Məhkəmə qərarları › İş №2(103)-3300/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3300/2020

26.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3300/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8391/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “özəlləşdirmənin nəticələrinin etibarsız hesab olunması və dividendlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8391/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiatələbi təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı apelyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır. Buna görə də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1449/10 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə xx.xx.2005-ci il - xx.xx.2007-ci il tarixlərdə istifadə edilməyən məzuniyyətə görə 289 manat 99 qəpik kompensasiya ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4903/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycn Respublikasının Ali Məhkəməsinin 2(102)- 1544/2011 saylı xx.xx.2011 tarxili Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılmışdır. Mülki iş materiallarında olan xx.xx.2016-cı il tarixli **********242300 saylı Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ASC xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 ASC-nin Nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ASC Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdiirlməsi haqqında” xx.xx.2005-ci il tarixli 847 saylı Sərancamına əsasən yaradılmışdır. İş materiallarında olan həmin Nizamnamənin 1.2-ci bəndinə əsasən, Cəmiyyətin səhmləri dövlətə məxsusdur. AT-İİ ******* saylı xx/xx/1983-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx/xx/1992-ci il tarixdə Ağstafa rayon BQ və İŞSdə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə 09 saylı əmrlə rəis vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin İstilikkommunenerjisazlama idarəsi ləğv edilərək Cavabdeh1 ASC yaradılmış, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, öz xahişi ilə işdən azad edilmişdir. AH07591613 saylı, AC02471397 saylı, CA22072041 saylı, CB 23687093 saylı və AB01689449 saylı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Özəlləşdirmə Payı barədə qiymətli kağızların surəti əlavə olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Ağstafa rayon Ağstafa rayonu təsərrüfat hesabına birləşmiş və istilik enerji sahəsində müxtəlif vəzifələrdə işləmişdir, həmin müəssisə xx.xx.2005-ci il tarixdə ləğv edilərək Cavabdeh1 ASC yaradılmışdır və onun səhmləri dövlətə məxsusdur, İddiaçı Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsi nəticələrinin etibarsız hesab edilməsi və qətnamə qəbul edilən tarixə dividendlərin hesablanaraq ona ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8391/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar