlər əldə edilərək ekspertizaya təqdim edilmişdir. Məlumatda 1-ci sual üzrə qeyd edilir ki, Bakı şəhəri Pirallahı rayonu Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 519- İVQ nömräli Qanununa və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli 2666 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yaradılmışdır. Rayonun inzibati ərazisi üzrə ərazi planlaşdırılması sənədləri (baş plan və (və ya) müfəssəl plan) Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə təqdim edilməmişdir. Bununla belə, mübahisələndirilən ünvan üzrə yerləşən Səməd Vurğun küçəsi, ev 11, ev 13, döngə 1-də ev 4 və döngə 3-də ev 3-ün texniki pasportlarında ərazinin baş planından çıxarışlar göstərilmişdir (planlar əlavə edilir). Həmin planlara əsasən evlər arası ərazilər, o cümlədən mübahisələndirilən ərazi açıq (boş) olmaqla ümumi (avtomobil və piyadalar üçün) istifadədə olmuşdur. Məlumatda 2-ci sual üzrə qeyd edilir ki, mübahisələndirilən ünvan (hissə/ərazi) ünvan 5asında olan ərazidir. Mübahisələndirilən ünvan üzrə yerləşən S.Vurğun küçəsi, ev 11, ev 13, döngə 1-də ev 4 və döngə 3-də ev 3-ün planlarına (və gomap.az internet xəritəsinə (xəritədən çıxarış əlavə olunur)) əsasən bu kimi evlər (həmçinin cavabdehin yaşadığı mənzilin yerləşdiyi ev 2) arası ərazilər açıq (boş) olmaqla ümumi (avtomobil və piyadalar üçün) istifadə üçün nəzərdə tutulmuşdur. Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 1, ev 2 dövlət mənzil fondunun yaşayış evi olmaqla bir mərtəbədən və 6 mənzildən ibarət olmuşdur. Həmin evin 1 otaqlı 4 nömrəli mənzili Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının 25.05.1996-cı il tarixli 423 nömrəli Sərəncamına əsasən evin 1 otaqlı 5 nömrəli mənzilinə birləşdirilmişdir. Sözügedən 5 nömrəli mənzilin kirayəçisi 8 nəfər ailə tərkibi ilə cavabdeh X1r. Sənədlər üzrə mənzil yaşayış sahəsi 25.48 kv.m olmaqla 2 yaşayış otağından ibarətdir. Bakı şəhəri Pirallahı rayonu yaradılanadək həmin ünvanda (mübahisələndirilən ərazidə) sözügedən mənzilə bitişik əlavə tikinti işləri aparılmış və ərazi tutulmuşdur. Həmin tikinti işlərinə və torpaq sahəsinə dair hüquqi sənədlər təqdim olunmamış, həmçinin bu barədə məlumat müəyyən edilməmişdir (arayış əlavə olunur). Məlumatda 3-cü sual üzrə qeyd edilir ki, iddiaçının yaşayış ünvanı, ünvan 7i arasında müəyyən məsafə mövcuddur. Mübahisələndirilən ərazinin tutulmasmın hazırda iddiaçının yaşadığı evə hər hansı bir təsiri müəyyən edilmir. İddiaçı ilə yanaşı, bir neçə vətəndaşlar da mübahisələndirilən ərazi ilə bağlı (qısa məsafədə gediş gəliş (avtomobil, piyada) məqsədi ilə) hüquqlarının pozulduğu barədə müxtəlif instansiyalara müraciətlər etmişlər (kollektiv ərizə əlavə olunur). Üçüncüsü, apellyasiya baxışı zamanı həqiqətin müəyyən edilməsi məqsədilə mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın 10/6856 saylı, 14.03.2022-ci il tarixli rəyində qeyd olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəsssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem təqdim olunmadığı üçün ünvan 1 ünvanında iddiaçının mübahisələndirdiyi ərazinin qəsəbə daxili yol (avtomobil, piyada) üçün nəzərdə tutulubtutulmamasını müəyyən etmək mümkün olmadı. Pirallahı RİH rayon təsərrüfatı şöbəsinin müdiri tərəfindən ünvan 8 ünvanında mübahisələndirdiyi ərazinin internet xəritəsindən çıxarışdan görünür ki, həmin mübahisələndirilən ərazidə qəsəbə daxili yol (avtomobil, piyada) mövcud deyildir. Eyni zamanda ünvan 1 ünvanında Gülnarə Ələsgərovanın istifadəsində olan torpaq sahəsi və tikili “Google Earth” proqramında 2011-ci ildən 2020-ci ilədək baxılmış və həmin ərazidə hər-hansı bir yol olmadığı və mübahisələndirilən yolun üzərindən həmin illərdə tədqiq olunan ərazidə tikiliərin olduğu müəyyən olunmuşdur. Tədqiq olunan ünvanda İddiaçı istifadəsində olan yaşayış evinə gediş-gəliş yolu digər küçədən olduğu nəzərə alaraq mübahisələndirilən ərazinin cavabdeh tərəfindən bağlanması iddiaçıya və yaşadığı evə hər hansı bir təsiri olmadığı müəyyən olunur. Göründüyü kimi, ekspertiza rəyi ilə də idiaçının mübahisələndirdiyi ərazidə yol nəzərdə tutulmamış, eləcə də iddiaçı tərəfindən yaşadığı evə gediş-gəlişi üçün nəzərdə tutulmuş küçə(yol) qeyd olunan sahədən keçmədiyi üçün cavabdehin hərəkətlərinin iddiaçıya da heç bir təsiri yoxdur. Dördüncüsü, iddiaçının mübahisəli ünvanda mülkiyyətində yaxud istifadəsində daşınmaz əşyanın olub-olmamasından asılı olmayaraq cavabdehin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər(MM.m.180.4). Düzdür, normanın tələbinə görə müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı maraqlı tərəf, o cümlədən hazırki iş üzrə iddiaçının tələbi ilə də cavabdeh qəsəbə daxili yolu qanunsuz bağlamışdırsa, həmin yolun bağlanması üçün qoyulmuş qapıların cavabdehin hesabına sökülməsi tələb edilə bilər. Ancaq bu zaman həmin ərazinin həqiqətən avtomobil yaxud piyada yolu üçün nəzərdə tutulduğu təsdiq olunmalı və bu yolun bağlanması iddiaçının hüquqlarını pozmalıdır. Ancaq cavabdehin yol üçün nəzərdə tutulan ərazini zəbt etməsi İcra hakimiyyətinin məlumatları və ekspertiza rəyi ilə təsdiq olunmur. Demək ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulduğu da təsdiq olunmur. Bu cür vəziyyətdə məhkəmənin iddianı rədd etməklə mahiyyət etibarı ilə gəldiyi nəticə düzgün olmuşdur. Beşincisi, iddiaçının birinci instansiya məhkəməsinin Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsini və Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələrinin tələblərini pozmasını bəyan etməsi hələ həmin normaların həqiqi pozulması demək deyil. Çünki, iddiaçı mülkiyyətçi olmasa da, mülkiyyətçi olmayıb əmlaka sahiblik edən şəxs olsa da bu cavabdehin hərəkətləri onun hüquqlarını pozmuş olmalıdır. Belə bir halın mövcudluğu isə sübuta yetirilməmişdir. Bunu sübut etmək yükü isə iddiaçının üzərinə düşürdü. Tərəflər arasında əvvəllər də məhkəmə mübahisəsi olduğundan onların arasında xoş olmayan münasibətlərin fövqündə bu cür iddianın irəli sürülməsi isə anlaşılan olsa da, əsaslı olması da tələb olunurdu. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-145/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-145/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar