Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-33/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2552/2019 saylı mülki iş üzrə qəbul etdiyi 13 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli, SOCAR**********00070020B01239 saylı əmrinin etibarsız hesab edilməsi, işləmədiyi müddət üzrə əmək haqqının tutulması və 2007-ci ilin noyabr ayından başlayaraq qısaldılmış qrafiklə və məzuniyyət günlərinin fərqinə görə yaranmış borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli 2(011)-2552/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndələri Nümayəndə və X2 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən müxtəlif əmək müqavilələri əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müxtəlif qurumlarda müxtəlif vəzifələrdə işləmişdir. 01 noyabr 2007-ci il tarixdə İddiaçı ikinci qrup əlillik dərəcəsi verilmişdir. Daha sonra İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB arasında xx.xx.2015-ci il tarixli 407 saylı əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı 1 il müddətinə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 11-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. İddiaçı bildirir ki, xx.xx.2018-ci il tarixdə Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini onu qəbuluna çağırmış, onunla işləmək istəmədiyini və ərizə yazaraq işdən çıxmasını tələb etmişdir. O, ikinci qrup əlil olduğunu, böyük ailəsinin olduğunu və qüsursuz işlədiyini bildirsə də, rəis müavini israrla işdən çıxmasını tələb etmişdir. Lakin ərizə yazmaqdan imtina etmiş, buna baxmayaraq sonradan işə buraxılmamışdır. xx.xx.2018-ci il tarixdə isə cavabdehin baş direktorunun adından “əmək kitabçasının verilməsi barədə” evinə məktub gəlmişdir. Məktubda onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən əmək müqaviləsinə ƏM-nin 73.1-ci maddəsi ilə xitam verilməsi bildirilmişdir. Cavabdeh hansı müqavilənin müddətinin bitdiyini məktubda göstərməmiş və əmrin surətini rəsmi olaraq göndərməmiş və verməmişdir. 17 il müddətində cavabdeh müəssisədə işlədiyi üçün onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmuş, ona görə də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işləmişdir. Əgər əmək müqaviləsi müddətli olsaydı 2 il işləyə bilməzdi və müqavilə hər il yenilənərdi. Eyni zamanda onunla bağlanmış 407 saylı əmək müqaviləsində müddət göstərilməmişdir. Bundan əlavə 2007-ci il tarixdən xəstəliyi ilə əlaqədar ona əlillik dərəcəsi təyin olunmuş və bundan sonra da o, cavabdeh İB-də işini davam etdirmişdir. Buna baxmayaraq, cavabdeh ona əlillik dərəcəsinə görə qısaldılmış iş günü tətbiq etməmiş və 42 gün əvəzinə 36 gün məzuniyyət vermişdir. Dəfələrlə cavabdehə bu barədə müraciətlər etsə də, heç bir tədbir görülməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti iki dəfə uzadılmışdır. Onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən üçüncü dəfə əmək müqaviləsinin müddəti işəgötürən tərəfindən uzadılmamışdır. Ona görə də, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunla müəyyən edilmiş əsaslarla xitam verildiyindən, bu barədə verilmiş əmr də qanunidir. Bundan əlavə İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh İB-yə ərizə ilə müraciət edərək TSEK-in sonuncu məlumatına əsasən onun 2-ci dərəcə əlillik dərəcəsi aldığını xx.xx.2017-ci il tarixdən nəzərə alınmasını xahiş etmişdir. Bununla bağlı müvafiq qaydada xx.xx.2017-ci il tarixdə iddiaçının əmək müqaviləsinə 407/2 saylı əlavə edilərək həftə ərzində 36 saatdan çox olmayaraq işləməsi və əsas əmək məzuniyyətinin 42 təqvim günü olması müəyyən edilmişdir. 2018-ci il ərzində iddiaçı əsas əmək məzuniyyətindən istifadə etmiş və məzuniyyət müddəti 42 təqvim günü olmuşdur. Buradan da göründüyü kimi iddiaçı əlillik dərəcəsi barədə işəgötürənə müvafiq qaydada məlumat verdiyi gün onunla bağlanılmış əmək müqaviləsində qanunauyğun qaydada dəyişiklik edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əmrin etibarsız hesab edilməsi hissəsində iddia rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin əmək müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyasının 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasını təşkil edir. İşin hallarını nəzərə alaraq və Əmək Məcəlləsinin qeyd olunan müddəalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli əmrin qanunsuz hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 407 saylı əmək müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitsə də, tərəflər əmək qanunvericiliyi ilə təsbit olunmuş hüquqlarından istifadə edərək müqaviləyə xitam verilməsini tələb etməmiş və həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni daha bir il müddətinə xx.xx.2017-ci il tarixə və daha sonra yenə bir il müddətinə xx.xx.2018-ci il tarixə kimi uzadılmış hesab olunmuşdur. Eyni zamanda Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmiş və işəgötürən Cavabdeh İB həmin maddədə təsbit olunmuş hüquqlarından istifadə edərək əmək müqaviləsinin müddəti qurtardığı tarixdən bir təqvim həftəsi keçməmiş, yəni 1 gün sonra – xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin əmrinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının dəlilləri (17 il müddətində cavabdeh müəssisədə işlədiyi üçün onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmuş, əmək müqaviləsində müddət göstərilməmişdir) isə əsassızdır. Belə ki, onun adına olan əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-nin Səbail rayon idarəsinə rəis vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2010-cu il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2010-cu il tarixdə Cavabdeh İB-nin Səbail qaz istismar sahəsinə mühəndis vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2015-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə sonuncu, yəni xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bağlamamışdan əvvəl o, cavabdeh təşkilatda fasiləsiz işləməmiş və onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Ona görə də, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətsiz əmək müqaviləsi hesab edilə bilməz. xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin müddətli olması isə müqavilənin 2.1 və 2.3-cü bəndlərində aydın şəkildə göstərilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, xx.xx.2018-ci il tarixli əmrin etibarsız hesab edilməsi barədə iddia və həmin iddiadan irəli gələn iddiaçının işləmədiyi müddət üzrə əmək haqqının tutulması barədə iddia rədd edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, 2007-ci ilin noyabr ayından başlayaraq qısaldılmış qrafiklə və məzuniyyət günlərinin fərqinə görə yaranmış borcun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin əmək müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyasının 91-ci maddəsinə görə işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. Həmin Məcəllənin 119-cu maddəsinin 2-ci hissəsinə görə əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Həmin Məcəllənin 159-cu maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əmək haqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir. Göründüyü kimi qanunverici 2-ci qrup əlil işçilər üçün iş vaxtının və əmək məzuniyyətinin müddəti ilə bağlı işəgötürən qarşısında xüsusi tələblər müəyyən etmişdir. Belə ki, həmin tələblərə görə 2-ci qrup əlil işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalı, həmçinin həmin işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilməlidir. Hazırki işin halları isə ondan ibarətdir ki, İddiaçı 2-ci qrup əlil olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsində iş vaxtı gündə 8 saat, həftədə isə 40 saat müəyyən edilmişdir. Əmək müqaviləsi üzrə iş vaxtının və əmək məzuniyyətinin müddətinə dəyişiklik edilməsi ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, "Azəriqaz” İB ilə İddiaçı Nurəddin oğlu arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin 407/2 saylı əlavəsi xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. 407/2 saylı əlavənin şərtlərinə görə iş saatı 7.20 saat həftədə 36 saat, əmək məzuniyyətinin müddəti 42 təqvim günü olmaqla dəyişdirilməsinə baxmayaraq, dəyişikliklər Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinin tələbləri pozularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində qeydlər aparılmamışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş Cavabdeh əmək məzuniyyətinin verilməsi haqqında əmrlərindən müəyyən edilir ki, İddiaçı 12 iyul 2016-cı il, 25 may 2017ci il, 23 may 2018-ci il tarixlərdə 36 gün, 05 sentyabr 2018-ci il tarixdə 6 gün əmək məzuniyyəti verilmişdir. Göründüyü kimi işəgötürən Cavabdeh İB qanunvericliyin tələblərinə zidd olaraq 2-ci qrup əlil işçi İddiaçı həftəlik qısaldılmış iş vaxtı - 36 saatdan artıq işlətmiş, bununla belə əmək haqqını adi qaydada hesablamış, habelə əmək məzuniyyətini 42 təqvim günü deyil, 36 gün müddətində vermişdir. İddiaçının 2-ci dərəcə əlillik dərəcəsi alması ilə bağlı yalnız xx.xx.2017-ci il tarixdə Cavabdeh İB-yə ərizə ilə müraciət etməsi və sonuncunun yalnız bundan sonra məlumatlı olması ilə bağlı dəlillər də əsassızdır. Belə ki, iddiaçının 2-ci dərəcə əlil olmasını nəzərə alınması ilə əlaqədar cavabdehə gec müraciət etməsi halı sonuncunu bundan əvvəl də Əmək Məcəlləsinin pozulmuş tələblərini bərpa etməyə, yəni əvvəlki illər üçün artıq işlənmiş iş saatları üçün əmək haqqını, o cümlədən əksik verilmiş məzuniyyət vaxtının yenidən hesablanıb iddiaçıya verilməsinə maneə olan hal deyildir. İşəgötürən kimi cavabdeh bütün bunları etməli və iddiaçıya əlavə kompensasiya ödəməli idi. Lakin işin hallarından da göründüyü kimi cavabdeh bunların heç birini etməmişdir. Həmin faktlar, yəni Cavabdeh İB-nin işəgötürən kimi iddiaçıya münasibətdə Əmək Məcəlləsinin tələblərini pozması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda da öz əksini tapmışdır (cild 1, i/v 156-157). Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 23 saylı region üzrə X3 tərəfindən iddiaçıya ünvanlanan 27 fevral 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, araşdırma zamanı xx.xx.2007-ci il tarixdən Sizə İİİ qrup əlillik dərəcəsi təyin olunmasına baxmayaraq əmək məzuniyyəti verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 119-cu maddəsinin (Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir), eyni zamanda bu Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinin (Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 1-ci, 2-ci qrup əlil olan işçilər üçün 36 saatdan artıq olmamalıdır) və 165-ci maddəsinin (İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla) tələblərinin işəgötürən tərəfindən pozulması müəyyən olunmuşdur. Bununla əlaqədar tərəfimizdən Cavabdeh rəhbəri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.0.5ci maddələrinə əsasən İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Əlillik dərəcəsi təyin olunan gündən, əmək müqaviləsinə xitam verilən günədək istifadə etmədiyiniz məzuniyyət günlərinə görə kompensasiyanın və iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqınızın ödənilməsi məqsədilə Cavabdeh rəhbərliyinə tərəfimizdən məktub göndərilmişdir (cild 1, i/v 93). Göründüyü kimi Əmək Məcəlləsinin tələblərinin işəgötürən Cavabdeh tərəfindən pozulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən də təsdiq olunmuşdur. Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı iş vaxtından artıq vaxt ərzində görülən iş üçün əmək haqqının tutulmasını və o cümlədən istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, həmin hissələrdə iddia tam təmin edilə bilməz. Belə ki, iddiaçı 2007-ci ilin noyabr ayından başlayaraq, yəni ona 2-ci qrup əlillik dərəcəsinin verildiyi tarixdən etibarən pulun tutulması tələbini irəli sürmüşdür. İşin mübahisəsiz halıdır ki, İddiaçı xx.xx.2004-cü il tarixdən müxtəlif əmək müqavilələri əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müxtəlif qurumlarda müxtəlif vəzifələrdə işləmişdir. Eyni zamanda əmək kitabçasından görünür ki, əvvəl bağlanmış əmək müqavilələri müxtəlif əsaslarla ləğv olunmuş, bəzi qurumlar isə başqa quruma çevrilmişdir. Həmçinin iddiaçı tərəfindən əvvəlki əmək müqavilələri üzrə ştat cədvəlləri və məzuniyyətə çıxması ilə bağlı sənədlər təqdim edilməmiş və ona görə də, əlavə iş saatlarının və istifadə olunmamış məzuniyyət günlərinin müəyyən edilməsi də qeyri-mümkündür. Ona görə də kollegiya hesab edir ki, həmin tələblər, yəni əlavə əmək haqqı və məzuniyyət pulu yalnız sonuncu əmək müqaviləsi üzrə işlədiyi müddət çərçivəsində hesablanmalıdır. İddiaçıya ödənilməli olan ödənişlər isə aşağıdakı qaydada hesablanmalıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli 9/9499 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyində qeyd olunmuşdur ki, İddiaçı 25 oktyabr 2017-ci il tarixədək olan müddətdə gündəlik işləməli olduğu 7 saat 20 dəqiqədən artıq işlənilmiş iş saatlarına görə iki qat hesablanmış əmək haqqı məbləği 2359,03 manat məbləğində və ödənilməmiş məzuniyyət pulu 133,27 manat məbləğində müəyyən edilir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehdən 2359,03 manat əmək haqqı və 133,27 manat məzuniyyət pulu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qısaldılmış qrafiklə və məzuniyyət günlərinin fərqinə görə yaranmış borcun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia qismən təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2552/2019 saylı mülki iş üzrə qəbul etdiyi 13 mart 2019-cu il tarixli qətnaməsi qismən, yəni qısaldılmış qrafiklə və məzuniyyət günlərinin fərqinə görə yaranmış borcun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdehndən 2359,03 manat əmək haqqı və 133,27 manat məzuniyyət pulu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-33/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-33/2022
28.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver