Məhkəmə qərarları › İş №2(103)-3300/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3300/2024

04.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3300/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-98/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı akta görə həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2952 m3 həcmində dəymiş ziyan hesablanmışdır.

2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı akta görə həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 689 m3 həcmində dəymiş ziyan hesablanmışdır.

3. Abonent saldosuna əsasən abonent hesabına akt əsasında 2019-cu ilin sentyabr ayında 172,80 manat, oktyabr ayında 32,40 manat, noyabr ayında 142,20 manat, dekabr ayında 295,20 manat, 2020-ci ilin yanvar ayında 295,20 manat, fevral ayında 295,20 manat, mart ayında 295,20 manat, aprel ayında 68,90 manat məbləğində borc yazılmışdır. Həmin ünvana xx.xx.2020-ci il tarixdə “Elster G-4T Diafraqma” markalı 12533531 saylı sayğac quraşdırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birlik tərəfindən ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanına 8 akt əsasında əsassız hesablanmış cəmi 1597,10 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh Birlik tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən ona məxsus evə sayğaca əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra məlum olmuşdur ki, cavabdeh Birlik tərəfindən tərtib edilmiş akt əsasında sayğacda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1735 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə və əlavə xətt aşkar edilməmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 fevral 2024-cü il tarixli 2(003)-98/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00012) hesablanmış 1447,10 manat məbləğində borcun silinməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 34,47 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

8. Cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2019-cu ilin sentyabr ayından 2020-ci ilin aprel ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair (iddiaçının etiraf etdiyi haldan başqa) hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin qazdan istifadə qaydalarının pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aktlar tərtib edildiyi zaman istehlakçının iştirakı təmin edilməmiş, quraşdırılmış avadanlıqlara baxış keçirilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə edilməsi üçün hansı avadanlıqlardan istifadə olunması müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının məhkəmə iclasında verdiyi izahatı, onun tərəfindən etiraf edilən məbləğdə nəzərə alınmalı və bu hal iddiaçının sayğacdan kənar təbii qazdan istifadəni təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, iddiaçı həmin hissədə etirafedici izahat vermişdir. Buna görə də, həmin halın cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının 2019-cu ilin sentyabr ayından 2020-ci ilin aprel ayınadək sayğacdan kənar xətlə istifadə etməsi nəticəsində etiraf etdiyi müddətdə orta sərfiyyat nəzərə alınmaqla 150 manat məbləğində borcu yaranmışdır.

10. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Məcəllənin 14.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, Birliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Cavabdeh tərəf ərizə ünvanlayaraq, apellyasiya şikayətini müdafiə etdiklərini, onların iştirakı olmadan baxılaraq, şikayətin təmin olunması, iddianın rədd edilməsi və qətnamənin ləğv edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

16. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

17. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

18. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

20. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

21. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

22. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

23. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

24. 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq;

25. 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək;

26. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;

27. 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir;

28. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

29. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

30. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

39. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, iddiaçı sayğacdan kənar xətt vasitəsilə istifadə etsə də, bu az müddətdə baş vermişdir. Bu səbəbdən borc təxminən 150 manat ola bilərdi.

40. Birinci instansiya məhkəməsi də etiraf olunan məbləğdən başqa, digər aktların tərtib edilməsinə əsas olmuş hallar sübut olunmadığından həmin aktlar əsasında dəymiş ziyanın tələb edilməsinin əsassız olması qənaətinə gəlmişdir.

41. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti əsaslıdır. Birlik iddiaçı tərəfindən etiraf edilən istisna olmaqla digər aktlar əsasında itirilmiş qazın bərpasına görə zərər hesablasa da, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı tələb edilən məbləğdə borcun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

42. Digər tərəfdən keçirilmiş ekspertiza nəticəsində də müəyyən edilmişdir ki, sözügedən ünvanda quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə və əlavə xətt aşkar edilməmişdir.

43. Beləliklə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı müəyyən edilməmişdir. Belə ki, cavabdehin əməkdaşlarının tərtib etdiyi aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir.

44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-98/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar